Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

İlin birinci yarısının yekunları göstərir ki, Azərbaycan iqtisadi inkişaf baxımından bu il də dünyada lider ölkə olacaqdır



Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2006-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 31-də Prezident sarayında Nazirlər Kabinetinin 2006-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Prezident İlham Əliyev iclası giriş nitqi ilə açdı və bildirdi ki, bütövlükdə, Azərbaycan iqtisadiyyatı bu il də çox uğurla və sürətlə inkişaf edir. İqtisadi artım sürəti ən yüksək səviyyədədir və bu, deməyə əsas verir ki, Azərbaycanda aparılan iqtisadi siyasət çox uğurludur və bizim bütün planlarımız həyata keçirilir.
Azərbaycan keçən il də iqtisadi inkişaf baxımından dünyada lider dövlət idi. Bu liderlik bu il də saxlanılır və ilk altı ayda ümumi daxili məhsulun 36 faizə qalxması əlbəttə ki, bunun əyani göstəricisidir. İqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunur və çox sevindirici hal ondan ibarətdir ki, sənaye istehsalı da çox yüksək sürətlə artır. İlk altı ayda Azərbaycanda sənaye istehsalı 41 faiz artmışdır. Bununla bərabər, Azərbaycana qoyulan sərmayə də artır. İlk altı ayda Azərbaycan iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyulmuşdur və bu da öz növbəsində, onu göstərir ki, Azərbaycan investorlar tərəfindən çox cəlbedici ölkə kimi tanınır və bu gözəl ənənələr davam edir. Adambaşına düşən xarici sərmayəyə görə Azərbaycan bölgədə aparıcı yerlərdədir.
Dövlətimizin başçısı qeyd etdi ki, iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də ondan ibarətdir ki, bazar iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq etməklə yanaşı, sosial məsələlərin həlli də yaddan çıxmasın. Bu istiqamətdə də böyük işlər görülür. Əhalinin pul gəlirləri ilk altı ayda 18 faiz artmışdır. İnflyasiya isə cəmi 6 faiz artmışdır. Beləliklə, əhalinin real gəlirləri 12 faiz təşkil edir. Orta əmək haqqı 20 faiz artmışdır və bu da çox gözəl göstəricidir.
Bütövlükdə, 2006-cı ilin büdcəsi dürüstləşmədən sonra 4,5 milyard dollara bərabərdir. Bu da keçən illə müqayisədə 2 milyard dollar çoxdur. Bütün bunlar bir daha onu göstərir ki, iqtisadi siyasətimiz Azərbaycanda mövcud olan problemlərin həlli işində öz rolunu oynayır və Azərbaycanda bütün problemlər tezliklə həll olunmalıdır.
Ölkəmizdə görülən işlər nəticəsində valyuta ehtiyatlarımız da formalaşır və bu gün Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollara bərabərdir. Buraya həm Dövlət Neft Fondunun, eyni zamanda Milli Bankın valyuta ehtiyatları daxildir. Nəzərə alsaq ki, Azərbaycanda Heydər Əliyev neft strategiyasının uğurlu icrası nəticəsində gələcəkdə böyük həcmdə valyuta axını gözlənilir, təbii ki, bizim valyuta ehtiyatlarımız kəskin surətdə artacaq və bu da bütün problemlərin həlli üçün gözəl zəmin olacaqdır.
Bu il və keçən il ölkəmizdə müxtəlif sahələrə aid proqramların həyata keçirildiyini nəzərə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, proqramlar çox konkret xarakter daşıyır və orada icra mexanizmləri çox açıq-aydın təsbit edilmişdir. Eyni zamanda, maliyyə mənbələri də müəyyən olunmuşdur. Bu proqramlar arasında Bakının kənd və qəsəbələrinin inkişafına dair proqram xüsusi əhəmiyyət kəsb edir və çox sevindirici haldır ki, proqram qəbul ediləndən dərhal sonra icra olunmağa başlamışdır və bu gün Bakıətrafı kənd və qəsəbələrdə işlər çox sürətlə aparılır. Müxtəlif sahələrdə işlər daha da mütəşəkkil qaydada təmin edilibdir.
Dövlətimizin başçısı Azərbaycanda nəqliyyat infrastrukturuna böyük diqqət göstərildiyini, həm magistral, həm şəhərlərarası, həm də kənd yollarının tikintisinin çox geniş vüsət aldığını vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirdi ki, məktəb, xəstəxana tikintisi artıq bütün bölgələrdə aparılır və bu işlər ən müasir səviyyədə görülür. İdman komplekslərinin tikintisi davam edir və bu, bizim sosial sahəyə aid çox vacib məsələlərimizdən biridir. Müxtəlif bölgələrdə yeni idman kompleksləri tikilir və istismara verilir.
Ətraf mühitin qorunmasına dair bu yaxınlarda keçirilən geniş müşavirəyə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, buna böyük ehtiyac var. Bizim iqtisadi imkanlarımız artır, ölkədə işlər çox yaxşı gedir və belə olan halda ekoloji məsələlərə də böyük diqqət göstərilməlidir. Çünki bu, hər bir vətəndaşa təsir edən amildir. Göstəriş verilibdir ki, bu məsələyə dair geniş proqram, sərəncam hazırlansın. İndi bu işlər görülür və yaxın zamanlarda geniş proqram tərtib olunacaqdır ki, Azərbaycanda və xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji durum kəskin şəkildə yaxşılaşsın.
Eyni zamanda, mədəniyyət obyektlərinin təmiri və bərpasına başlanmışdır. Müvafiq göstərişlər verilmişdir ki, Azərbaycanda bütün mədəniyyət ocaqları - teatrlar, muzeylər, digər mədəniyyət abidələri bərpa olunsun. Bu il Azərbaycanda həm Muğam Mərkəzinin, eyni zamanda, Xalça Muzeyinin yeni binasının tikintisinə başlanmalıdır.
Daha sonra Prezident İlham Əliyev vurğuladı ki, bu il Azərbaycan üçün, bütövlükdə, bölgə üçün və dünya üçün çox böyük bir tarixi hadisə baş vermişdir. Heydər Əliyevin adını daşıyan, onun təşəbbüsü ilə başlanmış Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin tikintisi başa çatmışdır. Bu, böyük tarixi hadisədir və Azərbaycanın neft strategiyasının təntənəsidir. Bütövlükdə, Azərbaycanın son illər ərzində apardığı siyasətin təntənəsidir. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəməri həm iqtisadi, həm də coğrafi-siyasi nöqteyi-nəzərdən çox əhəmiyyətli və Azərbaycan dövləti üçün həlledici əhəmiyyətə malik bir layihədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi bizim uzunmüddətli inkişaf perspektivlərimizi müəyyən edir, Azərbaycanın dayanıqlı inkişaf imkanlarını təmin edəcəkdir.
Azərbaycanın təbii sərvətləri, zəngin neft-qaz ehtiyatları artıq dünya bazarlarına çox əhəmiyyətli yollarla çıxarılır və Azərbaycan xalqı bu layihədən artıq böyük mənfəət əldə edibdir. Gələcəkdə bu, ölkəmizin iqtisadiyyatının inkişafında çox mühüm rol oynayacaqdır. Təkcə iqtisadi məsələlərin həlli deyil, təbii ki, Azərbaycanın bölgədə, dünyada rolu, nüfuzu artacaqdır və biz artıq bunu hiss edirik.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də uğurla aparılır və Azərbaycan dünyanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayacaqdır. Bununla bərabər, dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq işlər aparılır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsi Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. O, həm iqtisadi cəhətdən, eyni zamanda, Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən layihədir.
Azərbaycan Prezidenti İlham Əliyev qaçqın, köçkün soydaşlarımızın problemlərinə də toxunaraq qeyd etdi ki,  bu, bizim üçün həmişə gündəlikdə bir nömrəli problemlərdir. Belə ki, yeni şəhərciklər, qəsəbələr salınır. İki il bundan əvvəl qəbul edilmiş proqram artıq uğurla icra edilir və Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır. Çadır şəhərciyində yaşayan bütün soydaşlarımız müasir evlərdə yaşayacaqdır.
Ordu quruculuğu işində də uğurların olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki,  ordumuz həm peşəkarlıq baxımından daha da möhkəmlənir, eyni zamanda, ordunun maddi-texniki bazası möhkəmlənir. Azərbaycan hər cəhətdən möhkəmlənir, büdcəmiz artır. Belə olan halda ordu büdcəsinin təxminən 700 milyon dollara çatması təbii haldır. Bundan sonra da orduya ayrılan xərclər artacaqdır.
Nitqinin sonunda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsinin həlli sahəsində görülən işlərdən də danışaraq nəzərə çatdırdı ki,  Azərbaycanın ərazi bütövlüyü güzəşt predmeti ola bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsinə Azərbaycan heç vaxt öz razılığını verməyəcəkdir. Nə bu gün, nə də sabah və heç vaxt Dağlıq Qarabağın gələcəkdə Azərbaycandan ayrılmasına şərait yaradan şərtlərə Azərbaycan razılıq verməyəcəkdir.
Sonra aidiyyəti nazirlik və təşkilatların rəhbərləri 2006-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına dair çıxış etdilər. Natiqlər 2006-cı ilin ötən altı ayını iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyasının həyata keçirilməsi istiqamətində növbəti uğurlu mərhələ kimi səciyyələndirdilər.
Sonra Prezident İlham Əliyev iclasa yekun vuraraq bildirdi ki, ölkəmizin hərtərəfli və davamlı inkişafı üçün ən vacib məsələ makroiqtisadi vəziyyətin sabit qalmasıdır. Azərbaycan uzun illərdir ki, bu baxımdan çox uğurla inkişaf edən ölkədir. 1995-ci ildən bu günə qədər ümumi daxili məhsul Azərbaycanda hər il yüksək sürətlə artır. Ancaq son iki il ərzində bu artım daha da güclü olmuşdur. Keçən il 26 faiz, bu ilin altı ayında 40 faizə yaxın və yəqin ki, bu sürət bu il, gələn il və 2008-ci ildə də saxlanılacaqdır. Bu, əlbəttə, bizim üçün böyük bir nailiyyətdir. Bizim işimizi daha da yüngülləşdirir, imkanlarımızı artırır.
Prezident İlham Əliyev vurğuladı ki, qeyri-neft sektorunun inkişafı bizim üçün prioritet məsələdir. Əgər qeyri-neft sektorundan vəsait yığılmırsa, əgər qeyri-neft sektoru inkişaf etmirsə, bu, böyük təhlükələrə gətirib çıxara bilər. Ona görə, iqtisadiyyatımızın şaxələndirilməsi məsələləri gündəlikdə durur və bu istiqamətdə işlər görülür.
Regionların sosial-iqtisadi inkişafı proqramı məhz bu geniş siyasətin tərkib hissəsidir və digər sahələrdə də qeyri-neft sektorunun inkişafına biz daha da böyük diqqət göstərməliyik. Hökumət, dövlət öz tərəfindən üzərinə düşən vəzifələri yerinə yetirir. Məsələn, bu il sahibkarlığın inkişafı üçün 100 milyon dollara qədər vəsait nəzərdə tutulub. Bu yaxınlarda Azərbaycan İnvestisiya Şirkətinin yaradılması da bu məqsədi güdür, təbii ki, bi investisiya şirkəti qeyri-neft sektoru ilə məşğul olacaqdır. İlk növbədə, Azərbaycanın iqtisadiyyatı üçün önəmli olan sahələri yaratmaq və investisiyaları, o cümlədən xarici investisiyaları cəlb etmək üçün 100 milyon dollar kapitalı olan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti həlledici rol oynayacaqdır.
Antiinflyasiya tədbirlərinin də daim aparılmalı olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, bu sahədə artıq müəyyən işlər görülübdür. Belə ki, 20 il ərzində Azərbaycanın xəzinəsinə ancaq neft-qaz müqavilələrindən 140 milyard dollar daxil olacaqdır. Belə olan halda, bizim iqtisadi siyasətimizin əsas prioritetlərindən biri də antiinflyasiya tədbirlərinin möhkəmlənməsidir. Daim monitorinq aparılmalı, bütün imkanlar səfərbər olunmalıdır ki, biz inflyasiyanın artımına yol verməyək. Bu istiqamətdə müxtəlif tədbirlər görülməlidir. Həm iqtisadi, həm də inzibati tədbirlər görülməlidir.
Prezident İlham Əliyev nəzərə çatdırdı ki, məsələn, kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili bunu çox gözəl nümayiş etdirdi ki, inzibati tədbirlər burada çox böyük rol oynaya bilər. Yarmarkaların keçirilməsi bir tərəfdən, bu məqsədi güdür, digər tərəfdən, sosial ədalət prinsiplərini də Azərbaycanda möhkəmləndirir. Çünki bizim iqtisadi imkanlarımız, insanların həyat səviyyəsinin yaxşılaşması ona gətirib çıxarır ki, alıcılıq qabiliyyəti artır və bazarda təklif olunan mallar, hətta yüksək qiymətə satılır. Yəni bu, bazar iqtisadiyyatı prinsiplərinin xüsusiyyətidir. Yəni bazar hər şeyi özü tənzimləyir və istisna deyil ki, sabah bazarda qiymətlər yenə qalxsa, yenə də hər şey alınacaq, hər şey satılacaqdır. Bu, bir növ onu göstərir ki, alıcılıq qabiliyyəti artır, deməli, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Ancaq imkansız təbəqə isə deməli, bu imkanlardan tamamilə məhrum olur. Ona görə, aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması üçün bu yarmarkalar daim keçirilməlidir və güclü nəzarət olmalıdır ki, orada qiymətlər daim belə sabit, aşağı olaraq qalsın.
2007-ci ilin büdcəsi haqqında danışan Prezident İlham Əliyev qeyd etdi ki, artıq bu sahədə işlər başlayıbdır. Büdcə kəmiyyət baxımından daha da böyük olmalıdır, eyni zamanda, iki əsas istiqaməti özündə ehtiva etməlidir. Həm investisiyayönümlü, həm də sosialyönümlü olmalıdır. Azərbaycanın siyasəti, ölkəmizin siyasəti məhz bundan ibarətdir. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanda bu prinsipləri geniş tətbiq edirik. Ancaq eyni zamanda çox güclü sosial siyasət də aparılmalıdır. Çünki biz elə etməliyik ki, insanlar daha da yaxşı yaşasınlar. Ona görə, 2007-ci ilin büdcəsində həm böyük, bizim üçün lazım olan iqtisadi infrastruktur layihələri olmalıdır, eyni zamanda, orada əmək haqlarının, pensiyaların artımı da nəzərdə tutulmalıdır. Büdcəmiz artdıqca nəzarət də artmalıdır və maliyyə nizam-intizamı da möhkəmlənməlidir. Bizim büdcəmiz 1 milyard dollar səviyyəsində olanda, sosialyönümlü olanda, nəzarət etmək daha da asan idi. İndi büdcəmiz təxminən 4 milyard 500 milyon dollardır. İcmal büdcə isə 5 milyarddan çoxdur. Gələn ilin büdcəsi daha da böyük olacaq və burada nəzarət də gücləndirilməlidir. Şəffaflıq tam şəkildə təmin olunmalıdır, böyük infrastruktur layihələri büdcə hesabına həyata keçirilir və burada çox ciddi nəzarət olmalıdır. Belə ki, biz neft gəlirlərinin saxlanması işində çox böyük işlər görmüşük və çox şəffaf şəkildə Neft Fondu yaranıbdır. Bu işlərə beynəlxalq audit tərəfindən baxılır. Fond şəffaf şəkildə saxlanılır. Elə etməliyik ki, büdcə xərcləri də eyni dərəcədə şəffaf olsun, burada heç bir pozuntulara yol verilməsin.
Dövlətimizin başçısı nəzərə çatdırdı ki, 2006-cı ildən başlayaraq Azərbaycanda yeni pensiya sistemi fəaliyyətdədir və orta pensiyanın həcmi 21 faiz artıbdır. Bu gün orta pensiya 36 yeni Azərbaycan manatı səviyyəsindədir. MDB ölkələri ilə müqayisədə bu, çox yüksək göstəricidir və Azərbaycan burada öndə gedən ölkələrin sırasındadır. Ancaq bu rəqəm bizi qane edə bilməz. 36 manata yaşamaq mümkün deyil. Bunu biz hamımız bilməliyik. Bu, reallıqdır. Əlbəttə, imkanlarımız hələ yol vermir ki, biz istənilən səviyyədə həm pensiya, həm də əmək haqqı verək. Baxmayaraq ki, bu, ildən-ilə artır və indi Azərbaycanda orta əmək haqqı 150 dollardır. Bu dinamika çox müsbətdir. Ancaq biz eyni zamanda, imkansız, əlbəttə ki, yoxsulluq şəraitində yaşayan insanların problemlərini həll etməliyik. Ona görə də orta pensiya, minimum pensiya, minimum əmək haqqı ildən-ilə artmalıdır və çalışmalıyıq ki, bu artım daha da sürətli olsun.
İndi Azərbaycanda ünvanlı sosial yardım göstərilir. Buna bir müddət bundan əvvəl başlandı və haradasa, 40 manat məbləğində yardım göstərilir. İndi 12 min ailə və 50 mindən artıq əhali bu məbləği alır. Burada da, çox ciddi həm nəzarət olmalıdır, həm də uçot olmalıdır.
Eyni zamanda, bizim üçün növbəti yenilik bu il İpoteka Fondunun yaradılması olmuşdur. Bu da çox müsbət addım olub, çox müsbət praktikadır. Hələ ki, bu fondun fəaliyyətini təhlil etmək bir qədər tezdir. Çünki fəaliyyətə təzə başlayıbdır. Ancaq indidən demək olar ki, ipoteka şərtlərinin bəzilərini sadələşdirmək lazımdır. Çünki ipoteka prosesi kütləvi xarakter almalıdır. Biz bu sistemi oradakı faizdən gəlir əldə etmək üçün yaratmamışıq. Biz bunu gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yaratmışıq. Bəzi gənclər, bəzi insanlar şərtlərin o qədər də məqbul olmadığı üçün bu işdən bəhrələnə bilmirlər. Prinsip etibarilə bu layihə sosial xarakter daşımalıdır. Ona görə burada faizlər də aşağı olmalıdır. Elə etməliyik ki, gənc ailələr, imkansız ailələr özlərini mənzil şəraiti ilə təmin edə bilsinlər.
Daha sonra Azərbaycanda texnoloji zonaların yaradılması təklifini dəstəklədiyini söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, bunun Azərbaycanda böyük perspektivləri vardır.
Daha sonra dövlətimizin başçısı vurğuladı ki, özəlləşdirmə prosesi sürətləndirilməlidir. Burada bir qədər ara verilibdir. Əlbəttə, görülən işlər təhlil olunmalı idi, bu sahədə müsbət məqamlarla yanaşı, mənfi məqamlar da kifayət qədər idi. Ona görə gərək o vəziyyət, bütün nöqsanlar təhlil olunaydı. Ancaq indi vaxt gəlib ki, biz özəlləşdirmə prosesinin yeni mərhələsinə başlayaq, beləliklə, iqtisadiyyatımız daha da sürətlə inkişaf etsin.
Bütövlükdə, özəl sektorun inkişafı hər bir ölkənin, o cümlədən Azərbaycanın ümumi inkişafının təməlində duran amildir. İndi bizdə özəl sektorun ümumi daxili məhsulda həcmi təxminən 75 faizdir, bu, yüksək göstəricidir, daha da çox ola bilər. Bir də özəlləşdirmə, özəl sektorun fəaliyyəti, sahibkarlıq olan yerdə digər xoşagəlməz hadisələr də faktiki olaraq azalır. Nə rüşvətxorluq olur, nə korrupsiya olur. Özəl şirkətdə nə oğurluq var, nə də ki, başqa xoşagəlməz hallar. Ona görə bu, həm iqtisadi, eyni zamanda sosial məsələlərin həlli deməkdir. Biz korrupsiya halları ilə ancaq inzibati üsullarla mübarizə aparsaq, bunun heç bir səmərəsi olmayacaq. Bunu dünya praktikası göstərir. İnzibati üsullar olmalıdır, ciddi nəzarət olmalıdır və mühafizə orqanları burada ciddi iş aparmalıdır. Eyni zamanda iqtisadi amillər də elə olmalıdır ki, korrupsiyaya imkan yaradan amillər aradan qaldırılsın. Onlardan başlıcası isə özəlləşdirmə proqramıdır.
İndi bizim mal dövriyyəmiz artır və belə olan halda, əlbəttə, nağdsız ödəmə sisteminin daha da geniş tətbiq olunması çox böyük əhəmiyyət kəsb edir. Post-terminalların quraşdırılması məsələləri daha da sürətlə getməlidir. Artıq bu sahədə gözəl praktika da var. İndi bizim pensiyaçılarımız pensiyalarını bu yolla alırlar. İndi gələcəkdə yəqin ki, hamısı alacaq. Bu hələ ki, texniki çətinliklə bağlıdır. Çünki bütün kəndlərdə o aparatları quraşdırmaq hələ mümkün deyil, amma o da olacaqdır.
Nitqinin sonunda Prezident İlham Əliyev bir daha nəzərə çatdırdı ki,  indi Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Bunu beynəlxalq maliyyə qurumları da etiraf edir və bu reallıqdır, bizim gerçəyimizdir. Əlbəttə, onu da bilirik ki, biz gələcəkdə iqtisadi cəhətdən daha da güclü olacağıq. 2008-ci ildə Azərbaycandan 50 milyon ton neft ixrac olunacaq, ondan sonra qaz ixracı başlanacaq. İndi görülən işlər nəticəsində yeni yaradılacaq  sənaye müəssisələri işə başlayacaq. Yəni çox böyük iqtisadi imkanlar olacaq. Amma bütün bu imkanlar bizi arxayınlaşdırmamalıdır. Bu, iqtisadiyyatımız üçün çox böyük dəstəkdir və bizi gücləndirir. Lakin bütün diqqəti qeyri-neft sektorunun inkişafına, bir də ki, iqtisadiyyatda səmərəliliyin artmasına yönəltməliyik. Harada ki, çatışmayan cəhət var, o aradan qaldırılmalıdır. Elə məsələ var ki, bir gündə həll oluna bilər, elə məsələ var ki, bunun həlli üçün bir müddət lazımdır. Hər halda bütün bu istiqamətlərdə hökumət çox fəal işləməlidir. Arxayınçılığa yol vermək olmaz. Uğurlarla, ancaq öyünməklə bizim işimiz getməyəcək. Biz hər şeyi deməliyik, uğurları da, nöqsanları da, çatışmayan cəhətləri də - hər şeyi. Belə olan halda, işimiz daha da səmərəli olacaqdır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb