Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Prezident sarayında ABŞ Dövlət katibinin İqtisadi və biznes məsələlərinə dair müşaviri, İqtisadi əməkdaşlıq üzrə ABŞ-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Deniel Sallivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat və enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. ABŞ-Azərbaycan formatında həyata keçirilməyə başlanmış enerji sahəsində əməkdaşlığın hazırda bütün region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Prezident İlham Əliyev indi ölkəmizin enerji layihələrinin inkişafının çox mühüm mərhələsində olduğunu qeyd etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Prezident sarayında İsrailin Baş nazirinin müavini, Strateji planlaşdırma naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı nümayəndə heyətinin Bakıdakı və Azərbaycanın digər bölgələrindəki görüşlərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə əldə edilən uğurlar barədə danışdı.
Aviqdor Liberman Azərbaycana ilk səfərini və bu səfər zamanı ümummilli lider Heydər Əliyev ilə keçirdiyi görüşü məmnuniyyətlə xatırladı. O, səfərindən keçən on il ərzində ölkəmizdə çox böyük dəyişikliklərin və inkişafın şahidi olduğunu bildirdi və aparılan quruculuq işlərinin onda böyük təəssürat yaratdığını vurğuladı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Prezident sarayında Yaponiyanın Xarici işlər nazirinin müavini Midori Matsuşimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Midori Matsuşima səfəri çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini və ölkəmizdə ümummilli liderin xatirəsinə dərin ehtiramın şahidi olduğunu bildirdi. Qonaq Prezident İlham Əliyevin keçən ilin mart ayında Yaponiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanın bugünkü inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirdi və məhz onun rəhbərliyi altında 90-cı illərin ortalarında həyata keçirilməyə başlamış siyasi və iqtisadi islahatların ölkəmizin sürətli inkişafını təmin etdiyini vurğuladı. AzərbaycanтАУYaponiya münasibətlərində də yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri ilə başlandığını deyən Prezident İlham Əliyev bu siyasətin bu gün də uğurla davam etdirildiyini bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Prezident sarayında Şri-Lankanın İxracatın inkişafı və beynəlxalq ticarət naziri Corc Peirisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Corc Peiris ölkəmizə ilk dəfə səfər etdiyini bildirdi və səfər zamanı onlara göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırdı. Qonaq artıq Azərbaycanın bir sıra hökumət qurumlarında səmərəli görüşlər keçirdiyini dedi və ölkəsinin Azərbaycan ilə iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi.
Dövlətimizin başçısı bu səfərin Azərbaycan ilə Şri-Lanka arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini vurğuladı.
***
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 17-də Dövlət Sərhəd Xidmətinin Abşeron rayonu Goradil qəsəbəsində yerləşən "Sərhədçi" İstirahət Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə İstirahət Mərkəzinin planına baxdı. Daha sonra Prezident İlham Əliyev Mərkəzin əsas binası ilə tanış oldu. Dövlət başçısına məlumat verildi ki, mərkəzdə sərhədçi ailələrinin istirahəti üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev mərkəzdəki kafe, bilyard və boilinq zalına, eləcə də ərazidəki qapalı hovuza da baxdı. Dövlət başçısı çimərlik ərazisi ilə də tanış oldu. Burada böyük həcmli katerlərin yanalma körpüsü, uşaq əyləncə mərkəzi, futbol və voleybol meydançaları və digər sahilyanı istirahət obyektləri fəaliyyət göstərir. Yüksək standartlara uyğun inşa olunmuş 11 kottec də sərhədçilərin xidmətindədir. İstirahət Mərkəzi ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xidmətdə yüksək nəticələr göstərmiş 25 zabitə mənzil orderləri təqdim etdi. Prezident İlham Əliyev mərasimdəki çıxışında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini peşə bayramları münasibətilə təbrik etdi. Dövlət başçısı bildirdi ki, indi ölkəmizin sərhədləri etibarlı qorunur. Lakin 1990-cı illərin əvvəllərində belə deyildi. Sərhəddə baş verən pərakəndəlik Azərbaycanda 30-dan artıq terror aktının baş verməsi ilə nəticələndi ki, həmin hadisələr zamanı 2000-dən çox vətəndaşımız həlak oldu. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin sərhədçilərimizə, sərhəd infrastrukturunun inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, sərhədçilərimizin problemləri, onların məişət qayğıları həll olunur. "Sərhəd hər bir dövlətin rəmzidir" deyən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan sərhədçisi vətən qarşısında öz vəzifə borcunu şərəflə yerinə yetirir.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.