Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Döstluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətləri çox sürətlə inkişaf edir


Döstluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətləri çox sürətlə inkişaf edir Avqustun 20-də Rumıniya Prezidenti Trayan Besesku Bakıya işgüzar səfərə gəlmişdir. Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək işçi səhər yeməyi olmuşdur. Söhbət zamanı Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi və əlaqələrin möhkəmlənməsinin, eyni zamanda, regional əməkdaşlığın genişlənməsinə xidmət etdiyi vurğulanmışdır. Qarşılıqlı münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunmuşdur. Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Prezident İlham Əliyev ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirmişdir. Azərbaycanın dövlət başçısı qeyd etmişdir ki, Rumıniya Prezidentinin bu səfəri bölgədə gələcək əməkdaşlığın, təhlükəsizliyin möhkəmlənməsi baxımından çox önəmlidir. Bölgədə sabitlik olmalıdır və hazırda yaşanan gərginlik bizi çox narahat edir. Prezident Trayan Besesku Azərbaycanın bölgədə mühüm ölkə olduğunu və regional məsələlərdə çox güclü rol oynadığını vurğulamışdır. O bildirmişdir ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu, reallıqdır və ölkələrimizin ikitərəfli münasibətləri çox yüksək səviyyədədir. Avqustun 21-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku mətbuat üçün birgə bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatında Rumıniya Prezidenti Trayan Beseskunun səfərinə çox böyük əhəmiyyət verildiyini bildirərək vurğuladı ki, Siz bu günlərdə çox gərgin fəaliyyətdəsiniz, bu bölgəyə səfər edirsiniz. Əlbəttə ki, Rumıniya kimi ölkənin dövlət başçısının bölgədə yaşanan böhranlı vəziyyətlə bağlı atdığı addımlar çox müsbət qiymətləndirilir. Biz bu gün ikitərəfli münasibətləri geniş şəkildə müzakirə etdik və bir daha məmnunluq ifadə etdik ki, Rumıniya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir, bu əlaqələr dostluq zəminində qurulubdur. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur və o vaxtdan bu günə qədər bütün sahələrdə əməkdaşlıq inkişaf etmişdir. Bizim qarşılıqlı səfərlərimiz, müxtəlif dövlət və hökumət üzvlərinin səfərləri, artan iqtisadi imkanlar, enerji sahəsində apardığımız danışıqlar və nəzərdə tutulmuş praktik addımlar, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirir. Siyasi münasibətlər çox yüksək səviyyədədir. Biz bunu həmişə qeyd etmişik. Mən bu gün də qeyd etmək istəyirəm ki, Rumıniyanın bütün prinsipial mövqeyi, xüsusilə bölgədə mövcud olan münaqişələrlə bağlı prinsipial mövqeyi bizdə, Azərbaycanda çox yüksək qiymətləndirilir. Beləliklə, çox möhkəm zəmində, siyasi əlaqələrin möhkəm olduğu halda, əlbəttə ki, birgə layihələrin icra olunması da asanlaşır. Biz indi enerji sahəsində əməkdaşlığın yeni mərhələsindəyik. Bildiyiniz kimi, Rumıniya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq davam edir və biz yeni layihələr haqqında fikirləşirik. Eyni zamanda, Xəzər dənizi-Qara dəniz əməkdaşlığının möhkəmləndirilməsi işində birgə səylərimizi davam etdiririk. Rumıniya-Azərbaycan əməkdaşlığı Xəzər dənizi-Qara dəniz əməkdaşlıq məsələlərinə çox böyük töhfədir. Deyə bilərəm ki, bir çox hallarda həlledici məsələdir. Enerji təhlükəsizliyi məsələləri son illər ərzində gündəlikdə idi. İndi bu məsələlər daha da ciddiləşir. Həm enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələsi daha da ciddiləşir, həm də enerji infrastrukturunun təhlükəsizliyinin təmin olunması məsələləri ön plana çıxır. Azərbaycan öz tərəfindən üzərinə düşən öhdəliklərini yerinə yetirir. Bizim enerji siyasətimiz bölgədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın və dostluğun möhkəmlənməsinə yönəldilibdir. Bu uğurlu enerji siyasəti həm ölkə iqtisadiyyatı üçün çox böyük dəstəkdir, həm də bizim xarici əlaqələrimizin inkişafında mühüm rol oynayır. Biz bütün enerji təşəbbüslərimizin uğurla davam etdirilməsi üçün gələcəkdə də əlimizdən gələni edəcəyik və Azərbaycanın iqtisadi maraqlarını təmin etməklə, Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün səylərimizi davam etdirəcəyik. Bütün bu başlanmış layihələri uğurla davam etdirmək və yeni layihələri başlamaq üçün bölgədə sabitlik olmalıdır. Bölgədə sabitliyin mövcudluğu başlıca şərtdir. Əlbəttə ki, son günlər ərzində Gürcüstanda yaşanan olaylar bizi çox narahat edir. Biz istəyirik ki, tezliklə vəziyyət sabitləşsin, normal vəziyyət, sabitlik bərpa olunsun və münaqişəyə qədərki vəziyyət bərpa edilsin. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Biz hesab edirik ki, münaqişələr - Cənubi Qafqazda və Moldovada mövcud olan münaqişələr yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Mən bu barədə bir dəfə demişəm və bir daha demək istəyirəm ki, bu münaqişə bizi narahat edir. Çünki biz bu bölgədə yerləşirik. Həm Rusiya, həm də Gürcüstan bizim qonşularımızdır. Hər iki qonşu ilə Azərbaycanın tarixi münasibətləri vardır. İndiki zamanda bizim münasibətlərimiz çox müsbətdir, çox yaxındır. Hər iki ölkə ilə Azərbaycan dostluq və strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıbdır. Hər iki ölkə ilə bizim enerji sahəsində əməkdaşlığımız var. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk kəmərləri bizim enerji daşıyıcılarının Gürcüstan, Rusiya və Türkiyə ərazisi ilə dünya bazarlarına çıxarılması üçün tikilib, nəzərdə tutulub və bu gün uğurla fəaliyyət göstərir. Hər iki ölkə ilə ticarət əlaqələrimiz möhkəmlənir, ticarət dövriyyəsi ildən-ilə artır. Həm Gürcüstanda, həm də Rusiyada çoxlu azərbaycanlı yaşayır və əlbəttə ki, onların normal, təhlükəsiz yaşaması, həyatı bizi biganə qoya bilməz. Bütün bunlar bir daha onu göstərir ki, bu münaqişənin tezliklə başa çatmasında biz çox maraqlıyıq. İstəyirik ki, bizim üçün dost olan ölkələr bir-biri ilə də normal münasibətlərini saxlasınlar, pozulmuş münasibətlər bərpa olunsun. Əminəm ki, bölgədə yaşayan bütün xalqlar öz tarixi məsuliyyətini dərk edərək, Cənubi Qafqazda və bütövlükdə Qafqaz bölgəsində təhlükəsizliyin möhkəmlənməsi üçün öz səylərini göstərməlidir. Bu istiqamətdə Rumıniyanın atdığı addımları biz çox yüksək qiymətləndiririk. Bu vaxta qədər verdiyi bəyanatlar və atdığı addımlar çox müsbətdir. Sizin bölgəyə səfəriniz də onu göstərir ki, Siz də bu məsələyə çox ciddi yanaşırsınız və biz bunu çox yüksək qiymətləndiririk. Mən yalnız ona təəssüf edirəm ki, Sizin səfəriniz çox qısamüddətli olmuşdur. Amma bu da təbiidir, çünki Siz bir-iki gün ərzində bir neçə ölkəyə səfər edirsiniz. Əminəm ki, növbəti səfərlər də uğurlu olacaqdır. Sizə və bütün Rumıniya xalqına yeni-yeni uğurlar arzulayıram. Rumıniya Prezidenti Trayan Besesku isə öz bəyanatında Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlə bildirdi ki, ilk növbədə, mənim xahişimə cavab verdiyinizə, çox qısa müddət ərzində bu görüşü təşkil etdiyinizə görə minnətdaram. Mənim bu görüşüm regiondakı vəziyyətlə bağlı idi. Bizim danışıqlarımız zamanı iki element əsas götürüldü. Cənab Prezident Əliyev, həm Siz, həm də mən həmin o məsələləri olduqca vacib hesab edirik. Birincisi, enerji məsələsi ilə bağlı olan danışıqlar idi. Regiondakı enerji təhlükəsizliyi nəzərdən keçirildi. Bizim gəldiyimiz nəticə ondan ibarət oldu ki, indi vaxt yetişib ki, Gürcüstanda baş verənlərdə kimin məsuliyyətli olduğunu nəzərə alaq və bundan sonra düzgün, müdrik addımlar ataq. Biz çox ehtiyatlı olmalıyıq. Regiondakı dövlət başçılarının müdrikliyindən istifadə edərək, regionda sabitliyi təmin etməliyik. Biz sabitliyi və təhlükəsizliyi gücləndirməliyik, saxlamalıyıq. Hesab edirik ki, bu sahədə məsuliyyət regiondakı bütün ölkə başçılarının üzərinə düşür. Böyük və ya kiçik, yaxud təsir göstərən ölkə olmasına baxmayaraq, hesab edirik ki, regiondakı bütün ölkələr, o cümlədən Qara dəniz regionundakı və digər regionlarda olan ölkələr müdrik qərarlar vasitəsilə bu regionun təhlükəsizliyinə yardım göstərməlidirlər. Biz bu gün Gürcüstanda nələrin baş verdiyini görürük. Biz istəyirik ki, çox qısa müddət ərzində bu hadisələr sona çatsın, Gürcüstanın və Rusiyanın silahlı qüvvələri münaqişədən əvvəl tutduğu mövqelərə qayıtsın. Eyni zamanda, hesab edirik ki, onlar atəşkəs sazişinin müddəalarına tam riayət etməlidirlər. Bildiyiniz kimi, bu saziş Prezident Medvedev, Prezident Saakaşvili və Prezident Sarkozi tərəfindən hazırlanmış və imzalanmış sazişdir. Biz bu istiqamətdə addımları atmalıyıq. Ümid edirik ki, bu regionda istənilən nəticə əldə olunacaq, Rusiya Prezidenti cənab Medvedev, Gürcüstan Prezidenti cənab Saakaşvili və Fransa Prezidenti cənab Sarkozi tərəfindən imzalanmış saziş tam yerinə yetiriləcəkdir. Əlbəttə, orada baş verən hadisələr böyük suallar doğurmuşdur. Suallar onunla bağlıdır ki, regionda bundan sonra elə bir siyasət aparılmalıdır ki, bura Avropa İttifaqı üçün alternativ enerji mənbəyi olsun. Bu baxımdan Azərbaycanla bizim mövqelərimiz üst-üstə düşür. Bu gün səhər apardığımız danışıqlar belə nəticəyə gəlməyə əsas verdi ki, enerji layihələri ilə bağlı ilkin zəruri şərtlər mövcuddur. Region ölkələrinin, Avropa İttifaqının mövqeyi nəzərə alınmaqla, bütün enerji layihələri davam etdirilməlidir. Neft və qaz nəqli infrastrukturunun inkişaf etdirilməsi vacib elementlərdən biridir. Bu elementlər gələn illər ərzində həm region dövlətlərinin, həm də Avropa ölkələrinin inkişafı deməkdir. Rumıniya Nabukko kimi yeni layihələrin həyata keçirilməsinə tərəfdardır. Biz hesab edirik ki, Gürcüstan bundan sonra da bizim ən yaxşı tərəfdaşlarımızdan biri kimi qalacaqdır. Biz bu hisslərlə Avropa İttifaqındakı dostlarımızla birgə öz dəstəyimizi davam etdirəcəyik ki, bu elementlər enerji siyasətimizdə prioritet olsun. Mən bizim qarşılıqlı münasibətlərimizə, maraqlarımıza, regiondakı vəziyyətə toxunmaq istərdim. Bizim yanaşmamızda fərqlər yoxdur. Cənab Prezident Əliyevin və mənim fikrimcə, mövqelərimiz tamamilə oxşardır. Biz mübahisənin, anlaşılmazlığın tərəfdarı deyilik. Ona görə həm Azərbaycan, həm də Rumıniya hesab edir və inanır ki, bu regionda təhlükəsizlik elə bir bünövrə, elə vacib bir əsasdır ki, onun üzərində növbəti addımlar atılmalıdır. Həm Rumıniya, həm də Azərbaycan hesab edir ki, "dondurulmuş" münaqişələr olan ölkələrdə, ərazilərdə sabitliyə olan təhdidlər böyükdür. Bu məsələlərin düzgün həll olunmasının və "dondurulmuş" münaqişələrdən irəli gələn təhlükənin aradan qaldırılmasının yeganə yolu həmin dövlətlərin tam mənada ərazi bütövlüyünə riayət edilməsi, buna hörmətlə yanaşılmasıdır. Rumıniya azlıqların kollektiv hüquqlarını tanıyır. Eyni zamanda, hesab edirik ki, ölkələrin suverenliyi və ərazi bütövlüyü pozulmamalıdır. Bu baxımdan Dağlıq Qarabağdakı vəziyyətə gəldikdə, Rumıniya hesab edir ki, düzgün həll yolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ona hörmətlə yanaşılmasıdır. Ərazi bütövlüyü tam təmin olunmalıdır və Azərbaycanın hakimiyyət orqanları ölkənin bütün ərazilərinə nəzarət etməlidir. Kosovo məsələsinə gəldikdə, demək istəyirəm ki, Rumıniya Kosovonun müstəqilliyini heç vaxt tanımamışdır. Biz eyni sözləri Dnestryanı bölgə barədə də deyə bilərik. Moldova tərəfi bundan xəbərdardır. Gürcüstana gəldikdə isə, biz hesab edirik ki, mərkəzi hakimiyyət orqanları bütün Abxaziyada, eyni zamanda, Cənubi Osetiyada öz nəzarətini tam təmin etmək hüququna malikdir. Dediyim bütün sözlər bizim nəzərdən keçirdiyimiz əsas meyarlardır və biz bunu açıqlaya bilərik. Xatırladaq ki, avqustun 21-də Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana işgüzar səfəri başa çatmışdır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb