2007-ci il Azərbaycanın hərtərəfli inkişafı üçün uğurlu il olubdur
Yanvarın 11-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı və bildirdi ki, bütövlükdə, 2007-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu ildə Azərbaycanda iqtisadi sahədə bütün müsbət meyillər daha da inkişaf etmiş və beləliklə, Azərbaycan öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıra bilmişdir. Ümumi daxili məhsul təxminən 25 faiz artmışdır. Beləliklə, son dörd il ərzində ölkədə aparılan əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın həcmi 96 faiz, təxminən iki dəfə artmışdır ki, bu, dünyada analoqu olmayan bir göstəricidir.
Çox müsbət hal ondan ibarətdir ki, bununla yanaşı, sənaye istehsalı da təxminən eyni sürətlə artır. Bu il sənaye istehsalının artımı 24 faiz olmuşdur. Azərbaycanda sənaye potensialının möhkəmlənməsi sahəsində böyük işlər görülür, tədbirlər həyata keçirilir və biz növbəti illərdə də bu sahəyə böyük diqqət göstərməliyik.
İnvestisiyaların həcmi yenə də çox yüksək səviyyədədir. Azərbaycanda enerji layihələrinin böyük əksəriyyəti başa çatdırılmışdır, neft-qaz yataqlarına böyük sərmayə qoyuluşu artıq demək olar ki, başa çatmışdır və azalmağa başlamışdır. Buna baxmayaraq, 2007-ci ildə investisiyaların həcmi 6 milyard dollardan çox olmuşdur və çox sevindirici haldır ki, bunların böyük əksəriyyəti daxili investisiyalardır. Bu onu göstərir ki, həm Azərbaycanın daxıli imkanları artır, həm dövlət xətti ilə qoyulan sərmayənin həcmi xeyli dərəcədə artır, həm də özəl sektor tərəfindən qoyulan vəsait artır. Bu, həm də onu göstərir ki, Azərbaycanın iqtisadi potensialına xarici və daxili investorlar tərəfindən böyük inam var və investisiyalar üçün cəlbedici ölkə kimi Azərbaycan öz mövqelərini saxlaya bilir.
Büdcə xərcləri əhəmiyyətli dərəcədə artırılır. Deyə bilərəm ki, bu sahədə də, büdcə xərclərinin artım dinamikasına görə də Azərbaycan dünyada birinci ölkələr sırasındadır. Son dörd il ərzində büdcə xərcləri on dəfə artıb və 2008-ci ilin icmal büdcəsi 12 milyard dollara bərabərdir. Bu, bizə imkan verir ki, ölkə qarşısında duran əsas vəzifələri həll edək. İnfrastruktur məsələlərini, sosial məsələləri həll edək, böyük iqtisadi, nəqliyyat, enerji layihələrini öz gücümüz hesabına həyata keçirək. Bu, ölkəyə iqtisadi müstəqillik verir, əlavə imkanlar yaradır və beləliklə, Azərbaycan bölgədə öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bunda həm siyasi, həm diplomatik, həm də, əlbəttə ki, enerji və iqtisadi amillər böyük rol oynayır.
Prezident İlham Əliyev bildirdi ki, 2007-ci ildə sosial məsələlərin həllinə də böyük diqqət göstərilmişdir. Maaşlar və pensiyalar artırılmışdır və bu meyil davam etdirilir. 2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 20 faiz artırılmış və 60 manata çatdırılmışdır. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl bu rəqəm haradasa 9 manat səviyyəsində idi, bu, böyük irəliləyişdir. Hazırda 60 manatdır və şübhə yoxdur ki, 2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi yenə də artırılmalıdır. Azərbaycan vətəndaşları öz rifah halını yaxşılaşdırırlar və Azərbaycan dövləti xüsusilə aztəminatlı təbəqəyə yardımını bundan sonra da əsirgəməməlidir.
Bununla yanaşı, ünvanlı sosial yadım proqramı uğurla icra edilir. 78 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə dövlət tərəfindən verilən yardım təxminən 100 dollar səviyyəsindədir. Beləliklə, biz öz iqtisadi imkanlarımızı səfərbər edib, ehtiyac içində yaşayan vətəndaşlarımız üçün əlavə imkanlar yaradırıq, onları dəstəkləyirik və bu proses bundan sonra da davam etdiriləcəkdir.
Dövlətimizin başçısı vurğuladı ki, 2007-ci ildə də yoxsulluğun tamamilə aradan qaldırılması sahəsində böyük tədbirlər görülmüşdür. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 49 faiz idisə, 2008-ci ilin yanvarın 1-nə bu göstərici 16 faizə düşübdür. 2008-ci ildə görüləcək tədbirlər nəticəsində bu rəqəm daha da aşağı düşəcəkdir. Beləliklə, Azərbaycanda yoxsul təbəqə olmayacaqdır. Mən buna inanıram və əlimdən gələni edəcəyəm ki, biz buna tam şəkildə nail ola bilək.
«2007-ci ildə daha bir mühüm hadisə baş vermişdir - sonuncu çadır şəhərciyi ləğv edilmiş və orada yaşayan soydaşlarımız normal evlərə köçürülmüşlər» – deyə dövlətimizin başçısı xatırlatmışdır ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində mən belə bəyanatla çıxış etmişdim ki, əgər xalq mənə inansa və məni dəstəkləsə, növbəti beş il ərzində Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Mən çox şadam ki, biz bunu beş ildə yox, dörd ildə həll etdik və indiyədək ağır çadır şəraitində yaşayan insanlar bundan sonra yaxşı evlərdə yaşayacaqlar.
Daha sonra Prezident İlham Əliyev bildirdi ki, biz keçən il qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün yeni proqram qəbul etdik. Bu proqramın icrası təxminən yarım milyard dollar vəsait tələb edəcəkdir. O proqramda yeni qəsəbələrin tikintisi nəzərdə tutulur. Məcburi köçkünlərin, ağır şəraitdə yaşayan fin qəsəbələrində, hərbi hissələrdə, məktəblərdə yaşayan soydaşlarımızın problemləri həll olunacaqdır. Beləliklə, biz ölkəmiz üçün bu ağır, çətin problemin aradan qaldırılmasına çalışırıq, öz soydaşlarımızı müvəqqəti olaraq normal şəraitlə təmin edirik. Əlbəttə ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra biz işğaldan azad edilmiş torpaqlarda yeni şəhərlər tikəcəyik, qəsəbələr, məktəblər tikəcəyik. Mən əminəm ki, bu, yaxın zamanlarda baş verəcəkdir.
Dövlətimizin başçısı qeyd etdi ki, bu ilin axırında 2004-cü ilin fevralında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müddəti başa çatır. Beş il üçün nəzərdə tutulmuş proqramın, demək olar ki, böyük əksəriyyəti artıq dörd il ərzində öz həllini tapmışdır. Nəinki həllini tapmışdır, hətta 2004-cü ildə proqramda öz əksini tapmayan məsələlər də əlavə olunubdur. Əlbəttə ki, 2004-cü ildə biz hər şeyi nəzərdə tuta bilməzdik. Proqramda əsas istiqamətlər, əsas məsələlər öz əksini tapmışdı. Ancaq işlər getdikcə, vaxt keçdikcə və iqtisadi imkanlarımız artdığı bir zamanda, əlbəttə, biz bu proqrama böyük əlavələr etdik. Beləliklə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatması heç kimdə şübhə doğurmur.
«Bir daha 2003-cü ilə qayıtmaq istəyirəm. Prezident seçkiləri ərəfəsində verdiyim bəyanatlardan biri də ondan ibarət idi ki, biz Azərbaycanda regionların inkişafına diqqət göstərməliyik» – deyə Prezident İlham Əliyev bildirdi ki, regionlarda ilk növbədə, iş yerləri açmalıyıq ki, işsizlik aradan qaldırılsın və insanlar yaşadıqları rayonlarda, kəndlərdə, qəsəbələrdə qalsınlar və orada gözəl infrastruktur yaradılmalıdır. Demək olar ki, beş ilə nəzərdə tutulmuş proqramı biz dörd il ərzində yerinə yetirmişik. Bu gün verilən son məlumata görə, Azərbaycanda son dörd il ərzində 640 min iş yeri açılmışdır ki, onlardan 460 mini daimi iş yerləridir. Təkcə 2007-ci ildə 145 min yeni iş yeri açılmışdır və onlardan 105 mini daimi iş yerləridir. Biz dörd ildə 1200 məktəb tikmişik, yüzlərlə məktəb əsaslı təmir olunub, əlavə korpuslar tikilib və çox gözəl görkəm alıbdır.
2007-ci ildə Azərbaycan neft-qaz sahəsində öz maraqlarını tam şəkildə qoruya bilmişdir. Bakı-Tbilisi–Ceyhan neft kəməri tam gücü ilə işləməyə başlamışdır, Azərbaycanda 42 milyon ton neft hasil edilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artmışdır və bu proses davam edir. Həm “Şahdəniz” yatağından, həm də ki, Dövlət Neft Şirkətinin köhnə yataqlarından çıxarılan qazın həcmi böyük dərəcədə artırılır, yeni bölgələrə, yeni qəsəbələrə qaz xətləri çəkilir.
Dövlətimizin başçısı qeyd etdi ki, bu proses 2008-ci ildə də davam etdirilməlidir və biz, ilk növbədə, öz tələbatımızı tam şəkildə ödəməliyik. Əlbəttə ki, qaz ixrac edən ölkə kimi Azərbaycanın beynəlxalq nüfuzu, mövqeləri və çəkisi artır. Bütövlükdə, bu sahədə, neft-qaz sahəsində, energetika sahəsində böyük işlər görülübdür. Biz bu barədə hələ danışacağıq. Sadəcə, demək istəyirəm ki, Azərbaycan üçün, bizim iqtisadiyyatımız üçün əsas olan sahədə də böyük uğurlar var. Əlbəttə ki, neft-qaz sektorunda əldə edilmiş nəticələr bütün başqa sektorlara da öz müsbət təsirini göstərir. Həm xidmət, həm sənaye sektorlarına və həm də bütün başqa sektorlara.
Bir sözlə, iqtisadiyyatın əsas istiqamətlərində müsbət nəticələr var və biz bunu görürük. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə də bu yüksək dinamikanı saxlayaq, iqtisadi artım sürətinə görə dünya miqyasında lider dövlət kimi Azərbaycanın bu mövqelərini saxlayaq. Elə edək ki, Azərbaycan vətəndaşları, Azərbaycan xalqı ildən-ilə, aydan–aya daha da yaxşı yaşasın. Bunu etməyə bizim imkanlarımız var, siyasi iradə var, xalqla iqtidar arasında birlik var. Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə, onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik.
Sonra Prezident İlham Əliyev xarici siyasət məsələlərinə toxunaraq bildirdi ki, biz 2007-ci ildə bu sahədə də öz səylərimizi göstərmişik, Azərbaycan özünün beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Qonşu, dost ölkələrlə ikitərəfli formatda münasibətlərimiz inkişaf etmişdir. Deyə bilərəm ki, 2007-ci ildə biz daha çox müttəfiq qazandıq. Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Azərbaycan həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz rolunu möhkəmləndirir.
Bizim ölkəmiz dünyada çox böyük şöhrətə malikdir. Mənim bütün dövlət və hökumət başçıları ilə, beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyim görüşlərdə bu, açıq-aydın görünür. Azərbaycan, əlbəttə, öz prinsipiallığı ilə, öz mövqeyi ilə, müstəqil siyasəti ilə və etibarlılığı ilə 2007-ci ildə böyük beynəlxalq şöhrət qazanmışdır. Bir sözlə, mən bu sahədəki vəziyyəti qənaətbəxş hesab edirəm. Bu da çox vacibdir. Həm daxili, həm də xarici siyasət bir məqsədə yönəldilibdir ki, ölkəmiz daha da güclənsin.
Bizim üçün ən ağrılı, ən çətin məsələ Dağlıq Qarabağ problemidir. Bunun həll olunmaması, əlbəttə, bizi çox narahat edir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma görürük ki, buna nail olmaq hələ ki, mümkün deyildir. Səbəb nədir?! Ermənistanın qeyri-konstruktiv mövqeyi və dünya ictimaiyyətinin bu məsələyə biganə yanaşması. Biz hər şeyi açıq deməliyik. Bütün dünya etiraf edir, bəyan edir və bütün ikitərəfli və beynəlxalq görüşlərdə, rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, tanınır və müdafiə olunur. Biz hər yerdə eşidirik ki, siz haqlısınız, sizin torpağınız işğal olunubdur və ədalət sizin tərəfinizdədir. Ancaq bu, deyə bilərəm, belə şifahi, yaxud da sənədləşdirilmiş beynəlxalq dəstək real nəticələrə çevrilmir. Real nəticə yoxdur. Biz, tutaq ki, hansısa diplomatik uğurlardan haqlı olaraq məmnun ola bilərik. Çünki hər bir beynəlxalq sənəd bizim mövqeyimizi gücləndirir və Azərbaycan üçün bütün yolları daha da açıq edir. Artıq bütün dünya etiraf edib ki, bizim torpaqlarımız işğalçı Ermənistan tərəfindən zəbt edilib, azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb və Ermənistan vandalizm siyasəti aparmışdır. Bizim bütün tarixi abidələrimizi yerlə-yeksan etmişdir. Yəni bütün bu beynəlxalq etiraf həm danışıqlar prosesində, həm də danışıqlardan kənarda məsələnin həlli üçün yolların açılmasında bizə lazımdır. Ancaq yenə də deyirəm ki, hələlik biz nəticə görmürük. Deyə bilərəm ki, 2008-ci il bu baxımdan həlledici il olmalıdır. Artıq 2008-ci ildə açıq görəcəyik ki, biz haradayıq, məsələnin həlli sülh yolu ilə mümkündür, yoxsa yox. Əlbəttə ki, ondan sonra öz qərarlarımızı verəcəyik.
Danışıqlar zamanı müzakirə olunan məsələlər ictimaiyyətə artıq bəllidir. Azərbaycan ictimaiyyəti bunu bilir. Mən çox şadam ki, bizim prinsipial mövqeyimiz xalq tərəfindən dəstəklənir. Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə etməyib və etməyəcəkdir. Dağlıq Qarabağın müstəqilliyi, ya hansısa formada gələcək müstəqilliyi, 10 ildən, 15 ildən, 100 ildən sonra müstəqilliyi müzakirə predmeti deyil və olmayıbdır. Bəzi hallarda Ermənistan rəhbərliyi tərəfindən daxili auditoriyaya ünvanlanmış qeyri-ciddi və yalan məlumatlar verilir. Onların heç bir əsası yoxdur. Danışıqların mahiyyəti Azərbaycanın bütün işğal olunmuş torpaqlarının boşaldılmasıdır, o cümlədən Dağlıq Qarabağa Azərbaycan vətəndaşlarının qayıtmasıdır. Danışıqların mahiyyəti budur. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının boşaldılmasıdır.
Mən bunu, bütün rayonların adlarını xüsusilə sadaladım ki, sabah Ermənistanda öz siyasi məqsədləri üçün hesablanmış yanlış bəyanatlar verməsinlər. Bütün bu rayonlardan erməni işğalçı qüvvələrinin çıxarılması, o cümlədən Dağlıq Qarabağa, Şuşaya azərbaycanlı köçkünlərin qayıtması danışıqların əsas mahiyyətidir. Bu, reallıqdır. Əlbəttə, bu bizə ümidlər verir. Belə formatda danışıqların aparılması bizə ümidlər verir. Ümidlər bizə hələ ki, danışıqlara sadiq olmaq üçün bir dəstək verir. Ancaq bu ümidlər bir vaxt tükənə bilər. Əgər biz bundan sonra da görəcəyiksə ki, Ermənistan tərəfi qeyri-səmimidir, - halbuki biz bunu bu vaxta qədər də dəfələrlə görmüşük, - öz sözünə əməl etmir, əvvəlcə razılaşdırılmış prinsiplərdən geri çəkilir, beynəlxalq vasitəçiləri aldatmaq istəyir, ictimai rəyi çaşdırmaq istəyir, danışıqlar masasında bir söz, rəsmi bəyanatlarda başqa söz deyir, onda qeyri-ciddi tərəflə danışıqların aparılmasına heç bir ehtiyac qalmır.
Biz reallığa və beynəlxalq hüquqa əsaslanmalıyıq. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün dünya Dağlıq Qarabağ daxil olmaq şərtilə, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Birləşmiş Millətlər Təşkilatı, Ermənistan istisna olmaq şərtilə, bütün ölkələr, Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edir.
İqtisadi üstünlük bizim tərəfimizdədir. Bunu heç şərh etməyə də dəyməz. Sadəcə olaraq, biz gərək Azərbaycan və Ermənistan iqtisadiyyatının həcminə baxaq və müqayisə edək. Bizim iqtisadiyyatımız 2007-ci ilin nəticələrinə görə, təxminən 30 milyard dollardır. Ermənistanın iqtisadiyyatı, - mən dəqiq bilmirəm, - haradasa 6-7 milyarddır. Gələcəkdə bu böyük uçurum daha da genişlənəcəkdir.
İndi biz bilirik ki, gələn il neftin satışından, təbii qazın satışından, iqtisadi inkişafdan, sənayenin inkişafından hansı maliyyə resurslarını alacağıq. Biz bütün yolları açırıq, tranzit ölkəyə çevrilirik. Biz enerji baxımından dünya üçün, Avropa üçün əvəzolunmaz ölkəyə çevrilirik. Ermənistan dünya birliyinə nə töhfə verə bilər? Heç nə! Nə siyasi baxımdan, nə iqtisadi baxımdan, nə nəqliyyat baxımından. Bütün başqa millətləri oradan qovub qapalı bir hərbiləşdirilmiş rejim, antidemokratik rejim şəraitində yaşayan monodövlətdir. Dağlıq Qarabağda kriminal quldur dəstəsi bölgəni zəbt edib və orada hərbi kriminal rejim, qeyri-qanuni rejim hökm sürür. Ora heç bir beynəlxalq monitorinqə məruz qalmayan bölgədir və heç kim bilmir ki, orada nə baş verir, hansı silahlar saxlanılır, hansı terrorist qüvvələr saxlanılır, narkotiklər necə yetişdirilir. Heç kim bilmir. Bu, Avropanın içində bir qara ləkədir.
İqtisadi-siyasi baxımdan bizim üstünlüyümüz göz qabağındadır. Biz bu üstünlükdən istifadə edirik və bundan sonra da edəcəyik. Ermənistanı bütün regional layihələrdən təcrid etmişik. Biz bunu etmişik. Baxmayaraq ki, kimsə bizi tənqid edir, kimsə tənqid etmir. Mən buna əhəmiyyət vermirəm.
Açıq deyirəm, biz onları bütün layihələrdən – enerji, nəqliyyat layihələrindən, bütün başqa layihələrdən bundan sonra da təcrid edəcəyik. O vaxt ki, onlar bizim torpağımızdan könüllü şəkildə çıxacaqlar, ondan sonra vəziyyət dəyişə bilər. Gələcəkdə yollar da açıla bilər və Ermənistan Azərbaycanın imkanlarından nə vaxtsa faydalana bilər. O vaxt ki, bizim torpaqlarımız işğalçılardan azad olunacaq, Azərbaycan qaçqınları, köçkünləri öz torpaqlarına qayıdacaqlar.
Mən bu məsələyə xüsusi toxundum. Çünki bu, bizim üçün ən başlıca vəzifədir. Azərbaycanın qarşısında bütün yollar, bütün imkanlar açıqdır. Biz bilirik haraya gedirik. Biz uğurla inkişaf edirik. Ölkəmiz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə inkişaf edir. Bu məsələ bir nömrəli məsələdir. Bizim bütün səylərimiz bu məsələyə yönəldilməlidir.
Bir sözlə, mən bir daha demək istəyirəm ki, 2007-ci il Azərbaycanın hərtərəfli inkişafı üçün uğurlu il olubdur. Mən ümid edirəm və şübhə etmirəm ki, 2008-ci il də bizim üçün uğurlu olacaqdır.
Sonra iclasda çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycanın 2007-ci ildə sosial-iqtisadi sahədə qazandığı uğurların məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi olduğunu vurğuladı və konkret faktlar əsasında görülən işləri xarakterizə etdi.
Vergilər naziri Fazil Məmmədov ötən il bütün sahələrdə olduğu kimi, vergi sistemində də çox böyük uğurlar qazanıldığını qeyd etdi.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 2007-ci ilin əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin edilməsi baxımından da xüsusilə uğurlu olduğunu vurğuladı.
Sonra iclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirdi ki, 2007-ci ili əhatə edən dövr Azərbaycan Respublikasının sosial-iqtisadi həyatı üçün son dərəcə uğurlu olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin bilavasitə rəhbərliyilə həyata keçirilən məqsədyönlü və çevik sosial-iqtisadi islahatlar respublikamızda əsaslı dəyişikliklərə səbəb olmuşdur. Həyatın bütün sahələrini əhatə edən abadlıq-quruculuq işləri, əlverişli investisiya mühiti və regionların sosial-iqtitsadi inkişafına dair Dövlət Proqramı Azərbaycan Respublikasının güclü inkişafını reallaşdırmışdır. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi və sosial-iqtisadi islahatların həyata keçirilməsində gömrük siyasətinin də rolu vardır. Gömrük orqanları illik büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak etməklə ötən hesabat ilində fəallıq göstərərək "Dövlət Büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə gömrük vergi və rüsumları üzrə müəyyən edilmiş proqnozun artıqlaması ilə yerinə yetirilməsini təmin etmişlər.
Belə ki, rəsmiləşdirilməsi bitmiş yük gömrük bəyannamələri əsasında xarici ticarətin ümumi dövriyyəsi 10 mlrd. 957,9 mln. ABŞ dolları, o cümlədən, ixracın 5 mlrd. 265,1 mln. ABŞ dolları, idxalın isə 5 mlrd. 692,8 mln. ABŞ dolları təşkil etdiyi 2007-ci il ərzində Dövlət Gömrük Komitəsi tərəfindən 771,9 mln. manat məbləğində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülməklə, illik proqnoza 100,3 faiz əməl olunmuşdur ki, bu da ötən illə müqayisədə 255,9 mln. manat və ya 49,6 faiz çoxdur.
Gömrük vergi və rüsumlarının həcminin artımı təkcə ölkə üzrə xarici ticarət dövriyyəsinin artımı hesabına deyil, eyni zamanda, gömrük nəzarətinin, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, maliyyə intizamının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində mümkün olmuşdur.
Hesabat dövründə ölkəmizdə gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq və gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin bu qurumun tələblərinə uyğunlaşdırılması üzrə tədbirlər planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli fərmanının tələblərinə uyğun olaraq hazırda qüvvədə olan gömrük qanunvericiliyi aktlarının, o cümlədən Gömrük Məcəlləsinin müvafiq müddəalarının ÜTT-nin tələblərinə uyğunlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.
2007-ci il ərzində gömrük orqanları dövlət büdcəsinin mühüm hissəsinin formalaşdırılmasını təmin etməklə yanaşı, hüquq-mühafizə orqanı kimi respublikanın iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması, qaçaqmalçılığa və gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə aparılması, bu cür halların aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması istiqamətində də məqsədyönlü işlər aparmışdır.
2007-ci il ərzində gömrük orqanları tərəfindən gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində görülən tədbirlər nəticəsində 4689 hüquqpozma faktı aşkar edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz döyriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə proqramın icrasını təmin etmək məqsədilə gömrük orqanlarının digər hüquq-mühafizə orqanları ilə əməkdaşlığı şəraitində ötən dövr ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 47 fakt aşkar edilmiş, həmin faktlar üzrə 124 kq narkotik maddə tutulmuşdur. Bir çox bədii-tarixi və incəsənət əhəmiyyəti kəsb edən əşyalar, eyni zamanda, 13469 ədəd dini kitablar da saxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2004-cü il tarixli 152 saylı fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında milli ödəniş sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulduğu kimi, iri gömrük idarələrində rüsum və vergilərin kartlardan istifadə olunmaqla post terminallar vasitəsilə dövlət büdcəsinə ödənişi təmin olunmuş, digər gömrük orqanlarında isə post terminalların quraşdırılmasına başlanılmışdır.
Hesabat ilində Gömrük Komitəsinin və onun yerli gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülmüş, Komitənin mərkəzi aparatında və bir sıra gömrük idarələrində tikinti-quraşdırma və abadlıq işləri aparılmışdır. Komitənin Tibbi Xidmət İdarəsində mühəndis-şəbəkə və tamamlanma işləri, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Əli Bayramlı Gömrük İdarəsinin inzibati binalarında kompleks tikinti işləri başa çatmış, Yevlax Gömrük İdarəsinin inzibati binasında, Xaçmaz Gömrük İdarəsinin "Samur", Tovuz Gömrük İdarəsinin "Sınıq körpü", Balakən Gömrük İdarəsinin "Mazımçay", eyni zamanda Astara və Biləsuvar gömrük idarələrinin sərhəd-keçid buraxılış məntəqələrində isə kompleks tikinti işləri davam etdirilmişdir.
Azərbaycan Respublikasının 2008-ci il büdcəsi haqqında qanununa əsasən DGK üçün cari ilə büdcə gəlirləri üzrə 1 mlrd. 100 mln. manat məbləğində proqnoz müəyyən edilmişdir ki, bu da ötən ilin göstəricilərilə müqayisədə 330 mln. manat və ya 42,9 faiz çoxdur. 2008-ci il üzrə müəyyən olunmuş büdcə proqnozunun yerinə yetirilməsi üçün artıq müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respubliksının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə hökumətin 30 dekabr 2007-ci il tarixli 220 nömrəli qərarı qəbul edilmişdir ki, bu qərara əsasən bəzi lüzumsuz azadolmalar aradan qaldırılmışdır.
Çıxışının sonunda DGK sədri Aydın Əliyev əminliyini ifadə edərək bildirdi ki, Dövlət Gömrük Komitəsi və onun yerli orqanları öz işini Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun qurmaqla, ölkəmizin müstəqilliyinin, iqtisadi təhlükəsizliyinin qorunması, xarici iqtisadi fəaliyyət iştirakçılarına gömrük xidmətinin dünya standartlarına uyğunlaşdırılması ilə yanaşı, cari ildə müəyyən edilmiş proqnozun əvvəllər olduğu kimi artıqlaması ilə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcəklər.
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkənin uğurlu sosial-iqtisadi inkişaf dinamikasını şərtləndirən məsələlərin təhlilini verdi və qarşıda duran vəzifələri xarakterizə etdi.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiya islahatı konsepsiyası və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2007-ci ildə reallaşdırılan kompleks siyasətin mahiyyətini diqqətə çatdırdı.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vuraraq ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı, o cümlədən infrastruktur və kommunal sahələr üzrə 2008-ci ildə qarşıda duran məsələlərlə bağlı tapşırıqlarını verdi, bu baxımdan Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini bildirdi.
Ölkənin sənaye potensialının möhkəmləndirilməsi məsələləri barədə də qənaətini bölüşən dövlətimizin başçısı respublikamızın müdafiə sənayesinin yaradılması sahəsində indiyədək görülən işlərə müsbət münasibətini bildirdi, bu və ya digər sahələrdə qarşıda duran vəzifələrlə əlaqədar tapşırıqlarını verdi.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.