Azərbaycan-İtaliya əlaqələri çox uğurla inkişaf edir
Azərbaycan-İtaliya əlaqələri çox uğurla inkişaf edir
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-26 tarixlərində İtaliya Respublikasında rəsmi səfərdə olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Romada onun üçün ayrılmış iqamətgahda - “Vestin Excelsior” mehmanxanasında İtaliyanın “Edison” şirkətinin icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə “Edison” şirkəti arasında enerji sahəsində əməkdaşlığın perspektivi ilə bağlı məsələlər müzakirə edildi.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Romada, onun üçün ayrılmış iqamətgahda İtaliyanın “Rai İnternational” telekanalına müsahibə vermişdir. Müxbirin neft və qaz sahəsində İtaliya ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı sualına cavab olaraq, dövlətimizin başçısı bildirmişdir ki, ötən bir neçə ildə bizim bütün enerji layihələrimiz uğurla həyata keçirilibdir. Bu gün biz böyük həcmdə neft ixrac edən dövlətə çevrilmişik və eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdəyik. Biz bir neçə neft və qaz kəmərləri inşa etmişik və enerji təchizatının şaxələndirilməsinə nail olmuşuq. Enerji sahəsində işbirliyi də bizim İtaliya ilə ikitərəfli əlaqələrimizin əsas elementlərindən biridir. Biz bu işbirliyinin praktik tərəflərini müzakirə edirik və Azərbaycanda da gördüyümüz kimi, İtaliya ilə enerji sahəsində davamlı işbirliyi mümkündür.
“Nabukko” layihəsinin taleyi ilə bağlı sualın cavabında isə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, “Nabukko” layihəsi gündəliyə gələndə həmin layihənin potensial təchizatçısı Azərbaycan deyil, digər mənbələr nəzərdə tutulurdu. Lakin bu gün “Nabukko” haqqında daha çox eşidəndə, biz Azərbaycanın qaz ehtiyatlarını görürük. Biz əsas qaz yataqlarımızın işlənilməsinə son vaxtlar başlamışıq. Hələlik hasilatı ən yüksək həddə çatdırmamışıq, ümid edirik ki, buna növbəti 5-6 il ərzində nail olacağıq. Bu gün Azərbaycan qazı artıq bazarlara çıxıb, biz üç ölkəyə qaz ixrac edirik və çox güman ki, istehlakçıların əhatəsi genişlənəcəkdir. Lakin “Nabukko” layihəsinin həyata keçirilməsi təkcə bizdən asılı deyildir. Bu, daha çox “Nabukko” şirkətlərinin fəaliyyətindən, tranzit məsələlərindən, Mərkəzi Asiya mənbələrinə qoşulma məsələlərindən asılıdır. Bu, daha geniş bir layihədir. Azərbaycan “Nabukko” layihəsində tranzit ölkə və zərurət yaranarsa, potensial təchizatçı rolu oynamağa hazırdır. Lakin eyni zamanda, onu demək istərdim ki, bu, təkcə bizim layihəmiz deyildir.
“Qazprom”un Azərbaycan qazının alınması ilə bağlı yüksək qiymət təklifi ilə əlaqədar isə dövlətimizin başçısı demişdir ki, bizə müxtəlif təkliflər gəlir və biz qonşumuz olan Gürcüstana, digər qonşumuz Türkiyəyə qaz ixrac edirik. Türkiyə vasitəsilə bizim qazımız Avropa İttifaqı bazarına, xüsusilə Yunanıstana daxil olur. Digər qonşumuz Rusiyanın “Qazprom” şirkətindən də bizə təkliflər var və biz hazırda həmin təklifləri nəzərdən keçiririk. Əlimizdə olan təkliflərə biz eyni mövqedən yanaşırıq. Bu, tamamilə ticari məsələdir. Biz öz enerji layihələrimizi yalnız kommersiya, şaxələndirmə, təhlükəsizlik və uzunmüddətli tərəfdaşlıq baxımından həyata keçiririk. Məhz bu səbəbdən bütün təkliflərə baxılacaqdır.
Enerji əməkdaşlığı sahəsində İranla da işbirliyinin nəzərdə tutulması ilə bağlı sualın cavabında dövlətimizin başçısı bildirmişdir ki, bizim İranın enerji sektoru ilə tərəfdaşlığımız var, ticarət əlaqələrimiz var, İran bazarına neft məhsulları ixrac edirik. Eyni zamanda, biz iki ölkə arasında elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlıq edirik, bizi birləşdirən elektrik xətlərimiz var. Son bir neçə il ərzində qaz sahəsində də çox ciddi əməkdaşlıq edirik, mübadilə əməliyyatları aparırıq, ölkələrimizin müxtəlif bölgələri üçün mavi yanacağın mübadiləsini həyata keçiririk. Beləliklə, bu əməkdaşlıq çox genişdir, qarşılıqlı surətdə səmərəlidir və eyni zamanda, enerji resurslarımızın axınını şaxələndirməyə kömək edir.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, son beş il ərzində ölkədə iqtisadi artım üç dəfə çoxalmışdır. İqtisadiyyatımız artıb, bu, eynilə sənaye istehsalında da baş veribdir. Biz işsizliyi, demək olar ki, tamamilə aradan qaldırmışıq, hazırda yoxsulluğun azaldılması proqramı çox uğurla icra olunur. Ölkədə yoxsulluqda yaşayan insanların sayı çox azdır. Biz ölkənin inkişafı üçün böyük sərmayələr qoyuruq, infrastruktura investisiyalar yatırılır. Son beş il ərzində büdcə xərclərimiz 10 dəfədən də çox artıb və bu gün, xüsusilə qlobal maliyyə böhranı dövründə biz özümüzü çox rahat hiss edirik. Valyuta ehtiyatlarımız artıq 18 milyard dollara çatıbdır. Bu, bizim üçün kifayətdir. İqtisadi fəaliyyəti inkişaf etdirmək üçün yaxşı perspektivlərimiz var. Dünya iqtisadiyyatında müşahidə edilən ümumi tənəzzülə baxmayaraq, bu il də bizim iqtisadiyyatımızda artımın səviyyəsi yüksək olacaqdır. Ötən il bu, 25 faizə bərabər olub, bu il təbii ki, bir qədər az, lakin real olacaqdır.
İtaliya ilə iqtisadi münasibətlərin gücləndirilməsinə gəldikdə, dövlətimizin başçısı bildirmişdir ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Müstəqilliyi əldə etdiyimiz ilk illərdən İtaliya ilə əlaqələrimiz çox sürətlə inkişaf edir, siyasi əlaqələrimiz də çox yaxındır. İtaliya şirkətləri Azərbaycanda uğurla çalışır, enerji sektoruna və digər sahələrə böyük sərmayələr yatırır. Azərbaycanda bəzi İtaliya şirkətləri müxtəlif sənaye layihələrində podratçı qismində çalışır və eyni zamanda, kənd təsərrüfatı sahəsində təmsil olunur. Ölkələrimiz arasında humanitar sahədə güclü mədəni əlaqələrimiz, geniş fəaliyyət var. Ümumiyyətlə, bunlar çox tarazlaşdırılmış əlaqələrdir, yaxşı gələcəyi var. Çünki siyasi və iqtisadi sahələrdə əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabında isə Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları Bəyannamədə münaqişənin necə həll olunmasına dair ölkələrin mövqeləri əks olunub. Həmin Bəyannamənin üç vacib elementini vurğulayan dövlətimizin başçısı bildirmişdir ki, ilk növbədə, bu sənəd Azərbaycan və Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu dərk edir. Əvvəllər bu, belə deyildi.
Əvvəllər onlar hamını inandırmağa çalışırdılar ki, müharibə Dağlıq Qarabağ və Azərbaycan arasındadır. Məsələ budur. Bu, çox vacibdir. Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıbdır. İkincisi, Bəyannamədə deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll olunmalıdır. Bu o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır.
Daha sonra dövlətimizin başçısı müxbirin Azərbaycanın neft və qaz gəlirlərini Silahlı Qüvvələrin gücləndirilməsinə yönəltməsi ilə əlaqədar sualına cavabında bildirmişdir ki, vəsaitin böyük hissəsi sözügedən istiqamətə sərf olunur. Azərbaycanda son beş il ərzində büdcə xərcləri təxminən 12 dəfə artmışdır. Eyni zamanda, təhsil xərcləri də 10 dəfə artmışdır, infrastruktur layihələri üçün xərclər bir qədər çox ola bilər. Ordu xərcləri də 10 dəfə artmışdır. Yəni biz neftdən gələn gəlirləri yalnız silah alınmasına sərf etməmişik. Biz silah alırıq, ancaq eyni zamanda məktəb, xəstəxana, yollar, elektrik stansiyaları tikirik. Biz ölkəmizi inkişaf etdiririk. Əgər ÜDM daxilində Azərbaycan və Ermənistanın hərbi xərclərinin faiz dərəcələri nəzərə alınsa, Ermənistanın bu sahəyə daha çox vəsait xərclədiyini görərik. Məsələ ondadır ki, bizim ÜDM Ermənistanın eyni göstəricisindən təxminən 6-7 dəfə çoxdur. Bu səbəbdən hərbi sahəyə biz Ermənistanın bütün ölkə üçün xərcləyə biləcəyi qədər vəsait xərcləyə bilirik. Onlar dərk etməlidirlər ki, aramızda olan tarazlıq artıq yoxdur və bundan sonra da olmayacaqdır. Onlar bu reallığı anlamalıdırlar ki, Azərbaycan daha da inkişaf edəcək güclü ölkədir. Onlar öz xalqına firavan həyat təmin etmək üçün bunu nəzərə almalıdırlar.
Azərbaycanda demokratiyanın inkişaf etməməsi ilə bağlı Freedom House təşkilatının yaydığı məlumata da münasibətini bildirən dövlətimizin başçısı qeyd etmişdir ki, Freedom House kimi təşkilatlar obyektiv deyildir. Onlar Azərbaycanı olduğu kimi yox, fərqli təqdim etməyə çalışırlar. Fəaliyyətimizin ən vacib qiyməti beynəlxalq təşkilatların verdiyi qiymətdir. Freedom House özünün gündəliyi, siyasi maraqları olan bir qeyri-hökumət təşkilatıdır. Onların Azərbaycanda bəzi müxalifət nümayəndələri arasında dostları da var. Buna görə də onların Azərbaycan haqqında dedikləri düzgün hesab edilə bilməz.
Bu yaxınlarda bizdə prezident seçkilərini izləyən ATƏT-in və Avropa Şurasının qiymətləndirmələri - vacib olan budur. Fakt odur ki, Azərbaycanda seçkilər çox normal və şəffaf şəraitdə keçirilib və onun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi. Nəticələrə, seçkilərin düzgünlüyünə dair heç bir şikayət daxil olmamışdır. Mühüm olan budur. Bu onu göstərir ki, Azərbaycan real demokratiyanın qurulması üçün sürətlə irəliləyir və demokratikləşmə prosesi sürətlə gedir. Biz Avropa İttifaqına inteqrasiya oluruq, məsələn, biz qurumla qonşuluq proqramları həyata keçiririk. Nəyə görə? Meyarları Avropa İttifaqına daha da yaxınlaşdırmaq üçün! Bizə İttifaqdan pul gərək deyil, bizə heç bir güzəşt və ya subsidiyalar lazım deyildir. Biz, sadəcə, həyat meyarlarımızı və siyasi sistemimizi ən yaxşı nümunəyə çatdırmağa çalışırıq. Eyni mənzərəni yeddi il üzvü olduğumuz Avropa Şurasında görə bilərik.
Bu, böyük və həmişə asan olmayan, bəzən ağrılı bir yoldur, lakin biz bu yolu seçmişik. Bu, reallıqdır. Üstəlik, liberal iqtisadi islahatlar. Qeyri-demokratik ölkədə liberal iqtisadi islahatlara nail olmaq mümkün deyildir. Bu il Dünya Bankı Doing Business proqramı üzrə Azərbaycanı dünyanın bir nömrəli islahatçı ölkəsi elan etmişdir. Ötən il BMT Dövlət Neft Fondunu şəffaflığa görə mükafatla təltif etmişdir. Beləliklə, qeyri-demokratik cəmiyyətdə bu, mümkün olmazdı. Qeyri-demokratik cəmiyyət Dünya Bankı tərəfindən bir nömrəli islahatçı ölkə elan edilə bilməz. Dünya Bankı dünyanın ən iri maliyyə təsisatıdır. ATƏT, Avropa Şurası, Avropa İttifaqı - bunlar ciddi təşkilatlardır. Beləliklə, Freedom House və ona bənzər təşkilatlar bu qurumlarla müqayisə edilə bilməz.
Azərbaycanda korrupsiya problemi ilə bağlı görülən işlərlə əlaqədar isə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, biz korrupsiyaya qarşı mübarizə üçün xüsusi komissiya yaratmışıq, xüsusi proqramımız, qanunumuz var. Eyni zamanda, biz inzibati və iqtisadi qüvvələri bununla mübarizəyə cəlb edirik. Bəzən biz çox ciddi addımlar atırıq. Bir neçə il bundan öncə təkcə korrupsiyaya görə Azərbaycanda bir neçə nazir həbs edilmişdir. Bir çox digər yüksək rütbəli məmur da həbs olunmuşdur. Lakin biz görürük ki, təkcə inzibati tədbirlərlə bu, çox çətindir. Biz əlaqələndirmə yaratmalıyıq, iqtisadiyyatı liberallaşdırmalıyıq, güclü orta təbəqə, siyasi həyatda hər bir şəxs üçün geniş şərait yaratmalıyıq. Bundan sonra korrupsiya aşağı düşəcəkdir.
Müxbirin sonuncu - Azərbaycanın Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı sualını isə dövlətimizin başçısı belə cavablandırmışdır: «...təbii ki, bu, Avropadan, Avropa İttifaqından asılı olacaqdır. Hesab edirik ki, bugünkü əlaqələrimizin səviyyəsi çox yüksəkdir. Qeyd etdiyim kimi, artıq iki ildir ki, biz Avropa İttifaqı ilə Qonşuluq proqramını icra edirik. Bizim enerji sektorunda güclü tərəfdaşlığımız var. Təbii ki və əminəm, apardığımız islahatlar növbəti beş il ərzində həyatımızın bir çox meyarlarını, o cümlədən siyasi sistemi və iqtisadi azadlığı Avropa İttifaqının meyarları səviyyəsinə gətirib çıxaracaqdır... Avropa İttifaqı bir ailədir və bu ailənin öz qanun və qaydaları var, bu ailənin kimisə buraya dəvət edib-etməmək hüququ var. Əgər biz bu gün desək ki, bəli, biz daha da inteqrasiya olunmuş olmaq istərdik, bu, böyük dəyişikliklərə səbəb olmayacaqdır. Biz çalışmalıyıq. Azərbaycanda gördüyümüz işlər ölkəni gücləndirməyə, güclü siyasi sistemin, azad iqtisadiyyatın, bazar iqtisadiyyatının, sosial ədalətin yaradılmasına və Avropa İttifaqının gündəliyində olan bütün prinsiplərə xidmət edir. Onu da zaman göstərər».
Noyabrın 26-da İtaliya Nazirlər Şurasının binası önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
İtaliyanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni Azərbaycan Prezidenti İlham Əliyevi binanın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Rəsmi qarşılanma mərasimindən sonra İtaliyanın Nazirlər Şurasının binasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının sədri Silvio Berluskoninin görüşü olmuşdur.
Görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirildi. Silvio Berluskoni Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi, onun İtaliyaya rəsmi səfərinin əhəmiyyətini xüsusi vurğuladı.
Söhbət zamanı qeyd olundu ki, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr genişlənəcək, qarşılıqlı münasibətlər daha da möhkəmlənəcəkdir.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev İtaliya parlamentinin Deputatlar palatasının sədri Canfranko Fini ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyi bildirildi, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin böyük əhəmiyyət kəsb etdiyi vurğulandı.
Deputatlar palatasının sədri Canfranko Fini Azərbaycan dövlətinin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. O, iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etdi, bu sahədə parlamentlərarası əlaqələrin rolunu vurğuladı, əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini söylədi.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, İtaliya-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyini vurğuladı.
Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri başa çatmışdır.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.