Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan və Macarıstan arasında siyasi əlaqələr yeni müstəviyə qədəm qoyur

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-19 tarixlərində Macarıstanda dövlət səfərində olmuşdur.
Fevralın 18-də Macarıstan Prezidentinin iqamətgahının, Şandor sarayının önündəki müqəddəs Georgi meydanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Macarıstan Prezidenti Laslo Şoyom Azərbaycan Prezidenti İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladı.
Macarıstanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Macarıstan Prezidenti Laslo Şoyoma təqdim olundu.
Həmin gün Budapeştdə, Şandor sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Laslo Şoyomun geniş tərkibdə görüşü olmuşdur.
Macarıstan Prezidenti Laslo Şoyom görüşü açaraq dedi ki, biz Qafqazda Azərbaycana strateji tərəfdaş kimi baxırıq, ölkələrimiz arasındakı əlaqələr dinamik şəkildə inkişaf edir. İkitərəfli münasibətlərimiz Avropa Birliyi çərçivəsində də əməkdaşlığımızın genişlənməsinə xidmət edir. Macarıstan Prezidenti vurğuladı ki, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı imkanlar var, biz xüsusilə energetika sahəsində Azərbaycanla əməkdaşlığa böyük diqqət yetiririk. Eyni zamanda, təhsil və elm sahəsində də əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq.
Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin müxtəlif sahələr üzrə genişləndiyini bildirərək dedi ki, biz indi yeni səviyyəyə qədəm qoyuruq. Avratlantik strukturlara inteqrasiya istiqamətində Macarıstanla əməkdaşlığımız, eyni zamanda, Azərbaycanın Avropaya inteqrasiyasının daha da genişlənməsinə xidmət edəcəkdir. İqtisadi əlaqələrin yaxşı perspektivlərinin olduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, torpaqlarımızın 20 faizinin işğal edildiyini, ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu xatırlatdı.
Macarıstan Prezidenti ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin məhz bu çərçivədə sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi.
Sonra sənədlərin imzalanma mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Laslo Şoyomun Birgə bəyanatı qəbul olundu.
Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Macarıstan Respublikasının İqtisadiyyat və Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa dair sazişlər imzalandı, həmçinin Azərbaycan Respublikasının və Macarıstan Respublikasının xarici işlər nazirlərinin Birgə bəyannaməsi qəbul olundu.
Sənədlərin imzalanmasından sonra prezidentlər birgə mətbuat konfransı keçirdilər. Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Macarıstan Prezidenti Laslo Şoyom bəyanatında bildirdi ki, iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir və bugünkü münasibətlərin gələcək inkişafının çox yaxşı perspektivləri var. Xüsusən də, sənədlərin imzalanması ilə bu perspektivlər üçün möhkəm hüquqi əsaslar yaradılmışdır. Azərbaycan Cənubi Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz Azərbaycanı belə qəbul etmişik. Münasibətlərimizdə heç bir siyasi problemin olmamasından son dərəcə məmnunuq.
Macarıstan Avropa Birliyinin Yeni qonşuluq siyasəti çərçivəsində inteqrasiya sahəsində Azərbaycanla öz təcrübəsini bölüşmək istəyir. Biz Azərbaycanda qanunun aliliyini və demokratiyanın tam bərqərar olunması sahəsində aparılan islahatları dəstəkləyirik. Eyni zamanda, Avropa Birliyinin standartlarının, xüsusən də, insan hüquqları və mətbuat azadlığı sahəsində standartların Azərbaycanda tam bərqərar olunmasını dəstəkləyəcəyik.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, bu gün ikitərəfli münasibətlərin, demək olar ki, bütün aspektləri müzakirə olundu və vahid bir qərara, fikrə gəldik ki, biz münasibətlərimizi bundan sonra da sürətlə inkişaf etdirməliyik, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmalıyıq. İndiki zamanda dünya və Avropa üçün xüsusi əhəmiyyət daşıyan enerji təhlükəsizliyi məsələləri də bu gün müzakirə olunmuşdur. Əminəm ki, ikitərəfli münasibətlərin inkişafında bu amil də öz rolunu oynayacaqdır.
Fevralın 18-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Macarıstanın nüfuzlu dövlət ali məktəblərindən biri olan Korvinus Universitetinin fəxri doktoru adı verilmişdir.
Ali təhsil ocağına gələn Azərbaycan Prezidenti İlham Əliyevi universitetin rektoru Tamaş Mesaroş binanın önündə hörmətlə qarşıladı.
Əvvəlcə Elmi şura üzvlərinin iştirakı ilə görüş keçirildi. Tamaş Mesaroş dövlətimizin başçısına təhsil ocağı barədə məlumat verdi. Sonra mərasim geniş konfrans salonunda davam etdirildi. Salona toplaşanlar dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı alqışlarla qarşıladılar.
Universitetin rektoru Tamaş Mesaroş bildirdi ki, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafındakı roluna, eləcə də, elmi, siyasi, iqtisadi sahələrdə xidmətlərinə, Azərbaycanda iqtisadi inkişafa nail olunduğuna, beynəlxalq layihələrin uğurla həyata keçirilməsində göstərdiyi xidmətlərinə görə Prezident İlham Əliyevə ictimai elmlər doktoru adı verilmişdir. Rektor fəxri doktor diplomunu dövlətimizin başçısına təqdim etdi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri çərçivəsində fevralın 19-da Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir. Hər iki ölkənin dövlət başçılarının iştirak etdikləri forum Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İqtisadiyyatın Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunmuşdu. Forumda ölkəmizi dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, bank, maliyyə, sənaye və digər sahələrdə fəaliyyət göstərən 30 şirkətin nümayəndələri təmsil edirdi. Macarıstan tərəfdən isə 70-dək iş adamı iştirak edirdi.
Forum Macarıstan Prezidenti Laslo Şoyomun və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları ilə başlandı. Sonra forum öz işini davam etdirdi. Forum çərçivəsində iş adamları arasında bir sıra ikitərəfli görüşlər keçirildi.
Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Parlamentinə gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Macarıstanın Baş naziri Ferents Dyurçan və xanımı Klara Dobrev binanın önündə böyük hörmət və ehtiramla qarşıladılar.
Parlamentin binasında Prezident İlham Əliyev ilə Baş nazir Ferents Dyurçan arasında görüş oldu. Baş nazir iqtisadi əlaqələrin müxtəlif sahələrinin müəyyənləşdirilməsi və inkişafı baxımından görüşün əhəmiyyətini vurğuladı və dedi ki, biz energetika, qeyri-neft sektoru və humanitar, yəni elm, təhsil, mədəniyyət sahələrində Azərbaycanla əməkdaşlığa maraqlıyıq. Macarıstan Azərbaycana regionda etibarlı tərəfdaş kimi baxır.
Prezident İlham Əliyev Macarıstanla iqtisadi əlaqələrin yaxşı perspektivləri olduğunu vurğuladı, Azərbaycan-Macarıstan biznes forumunun əhəmiyyətindən danışdı. Qarşılıqlı investisiya qoyuluşu imkanlarına toxunan dövlətimizin başçısı Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən bəhs etdi, ölkəmizin Asiya ilə Avropa arasında körpü rolunu oynadığını, bunun həm də regional baxımdan çox əhəmiyyətli olduğunu bildirdi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Respublikası Parlamentinin - Milli Assambleyanın sədri xanım Katalin Sili ilə görüşmüşdür.
Görüşdə parlamentlərarası əlaqələrdən danışan xanım Katalin Sili dedi ki, biz müxtəlif sahələrdə və beynəlxalq təşkilatlarda əməkdaşlığa böyük əhəmiyyət veririk. O, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın önəminin çox böyük olduğunu vurğuladı və humanitar sahədə əməkdaşlığın faydasından da danışdı.
Prezident İlham Əliyev qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini, ikitərəfli münasibətlərdə parlamentlərarası əməkdaşlığın rolunu xüsusi vurğuladı. Azərbaycanın Avratlantik strukturlara inteqrasiya etdiyini bildirən dövlətimizin başçısı dedi ki, bu işdə iki ölkənin parlamentləri arasında əməkdaşlıq əhəmiyyətlidir.
Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştin mərkəzində yerləşən “Macarıstan Qəhrəmanları” memorialına əklil qoymuşdur. Memorialın yerləşdiyi meydan XIX əsrin sonlarında, indiki parlament binasının tikildiyi vaxt salınmışdır. Macarıstanın azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparmış bütün milli qəhrəmanların burada heykəlləri qoyulmuşdur. Bu meydan həm də ölkənin azadlıq rəmzi kimi qəbul olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana dövlət səfərinin ikinci gününün sonunda ölkəmizin Budapeştdəki səfirliyinin yeni binası ilə tanış olmuşdur.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı binanın önündə ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov və səfirliyin əməkdaşları böyük ehtiramla, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev səfirliyin binasının xarici görünüşünü seyr etdi. Sonra dövlətimizin başçısı səfirliyin sərgi salonuna baxdı, ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdi. Səfirliyin binası ilə yaxından tanış olan dövlətimizin başçısı diplomatları təbrik etdi, onlara uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi.
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri başa çatmışdır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb