Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilmişdir
Martın 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilmişdir. Əvvəlcə iştirakçılar Fəxri xiyabana gələrək, türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.
Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də əklil qoymuşlar.
Sonra forum iştirakçıları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının məzarları üstünə tər qərənfillər düzmüş, тАЬƏbədi məşəlтАЭ kompleksinin önünə əklil qoymuşlar.
Forum iştirakçıları həmçinin şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni də ziyarət edərək əklil qoymuşlar.
Sonra Heydər Əliyev adına sarayda Dünya Azərbaycan və türk diaspor təşkilatlarının I forumu öz işinə başladı.
Xatırladaq ki, forumda 48 ölkədən 513 nümayəndə iştirak etmişdir. Onlardan 173 nəfər Azərbaycan, 101 nəfəri isə türk diaspor təşkilatlarının rəhbərləri olmuşdur. Foruma ən böyük nümayəndə heyətilə Türkiyə, Almaniya, ABŞ, Rusiya, Ukrayna, Niderland, İsveç, Rumıniya, Norveç və Litva qatılmışdır. Həmçinin Latviya, Estoniya, Litva, Ukrayna, Lüksemburq və digər ölkələrin hökumət və parlament üzvləri də bu forumda iştirak etmişdir.
Türkiyə və Azərbaycan respublikalarının dövlət himnləri səsləndikdən sonra "Bir millət - iki dövlət" filmi nümayiş olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda nitq söylədi. Dövlətimizin başçısı bildirdi ki, Türkiyə və Azərbaycan əsrlər boyu bir yerdə olub. Amma müxtəlif tarixi hadisələr bizim xalqlarımızı bir-birindən ayrı salmışdır. Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bizim birliyimiz də bərpa olundu və bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə bərabər addımlayır. Biz bütün tədbirlərdə bərabər iştirak edirik, aramızda ən yüksək fikir birliyi var. Bəlkə də, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun. Həm xalqların etnik mənsubiyyəti baxımından, həm siyasi baxışlar, həm də ortaq maraqlar baxımından. Biz elə etməliyik ki, birliyimiz daha da güclənsin, hərtərəfli olsun. Təbii ki, bu işlərdə xaricdə yaşayan soydaşlarımızın da fəaliyyəti çox əhəmiyyətlidir.
«Azərbaycan müstəqilliyinin 15 ilini yaşamışdır. Artıq bu kiçik tarix göstərdi ki, ölkəmiz müstəqil dövlət kimi yaşaya, inkişaf edə bilir. Əgər biz müstəqilliyimizin ilk illərinə nəzər salsaq görərik ki, o vaxt ölkəmizin durumu çox acınacaqlı idi. İqtisadi tənəzzül, siyasi böhran, Azərbaycanda gedən xoşagəlməz proseslər ölkəmizin bütövlükdə müqəddəratını sual altında qoymuşdu» - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, ilk illərdə qardaş Türkiyənin dəstəyi bizim üçün həlledici oldu. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkə olmuşdur və ilk illərdən Azərbaycana öz qardaş əlini uzatdı. Buna görə mən Türkiyəyə, bütün türk xalqına Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm.
Dövlətimizin başçısı xatırlatmışdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan səfirlikləri Türkiyə səfirliklərinin binalarında yerləşmişdi. Bizim binalarımız yox idi, imkanlarımız yox idi. Ancaq bu gün Azərbaycanın müxtəlif ölkələrdə 51 səfirliyi vardır. Bu onu göstərir ki, ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Əgər 1991-ci ildə Sovetlər Birliyində, keçmiş respublikalar arasında Azərbaycan axırıncı yerdə idisə, bu gün ən qabaqcıl yerlərdədir. 15 il ərzində siyasi proseslər normal məcraya düşdü. Azərbaycanda siyasi sabitlik tam şəkildə bərqərar olundu, iqtisadi inkişafa qədəm qoyduq və bu gün Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Artıq üçüncü ildir ki, Azərbaycanın iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyatdır. 2005-ci ildə iqtisadiyyatımız 26 faiz, 2006-cı ildə 34 faiz artmışdır. Bu il də təxminən buna oxşar rəqəmlər olacaqdır. Bu artım, bu inkişaf Azərbaycanın hər bir bölgəsində özünü göstərir. Ölkəmiz möhkəmlənir, öz iqtisadi potensialını gücləndirir, siyasi imkanlarımız artır, bölgədə gedən proseslərdə biz daha da fəal iştirak edir və onlara təsir edirik. Beləliklə, ölkəmizin güclənməsi artıq reallıqdır. Əminəm ki, bizim güclənməyimiz bütün türk dünyasının güclənməsinə böyük dəstək, böyük töhfədir.
«Türkiyəni Azərbaycanla birləşdirən tarixi əlaqələr çox güclüdür. Ancaq indiki zəmanədə siyasi proseslər, siyasi əlaqələr onu daha da gücləndirir. Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi - bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var» - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, belə forumların keçirilməsi bizim birliyimizi daha da gücləndirir. Bütün türk dünyasının birliyini gücləndirir. Biz böyük qüvvəyik. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın və xalqlarımız rahat yaşasınlar. Biz buna layiqik və birgə səylərlə, birgə işlərlə buna nail olacağıq. Bu gün Azərbaycana bütün türk dünyasının nümayəndələrinin və qonaqların gəlməsi bu gözəl birliyin əyani sübutudur. Öz maraqlarımızı təmin etmək üçün biz güclü olmalıyıq.
Daha sonra dövlətimizin başçısı qeyd etmişdir ki, bizim gücümüz iqtisadi potensialımızdır. Son illər ərzində Türkiyədə aparılan çox ciddi iqtisadi islahatlar ölkədə bir neçə il bundan əvvəl yaşanan iqtisadi böhrana son qoydu. Bu gün Türkiyə ən sürətlə, dinamik inkişaf edən ölkələrdəndir. Bizim birgə enerji layihələrimiz var. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin uğurla inşa edilməsi bizim bölgədə də, dünyada da önəmimizi artırır. Biz də bundan istifadə etməliyik və edirik.
Azərbaycanın zəngin təbii sərvətləri Türkiyə ərazisi ilə dünya bazarlarına çıxarılır. Azərbaycan qazı - тАЬŞahdənizтАЭ yatağından çıxarılan qaz bu yaxınlarda Türkiyəyə və oradan da Avropa ölkələrinə nəql ediləcəkdir. Bu, bizim önəmimizi artırır, siyasi və iqtisadi potensialımızı gücləndirir, xalqlarımızı daha da birləşdirir. Biz iqtisadi imkanlardan istifadə edərək, öz maraqlarımızı daha da dolğun şəkildə təmin etməliyik.
Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirmişdir ki, artıq Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Uzun illər ərzində bu məsələ bizim ölkələrimizdə, beynəlxalq maliyyə qurumlarında, sadəcə, müzakirə olunurdu. Bu önəmli layihə faktik olaraq, icra edilmirdi. Bizim birgə səylərimiz, Türkiyə, Gürcüstan və Azərbaycan rəhbərliklərinin iradəsi nəticəsində biz bu məsələnin həllinə də nail olmuşuq. Bu yaxınlarda imzalanan önəmli sənədlər imkan verəcək ki, yaxın zamanlarda tikinti başlansın və beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla həyata keçirilsin. Bu bizi Türkiyə ilə dəmir yolu vasitəsilə birləşdirəcəkdir. Türkiyəni Orta Asiya ilə, bizim dəhlizdən keçməklə Asiyanı Avropa ilə birləşdirəcəkdir. Şübhəsiz ki, bunun çox böyük, həm iqtisadi, həm də siyasi önəmi var. Biz bunları edirik.
«Bu, bizim gücümüzü göstərir. Onu göstərir ki, bölgədə elə məsələ yoxdur ki, biz onu həll edə bilməyək. Onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra olunur. Baxmayaraq ki, bəzi hallarda müqavimətlə, ədalətsiz tədbirlərlə rastlaşırıq, biz özümüzü çox inamlı hiss edirik» - deyə dövlətimizin başçısı vurğulamışdır ki, bizim gücümüz ondadır ki, bir-birimizə arxalanırıq. Müstəqilliyimizin ilk illərində Azərbaycanın dəstəyə çox böyük ehtiyacı vardı və biz onu yalnız Türkiyədən aldıq. Bu gün isə Azərbaycanın artan imkanları, potensialı, siyasi çəkisi, bölgədə oynadığı rolu və iqtisadi imkanları, öz növbəsində, Türkiyənin mövqelərinə də dəstəkdir. Bu qarşılıqlı qardaşlıq münasibətləri, qarşılıqlı maraq əsasında, dərin tarixi köklər əsasında qurulmuş münasibətlər artıq beynəlxalq siyasətin amilinə çevrilibdir. Biz nə qədər güclü olsaq, aramızda nə qədər möhkəm birlik olsa, maraqlarımızı da bir o qədər təmin edəcəyik. Maraqlarımız da üst-üstə düşür və biz istəyirik ki, xalqlarımız rifah içində yaşasın. İstəyirik ki, ölkələrimizdə və bölgədə sülh, əmin-amanlıq bərqərar edilsin. Biz istəyirik ki, qonşularla mehribanlıq şəraitində yaşayaq və buna nail oluruq, qonşu dövlətlərlə münasibətlərimiz çox uğurlu şəkildə qurulur. Beləliklə, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin həm ölkələrimiz, xalqlarımız, bütün türk dünyası üçün və həm də bütövlükdə, dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti var.
Bizim ölkələrimizi fərqləndirən cəhət ondadır ki, ölkələrimizdə çox güclü tolerantlıq, dözümlülük var. Ölkələrimizdə bütün xalqlar bir ailə kimi yaşayırlar, nə dini, nə də etnik baxımdan heç bir ayrı-seçkilik yoxdur. Onu da bilirik ki, heç də hər bir ölkədə belə deyildir. Hətta dünyanın ən inkişaf etmiş ölkələri kimi tanınan dövlətlərdə də dini, yaxud da ki, etnik zəmində qarşıdurmalar var, gərginlik artır. Bir tərəfdən, sivilizasiya olaraq, dialoq məsələsi gündəmə salınıb və geniş müzakirə olunur, digər tərəfdən, qarşıdurma da artır. Bizim örnəyimiz təhlil olunmalı, tətbiq edilməli və əsas götürülməlidir. Bu, bizim gücümüzdür və ölkələrimizdə yaşayan bütün xalqlar bizim qardaşlarımızdır. Biz elə etməliyik ki, ölkələrimizin həm siyasi, həm iqtisadi durumu daha da yaxşı olsun ki, burada yaşayan bütün xalqlar özlərini daha da rahat hiss etsinlər.
Avropa ilə, böyük dövlətlərlə münasibətlərdə də bizim baxışlarımız üst-üstə düşür və bu, bizim birləşməyimiz üçün, birgə fəaliyyət planının olması üçün də çox böyük əhəmiyyət kəsb edir.
Xaricdə yaşayan soydaşlarımızın fəallığı bizi çox sevindirir. Biz də buna çalışırıq və əlimizdən gələni edirik ki, bu proseslər daha da sürətlə getsin. Azərbaycanda iki dəfə - 2001-ci ildə və 2006-cı ildə dünya azərbaycanlılarının qurultayları keçirilmiş və bunların nəticəsi çox müsbət olmuşdur. Təşkilatlanma prosesi sürətlə gedir. Bildiyiniz kimi, azərbaycanlılar başqa ölkələrdə əvvəllər də yaşayıblar. Amma Sovet İttifaqı zamanı xaricdə yaşayan azərbaycanlılar mədəni dərnəklər çərçivəsində fəaliyyət göstərirdilər. Azərbaycan müstəqil ölkə olandan sonra təşkilatlanma prosesi başlanmışdır və indi sürətlə gedir. Azərbaycanlılar yaşayan bütün xarici ölkələrdə təşkilatlanma prosesi gedir və bu gün Azərbaycan diaspor təşkilatları artıq böyük bir gücdür, Azərbaycanla onların çox sıx əlaqələri var. Bütün fəaliyyət planı müzakirə olunur, əlaqələndirilir və biz vahid mövqedən çıxış edirik. Ona görə xaricdə yaşayan soydaşlarımızın fəallığı çox önəmli bir faktdır.
İlk növbədə, biz, dövlətlər onların rahat yaşaması üçün əlimizdən gələni etməliyik. Biz nə qədər güclü olsaq, onların da orada yaşaması daha da rahat olacaqdır. Ölkələrimizin çəkisi artdıqca, onlara da münasibət daha yaxşı olacaqdır. Digər tərəfdən, onlar Azərbaycanın və Türkiyənin həqiqətlərini çatdırmalıdırlar və bunu edirlər. Çünki əfsuslar olsun ki, bu günə qədər geniş mənada dünya ictimaiyyətində bizim haqqımızda tam həqiqəti əks etdirən rəy yoxdur. Bunun da səbəbləri var. Bizim əleyhimizə çox güclü erməni lobbisi fəaliyyət göstərir. O, Türkiyə və Azərbaycana düşmənçilik mövqeyindədir və bizi ləkələmək, ölkələrimizdə gedən prosesləri təhrif etmək, yalan, böhtan kampaniyasını aparmaq onların əsas peşəsidir. Biz bunun qarşısına öz siyasətimizi, öz təbliğat mexanizmimizi qoymalıyıq və qoyuruq. Ona görə xaricdə yaşayan soydaşlarımız daha da güclənməlidir, təşkilatlanma prosesi daha da sürətlə aparılmalıdır. Onlar yaşadıqları ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha da fəal inteqrasiya etməlidirlər. Biz bunu türk diasporunun timsalında görürük, onların çox böyük uğurları var. Türk qardaşlarımız artıq müxtəlif ölkələrin qanunvericilik orqanlarında təmsil olunurlar, onlardan hökumət nümayəndələri var, ictimai təşkilatlarda fəaldırlar.
Biz də buna çalışırıq. Biz indi ilkin mərhələdəyik, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesi hələ davam edir. Bildiyiniz kimi, bu məqsədlə 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb və bu komitə bütün diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi ilə məşğuldur.
Bir sözlə, fəallıq göstərmək, siyasi proseslərdə iştirak etmək, biznes aləmində yüksək yer tutmaq və buna nail olmaq üçün bizim imkanlarımızdan faydalanmaq lazımdır. Türkiyənin çox böyük siyasi və iqtisadi potensialı var, Azərbaycanda iqtisadiyyat çox sürətlə inkişaf edir və qardaşlarımız bizim imkanlarımızdan faydalanmalıdırlar. Onsuz da, bizim ölkələrimizdə xaricdən çoxlu iş adamları fəaliyyət göstərirlər, çoxlu şirkətlər var. Biznes mühiti Azərbaycanda da, Türkiyədə də çox münasibdir. Bilirsiniz ki, biz bizneslə məşğul olmaq istəyənləri alqışlayırıq və onların fəaliyyətini dəstəkləyirik. Çox istərdim ki, onların arasında, xarici vətəndaşların arasında bizim soydaşlarımızın sayı çoxalsın.
Biz bu yolla onlara dəstək verməliyik, yaşadıqları ölkələrdə onların siyasətini gücləndirməliyik. Müxtəlif tədbirlər keçirilir və keçirilməlidir. Konfranslar, kitabların nəşri, bizim tariximizi, keçmişi və bu günü əks etdirən həqiqətlərin yayılması - bu, daimi proses olmalıdır. Xaricdə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları ilə çox ciddi işbirliyi qurulmalıdır. Bir daha demək istəyirəm, hökumət üzvləri, parlament üzvləri ilə daim bu iş aparılmalıdır. Əgər biz istəyiriksə ki, səsimiz daha da ucadan gəlsin, bizi narahat edən problemlər daha da asanlıqla öz həllini tapsın, haqq-ədalət bərpa olunsun, mütləq bunu etməliyik. Xaricdəki türk, Azərbaycan diasporu artıq çox böyük gücə çevrilibdir. Bugünkü forumun ən böyük önəmi və deyə bilərəm ki, tarixi nailiyyəti ondadır ki, artıq biz öz fəaliyyətimizi birləşdiririk. Əminəm ki, bu gündən sonra türk və Azərbaycan diaspor təşkilatları vahid orqanizm kimi çalışacaqlar. Bütün işlərdə öz fəaliyyətini əlaqələndirəcək, bizimlə, dövlətlərlə məsləhətləşmələr aparacaqlar. Xarici siyasət baxımından, ictimai proseslərin inkişafı baxımından daim bu əlaqələr olmalıdır. Düzdür, xaricdə yaşayan insanların böyük əksəriyyəti yaşadıqları ölkələrin vətəndaşlarıdır və bu da təbiidir. Amma onlar türkdürlər, azərbaycanlıdırlar və bizim millətə xas olan vətənpərvərlik, öz vətəninə bağlılıq, öz milli mənəvi dəyərlərinə olan hörmət, ənənələrin qorunması, əlbəttə ki, onların milli mənsubiyyətini qoruyub saxlayacaqdır. Bilirik ki, bəzi hallarda assimilyasiya prosesləri də gedir. Buna imkan vermək olmaz. Biz bunun qarşısını necə ala bilərik? Ancaq vətənlə güclü əlaqələrin saxlanması ilə, Türkiyədən, Azərbaycandan Avropaya və başqa ölkələrə mütəmadi qaydada heyətlərin - iş adamlarının, siyasətçilərin, parlament üzvlərinin, incəsənət xadimlərinin göndərilməsi ilə. Bu əlaqələr çox güclü olmalıdır ki, xaricdə yaşayan soydaşlarımız öz vətənləri ilə əlaqələrini kəsməsinlər. Onların başqa ölkələrdə dünyaya gələn, yaşayan övladları, uşaqları, nəvələri də bizə bağlı olsunlar. Bu, çox ciddi məsələdir və bunun üzərində biz birgə çalışmalıyıq. Əminəm ki, birgə səylər nəticəsində biz bütün bu məsələlərə nail olacağıq.
Bizi narahat edən problemlər də var. İlk növbədə, bir daha demək istəyirəm ki, bizə - Türkiyəyə, Azərbaycana qarşı çox mütəşəkkil, böyük maliyyə imkanlarına malik olan dünya erməni diasporu, erməni lobbisi işləyir.
Bəlkə də, yeganə ölkələrik ki, bizim əleyhimizə dünyanın istənilən yerində güclü təbliğat maşını, yenə də deyirəm, böhtan, yalan və tarixi təhrif edərək, bizi ləkələmək istəyən qüvvə işləyir.
Bir tərəfdən bu problem, digər tərəfdən, Azərbaycanın işğal olunmuş torpaqları. Türkiyəyə qarşı əsassız ittihamlar, qondarma тАЬsoyqırımınınтАЭ tanıdılması cəhdləri - bütün bunlar bizim xalqlarımıza qarşı yönəldilən əməllərdir. Xocalı soyqırımını törədən vəhşilər bizi soyqırımda ittiham edirlər və bəzi hallarda onların yalan təbliğatı uğurlar gətirir. Bir çox hallarda xarici ölkələrin onlar tərəfindən pulla, rüşvətlə ələ alınmış riyakar siyasətçiləri onların səsinə səs verirlər. Bu, ədalətsizliyin zirvəsidir. Bu, mənəviyyatsızlığın zirvəsidir. Biz buna qarşı mübarizə aparmalıyıq, aparmalıyıq və aparmalıyıq! Türk diplomatlarını qətlə yetirən, onlara qarşı terror aktları törədən erməni terrorist təşkilatları, nədənsə, qınaq obyektinə çevrilmir. Onların məkrli hərəkətləri, nədənsə, qınaq obyektinə çevrilmir. Avropa ölkələrində həbs olunmuş erməni terroristləri, nədənsə, bir müddətdən sonra azadlığa buraxılırlar. Bəs, burada qətlə yetirilən bizim soydaşlarımız insan deyilmi? Biz bu ikili standartlara nə qədər göz yummalıyıq? Biz bununla nə qədər barışmalıyıq? Biz görürük ki, bəzi hallarda ədalət prinsipi tamamilə aradan qaldırılır. Biz bunun qarşısına nəyi çıxarmalıyıq? Ancaq öz gücümüzü, başqa amil yoxdur! Biz güclənməliyik, hərtərəfli - hərbi, iqtisadi, siyasi cəhətdən, bütün cəhətlərdən və birgə fəaliyyət göstərməliyik!
Ermənistan on ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal edib, indi Azərbaycanı işğal siyasətində ittiham edir. Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətində dəyişiklik etməlidirlər. Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlardan əl çəkməlidirlər. Əks təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər. Azərbaycan heç vaxt Dağlıq Qarabağın itirilməsinə razılıq verməyəcək, nəyin bahasına olursa-olsun, doğma torpaqlarını azad edəcək, ərazi bütövlüyünü bərpa edəcək.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərində köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt imkan vermərik. Hüquqi cəhətdən haqq-ədalət bizim tərəfimizdədir, çünki Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib və orada göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Ermənistan buna əməl etmir. Yəni hüquqi əsaslar tam imkan verir ki, Azərbaycan öz dövlət suverenliyini, ərazi bütövlüyünü bərpa etsin.
Biz uzun illər ərzində danışıqlar yolu ilə çalışırıq ki, məsələni həll edək. Amma hələ ki, buna müvəffəq olmamışıq. Biz öz siyasətimizi aparacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcəkdir.
«Əziz dostlar, əziz qardaşlar, mən bu gün çox xoşbəxtəm, çox şadam ki, Azərbaycanda, Bakıda belə mötəbər tədbir keçirilir» - deyə sözünə davam edən dövlət başçısı bildirdi ki, bu Forumun çox böyük əhəmiyyəti var. Çünki ilk dəfədir ki, türk və Azərbaycan diaspor təşkilatları artıq belə geniş formatda bir araya gəlir. Əminəm ki, burada, Bakıda qəbul edilmiş sənədlər, qərarlar qısa müddət ərzində öz bəhrəsini verəcəkdir. Forum dünən öz işinə başlamışdır və bildiyimə görə, çox səmərəli çıxışlar olmuş, müzakirələr aparılmışdır. Bu gün isə Forum öz işini davam etdirəcəkdir. Forumun nəticəsi olaraq, bizim birliyimiz daha da möhkəmlənəcək, daha da güclənəcək, xaricdə yaşayan soydaşlarımız özlərini daha da rahat hiss edəcəklər. Hər zaman əmin olmalıdırlar ki, onların Türkiyə kimi, Azərbaycan kimi dayağı var. Biz sizin dayağınızıq, sizsə, xaricdə bizim dayağımızsınız.
Forumun bütün iştirakçılarına və qonaqlara bir daha öz səmimi salamlarımı yetirmək istəyirəm. Türk və Azərbaycan xalqlarının inkişafı naminə, çiçəklənməsi naminə biz birlikdə işləməliyik və işləyəcəyik.
Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!
Daha sonra forumda çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu dedi. Baş nazir qeyd etdi ki, aramızda olan dərin bağlar ölkələrimizi dünyada daha çox söz sahibi edir. Qardaşlıq əlaqələrinin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladan Rəcəb Tayyib Ərdoğan bildirdi ki, indi Avropadakı türklər diaspor quruculuğu yolunda ciddi fəaliyyətlər göstərirlər. Onlar buradakı siyasi qurumların qərarvermə mexanizmlərinə nüfuz edir, müştərək hədəflərimizin həyata keçməsinə çalışırlar.
Türkiyənin də, Azərbaycanın da həssas coğrafi ərazidə yerləşdiyini diqqətə çatdıran Baş nazir Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, İraqda, Yaxın Şərqdə yaşanan olaylar bizləri hər zaman ayıq olmağa vadar edir. Odur ki, İraq və Kipr türklərinin həyatı indi narahatlıq doğurur. Forumun əhəmiyyətinə toxunan Baş nazir onu da vurğuladı ki, bu tədbir gələcəkdə soydaşlarımızı daha sıx birləşdirəcək, onları aydın sabahlara aparacaq.
Forumda Şimali Kipr türk xalqının lideri Mehmet Əli Tələt də çıxış edərək bildirdi ki, Kipr türkləri uzun müddətdir dünyadan təcrid olunublar. Bu məsələnin artıq yarım əsrə yaxındır ki, BMT-nin gündəliyində olmasına baxmayaraq, problem hələ də həll olunmamış qalır. Ancaq M.Ə.Tələt üzləşdikləri problemin yaxın zamanlarda həll olunacağına əminliyini bildirdi.
Sonra forumda Qazaxıstan, Litva, Özbəkistan, Latviya, Qırğızıstan və Estoniyanın nümayəndələri çıxış etdilər.
Tədbirin sonunda forumun birgə fəaliyyət strategiyası, Bakı Bəyannaməsi, türkdilli xalqlara müraciət qəbul edildi. Bundan başqa, türk dövlətləri arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, türkdilli xalqların tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliyinin artırılması məqsədidə Azərbaycan və türk diaspor təşkilatlarının Əlaqələndirmə Şurası yaradıldı.
Bununla da forum işini başa vurdu.
***
Martın 9-da Heydər Əliyev adına Sarayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə dost və qardaş ölkələr arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsinin ölkələrimizin və ümumən bölgənin firavanlığına, sabitliyi və təhlükəsizliyinə xidmət etdiyi vurğulandı. İkitərəfli əlaqələrin və qarşılıqlı surətdə faydalı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə və genişləndiriləcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən I forumunun xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafı, diaspor təşkilatlarımız arasında sıx əlaqələr qurulması baxımından böyük əhəmiyyəti olacağını bildirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Heydər Əliyev adına Sarayda Şimali Kiprin lideri Mehmet Əli Tələti də qəbul etmişdir.
Görüşdə türk və Azərbaycan xalqlarının, bütövlükdə türk dünyasının dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun əhəmiyyəti vurğulandı və tədbir barədə fikir mübadiləsi aparıldı.
***
Onu da qeyd edək ki, martın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr türk xalqının lideri, Mehmet Əli Tələt Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin yeni inşa olunmuş binasının açılış mərasimində də iştirak etmişlər.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.