Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

İyulun 13-ü - Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rəsmi açılışı Heydər Əliyevin neft strategiyasının təntənəsi, üç dəniz əfsanəsinin reallığa çevrildiyi gündür

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Türkiyənin İstanbul şəhərinə gəlmişdir.   Azərbaycan Prezidentini Atatürk adına beynəlxalq hava limanında Türkiyənin dövlət naziri Mehmet Əli Şahin, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Qədir Topbaş, İstanbul valisi Müəmmər Gülər və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də İstanbul şəhərinin Sarıyer rayonundakı Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsinin açılışında iştirak etmək üçün Heydər Əliyev küçəsinə gəldi.
Təntənəli açılış mərasimi ulu öndər Heydər Əliyevin tərcümeyi-halının oxunması ilə başlandı.
Mərasimi Sarıyer bələdiyyəsinin sədri Yusif Tülün açdı. Onun və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Qədir Topbaşın, Türkiyənin dövlət naziri Mehmet Əli Şahinin çıxışlarından sonra Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Yenidən qardaş Türkiyədə olmağından çox böyük məmnunluq hissi keçirdiyini bildirən Azərbaycan Prezidenti vurğuladı ki, Türkiyə-Azərbaycan qardaş ölkələrdir, bizim xalqlarımız da qardaş xalqlardır. Bu gün bu gözəl tədbirdə iştirak etmək həm böyük məsuliyyətdir, həm də böyük xoşbəxtlikdir. Ulu öndər Heydər Əliyevin bütün həyatı və fəaliyyəti doğma xalqına xidmət etməkdən ibarət olmuşdur. O, həyatının bütün dövrlərində Azərbaycana sədaqətlə, ləyaqətlə xidmət etmişdir. 1993-cü ildə isə, Azərbaycana qayıdandan, prezident seçiləndən sonra Azərbaycanın uzunmüddətli inkişaf strategiyası başlandı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqının müdrikliyi Heydər Əliyevin Azərbaycana dəvət edilməsi ilə bir daha özünü göstərdi və 1993-cü ildən bu günə qədər Azərbaycan öz inkişaf dövrünü yaşayır, bütün sahələrdə ölkəmiz güclənir, möhkəmlənir. Azərbaycanın müstəqilliyi artıq əbədi, dönməz xarakter almışdır və ölkəmiz dünya birliyində də özünə layiq yerini tuta bilmişdir.
Sözünə davam edən dövlətimizin başçısı bildirdi ki, Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında da böyük rolu olmuşdur. O, Türkiyəni ürəkdən sevirdi. Hər zaman Türkiyəyə gələndə özünü çox rahat, çox xoşbəxt hiss edirdi və Türkiyə-Azərbaycan əlaqələrinin yüksək zirvəyə qalxmasında Heydər Əliyevin danılmaz rolu vardır.
“Sabah biz böyük bir tarixi hadisəni yaşayacağıq. Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın müasir neft strategiyasının ən önəmli hadisəsi, uzun illər ərzində üzərində işlədiyimiz Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışını birlikdə qeyd edəcəyik”, - deyə Prezident İlham Əliyev nəzərə çatdırdı ki, Bakı-Tbilisi-Ceyhan boru xətti Heydər Əliyevin adını daşıyır. Məhz onun təşəbbüsü ilə 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi haqqında qərar verilmişdir. Türk qardaşlarımız Ceyhan terminalına da Heydər Əliyevin adını vermişlər. Bu, bir daha onu göstərir ki, həmin layihələrin gerçəkləşməsində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri iki ölkəni daha da sıx birləşdirəcək, bizim önəmimizi artıracaq və Türkiyə-Azərbaycan müttəfiqliyini, qardaşlığını, işbirliyini daha da möhkəmləndirəcəkdir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra daim Türkiyənin dəstəyini, köməyini hiss etmişdir. Bu dostluğa, qardaşlığa görə bütün türk xalqına Azərbaycan xalqı adından öz dərin minnətdarlığını bildirən dövlətimizin başçısı eyni zamanda qeyd etdi ki, bu parkın, abidənin açılışında iştirak etmək böyük xoşbəxtlikdir. Prezident İlham Əliyev nitqinin sonunda bir daha bütün türk xalqına öz dərin hörmət və məhəbbətini ifadə edərək, türk xalqına, Türkiyəyə yeni-yeni uğurlar, səadət, xoşbəxtlik arzuladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət naziri Mehmet Əli Şahin, İstanbul Böyük Şəhər Bələdiyyəsinin və Sarıyer bələdiyyəsinin sədrləri ilə birlikdə Heydər Əliyevin abidəsinin üzərindən ağ örtüyü götürdülər. Azərbaycan Prezidenti ulu öndərin abidəsinin önünə gül dəstəsi qoydu. Dövlət naziri Mehmet Əli Şahin və bələdiyyə sədrləri də abidənin önünə gül dəstələri qoydular.
Azərbaycan Prezidenti İlham Əliyev, dövlət naziri Mehmet Əli Şahin və bələdiyyə sədrləri Heydər Əliyev parkında Atatürkün büstü önünə əklil və gül dəstələri qoydular.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin adını daşıyan küçədə üzərində “Heydər Əliyev caddesi” yazılmış lövhənin üzərindən ağ örtüyü götürdü.
İyulun 12-də İstanbulun “Qrand cəvahir” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevə “Avrasiyada ilin siyasət adamı” mükafatının təqdim edilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Xatırladaq ki, Türkiyənin ən nüfuzlu media qruplarından biri olan “Ekovitrin” 14 ildir ki, iqtisadiyyat sahəsində müxtəlif proqramlar hazırlayaraq, Türkiyənin televiziya kanallarında nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm türk, həm də dünya ictimaiyyətinə çatdırır. Bu media qrupunun 2000-ci ildən buraxılan “Ekovitrin” aylıq jurnalı nüfuzlu əməkdaşları, ətraflı materialları sayəsində Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilmişdir. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan “Ekovitrin” jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində ilin adamlarını seçir. 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avrasiyada ilin siyasət adamı” elan olunmuşdur. Azərbaycan Prezidenti bu mükafata bir sıra sahələrdə səmərəli fəaliyyətinə və qazandığı uğurlara görə layiq görülmüşdür.
Mərasimi “Ekovitrin” media qrupunun rəhbəri Kamuran Abacıoğlu açdı. Onun çıxışından sonra söz “Ekovitrin” jurnalının baş redaktoru Şərəf Özataya verildi. Daha sonra Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül çıxış etdi. Sonra o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Avrasiyada ilin siyasət adamı” mükafatını təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Dövlətimizin başçısı qeyd etdi ki, bu yüksək mükafat həm Azərbaycan Prezidentinin xidmətlərinin tanınması deməkdir, həm də Azərbaycanın son illər ərzində uğurlu inkişafından irəli gəlir. Həqiqətən, bizim ölkəmiz çox qısa müddət ərzində çox böyük inkişaf yolunu keçmişdir.
Sonra Prezident İlham Əliyev “Ekovitrin” jurnalının “Türkiyədə ilin iş adamı” və “Türkiyədə ilin iş qadını” adına layiq görülənlərə mükafatları təqdim etdi və onlarla xatirə şəkli çəkdirdi.
İyulun 12-də İstanbulun  â€śÇırağan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin görüşü olmuşdur.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında heç bir problemin olmadığını vurğuladılar.
Prezident Əhməd Necdət Sezər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin qarşıdakı açılışı münasibətilə Prezident İlham Əliyevi təbrik etdi, bu beynəlxalq layihəni əfsanədən gerçəkliyə çevirən ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırlatdı. O bildirdi ki, İstanbulun gözəl bir yerində Heydər Əliyevin heykəlinin və adını daşıyan parkın və küçənin açılması çox sevindirici haldır və onun tarixi xidmətlərinə bir töhfədir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərinə verdikləri yüksək qiymətə görə Türkiyə dövlətinin başçısına təşəkkürünü bildirdi və dedi ki, ulu öndər Heydər Əliyevin siyasəti, eləcə də, uğurlu neft strategiyası bu gün də davam etdirilir. Vaxtilə bəziləri Bakı-Tbilisi-Ceyhan layihəsinə inanmasa da, artıq bu, gerçəklikdir, reallıqdır. İnanıram ki, gələcəkdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Qars-Axalkalaki-Bakı dəmir yolu layihələri də həyata keçiriləcəkdir.
“Çırağan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin işə düşməsinin regional əməkdaşlığın daha da inkişafına xidmət etdiyini bildirən dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə apardılar.
İyulun 12-də İstanbulun “Çırağan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər yüksək qiymətləndirildi və bildirildi ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması bütün bölgədə iqtisadi inkişafa səbəb olacaqdır. Gələcəkdə digər qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin də uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə də müzakirələr aparıldı.
İyulun 12-də İstanbulun “Çırağan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşü keçirilmişdir.
Görüşdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında uğurlu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirildi. Xüsusi vurğulandı ki, bu, hər üç ölkənin mənafeyinə xidmət edən beynəlxalq layihədir.
Söhbət zamanı Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığının regionda sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığı da vurğulandı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İstanbulun “Çırağan” sarayında Amerika Birləşmiş Ştatlarının energetika nazirinin müavini Kley Sell ilə görüşmüşdür.
ABŞ Prezidenti Corc Buşun və energetika nazirinin səmimi salamlarını dövlətimizin başçısına çatdıran Kley Sell bildirdi ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var, eyni zamanda, onun həm region üçün, həm də ABŞ üçün önəmi böyükdür. O, Azərbaycanın enerji təchizatı işində rolunun artması və bu böyük qlobal layihənin başa çatması münasibətilə Prezident İlham Əliyevi təbrik edərək dedi ki, biz Sizin uğurlarınıza şadıq və əməkdaşlığımızın daha da genişlənəcəyinə əminik. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də uğurla fəaliyyət göstərəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev səmimi salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Prezident Corc Buşa və energetika nazirinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsində ABŞ-ın böyük rolunu vurğuladı və Azərbaycanın bunu yüksək qiymətləndirdiyini söylədi. Prezident İlham Əliyev dedi ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji təchizatı sahəsində yeni bir mərhələ olacaqdır. Əminik ki, bu layihə də uğurla həyata keçiriləcək və ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq daha da genişlənəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İstanbulda, “Çırağan” sarayında Türkiyənin “Flash” televiziya kanalının əməkdaşı Güray Dəyərliyə müsahibə vermişdir.
İyulun 12-də “Çırağan” sarayında Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin adından Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin açılışı mərasimində iştirak etmək üçün Türkiyəyə gəlmiş dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafət verilmişdir.
İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Mixail Saakaşvili Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rəsmi açılış mərasimində iştirak etmək üçün İstanbuldan təyyarə ilə Adana şəhərinə gəldilər.
Hava limanında dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Sonra prezidentlər İlham Əliyev, Əhməd Necdət Sezər və Mixail Saakaşvili avtomobillərlə Heydər Əliyev adına Ceyhan terminalına gəldilər.
Ceyhan terminalında mərasimə toplaşanlar dövlət başçılarını, eləcə də, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı, bp şirkətinin Prezidenti Con Braunu, habelə 30-dək ölkənin dövlət və hökumət nümayəndələrini, beynəlxalq və regional təşkilatların təmsilçilərini ehtiramla qarşıladılar.
Açılış mərasimini işıqlandırmaq üçün 300-dək jurnalist gəlmişdi.
Mərasimin əvvəlində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət himnləri ifa olundu.
Sonra BTC-nin tarixi və tikintisinə dair sənədli filmdən kadrlar göstərildi.
İlk söz BTC layihəsinin operatoru olan bp şirkətinin prezidenti lord Con Brauna verildi. Burada böyük tarixi bir anda çıxış etməyin böyük şərəf olduğunu bildirən Çon Braun bildirdi ki, ilk dəfədir ki, bu əsrdə Xəzər neftinin dünya bazarlarına çıxışı təmin olundu. Eyni zamanda, Türkiyənin də Aralıq dənizi vasitəsilə xam neftin ixracatına qatılması təmin edildi.
Sonra bp-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord çıxış etdi. O, bildirdi ki, layihənin keçmişində böyük çətinliklər yaşandı. Xəzərin “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə böyük məsafələr qət edərək buraya gətirilir. Kəmərin təkcə Türkiyə hissəsində 300-dən artıq kənd əhatə olunub. Marşrutun keçdiyi yerlərdə böyük kənd təsərrüfatı tarlaları, iri yaşayış məntəqələri vardı. Bu çətinliklərin hamısının öhdəsindən gəldik. Bundan başqa, ətraf mühitin qorunmasına böyük diqqət yetirildi. Flora və faunanın qorunmasına dair ətraf mühit proqramları da həyata keçirildi.
Sonra ABŞ-ın energetika nazirinin müavini Kley Sellə söz verildi. O, vurğuladı ki, BTC-nin hər zaman daha yüksək zirvələr əldə etmək üçün müvəffəqiyyətli addım olacağına Amerika hökuməti adından əmin olduğunu bildirərək qeyd etdi ki, bu layihə və bundan sonrakı layihələr həm sərhədləri daha şəffaf edəcək, həm də əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaqdır.
Çıxış üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana söz verildi. O, vurğuladı ki, bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gerçəyə çevrildiyinin şahidi oluruq. Bakı-Tbilisi-Ceyhan bir mühəndislik əsəri olmaqla yanaşı, ekoloji baxımdan da uğur nümunəsidir. Bakı-Tbilisi-Ceyhan bölgənin ekologiyasını dəyişdirəcək strateji bir layihədir. Bu layihə “XXI əsrin İpək Yolu” adlandırılan Şərq-Qərb enerji dəhlizinin ən mühüm xəttini təşkil etməkdədir. Bölgəmizin həm sabitliyi, həm də iqtisadi və sosial inkişafı baxımından son dərəcə taleyüklü layihədir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Prezident İlham Əliyev vurğuladı ki, bu gün tarixi bir gündür. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verilir və bu tarixi günü biz birlikdə Ceyhan terminalında qeyd edirik. Bu gün mərasimin əvvəlində nümayiş etdirilən qısa filmdə tarixi anlar bir daha xatırlandı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının görüntülərini bu gün bir daha gördük. Həqiqətən, bütün bu işlər, nəhəng layihələr məhz 1994-cü ildə başlanmışdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda böyük neft siyasəti başlanmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın yeni neft strategiyası öz imkanlarından istifadə edib bizi qarşıda duran bütün məqsədlərə çatdırdı. “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsi nəticəsində hasil olunan Azərbaycan nefti bu gün dünya bazarlarına müxtəlif yollarla ixrac edilir.
Azərbaycan Prezidenti onu da qeyd etdi ki, Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özünə məxsus olan sektoruna xarici investorları dəvət etdi. Ondan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdir. Bütövlükdə, Azərbaycan neft ölkəsi kimi tanınır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmışdır. O cümlədən, dünyada dəniz yataqlarından ilk dəfə neft Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir. 1994-cü ildə başlanmış yeni layihələr Azərbaycana onun neft şöhrətini təzədən qaytardı.
Bu gün Azərbaycan bu imkanlardan səmərəli istifadə edərək, öz iqtisadi potensialını gücləndirir. Azərbaycanda gedən iqtisadi inkişaf artıq hamımız tərəfindən görünür. Keçən il iqtisadiyyat 26 faiz, bu ilin 5 ayında təxminən 40 faiz artmışdır. Bütün bu nəticələrin təməli məhz 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulmuşdur.
“O vaxt Azərbaycan çox çətin, ağır durumda idi. Müstəqilliyi yenicə əldə etmiş ölkə iqtisadi böhran içərisində yaşayırdı. O cümlədən, siyasi vəziyyət o qədər də ürəkaçan deyildi. Ölkədə sabitlik hələ tam bərqərar olunmamışdı. Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı və o şəraitdə xarici sərmayəni Azərbaycana cəlb etmək, investorları inandırmaq ki, Azərbaycanda onların sərmayəsi batmayacaq, əksinə, əlavə sərmayə, əlavə gəlirlər gətirəcək – bu, əlbəttə ki, çox böyük siyasi bacarıq, müdriklik, uzaqgörənlik tələb edirdi”, - deyə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün biz bu gözəl anları yaşayırıq. Nəzərə alsaq ki, həm ölkə daxilində, həm də bölgədə və bütövlükdə, müəyyən mənada dünyada Bakı-Tbilisi-Ceyhan neft kəmərinə inam o qədər böyük deyildi, onda görərik ki, bu işin həyata keçirilməsi nə qədər böyük çətinliklərlə müşayiət olunurdu. İnanmayan var idi, eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının qarşısının alınmasına çalışanlar var idi, problemlər, maneə törədənlər var idi. Ancaq xalqımızın iradəsi, Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərliyinin iradəsi, bizim birgə fəaliyyətimiz bu əfsanəni gerçəkliyə çevirdi.
Azərbaycanda son 12 il ərzində təkcə neft-qaz sənayesinə 20 milyard dollardan çox vəsait qoyulduğunu nəzərə çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan neftini dünya bazarlarına çıxaran 3 ixrac neft kəməri var.
Onların ən böyüyü Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu illər ərzində Azərbaycanın neft infrastrukturu yeniləşdi, müasirləşdi. Azərbaycanda yeni, peşəkar mütəxəssislər yetişdi, fəhlələr yetişdi. Bizim birgə fəaliyyətimiz nəticəsində, xarici şirkətlərlə birlikdə gördüyümüz işlər nəticəsində bu sahəyə də böyük diqqət verildi. “Bu imkandan, bugünkü fürsətdən istifadə edib, xüsusilə, xarici şirkətlərin fəaliyyətini vurğulamaq istəyirəm. bp şirkətinin rəhbərliyi ilə Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən beynəlxalq konsorsiumun işini yüksək qiymətləndirirəm. bp şirkəti eyni zamanda, Bakı-Tbilisi-Ceyhan layihəsində aparıcı rol oynayır və bu şirkətin Azərbaycana verdiyi töhfələri biz çox yüksək qiymətləndirir və bunları təqdir edirik”, - deyə Azərbaycan Prezidenti vurğuladı ki, bu imkan verdi ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, neft amilindən məharətlə istifadə etsin.
Prezident İlham Əliyev nəzərə çatdırdı ki, biz neft tarixini yaxşı bilirik. Müxtəlif ölkələrin təcrübəsini də öyrənmişik. Əfsuslar olsun ki, bəzi hallarda neft ölkəyə, xalqlara rifah deyil, çətinliklər gətirir, sosial ədalətsizlik, problemlər, gərginlik gətirir. Biz isə istəyirik ki, neft Azərbaycana sülh, inkişaf gətirsin, əməkdaşlıq gətirsin, xalqımızın rifah halı yaxşılaşsın. Əlbəttə ki, bütün görülən işlər bu məqsədi güdür və Azərbaycanda uzun illər ərzində fəaliyyət göstərən Dövlət Neft Fondunun işi bunun bariz nümunəsidir.
“Bu gün mən xüsusilə Amerika Birləşmiş Ştatlarının bu məsələ ilə bağlı olan fəaliyyətini vurğulamaq istəyirəm. Biz Amerikanın dəstəyini bütün dövrlərdə hiss etmişik, ona arxalanmışıq və o dəstək bəzi məqamlarda həlledici rol oynamışdır. Həm “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində və həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında Amerika hökumətinin dəstəyi çox önəmli olmuşdur” - deyə Prezident İlham Əliyev əlavə etdi ki, biz bunu çox yüksək qiymətləndiririk və buna görə Amerika hökumətinə minnətdarıq.
Azərbaycan Prezidenti onu da qeyd etdi ki, bu işin ərsəyə gəlməsində beynəlxalq əməkdaşlıq yarandı: üç ölkə - Türkiyə, Gürcüstan, Azərbaycan, xarici neft şirkətləri, xarici maliyyə qurumları, yerli mütəxəssislər, neftçilər, fəhlələr, hüquqşünaslar. Prezident İlham Əliyev bu işlərdə əməyi olan bütün insanlara Azərbaycan dövləti adından öz dərin minnətdarlığımı bildirdi.
Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər, yeni imkanlar açıldığını söyləyən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. “Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha da inamla inteqrasiya edəcəkdir”, - deyə Azərbaycan Prezidenti əlavə etdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması bölgədə gedən proseslərə böyük təkan verdi. Bunun ardınca biz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismarına çox yaxınıq. Bu layihə bir növ, Bakı-Tbilisi-Ceyhanın kölgəsində idi. Ancaq bu gün hamı görür ki, onun nə qədər böyük strateji əhəmiyyəti var. Nəzərə alsaq ki, xüsusilə indi dünyada və Avropada enerji təhlükəsizliyi məsələləri çox önəm daşıyır, onda görərik ki, Azərbaycan qazının Gürcüstana və Türkiyəyə gətirilməsinin çox böyük strateji əhəmiyyəti var.
Prezident İlham Əliyev qeyd etdi ki, artıq biz yeni dövrə qədəm qoyuruq. Bəlkə də, bir neçə il bundan əvvəl zənn edirdik ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tamamlanması ilə bizim əsas işlərimiz bitmiş olacaqdır. Amma həyat yerində durmur. Bakı-Tbilisi-Ceyhan kəmərinin tamamlanması, sadəcə olaraq, bizim işimizin yeni mərhələsinin başlanması deməkdir. Bundan sonra Qazaxıstan nefti bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılacaqdır. Qaz ehtiyatları ilə zəngin olan Azərbaycan “Şahdəniz” qaz yatağından çıxarılan qazı Avropaya göndərəcəkdir. Digər önəmli layihələr, Bakı-Tbilisi-Ceyhanın ardınca gələn layihələr məhz Bakı-Tbilisi-Ceyhanın fəaliyyətə başlaması nəticəsində yaranır.
“Bu, iqtisadi layihə deyil, sadəcə olaraq, texniki layihə deyil, halbuki, texniki cəhətdən, iqtisadi cəhətdən və siyasi cəhətdən bunun meydana gəlməsi çox böyük çətinliklərlə müşahidə olunurdu. Bakı-Tbilisi-Ceyhanın daha geniş mənası var. Artıq bu layihə regional çərçivədən çıxıb qlobal müstəviyə keçmişdir”, - deyə Azərbaycan Prezidenti nəzərə çatdırdı ki, layihənin bu gün də dünya üçün böyük əhəmiyyəti var və gələcəkdə daha da artacaqdır. Belə olan halda, Azərbaycanın, Gürcüstanın, Türkiyənin də önəmi artacaqdır. Bu dəhlizdən istifadə edib başqa ölkələr də faydalana bilərlər. Belə olan halda, Azərbaycan həm neft-qaz hasil edən ölkə kimi, eyni zamanda, tranzit ölkə kimi bizim dostlarımızla bərabər fəaliyyətə başlayacaqdır. Yəni inanılmaz dərəcədə gözəl imkanlar açılır. Bütün bu imkanları möhkəmləndirmək, onlardan istifadə etmək üçün bölgədə təhlükəsizlik tədbirləri güclənməlidir. Azərbaycan Prezidenti əminliklə bildirdi ki,  bu işdə Bakı-Tbilisi-Ceyhanın əhəmiyyəti daha da artacaqdır. Təhlükəsizlik tədbirləri, regional əməkdaşlıq, sülhün bərqərar olunması – bütün bunlar bölgə üçün lazımdır. Bölgənin inkişafı bundan sonra tam başqa formalarla zənginləşəcəkdir. Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan regional müstəvidə müttəfiq ölkələrdir. Bizim müttəfiqliyimiz artıq həyatda öz əksini tapıbdır. Bizim müttəfiqliyimiz bölgəyə təhlükəsizlik, sabitlik gətirir. Biz bunu istəyirik, sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. İstəyirik ki, xalqlarımız rifah içərisində yaşasınlar, problemlər öz həllini tapsın və ölkələrimiz möhkəmlənsin. Hər üç ölkə bu layihənin həyata keçirilməsindən böyük faydalar götürəcəkdir. Bəlkə də, bu gün onların hamısını təsəvvür etmək mümkün deyildir. Amma vaxt keçdikcə, həyat keçdikcə biz bunların bariz nümunələrini açıq görəcəyik.
Azərbaycan Prezidenti nəzərə çatdırdı ki, qarşıda yeni məsələlər var, yeni layihələr var. Qars-Tbilisi-Bakı dəmir yolunun yaranması məsələsi artıq gündəlikdədir və biz bunun üzərində çox ciddi işləyirik. Bütövlükdə, qədim İpək Yolunun bərpası işində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çox böyük əhəmiyyəti var. Bir sözlə, bu layihə artıq qlobal xarakter daşıyır və üç ölkənin səmərəli işbirliyi, əməkdaşlığı bunu mümkün etmişdir.
“Mən bu fürsətdən istifadə edib bir daha demək istəyirəm ki, bizim həm Türkiyə, həm də Gürcüstanla ikitərəfli münasibətlərimiz ən yüksək zirvədədir. Bu münasibətlər qardaşlıq xarakteri daşıyır, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, belə nəhəng layihələrin həyata keçirilməsinə imkan yaradır. Çünki bu gün Azərbaycanda icra olunan layihələr dünyanın ən böyük enerji layihələridir”, - deyə Prezident İlham Əliyev vurğuladı ki, dünyanın gələcəyi enerji mənbələri ilə bağlı olacaqdır. Artıq bunu hamı bilir və hamı görür ki, enerji təhlükəsizliyi ölkənin ümumi təhlükəsizliyinə çox böyük töhfə verir. Enerji müstəqilliyi ölkənin müstəqilliyini möhkəmləndirir.
Prezident İlham Əliyev qeyd etdi ki, Gürcüstan və Azərbaycan gənc müstəqil dövlətlərdir. Biz yalnız 15 il bundan əvvəl müstəqilliyimizi bərpa etmişik və bizim üçün müstəqillik ən yüksək, ən böyük nemətdir, ən böyük sərvətdir. Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, biz müstəqil siyasət apararaq, xalqlarımızın rifah halını yaxşılaşdıracağıq, milli maraqlarımızı daha da inamla müdafiə edəcəyik. Ona görə Bakı-Tbilisi-Ceyhan layihəsinin çox geniş aspektləri var. Bu gün bunların hamısını sadalamaq çox vaxt aparar. Bir sözlə, bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir.
“Bu gün mən çox xoşbəxtəm ki, buradayam. Ceyhan terminalına da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. Bu, təsadüfi deyildir. Heydər Əliyevin adını həm Bakı-Tbilisi-Ceyhan, həm də Ceyhan terminalı daşıyır”, - deyə Azərbaycan Prezidenti vurğuladı ki, Heydər Əliyev bu layihələrin təşəbbüskarı, onların memarı olmuşdur: “Mən bu gün çox təəssüf edirəm ki, o, bu günləri görmədi. Allah ona bunu nəsib etmədi. Amma inanıram ki, onun ruhu bu gün bizimlədir. Bizimlə bərabər onun ruhu bu gün şaddır”. Prezident İlham Əliyev nitqinin sonunda bir daha qeyd etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyənin işbirliyi, qardaşlığı, əməkdaşlığı bundan sonra da möhkəmlənəcək və bizim bölgəyə sülh, sabitlik gətirəcəkdir.
Sonra Gürcüstan Prezidenti Mixail Saakaşviliyə söz verildi. Gürcustan Prezidenti bildirdi ki, qaz layihəsi bizim ölkələrimiz üçün vacibdir. Çünki bu, təktərəfli əlaqələri sona çatdırdı və çoxtərəfli əlaqələrə yol açdı. Bizim siyasi vəziyyətimizin dəyişməsinə və beynəlxalq əlaqələrimizin inkişafına yol açdı. Artıq ölkələrin əlaqələri daha çox sülh və tərəfdaşlıq yolu ilə qurulur. Əlaqələrin heç bir şəkildə təzyiq və müharibə yolu ilə davam etdirilməsi mümkün deyildir.
Sonra Türkiyə Prezidenti Əhməd Necdət Sezər nitq söylədi. Türkiyə Prezidenti qeyd etdi ki, bu layihənin həyata keçirilməsində nümayiş etdirilən əməkdaşlıq mədəniyyəti yeni layihələrə təminat yaradır. Bu gün dünya neft bazarları baxımından əvəzsiz bir dəyərə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı münasibətilə yığışdığımız Ceyhan terminalının gələcək illərdə daha mühüm rol oynayacağına inanırıq. 28 ildir ki, İraq neftini dünya bazarlarına çıxaran bu terminal Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ilə artıq Xəzər neftinə də dünya bazarlarını açan qapı vəzifəsini yerinə yetirəcəkdir. Ceyhan terminalı Samsun-Ceyhan neft kəmərinin çəkilməsi ilə böyük bir enerji və ticarət mərkəzinə çevriləcəkdir.
Türkiyə Prezidenti Əhməd Necdət Sezər vurğuladı ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri bölgə ölkələri arasında əməkdaşlıq potensialını və regional əməkdaşlıq imkanlarından istifadə üçün göstərilən səylərin konkret nəticələrini göstərir. Tarixdən gələn köklü dərin əlaqələrimizin olduğu Qafqazın da sülh, sabitlik və rifah dolu günlərə qovuşması ən böyük arzumuzdur. Türkiyə, Azərbaycan və Gürcüstan arasında nümunəvi bir əməkdaşlıq modeli olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı ilə Cənubi Qafqaz bölgəsində iqtisadi və sosial inkişafın sürətlənməsini gözləyirik.
Sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində iştirak edən şirkətlərin təmsilçiləri kəmərin rəmzi maketinin yanına dəvət olundular. Onlar rəmzi borularla kəmərin iki qolunu birləşdirdilər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Baş nazir Rəcəb Tayyib Ərdoğan və bp şirkətinin prezidenti lord Con Braun dəvət olunaraq, rəmzi borularla kəməri tam birləşdirdilər. Açılış mərasimindən sonra konsert oldu.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin durmadan inkişaf etdiyi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğu və keçirildiyi bildirildi, gələcəkdə bir sıra mühüm iqtisadi layihələrin uğurla reallaşacağı əminliklə vurğulandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə üzərində ulu öndər Heydər Əliyevin iri portreti olan və “Heydər Əliyev adına Ceyhan terminalı” sözləri yazılmış lövhənin önündə xatirə şəkli çəkdirdilər.
İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ceyhan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan “Türkiyə-Azərbaycan qardaşlığı parkı”nın təntənəli açılışında iştirak etdilər.   Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan türk dünyasının dahi şəxsiyyətləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin parkda ucaldılmış abidələri önünə gül dəstələri qoydular.   Mərasimi Ceyhan bələdiyyəsinin başçısı Hüseyn Sözlü açdı.   Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.   Sonra Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri parkla tanış oldular.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb