Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana səfəri
Rumıniya Prezidenti Trayan Besesku oktyabrın 11-12 tarixlərində Bakıda rəsmi səfərdə olmuşdur.
Səfərin ilk günü Rumıniya Prezidenti Trayan Besesku Şəhidlər xiyabanını ziyarət etmişdir.
Rumıniya Prezidenti Trayan Besesku və nümayəndə heyətinin üzvləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə gül-çiçək düzdülər.
Sonra Rumıniya Prezidenti Trayan Besesku Fəxri xiyabana gəlmişdir.
Rumıniyanın dövlət başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Prezident Trayan Besesku görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üstünə də gül dəstəsi qoydu.
Oktyabrın 11-də Prezident sarayında Rumıniya Prezidenti Trayan Beseskunun rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunu səmimiyyətlə qarşıladı.
Oktyabrın 11-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında siyasi-iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı və iqtisadi əməkdaşlığın genişlənməsi üçün böyük potensialın olduğu bildirildi.
Tərəflər Avratlantik strukturlara inteqrasiya prosesində ölkələrimiz arasında əməkdaşlığın daim genişləndiyini vurğuladılar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.
Daha sonra Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Prezident İlham Əliyev görüşü açaraq dedi ki, Rumıniya bizim üçün çox yaxın bir ölkədir, dost ölkədir. Biz Rumıniya tərəfindən həmişə dəstək görmüşük və bu dəstək indi də davam edir. Çox şadam ki, bizim aramızda həm siyasi, həm iqtisadi, həm mədəni, həm də humanitar sahələrdə çox yüksək əməkdaşlıq mövcuddur. İndi bütün sahələrdə əməkdaşlıq etmək əzmindəyik və işbirliyimizin nəticələri çox uğurludur.
Demək olar ki, biz müttəfiq ölkələrik və əminəm ki, gələcəkdə bizim aramızda əməkdaşlıq, birgə layihələr daha da sürətlə davam edəcək və xalqlarımız bölgədə daha da yaxın olacaqlar. Səfər çərçivəsində bir neçə sazişin imzalanması nəzərdə tutulubdur. Beləliklə, bizim münasibətlərimizin hüquqi bazası möhkəmlənəcəkdir.
Dövlətimizin başçısı Rumıniya Prezidentinə müraciətlə bildirdi ki, Azərbaycanın Avratlantik strukturlarına inteqrasiya siyasətini Rumıniya həmişə dəstəkləmişdir. Biz bu dəstəyi hiss edirik, buna görə Sizə minnətdarıq. Bizim ikitərəfli münasibətlərimizin istiqamətlərindən biri də məhz bu məsələlərdir. Hesab edirəm ki, bu sahədə də Rumıniyanın təcrübəsi bizim üçün çox önəmli ola bilər.
Sonra Rumıniya Prezidenti Trayan Besesku çıxış edərək dedi ki, Azərbaycana bu gün etdiyim rəsmi səfərin əsas məqsədi məhz ondan ibarətdir ki, biz Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində xüsusilə maraqlıyıq. Biz siyasi və iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi önəm veririk. Eyni zamanda hesab edirik ki, ölkələrimiz təhlükəsizlik sahəsində də əməkdaşlıq etməlidir. Biz Azərbaycanı Xəzər regionunda özümüzə dost və tərəfdaş ölkə hesab edirik. Düşünürük ki, bizim tərəfdaşımız olan Azərbaycan enerji təhlükəsizliyi baxımından bu gün Avropa bazarlarında çox yüksək rəqabət qabiliyyətinə malik ölkə ola bilər.
Ali qonaq bildirdi ki, Rumıniya artıq NATO-nun üzvüdür və gələn il yanvarın 1-dən Avropa İttifaqının tamhüquqlu üzvü olacaqdır. Həmin təşkilatlarda üzvlüyümüzü nəzərə alaraq, Rumıniya bu çərçivədə Azərbaycanla ənənəvi ikitərəfli münasibətlərin inkişaf etdirilməsində xüsusilə maraqlıdır. Eyni zamanda, bu təşkilatlarda üzvlüyümüz baxımından biz bütün Avropa məkanında təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi sahəsində məsuliyyət daşıyan bir ölkə kimi çıxış etmək istəyirik.
Dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Prezident sarayında sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Respublikasının Prezidenti Trayan Besesku Birgə bəyannamə imzaladılar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Rumıniya prezidentlərinin birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, Rumıniya Prezidenti cənab Trayan Beseskunun Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox önəmli bir addımdır. Bizim ölkələrimiz çox uğurlu əməkdaşlıq edir. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra biz daim Rumıniya tərəfindən dəstək görürük. Bu gün də bu dəstəyi hiss edirik və Rumıniya Prezidentinə, Rumıniya hökumətinə öz dərin minnətdarlığımızı bildirmək istəyirik.
Bizim əlaqələrimiz çoxşaxəlidir. Hazırda çox intensiv siyasi dialoq aparılır. Qeyd etməliyəm ki, son bir il yarım ərzində cənab Besesku ilə çoxsaylı görüşlərimiz olubdur. Bugünkü görüş sayca dördüncüdür. Bu, özlüyündə onu göstərir ki, bizim aramızda çox sıx əlaqələr var, daim məsləhətləşmələr keçiririk, geniş fikir mübadiləsi aparılır. O cümlədən bu gün bizim aramızda çox səmimi, açıq danışıqlar keçirildi. Həm təkbətək görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə. Müxtəlif məsələlər - ikitərəfli münasibətlər, iqtisadi əlaqələr, siyasi əlaqələr, Azərbaycanın Avratlantik strukturlara inteqrasiyası və Rumıniyanın bu siyasətə öz dəstəyini verməsi, nəhəng enerji layihələri, Azərbaycanın uğurlu neft strategiyası və gələcək əməkdaşlıq prinsipləri müzakirə olundu. Bütün bu məsələlər diqqət mərkəzində idi. Bütün bu məsələlər barədə çox geniş fikir mübadiləsi aparılmışdır və bizim aramızda heç bir fikir ayrılığı yoxdur.
Bununla bərabər, regionda gedən proseslər, regional vəziyyət, regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi məsələləri də müzakirə olunmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda ən başlıca təhlükə mənbəyidir. Bu münaqişə regionda sabitliyin pozulmasına gətirib çıxara bilər və regional əməkdaşlığa çox böyük maneədir. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: həm tarixi baxımdan, eyni zamanda, hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Biz tələb edirik ki, Birləşmiş Millətlər Təşkilatının bu məsələyə dair dörd qətnaməsi icra olunsun və Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş torpaqlardan qeyd-şərtsiz çıxsın. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində didərgin düşmüş insanlar öz doğma torpaqlarına qayıda bilsinlər. Etnik təmizləmə siyasətinin nəticələri aradan qaldırılsın və məsələ beynəlxalq hüquq normaları və prinsipləri əsasında öz həllini tapsın.
Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü tanıyır və əlbəttə, tələb edir ki, Azərbaycanın da ərazi bütövlüyü tanınsın. Deyə bilərəm ki, Ermənistan istisna olmaqla, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olanda Dağlıq Qarabağla birlikdə üzv olmuşdur. Ona görə də, məsələnin həlli yalnız və yalnız hüquqi müstəvidə öz həllini tapa bilər və Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər görülə bilər. Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilə bilər. Ancaq Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaradılması, yaxud da ki, Dağlıq Qarabağın Ermənistana birləşməsi məsələləri müzakirə mövzusu deyil və olmayacaqdır.
Rumıniyanın bu məsələdə mövqeyi bizi həm sevindirir, həm də ruhlandırır. Rumıniyanın mövqeyi indi imzalanmış Birgə bəyannamədə öz əksini tapmışdır. Bu mövqeyə görə, bu yanaşmaya görə biz Rumıniya hökumətinə, şəxsən Rumıniya Prezidentinə çox minnətdarıq. Bu mövqe bütün münaqişələrə şamil edilməlidir. Bütün münaqişələr eyni yanaşma ilə öz həllini tapa bilər, heç bir istisna halı olmamalıdır.
Əgər hansısa bir halda istisna olarsa, bu, çox çətin və çox acınacaqlı nəticələrə gətirib çıxara bilər. Dünyada, Avropada, bizim bölgəmizdə buna oxşar münaqişələr də var, buna oxşar problemlər də var və əgər hansısa bir halda məsələ beynəlxalq hüquq əsasında yox, hansısa başqa prinsiplər əsasında öz həllini taparsa, bundan bütün bölgə böyük zərər çəkə bilər.
Rumıniya Prezidenti Trayan Besesku bəyanatında vurğuladı ki, NATO-nun üzvü olan və gələn il yanvarın 1-dən Avropa İttifaqının üzvü olacaq dövlət kimi Rumıniya xarici siyasətində Qara dəniz regionuna xüsusi diqqət yetirməyi davam etdirəcəkdir. Qara dəniz forumu çərçivəsində biz həmin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələlərini müzakirə etdik. Eyni zamanda, bunu Xəzər regionuna da şamil etmək istəyirik, çünki biz bu regionun enerji sərvətlərinin daşınmasında maraqlıyıq. Biz qonşuyuq və istəyirik ki, istər NATO, istərsə də Avropa İttifaqı baxımından eyni təhlükəsizlik sisteminin bir hissəsi olaq. Mən Prezident Əliyevi əmin etdim ki, Rumıniya bu sahədə Azərbaycanla öz təcrübəsini bölüşməyi davam etdirəcək və Azərbaycanın Avropa strukturlarına daxil olmasına kömək edəcəkdir.
Biz tam əminik ki, Azərbaycan regionda həm təhlükəsizlik, həm də enerji siyasətində müsbət töhfə vermiş bir ölkədir. Bu baxımdan biz qarşılıqlı əməkdaşlığımızı hər iki tərəfin maraqları əsasında davam etdirəcəyik. Dondurulmuş münaqişələrə aid məsələdə əməkdaşlığımızı davam etdirəcəyik. Mən demək istəyirəm ki, Rumıniyanın Albaniya, Ukrayna ilə çox gözəl münasibətləri var, Azərbaycanla əla münasibətləri var, Ermənistanla da yaxşı münasibətləri var. Amma bununla belə, yaxşı münasibətlərin olması bu fundamental prinsiplərin yaddan çıxarılmasına əsas ola bilməz. Rumıniya bir əsrdən çox müddət ərzində öz xarici siyasətində hər bir dövlətin ərazi bütövlüyü prinsipinə, sərhədlərin toxunulmazlığı prinsipinə həmişə hörmətlə yanaşmış və riayət etmişdir. Ona görə də hər hansı bir ərazi məsələsi və etnik məsələ ortaya çıxarsa, həmin prinsiplərdən uzaqlaşmaq mənfi hadisələrin baş verməsi ilə nəticələnə bilər. Hansı dövlət olursa-olsun, bu, onun təhlükəsizliyinə qarşı işləyə bilər. Ona görə sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün təmin edilməsi prinsipləri vacibdir və mən bunların üzərində bir daha dayanaraq təkrar edirəm. Mən hesab edirəm ki, Albaniya ilə olan xoş münasibətlərimiz, Moldova, Ukrayna, Rusiya Federasiyası ilə olan münasibətlərimiz əsasında biz müvafiq işlər görə bilərik. Lakin bu fundamental prinsiplərdən uzaqlaşmaq mümkün deyildir.
Oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə Bakıda, 8-ci mikrorayonda məşhur rumın bəstəkarı və musiqiçisi, müasir rumın milli bəstəkarlıq məktəbinin banisi, Rumıniya Elmlər Akademiyasının yaradıcılarından biri Corce Eneskunun (1881-1955) abidəsinin təntənəli açılışı olmuşdur.
Dövlət başçıları abidənin üzərindən ağ örtüyü götürdülər və əzəmətli heykəlin önünə gül dəstələri qoydular.
Prezidentlər mərasimdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu gün Rumıniya-Azərbaycan münasibətlərinin tarixində çox əlamətdar bir gündür. Rumıniya mədəniyyətinin ən görkəmli simalarından biri olan Corce Eneskunun abidəsi ucaldılıb və bu gün biz bu abidənin açılışında bərabər iştirak edirik.
Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir.
Mən çox şadam ki, bu gün Rumıniya Prezidenti cənab Beseskunun iştirakı ilə biz bu abidənin açılışında iştirak edirik. Bu bir daha onu göstərir ki, bizim aramızda olan münasibətlər dostluq, qardaşlıq əsasında qurulmuşdur. Prezident Beseskunun Azərbaycana səfəri bu münasibətlərin inkişafında çox böyük rol oynayır.
Rumıniya Prezidenti Trayan Besesku bildirdi ki, burada rumın bəstəkarının abidəsinin açılması Azərbaycan Respublikasının rumın mədəniyyətinə, musiqisinə olan hörmətindən irəli gəlir. Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin Rumıniyanın paytaxtında abidəsinin açılışı ilə biz də, rumın xalqı da eynilə Azərbaycana öz böyük hörmətimizi nümayiş etdirdik.
Bəstəkar Corce Eneskunun qoyduğu irs hər bir rumın üçün keçmişinin, musiqisinin, mədəniyyətinin bir hissəsidir. Lakin indi Rumıniya, eyni zamanda, gələcəyini də Eneskunun əsərlərində görür. Rumın bəstəkarı Eneskunun musiqi dünyasına daxil olduqca, rumın xalqının ürəyində olan ən məhrəm duyğuları, onun hisslərini anlamaq mümkündür. Çünki onun əsərlərində hər bir rumının həyatı boyu keçirdiyi sevinc, qəm-qüssə, nəyəsə inamının olması və ya olmaması, gələcəyə nikbinliklə baxması və sadəcə olaraq, hər bir rumının gündəlik həyat tərzi öz əksini tapmışdır.
Rumıniya Prezidenti dövlətimizin başçısına müraciətlə dedi ki, bu gün bizim üçün sevinc dolu bir gündür. Bu gün daim yaddaşımızda qalacaqdır. Cənab Prezident, bu abidənin açılışı barədə qərarların qəbul edilməsi münasibətilə mən şəxsən Sizə öz dərin minnətdarlığımı bildirirəm. Bu işdə iştirak edən bütün şəxslərə öz təşəkkürümü bildirirəm.
Rumıniya Prezidenti Trayan Besesku oktyabrın 12-də Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Rumıniyanın dövlət başçısını böyük səmimiyyətlə qarşıladılar.
Prezidentlər və Rumıniya nümayəndə heyətinin üzvləri əvvəlcə Fondun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr edilmiş sənədli filmə baxdılar.
Fondun təhsil, səhiyyə, mədəniyyət, elm və s. sahələrdə genişmiqyaslı layihələr hazırlayıb həyata keçirməsi, xüsusilə uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, valideyn himayəsindən məhrum olan uşaqlara, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, son ilyarımda təkcə qurumun təşəbbüsü ilə müasir tələblərə cavab verən 190 yeni məktəbin tikilib istifadəyə verilməsi, əlil uşaqlarda informasiya texnologiyaları ilə işləmək vərdişlərinin aşılanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği istiqamətində gördüyü işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı rumıniyalı qonaqlarda xoş təəssürat yaratdı.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva muzeyin ekspozisiyaları ilə tanış olan Rumıniya Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirdi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fotoşəkillər barədə ətraflı məlumat verdi.
Rumıniya dövlətinin başçısı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı.
Rumıniya Prezidenti Xatirə kitabına ürək sözlərini yazdı, milli lider Heydər Əliyevə dərin hörmətini bildirdi, Fonda Azərbaycanın tərəqqisi naminə dəyərli fəaliyyətində yeni uğurlar arzuladı.
Fondun Prezidenti Mehriban xanım Əliyeva Rumıniya Prezidentinə xatirə hədiyyələri təqdim etdi.
Rumıniya Prezidenti Trayan Besesku oktyabrın 12-də Milli Məclisə gəlmişdir.
Milli Məclisin sədri Oqtay Əsədovla Rumıniya Prezidenti Trayan Besesku arasında təkbətək görüş oldu.
Daha sonra görüş geniş tərkibdə davam etdirildi.
Oktyabrın 12-də Yaxt klubda Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycanın Baş naziri Artur Rasizadənin birgə işgüzar naharı olmuşdur.
Süfrə arxasında səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi edildi.
Oktyabrın 12-də Bakı Dövlət Universitetində Rumıniya Prezidenti Trayan Beseskuya BDU-nun Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olmuşdur.
Prezident Trayan Besesku mərasimdə çıxış edərək, Rumıniya dövlətinin təşəkkülünün əsas mərhələlərindən, yeni ictimai-siyasi formasiyaya keçid dövründə rumın xalqının qarşılaşdığı çətinliklərdən danışdı.
Rumıniya-Azərbaycan münasibətlərinin perspektivlərindən bəhs edən ali qonaq regionda lider ölkə olan Azərbaycanın yüksək iqtisadi potensialını vurğuladı. Rumıniya lideri bildirdi ki, Azərbaycanda həyata keçirilən qlobal enerji layihələri Xəzər neftinin nəqlinin alternativ yollarının müəyyən edilməsinə gətirib çıxarmalıdır.
Oktyabrın 12-də Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri başa çatmışdır.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.