Azərbaycan-Fransa münasibətləri sürətlə inkişaf edir
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-31 tarixlərində Fransa Respublikasında ilk dövlət səfərində olmuşdur.
Parisin beynəlxalq “Orli” hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Fransanın müdafiə naziri xanım Mişel Allio-Mari, Paris hərbi qarnizonunun rəisi, Parisin Val de-Marn regionunun prefekti və digər rəsmi şəxslər böyük hörmətlə və səmimiyyətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev “Orli” hava limanından hərbi vertolyotla Fransa paytaxtının memarlıq incilərindən olan Əlillər evinin yerləşdiyi meydana gəldi. Dövlətimizin başçısı buradan süvari milli qvardiyaçıların müşayiəti ilə onun üçün ayrılmış fəxri iqamətgaha - Marini sarayına gəldi. Yanvarın 29-da Fransa Prezidentinin iqamətgahında - Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Fransa Respublikasının Prezidenti Jak Şirak hörmət və ehtiram əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyevi sarayın pilləkənləri önündə böyük səmimiyyətlə və ehtiramla qarşıladı.
Yanvarın 29-da Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Jak Şirak arasında təkbətək görüş keçirilmişdir.
Prezident Jak Şirak dövlətimizin başçısına müraciətlə dedi ki, mən çox məmnunam ki, Azərbaycan Prezidenti Fransaya dövlət səfəri edir. Son zamanlar Azərbaycanla Fransa arasındakı əməkdaşlıq çox inkişaf edib və bu il Fransada Azərbaycan İli keçiriləcəkdir. Hesab edirəm ki, münasibətlərimiz həm siyasi, həm də iqtisadi baxımdan çox vacib və səmərəlidir.
Prezident İlham Əliyev təşəkkür edərək dedi ki, Fransaya dövlət səfəri etmək mənim üçün çox şərəflidir. Prezident seçildikdən sonra mənim ilk rəsmi səfərim də Fransaya olmuşdur.
Dövlət başçıları enerji layihələri, Cənubi Qafqazda vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apardılar.
Yanvarın 29-da Yelisey sarayında Azərbaycan Prezidenti İlham Əliyevə “Fəxri legionun böyük xaç komandoru” ordeninin və Prezident Jak Şiraka “Heydər Əliyev” ordeninin təqdim olunması mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva, Fransa Prezidenti Jak Şirakın xanımı Bernadet Şirak, habelə dövlətimizin başçısını müşayiət edən nümayəndə heyətinin üzvləri iştirak edirdilər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Jak Şiraka üzərində onun portreti toxunmuş xalça hədiyyə etdi. Dövlət başçıları xalçanın önündə xatirə şəkli çəkdirdilər. Sonra Fransa Prezidenti Jak Şirak dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Prezident Jak Şirak Fransanın ən yüksək ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərək dedi ki, 2004-cü ildə mən atanızın təltif olunduğu “Fəxri legion” ordenini Sizə verdim. Siz bilirsiniz ki, mən ona böyük hörmət və böyük dostluq hissləri bəsləyirdim. Mən həmin mükafatı Sizə təqdim edərkən çox böyük həyəcan hissi keçirirdim. İndi isə Siz ölkəmizə ilk dövlət səfərinə gəlmisiniz. Ona görə də böyük məmnuniyyətlə Sizi Fransanın yüksək mükafatı – “Fəxri legion” ordeninin ən yüksək dərəcəsi ilə təltif etmək istəyirəm.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Jak Şiraka “Heydər Əliyev” ordenini təqdim edərək dedi ki, bu gün mənim üçün çox əziz bir gündür. Fransanın ən yüksək ordenini almaq çox böyük şərəfdir. Siz qeyd etdiniz ki, üç il bundan əvvəl mən Fransada rəsmi səfərdə olarkən Prezident Heydər Əliyevin təltif edildiyi ordeni almaq mənə nəsib olmuşdur. Sizin şəxsi dostluğunuz Fransa-Azərbaycan münasibətlərinin inkişafında xüsusi rol oynamışdır. Məhz Sizin birgə fəaliyyətiniz nəticəsində Fransa-Azərbaycan münasibətləri sürətlə inkişaf etmişdir və bu gün ən yüksək zirvəyə qalxmışdır. Bütün sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə biz çox uğurlu əməkdaşlıq edirik, Fransa bizim üçün dost ölkədir, çox yaxın tərəfdaşdır. Mən çox şadam ki, bizim aramızda olan şəxsi münasibətlər də ən yüksək zirvədədir. Biz bir-birimizə dost deyirik və bu, sözün əsl mənasında, böyük dostluğun nümunəsidir.
Mən bu gün böyük məmnunluq hissi ilə Sizi Azərbaycan dövlətinin ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Bu orden çox nadir hallarda təqdim olunur. Bu, üçüncü ordendir və mən onu bu gün Sizə təqdim edirəm. Bu, həm Azərbaycanın ən yüksək mükafatıdır, eyni zamanda, Sizin dostunuz Heydər Əliyevin adını daşıyan ordendir. Sizi təbrik edirəm.
Fransa və Azərbaycan prezidentləri qəbulda nitq söylədilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da səhər Parisin Yelisey xiyabanına gələrək, Fransanın azadlıq rəmzi sayılan “Zəfər tağı”nın altında dəfn olunmuş Naməlum əsgərin məzarı önünə əklil qoymuşdur.
Dövlətimizin başçısı burada İkinci Dünya müharibəsinin Fransadan olan iştirakçıları ilə səmimi görüşdü, Paris sakinlərini salamladı.
Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paris şəhər meriyasının binasına gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Paris şəhərinin meri Bertran Delanoe böyük hörmətlə qarşıladı.
Sonra Prezident İlham Əliyev ilə Paris şəhərinin meri Bertran Delanoe arasında görüş oldu.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, tarixi, mədəni, iqtisadi və siyasi sahələrdə əlaqələrin genişləndiyi bildirildi. Həmçinin humanitar sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.
Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Paris şəhər meriyasında Fransa ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri ilə görüşü keçirilmişdir.
Görüşü Paris şəhərinin meri Bertran Delanoe açdı. O, ali qonağı və xanımını, habelə dövlətimizin başçısını müşayiət edən nümayəndə heyətini salamladı, bu görüşü özləri üçün tarixi hadisə adlandırdı. Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etdiyi zaman Fransanın ölkəmizi tanıyan ilk ölkələrdən olduğunu bildirdi. Mer xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini, ölkələrimiz arasında əlaqələrin inkişafındakı rolunu xatırlatdı və hazırda qarşılıqlı münasibətlərin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini söylədi. Bertran Delanoe Azərbaycan xalqının keçdiyi şərəfli tarixi yoldan, ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün görülən tədbirlərdən, habelə Azərbaycanın üzləşdiyi çətinliklərdən söhbət açdı. O dedi ki, Fransa Ermənistanla Azərbaycan arasında sülhün yaranacağına əmindir.
Sonra dövlətimizin başçısı görüş iştirakçıları qarşısında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, Azərbaycan və Fransa arasında olan əlaqələr bütün sahələri əhatə edir və çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, mədəni və bütün başqa sahələrdə biz, sözün əsl mənasında, tərəfdaşıq və bizim tərəfdaşlığımız, əməkdaşlığımız təkcə iki ölkə arasında olan münasibətlərə yox, eyni zamanda, regionda gedən proseslərə də öz müsbət təsirini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Fransa hökumətinin binasına - “Matinyon” sarayına gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı Fransanın Baş naziri Dominik de Vilpen sarayın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Sonra Azərbaycan Prezidenti ilə Fransanın Baş naziri arasında görüş keçirildi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, Prezident İlham Əliyevin Fransaya dövlət səfərinin əhəmiyyəti, eləcə də bu səfərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi vurğulandı.
Bildirildi ki, Fransa ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq daim genişlənir və iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük perspektivlər vardır. Bu baxımdan, Azərbaycan ilə Fransa arasında imzalanacaq sənədlər gələcək əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.
Yanvarın 30-da Parisdə, “Matinyon” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Fransanın Baş naziri Dominik de Vilpenin iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyasının binasına gəlmişdir.
Prezident İlham Əliyevi binanın önündə Milli Assambleyanın sədri Jan-Lui Debre səmimiyyətlə qarşıladı.
Azərbaycanın və Fransanın dövlət bayraqları önündə xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev ilə Jan-Lui Debre arasında görüş oldu.
Görüşdə parlamentlərarası əlaqələrin genişlənməsinin əhəmiyyəti və bu baxımdan qarşılıqlı səfərlərin rolu vurğulandı. Bildirildi ki, əməkdaşlığın bundan sonra da genişlənməsi üçün yaxşı imkanlar vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da, onun üçün ayrılmış iqamətgahda Fransanın “Qaz de France” şirkətinin prezidenti və baş direktoru Jan Fransua Sireli ilə görüşmüşdür.
Prezident İlham Əliyev bu şirkətlə əməkdaşlığa müsbət baxdığını söyləyərək, birgə işlərin görülməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Parisdə, onun üçün ayrılmış iqamətgahda Fransanın “VİNCİ” şirkətinin idarə heyətinin sədri İv Tibo Silqi ilə görüşmüşdür.
Prezident İlham Əliyev ölkəmizdə xarici şirkətlər, iş adamları üçün hər cür şəraitin yaradıldığını bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da onun üçün ayrılmış iqamətgahda “Sosiete Generale” şirkətinin baş icraçı direktoru Daniel Buton ilə görüşmüşdür.
Görüşdə “Sosiete Generale” şirkətinin Azərbaycanla yaxşı əməkdaşlıq qurduğu vurğulandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da onun üçün ayrılmış iqamətgahda Fransanın ikinci ən böyük bankı olan “BNP Paribas”ın direktorlar şurasının sədri Mişel Pebero ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da onun üçün ayrılmış iqamətgahda NATO Parlament Assambleyasının sədri Pyer Löluş ilə görüşmüşdür.
Pyer Löluş Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində bu ölkədə gedən proseslər, seçkilərə hazırlıq barədə dövlətimizin başçısına məlumat verdi.
Görüşdə bir sıra regional məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Fransa paytaxtının “Paris-Nord” vağzalından yüksək sürətli “TGV” qatarı ilə ölkənin ən şimalında yerləşən Nord-Pa-de-Kale regionunun baş şəhəri olan Lillə gəlmişdir.
Prezident İlham Əliyevi dəmir yolu vağzalında Nord-Pa-de-Kale regional şurasının sədri Daniel Perşeron qarşıladı.
Dövlətimizin başçısı regionun Ticarət palatasına gəldi. Binanın qarşısında Prezident İlham Əliyevi palatanın sədri Patrik Van den Şrik böyük hörmət və ehtiramla qarşıladı. O, palatanın tarixi və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verərək dedi ki, palatanın yerləşdiyi bina 1910-cu ildə bu bölgədə toxuculuqla məşğul olan iş adamları tərəfindən tikilmişdir, geniş salonları və iş otaqları vardır.
Sonra Ticarət palatasının iclas salonunda regionun işgüzar adamları ilə görüş keçirildi. Patrik Van den Şrik görüşü açaraq, ali qonağı və onu müşayiət edən şəxsləri bir daha salamladı. O dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Lill şəhərinə gəlməsi bizim üçün böyük və əlamətdar hadisədir, son bir neçə ildə biz belə yüksək qonaq qarşılamamışdıq.
Prezident İlham Əliyev görüşdə nitq söylədi. Fransaya səfərinin başa çatdığını və bu səfərin tərəflər üçün əhəmiyyətli olacağını söyləyən dövlətimizin başçısı dedi ki, Fransa şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edirlər və biz bunu yüksək qiymətləndiririk.
Azərbaycanda iqtisadi inkişafın sürətlə getdiyini və bu baxımdan dünyada birinci yeri tutduğunu söyləyən Prezident İlham Əliyev dedi ki, 2005-ci ildə iqtisadi artım 26 faiz, 2006-cı ildə 35 faiz olmuşdur. Çox güman ki, bu il də iqtisadi artım eyni səviyyədə olacaqdır. Əlverişli investisiya mühitindən istifadə edib, müxtəlif şirkətlərlə əməkdaşlıq edirik və istərdik ki, Fransa şirkətləri daha da fəal olsunlar.
Nord-Pa-de-Kale regional şurasının sədri Daniel Perşeron çıxışında yüksək səviyyəli xalqın təmsilçilərinin – Azərbaycan Prezidenti İlham Əliyevin və nümayəndə heyəti üzvlərinin bu görüşdə iştirakının özləri üçün böyük şərəf və tarixi hadisə olduğunu vurğuladı. O, möhkəm sabitliyin olduğu və inkişaf edən ölkə kimi Azərbaycanda yaradılmış sərmayə mühitindən Fransa şirkətlərinin faydalanmasının hər iki tərəf üçün sərfəli olacağını söylədi. Şuranın sədri yüksək səviyyəli siyasi lider kimi Prezident İlham Əliyevin fəaliyyətini təqdir etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Nord-Pa-de-Kale regionu prefektliyinin binasına gəlmişdir.
Prefekt Daniel Kanepa dövlətimizin başçısını binanın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə prefekt Daniel Kanepa arasında görüş oldu.
Görüşdə Azərbaycan ilə Fransanın ayrı-ayrı bölgələri, o cümlədən çox böyük iqtisadi potensialı olan Nord-Pa-de-Kale regionu arasında iqtisadi əməkdaşlığın dərinləşməsinin və müxtəlif sahələr üzrə yeni əlaqələrin yaradılmasının faydalı olacağı vurğulandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Lill şəhərində “Alstom” şirkətlər qrupunun zavodunda olmuşdur.
Şirkətlər qrupunun sədri Patrik Krom dövlətimizin başçısını səmimiyyətlə qarşıladı.
Azərbaycan Prezidentinə məlumat verildi ki, burada Avropanın və dünyanın əksər ölkələri üçün sürət qatarları, dəmir yolu nəqliyyatı üçün avadanlıq istehsal olunur. Bu sahədə “Alstom” dünyada birinci yeri tutur. Dünyanın 70 ölkəsində fəaliyyət göstərir. Lill şəhərindəki zavodda 60 min işçi çalışır. Şirkətlər qrupunun gəlirinin 90 faizi Fransa ərazisindəki fəaliyyətdən əldə olunur.
Prezident İlham Əliyev zavodla yaxından tanış oldu, ayrı-ayrı istehsal sahələrini gəzdi.
Prezident İlham Əliyev nəhəng zavodla tanışlıqdan məmnunluğunu söylədi və bu cür müasir müəssisə ilə əməkdaşlığın faydalı olacağını vurğuladı.
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri başa çatdı.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.