Regionlarda sürətli inkişaf və abadlıq-quruculuq işləri davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 oktyabr və 1 noyabr tarixlərində Gəncə şəhəri, Daşkəsən, Gədəbəy və Şəmkir rayonlarında səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də qədim Gəncə şəhərinə gəlmişdir.
Yeni tikilmiş Gəncə beynəlxalq hava limanında dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.
Sonra Prezident İlham Əliyev Gəncə beynəlxalq hava limanının təntənəli açılış mərasimində iştirak etdi. Prezident İlham Əliyev mərasimdə nitq söylədi. Dövlətimizin başçısı gəncəlilərə müraciətlə dedi:
-Mən sizin hamınızı ürəkdən salamlayıram və Gəncənin yeni aeroportunun açılışı münasibətilə təbrik edirəm.
Bu aeroport dünyanın ən yüksək standartlarına cavab verir. Burada ən müasir avadanlıq quraşdırılıbdır və aeroportun xarici görünüşü də çox gözəldir. Mən xatırlayıram, biz aeroportun tikintisinə hazırlaşanda qərara gəldik ki, Gəncədə geniş müşavirə keçirək. Çünki Gəncə ictimaiyyətinin bu işlərdə iştirakını çox vacib sayırdıq. Ötən ilin may ayında burada keçirilmiş geniş iclasda aeroportun tikintisi məsələləri həll olundu və eyni zamanda, aeroportun xarici görünüşü haqqında geniş fikir mübadiləsi aparıldı. Mən məsələni belə qoymuşdum ki, Gəncəyə xas olan üslubda aeroport tikilsin və ictimaiyyətin nümayəndələri də bu fikirlə razılaşmışdılar. Beləliklə, bu aeroportun yaradılması bizim hamımızın zəhmətidir, hamımızın xidmətidir. Bu gözəl aeroport uzun illər – onilliklər ərzində Gəncə şəhərinə və gəncəlilərə xidmət edəcəkdir. Gəncə Azərbaycanın ikinci şəhəridir, qədim şəhərdir və mən çox istəyirəm ki, burada yaradılan hər bir yeni tikili, hər bir yeni müəssisə yüksək standartlara cavab versin. Bu gün biz bunu görürük. Görürük ki, Gəncə gözəlləşir, yeni yollar salınır, binalar tikilir, abadlıq işləri gedir. Bu, məni çox sevindirir və bundan sonra da Gəncəni daim dəstəkləyəcək, Gəncənin inkişafına köməyimi əsirgəməyəcəyəm. Bununla yanaşı, onu da qeyd etməliyəm ki, mən Gəncə icra orqanlarının fəaliyyətini də yüksək qiymətləndirirəm. Burada göstərilən təşəbbüslər, görülən işlər məni çox sevindirir. Belə olan halda, işlərimiz daha da sürətlə gedir. Biz düzgün qərarlar qəbul edə, vəsait ayıra bilərik və bunu edirik də. Ancaq əgər yerlərdə bizim göstərişlərimiz icra olunmursa, yaxud da yerli rəhbərlik təşəbbüs göstərmirsə, əlbəttə ki, işimiz istənilən nəticəni verməz. Gəncənin timsalında hər iki amili görürük - həm dövlət qayğısı və əlavə vəsaitin ayrılması, eyni zamanda, yerli icra orqanlarının səmərəli fəaliyyəti. Bunun nəticəsində Gəncə gözəlləşir, abadlaşır və ən müasir şəhərə çevrilir.
Aeroportun tikintisinin bütövlükdə bu regionun inkişafına böyük təkan olacağını qeyd edən dövlətimizin başçısı Gəncənin çox sürətlə inkişaf edən şəhər olduğunu vurğuladı və bildirdi ki, Gəncənin çox gözəl tarixi abidələri, özünəməxsus xüsusiyyətləri, bənzərsiz siması var. Bütün bunlar qorunub saxlanmaqla bərabər, şəhər müasirləşir. Yeni yollar, xiyabanlar, binalar, aeroport, bütün başqa infrastruktur Gəncənin inkişafı deməkdir. Bu, Azərbaycanın inkişafı deməkdir. Mən çox şadam, çox sevinirəm ki, bütün bu işlərdə bizim hamımızın əməyi var, qəbul etdiyimiz bütün qərarlar vaxtlı-vaxtında icra edilir, bütün proqramlar həyatda öz əksini tapır. Bu, çox vacibdir. Çünki biz istəyirik və Prezident kimi mən çox istəyirəm ki, bütün sahələrdə, - infrastruktur, sosial sektor, məktəblər, xəstəxanalar, – inkişaf sürətlə getsin. Gəncədə indi yeni diaqnostika və müalicə mərkəzi tikilir. Onun təməlini biz birlikdə qoymuşduq. Yəqin ki, yaxın zamanlarda onun da açılışını qeyd edəcəyik. Bu, tibbi xidmətin səviyyəsini artıracaqdır. Orada ən müasir avadanlıq quraşdırılacaq və insanlar yüksək tibbi xidmət alacaqlar.
Bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, Gəncədə yeni müasir, çoxmərtəbəli binalar tikiləcəkdir. Amma indi bu reallıqdır və məndə olan məlumata görə, tələbat daha da artır. Yəni insanların imkanları artır və yeni evlərin tikilməsi bunun göstəricisidir. Yeni binaların tikilməsi və bütövlükdə tikinti sektorunun inkişafı hər bir ölkənin ümumi inkişafından xəbər verir. Bakıda tikinti çox sürətlə gedir. O qədər sürətlə gedir ki, indi biz bunu bir az dayandırmağa çalışırıq. Gəncədə isə bu proses təzə-təzə başlayır. Çox vacibdir ki, tikilən bütün binalar gözəl memarlıq standartlarına cavab versin. Yəni xarici görünüşü də gözəl olsun, daxili quruluşu da müasir səviyyəyə cavab versin. Mən şübhə etmirəm ki, Azərbaycanın bütün bölgələri, o cümlədən Gəncə şəhəri bundan sonra da sürətlə inkişaf edəcəkdir. Bunu etmək üçün bütün imkanlar var. Elə möhkəm təməl qoyulub ki, bu təməl üzərində istənilən məsələni həll etmək mümkündür.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunun açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı ümummilli liderimiz Heydər Əliyevin iştirakı və xeyir-duası ilə fəaliyyətə başlamış Gəncə Olimpiya İdman Kompleksində üzgüçülük hovuzunun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev idman qurğusunun yardımçı otaqları, gimnastika salonu ilə də tanış oldu. Dövlətimizin başçısı kompleksin ətrafındakı 150 nəfərlik tribunaları olan voleybol və basketbol meydançalarına da baxdı, Olimpiya kompleksinin ətrafını gəzdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Gəncənin Heydər Əliyev prospektində qədim şəhərin gerbinə ucaldılmış abidə ilə tanış olmuşdur.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət etmişdir.
Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Gəncədə “Jardin Royal” şokolad fabrikinin açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev lenti kəsdi və fabrikin işə düşməsini bildirən düyməni basdı.
Dövlətimizin başçısı istehsal prosesi ilə yaxından tanış oldu, müasir avadanlığın işi ilə maraqlandı və yüksək səviyyəli müəssisənin fəaliyyətindən razılığını söylədi, belə müasir müəssisələrin regionlarda sosial-iqtisadi inkişafa müsbət təsir göstərdiyini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Daşkəsən rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun açılış mərasimində iştirak etdi.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi. İnşaatçıları təbrik edərək dedi ki, qısa müddət ərzində Xınalıq, Lerik, Yardımlı yolları, indi də Daşkəsən yolu çəkilmişdir. Sizə təşəkkür edirəm, yüksək səviyyədə, gözəl yol çəkmisiniz. Özü də bu dağ şəraitində yol tikmək çətindir.
Həmin gün Daşkəsən şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev heykəlin üzərindən ağ örtüyü götürdü. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev burada salınmış Heydər Əliyev parkına da baxdı, sakinlərin istirahəti üçün yaradılmış şəraiti, görülmüş abadlıq işlərini yüksək qiymətləndirdi.
Sonra Daşkəsən şəhərində ümummilli lider Heydər Əliyev muzeyinin açılışı olmuşdur. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, burada ulu öndərin uşaqlıq, gənclik illərinə aid, milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, respublikamıza rəhbərliyinin hər iki dövrünə aid, rayonlara səfərlərini, zəhmətkeşlərlə görüşlərini, xarici ölkələrə səfərlərini, ölkəmizin sosial-iqtisadi sahədə dirçəlişi, Azərbaycanın yeni neft strategiyasının hazırlanması və həyata keçirilməsini, ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən zəngin fotoşəkillər toplanmışdır. Muzeydə ulu öndərin büstü də qoyulmuşdur.
Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsən şəhərində şəhid Anar Mürsəlov adına 2 nömrəli orta məktəblə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə Daşkəsən rayonunun keçmişini və bugününü əks etdirən fotoguşələrə baxdı. Prezident İlham Əliyev ayrı-ayrı siniflərə, kompüter otağına baş çəkdi. Gənclərin müasir texnologiyalardan istifadə etməsinin, məktəblərin kompüterləşdirilməsinin əhəmiyyətini vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün “Daşkəsən Filizsaflaşdırma” Açıq Tipli Səhmdar Cəmiyyətində oldu.
Azərbaycan Prezidenti əvvəlcə bu böyük ASC-nin “Daşkəsən” və “Gəncə” layihələri, gələcəkdə yaradılacaq zavodların planları ilə tanış oldu.
Prezident İlham Əliyev “Daşkəsən Filizsaflaşdırma” ASC-nin yeni yatağının istifadəsinə başlanmasını bildirən düyməni basdı. Daha sonra isə növbəti düyməni basmaqla, dəmir filizinin daşındığı kanat yolunu işə saldı.
Sonra təntənəli mərasim keçirildi.
Daşkəsən filizsaflaşdırma müəssisəsində keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev nitq söylədi. Dövlətimizin başçısı daşkəsənlilərə müraciətlə dedi:
-Bu gün Daşkəsən rayonunun həyatında iki əlamətdar hadisə baş verir. Daşkəsən rayonuna gələn yol yenidən tikilib istifadəyə verilibdir. Bu gün mən bu yolu gəlmişəm, onu açmışam. Çox qısa müddət ərzində çəkilən ən müasir dünya standartlarına cavab verən bu yol Daşkəsən rayonunun inkişafına, daşkəsənlilərə xidmət edəcəkdir.
Azərbaycanda yol tikintisi çox geniş vüsət alıbdır. Bütün istiqamətlərdə yollar çəkilir. Azərbaycanı başqa ölkələrlə birləşdirən magistral yollar və eyni zamanda rayonlara gedən yollar, şəhərlərarası yollar, kənd yolları, ən ucqar kəndlərə yollar çəkilir. Əsas şərt də ondan ibarətdir ki, bütün yollar ən yüksək dünya standartlarına cavab versin. Bu gün biz bunu görürük və Daşkəsənə çəkilən yol da ən yüksək səviyyədədir. İndi insanlar rahat gəlib-gedəcəklər. Mən bilirəm ki, bu yol tikiləndən bəri heç vaxt təmir olunmamışdı, çox bərbad vəziyyətdə idi. İnsanların gəliş-gedişi üçün çox böyük problemlər yaradırdı. İndi isə bu yolu rahat getmək olar. Bu çox böyük əhəmiyyət kəsb edən məsələdir. Bir tərəfdən, insanlara rahatlıq verəcək, digər tərəfdən, rayonun inkişafına xidmət göstərəcəkdir.
Rayonunuzun çox böyük imkanları, potensialı var. Burada çox gözəl yerlər var, təbiət çox gözəldir, çox zəngindir. Əminəm ki, bu yol tikiləndən sonra burada turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Rayonun infrastrukturuna sərmayələr qoyulacaq və beləliklə Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir.
İkinci önəmli hadisə Filizsaflaşdırma kombinatının işə düşməsidir. Deyə bilərəm ki, bu, Daşkəsən rayonunun tarixində çox əlamətdar hadisədir. Hesab edirəm ki, bu kombinatın fəaliyyətə başlaması bütövlükdə Azərbaycanın hərtərəfli inkişafı üçün çox tarixi əhəmiyyətə malikdir. Kombinatın işə başlaması nəticəsində minlərlə yeni iş yerləri açılacaqdır. Artıq iş yerlərinin açılması prosesi başlanmışdır. Yeni sənaye istiqaməti, sənaye kompleksi yaranacaqdır. Azərbaycanda yeni zavodlar tikiləcək, minlərlə insan yüksək maaşla təmin olunacaqdır. Azərbaycanın sənaye kompleksi, qeyri-neft sektoru inkişaf edəcək və ümumən ölkəmizin iqtisadiyyatı hərtərəfli inkişaf edəcəkdir.
Buraya qısa müddət ərzində, növbəti üç ildə 200 milyon dollardan çox vəsait qoyulacağını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, həm Daşkəsəndə, həm də Gəncədə ən yüksək səviyyəli zavodlar tikiləcəkdir. Rayonun bütün infrastrukturu yeniləşəcək və bəlkə də, vaxt gələcək, gün gələcək ki, burada kombinatda və onun fəaliyyəti nəticəsində yaradılacaq zavodlarda işləmək üçün başqa yerlərdən insanlar gələcəklər. Bu vaxt gələcək, mən buna əminəm. Beləliklə, rayonun əhalisi yaxşı yaşayacaq. İnsanlar yüksək maaş alacaqlar, yaxşı şəraitdə yaşayacaqlar. Həm insanların rifah halı yaxşılaşacaq, həm Azərbaycanın iqtisadi potensialı güclənəcək və bütünlükdə ölkənin sənaye kompleksi inkişaf edəcəkdir. Bu kombinatın fəaliyyətə başlamasının nəticələri budur. Biz bunu bilirik və bilirik ki, haraya gedirik, məqsədimiz nədir. Məqsədimiz güclü dövlətin yaranması, güclü iqtisadiyyatın yaranmasıdır. Biz buna nəyin hesabına nail ola bilərik? Əlbəttə ki, yeni sənaye müəssisələrinin yaranması ilə. Yalnız sənaye müəssisələrinin yaranması Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərə bilər. Bizim indi güclü iqtisadi potensialımız var. İqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf edir. Bu ilin 9 ayında iqtisadi artım 34 faiz olubdur. Bu, dünyada görünməmiş bir hadisədir.
Azərbaycanda sənaye istehsalı 40 faiz artıbdır. Bunun nəticəsində ölkəyə böyük valyuta axını gəlir, büdcəmiz ildən-ilə artır və imkan verir ki, biz sosial məsələlərin həlli üçün vəsait ayıraq. Rayonların abadlaşmasına vəsait ayıraq. Daşkəsən rayonunun timsalında da biz bunu görürük.
Oktyabrın 31-də Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası istifadəyə verilmişdir.
Prezident İlham Əliyev ayrı-ayrı mənzillərə baxaraq, burada yaradılan şəraitlə yaxından tanış oldu və görülən işləri yüksək qiymətləndirdi. Respublikamızın rəhbəri adından hər mənzilə televizor hədiyyə edildi.
Sonra dövlətimizin başçısı mənzillərin orderlərini sahiblərinə təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Gədəbəy rayonuna gəlmişdir.
Prezident İlham Əliyev Heydər Parkında ucaldılmış ulu öndərin abidəsini ziyarət etdi. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular və parka tamaşa etdilər.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri qarşısında nitq söylədi:
-Mən ilk dəfədir ki, Gədəbəy rayonundayam. Çoxdan gəlmək istəyirdim, planlaşdırırdım və bu gün buradayam, sizinlə birlikdəyəm. Mən çox şadam ki, Azərbaycanın bütün yerlərində olduğu kimi, Gədəbəydə də sürətli inkişaf gedir, abadlıq-quruculuq işləri gedir, məktəb tikintisi geniş vüsət alıbdır. Çox istəyirəm ki, rayonun infrastrukturu yeniləşsin, müasirləşsin.
Gədəbəyin çox gözəl təbiəti, çox gözəl iqlimi var. Burada turizmin inkişafı üçün çox böyük işlər görmək olar. Mən hesab edirəm ki, əgər biz bu məsələlər üzərində birlikdə, səmərəli işləsək, qısa müddət ərzində bu gözəl diyar turistlər üçün də çox cəlbedici ola bilər. Bütövlükdə, rayonun hərtərəfli inkişafı üçün bütün işlər görülür. Müvafiq sərəncamlar verilmişdir, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında xüsusi tapşırıqlar öz əksini tapmışdır. Beləliklə, rayonun inkişafı ilə bağlı işlər ardıcıl və məqsədyönlü şəkildə aparılır.
Son illər ərzində Gədəbəy rayonunda məktəb tikintisi çox sürətlə gedir. Siz də bunu bilirsiniz. Bu, Azərbaycanda çox böyük problemdir. Çünki məktəb binalarının tam əksəriyyəti köhnəlmiş vəziyyətdədir. Bəziləri yararsız vəziyyətdədir və uşaqlar çox çətin şəraitdə oxuyurlar. Müəllimlər də çox çətin şəraitdə işləyirlər. Bunu aradan qaldırmaq üçün indi Azərbaycanın hər yerində geniş məktəb tikintisi aparılır. Son 3 il ərzində 700-dən çox məktəb tikilibdir. Növbəti illərdə məktəb tikintisi daha da genişlənəcəkdir. Bu tikinti həm dövlət xətti ilə, həm də Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılır.
Biz istəyirik ki, güclü ölkə yaransın. Biz istəyirik ki, Azərbaycanın mövqeləri daha da möhkəmlənsin və bölgədə gedən bütün proseslərdə Azərbaycan fəal iştirak etsin. Bu, indi də var. Bu gün biz bölgədə liderlik mövqelərimizi möhkəmləndiririk. Ancaq mən istəyirəm ki, daha da möhkəm olsun. Azərbaycan nəinki bölgədə gedən proseslərdə, geniş mənada, bizim qitədə gedən proseslərdə öz sözünü deyə bilsin. Bu gün bu, belədir. Həm coğrafi mövqeyimiz, həm siyasi əhəmiyyətimiz, eyni zamanda, təbii sərvətlərimizin olması və onların artıq dünya bazarlarına çıxarılması Azərbaycanın önəmini qat-qat artırır. Bu, ölkənin hərtərəfli inkişafına yaxşı xidmət göstərəcəkdir. O cümlədən, daxili siyasət də Azərbaycanın inkişafına yönəldilibdir. İctimai-siyasi asayişin qorunması, sabitliyin qorunması əsas məsələlərdir. Biz görürük, harada sabitlik pozulursa, bütün işlər də tamamilə pozulur, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, ölkədə xoşagəlməz proseslər başlayır, asayiş pozulur, xaos yaranır. Ondan sonra bu xaosun nəticələrini aradan qaldırmağa başlayırlar.
Əlbəttə, mən heç şübhə etmirəm ki, Azərbaycanın gələcək inkişafı uğurlu olacaqdır. Bunu etmək üçün bütün imkanlarımız var. Siyasi iradə, xalqla iqtidar arasında birlik var, iqtisadi potensial, təbii ehtiyatlar var, insanların intellektual potensialı var. Bütün bunlar hər bir ölkənin uğurlu inkişafını şərtləndirən amillərdir.
Biz bunların hamısını Gədəbəy rayonunun timsalında da görürük. Rayonun gələcək inkişafı, infrastrukturun yeniləşməsi üçün əlavə tədbirlər görüləcəkdir. Mən çıxışımın əvvəlində dedim, ilk dəfərdir Gədəbəydəyəm və gördüm ki, Şəmkirdən Gədəbəyə gələn yol bizi qane edə bilməz, standartlara uyğun deyildir. Bu gün burada Nəqliyyat Nazirliyinə tapşırıq verirəm ki, layihə hazırlasınlar və Şəmkir-Gədəbəy yolunun əsaslı təmirini təşkil etsinlər.
Prezident İlham Əliyev həmin gün Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy filiz yatağı nümunələrindən ibarət sərgisi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına sərgidə nümayiş etdirilən filiz nümunələri və yatağın işlənilməsi layihələri barədə məlumat verildi.
Prezident İlham Əliyev ərazini seyr etdi, yatağın iş planı, filiz nümunələri ilə tanış oldu, aparılan kəşfiyyat-qazma proseslərini əks etdirən fotoşəkillərə baxdı.
Noyabrın 1-də Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyi tərəfindən tikilmiş və yeni istifadəyə verilmiş Gədəbəy İdman Kompleksi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı geniş idman zalında kiçik yaşlı cüdoçuların və stolüstü tennisçilərin məşqlərinə tamaşa etdi. Prezident İlham Əliyev futbol meydançasını da gəzdi. Gədəbəydə idmanın inkişafı üçün yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı ölkəmizdə gənc nəslin sağlam böyüməsinə bundan sonra da qayğı göstəriləcəyini bildirdi.
Noyabrın 1-də Prezident İlham Əliyev Gədəbəy rayonunun əhalisi əsasən ruslardan ibarət olan Slavyanka kəndində olmuşdur. Slavyankanın sakinləri Azərbaycan dövlətinin başçısını səmimiyyətlə salamlayaraq, regionların, o cümlədən ucqar kəndlərin inkişafına daim diqqət yetirdiyinə görə ona minnətdarlıq etdilər.
Rus icmasının nümayəndələri ilə görüşdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Slavyanka beynəlmiləl orta məktəbinin binasında tikinti işlərinin gedişi ilə tanış oldular.
Dövlətimizin başçısı tikintinin getdiyi ərazini gəzdi, işlərin qısa vaxt ərzində və yüksək keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlarını verdi.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Şəmkir şəhərinə gələrək burada, ulu öndərin adını daşıyan prospektdə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev burada salınmış Heydər Əliyev parkına baxdı, sakinlərin istirahəti üçün yaradılmış şəraiti, görülmüş abadlıq işlərini, prospekt boyu yaradılan səliqə-sahmanı yüksək qiymətləndirdi.
Noyabrın 1-də Şəmkir şəhərində Heydər Əliyev muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev gənclərin bu cür muzeylərdən mərkəz kimi istifadə edərək, Heydər Əliyevin zəngin irsini öyrənməsinin əhəmiyyətli olduğunu bildirdi. Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Şəmkir şəhərində, Bakı-Qazax yolunun kənarında Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Mərasimə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri, idmançılar dövlətimizin başçısını mehribanlıqla, hərarətli alqışlarla qarşıladılar. Prezidentə Olimpiya İdman Kompleksi barədə ətraflı məlumat verildi.
Dövlətimizin başçısı “Bu kompleksin təməli 1 noyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur” sözləri yazılmış vərəqi imzalayaraq, kapsulun içərisinə qoydu. Kapsul obyektin bünövrəsinə qoyuldu, dövlətimizin başçısı bünövrəyə ilk beton qarışığını tökdü, tikintiyə xeyir-duasını verdi.
Sonra təməlqoyma münasibətilə mərasim keçirildi. Azərbaycan Prezidenti mərasimdə nitq söylədi:
-Mən sizin hamınızı Şəmkir Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Ən xoş arzularını dilə gətirən Prezident İlham Əliyev bildirdi ki, bu gün təməlini qoyduğumuz kompleksin tikintisinə başlanır. Əminəm ki, qısa müddət ərzində çox gözəl, möhtəşəm idman qurğusu tikiləcəkdir. Burada ən yüksək dünya standartları tətbiq olunacaqdır. Bundan həm idmançılar, eyni zamanda, Şəmkir şəhərinin sakinləri də faydalanacaqlar. Burada ən böyük idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, mehmanxana, digər müxtəlif idman infrastrukturu olacaqdır. Kompleks həm idmanın inkişafına, həm də, Şəmkir rayonunun hərtərəfli inkişafına öz töhfəsini verəcəkdir.
Mən əminəm ki, Şəmkirdə bu idman kompleksinin tikilməsinin şəhər infrastrukturunun inkişafına çox böyük təsiri olacaqdır- deyə sözünə davam edən dövlət başçısı vurğuladı ki, burada beynəlxalq tədbirlər, respublika əhəmiyyətli çempionatlar keçiriləcək, buraya gələn qonaqlar gözəl mehmanxanada qalacaqlar. Bu, özlüyündə turizmin inkişafına və bütövlükdə Şəmkir rayonunun daha da inkişafına kömək edəcəkdir.
Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Demək olar ki, Azərbaycanın bütün sahələri inkişafdadır. Bu inkişafın təməlində 1993-cü ildə Azərbaycanda başlanmış Heydər Əliyev siyasəti durur. Bu gün biz Heydər Əliyev muzeyinin açılışını etdik. Orada nümayiş etdirilən şəkillər bir daha göstərir ki, Şəmkir rayonuna ulu öndərin xüsusi münasibəti var idi. Heydər Əliyev həm 1970-ci illərdə, həm də artıq müstəqil Azərbaycanın Prezidenti kimi dəfələrlə Şəmkir rayonunda olmuş, buradakı problemlərlə məşğul olmuş, öz göstərişlərini vermişdir. Rayonun inkişafında onun çox böyük əməyi var idi. Bu gün bu siyasət davam etdirilir. Mən Şəmkir rayonuna böyük diqqət göstərir, bu rayonun inkişafına çox böyük əhəmiyyət verirəm. Şəmkir Azərbaycanda çox strateji əhəmiyyətə malik rayondur, çox böyük sənaye, kənd təsərrüfatı, intellektual potensialı var. Şəmkirlilər bütün dövrlərdə Azərbaycanın inkişafına öz töhfələrini vermişlər.
Mənə məlumat verilib ki, Şəmkirdə böyük quşçuluq fabriki yaradılıb, bu gün gedib baxacağam- deyə sözünə davam edən Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirərək bildirdi ki, bir tərəfdən insanlar işlə təmin edilir, işsizlik aradan qaldırılır, insanlar daha da yaxşı maaş alırlar. Digər tərəfdən də, Azərbaycanda yerli istehsal yaranır. Azərbaycan artıq bir sıra məhsullarla özünü təmin edən ölkədir. Çalışmalıyıq ki, gələcəkdə öz tələbatımızı maksimum dərəcədə Azərbaycanda istehsal olunan məhsullarla təmin edək və biz buna doğru gedirik. Ona görə də 2004-cü ilin fevral ayında regionların sosial-iqtisadi inkişafı dövlət proqramının qəbul olunması və uğurla icra edilməsi Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Biz indi işin, demək olar ki, ilkin mərhələsindəyik. İndi diqqətimizi Azərbaycan üçün ən böyük əhəmiyyət kəsb edən məsələlərə yönəltmişik. Yollar, elektrik stansiyaları tikilir, Azərbaycanda yeni elektrik stansiyalarının tikilməsi ilə biz nəinki öz tələbatımızı yüz faiz ödəyəcəyik, həm də gələcəkdə elektrik enerjisini ixrac edəcəyik. Qaz xətləri çəkilir, rayonlar qazlaşdırılır. Azərbaycanda qaz hasilatı artdıqca, bu iş daha da genişlənəcəkdir. İnsanları narahat edən digər problemlər də həll ediləcəkdir.
Bölgələrdə quruculuq işlərinin çox sürətlə getdiyini bir daha məmnunluq hissilə xatırladan ölkə başçısı bildirdi ki, yenə də deyirəm, tez-tez rayonlarda oluram, görürəm və müqayisə etmək üçün imkanlarım var. Hər bir gəlişimdə yenilik görürəm, yeni bir müəssisə, yaxud park, yeni küçə, yaxud da gözəl sosial infrastruktur obyektləri görürəm. Bu, inkişafdır və Azərbaycanda var və istəyirik ki, daha da sürətlə getsin. İnsanları narahat edən problemlər tezliklə aradan qalxsın və hər bir vətəndaş işlə təmin olunsun, hər bir vətəndaşın yaxşı ev şəraiti olsun, yaxşı maaş alsın, uşaqları yaxşı məktəbə getsin. Budur, bizim vəzifəmiz və Prezident kimi mən öz əsas vəzifəmi bunda görürəm, Azərbaycan xalqına xidmət etməkdə görürəm. Azərbaycan xalqı üçün nə etmək lazımdırsa, onu edirəm və bundan sonra edəcəyəm.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşüb hal-əhval tutdu, onların qayğı və problemləri ilə maraqlandı. Şəmkirlilər dövlətimizin başçısına razılıqlarını ifadə edərək, xalqımızın ümümmilli liderinin layiqli davamçısına gələcək fəaliyyətində uğurlar arzuladılar.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Şəmkir-Qazax avtomobil yolunun açılış mərasimində iştirak etmişdir.
İnşaatçılar, tikinti şirkətlərinin nümayəndələri və sakinlər dövlətimizin başçısını və xanımını səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Avtomobil yolunun göstəriciləri barədə dövlətimizin başçısına məlumat verildi və bildirildi ki, Dünya Bankının ayırdığı kredit hesabına çəkilən 2-ci texniki dərəcəli yolun örtüyü, əsasən asfalt-betondur. Yolun hərəkət hissəsinin eni 7,5 metrdir. 9 yeni körpü, 14 keçid salınmışdır. Layihə üzrə görülən işlərə 31,6 milyon ABŞ dolları xərclənmişdir. 603 min kubmetr çınqıl, 1 milyon 617 min kubmetr torpaq işləri görülmüş, yüzlərlə insan işlə təmin olunmuşdur.
Yolun ümumi uzunluğu 94 kilometrdir, 21 kilometri ötən ilin fevral ayında təhvil verilmişdir. 2001-ci ildə ulu öndərimiz tərəfindən təsdiq edilmiş sazişə əsasən, 2011-ci ildən başlayaraq qaytarmaq şərti ilə 35 illik güzəştli kredit hesabına Azərbaycan və Almaniya şirkətləri tərəfindən həyata keçirilir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi. İnşaatçılarla, tikintidə iştirak edən xarici və yerli şirkətlərin nümayəndələri ilə görüşüb, onları təbrik etdi. Dövlətimizin başçısı dedi:
- Azərbaycanda bütün yollar ən yüksək səviyyədə olmalıdır. Dünyada harada ən yüksək səviyyədə yol varsa, Azərbaycanda da o yoldan olmalıdır. Mənim tələbim budur. Yaxşı da iş görürsünüz. Mən görürəm, keyfiyyətlidir. Düzdür, bu yolun keyfiyyətini, bəlkə, 2-3 ildən sonra dəqiq biləcəyik. Əgər burada hər şey yaxşı olsa, mən sizi tapıb bir daha təşəkkürümü bildirəcəyəm. Əgər pis olsa, onda gərək gizlənəsiniz.
Dövlətimizin başçısı sonra inşaatçılarla xatirə şəkli çəkdirdi və avtomobili özü idarə edərək, yeni yolun açılışını etdi.
Prezident İlham Əliyev və xanımı həmin gün Şəmkir şəhərinin mərkəzində yerləşən və sakinlərin sevimli istirahət guşələrindən biri olan akademik Zərifə Əliyeva adına parka gəldilər. Burada görkəmli oftalmoloq alimin abidəsi də ucaldılmışdır. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev noyabrın 1-də “AtaHoldinq” şirkətlər qrupuna daxil olan “AtaSənaye” MMC-nin Şəmkir rayonunun Yeni Həyat kəndində yerləşən quşçuluq fabrikində olmuşdur.
Müəssisə haqqında dövlətimizin başçısına məlumat verilərək bildirildi ki, ulu öndər Heydər Əliyev tərəfindən tikdirilən Şəmkir quşçuluq fabriki 1980-ci ildə istifadəyə verilmişdi. Azərbaycanın qərb zonasını məhsulla təmin edirdi. “AtaHoldinq” Şirkətlər qrupu 2004-cü ilin axırında müvafiq biznes plan əsasında layihə hazırlayıb, 2005-ci ilin fevral ayında fabrikin beynəlxalq standartlara uyğun yenidən qurulmasına başlamışdır. İndiyədək 5 milyon dollar sərmayə qoyulmuşdur, bütün işlərin başa çatmasına isə 10 milyon dollar xərclənəcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 280 manatdır.
Hazırda burada quraşdırılmış bütün avadanlıq Hollandiya və Türkiyənin ən qabaqcıl texnologiyalarına əsaslanır. Almaniya cinsli toyuqlar 60 qramlıq yumurta verir. Fabrikin istehsal etdiyi “Kənd” yumurtası, “Kənd” toyuğu ticarət brendi kimi Azərbaycanda çox yaxşı tanınır və yüksək keyfiyyətinə görə dərhal satılır. Burada ildə 30 milyon ədəd yumurta istehsal edilir. 2007-2008-ci ilə qədər bunun 100 milyon ədədə çatdırılması planlaşdırılır. Bundan əlavə, fabrikdə min ton toyuq əti istehsal etmək mümkündür.
Hazırda fabrikdə 110 nəfər işçi çalışır. Tam gücü ilə işə düşəndən sonra işçilərin sayı 300 nəfərə çatacaqdır. Müəssisənin fəaliyyəti ilə bağlı formalaşmış ticarət şəbəkəsində çalışanlar da nəzərə alınmaqla, iş yerlərinin sayı 700 olacaqdır.
Dövlətimizin başçısı müəssisənin istehsal sahələri, laboratoriyası ilə tanış oldu, məhsulun satışı və keyfiyyəti ilə maraqlandı. Məlumat verildi ki, heç bir problem yoxdur. Bakıda təşkil olunan yarmarkalara gündə 40 min ədəd yumurta göndərilir. Bu fabrik Prezidentin sahibkarlığın inkişafına göstərdiyi qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyev noyabrın 1-də, Şəmkirə səfərinin sonunda rayonun Füzuli qəsəbəsindəki şəhid İ.Əliyev adına orta məktəbə gəlmişdir.
Məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını və xanımını böyük hörmətlə, gül-çiçəklə qarşıladı.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrı-ayrı fənn kabinetlərinə, kompyuter və sinif otaqlarına baxdılar, yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir etdirilmiş məktəbdə iki növbədə 373 şagird təhsil alır. Kompyuterlər internetə qoşulmuş, istilik sistemi yenidən qurulmuşdur.
Bildirildi ki, məktəbdə uşaqların xarici dil öyrənməsi üçün müasir avadanlıq var. Dövlətimizin başçısı bunu müsbət qiymətləndirərək dedi ki, gərək uşaqlar ingilis, rus dillərini bilsinlər, başqa dillər də vacibdir.
Bununla da Prezident İlham Əliyevin ölkəmizin Qərb bölgəsinə səfəri başa çatdı.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.