Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Litva Respublikasının Baş naziri Gediminas Kirkilasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Litva arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi. Qarşılıqlı dövlət səfərlərinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev münasibətlərin daha da genişləndirilməsində bunların rolunu xüsusi vurğuladı. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı iqtisadi münasibətləri inkişaf etdirmək, qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün də yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Litva Baş nazirinin ölkəmizə bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Prezident sarayında muzey işinin təşkilində zəngin dünya təcrübəsi olan tanınmış Qugenhaym Fondunun direktoru Tomas Krensi qəbul etmişdir.
Görüşdə sürətli iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanda milli mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində böyük işlərin görüldüyü vurğulandı. Söhbət zamanı Bakıda Müasir İncəsənət Muzeyinin yaradılması ilə bağlı da fikir mübadiləsi aparıldı, Qugenhaym Fondu ilə əməkdaşlığın Azərbaycanda muzey işinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Prezident sarayında ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Cefrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında iqtisadiyyat, energetika və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Prezident sarayında Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif dövlət qurumları və strukturları arasında, o cümlədən əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin ölkəmizə səfərinin əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini söylədi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Prezident sarayında görkəmli alim, akademik Roald Saqdeyevi qəbul etmişdir.
Dövlətimizin başçısı bildirdi ki, bu səfər qonağa Azərbaycanda elmin inkişafı və yeni texnologiyanın tətbiqi ilə yaxından tanış olmaq imkanı yaradacaqdır. Prezident İlham Əliyev görkəmli alimin Azərbaycana səfərinin alimlər arasında təcrübə mübadiləsinin aparılması işinə də töhfə verəcəyinə əminliyini söylədi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Prezident sarayında Nobel Xeyriyyə Fondunun prezidenti Maykl Nobelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bildirdi ki, Maykl Nobelin böyük nümayəndə heyəti ilə ölkəmizə səfəri Azərbaycanla Nobel Xeyriyyə Fondu arasında dostluq əlaqələrinin yaxşı göstəricisidir. Prezident İlham Əliyev Nobel ailəsinin xatirəsinin ölkəmizdə bu gün də qorunub saxlandığını vurğuladı və əmin olduğunu bildirdi ki, Nobel Xeyriyyə Fondunun nümayəndə heyətinin səfəri uğurlu olacaq və əməkdaşlığımızın daha da genişlənməsinə xidmət edəcəkdir.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.