Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün nadir format yaranır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-8-də Qazaxıstan Respublikasında ikigünlük rəsmi səfərdə olmuşdur.
Astana beynəlxalq hava limanında Prezident İlham Əliyevi Qazaxıstan Respublikasının dövlət və hökumət nümayəndələri və digər rəsmi şəxslər böyuk hörmət və ehtiramla qarşıladılar.
Avqustun 7-də Qazaxıstan Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sarayda böyük hörmət və ehtiramla qarşıladı.
Elə həmin gün Qazaxıstan Prezidentinin sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olmuşdur. Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından, strateji əməkdaşlığın səviyyəsindən məmnunluqlarını bildirdilər.
Görüşdə prezidentlərin qarşılıqlı səfərlərinin Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik vurğulandı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Avqustun 7-də Qazaxıstan Prezidentinin sarayında Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanma mərasimi olmuşdur.
"Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün verilməsi haqqında müqaviləyə dəyişikliklər edilməsi barədə protokol", Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində sənaye müəssisələrinin istehsalat və elmi-texniki kooperasiyası sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Qazaxıstan Respublikasının Maliyyə Bazarının və Maliyyə Təşkilatlarının Tənzimlənməsi və Nəzarəti üzrə Agentliyi arasında anlaşma memorandumu" və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və "Qazaxıstan Televiziya və Radio Korporasiyası" Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında saziş" imzalanmışdır.
Daha sonra Qazaxıstan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident Nursultan Nazarbayev görüşü açaraq Azərbaycan nümayəndə heyətini Qazaxıstanda salamlamaqdan şad olduğunu bildirdi və qeyd etdi ki, biz Azərbaycan Prezidenti ilə indi çox ətraflı danışıqlar apardıq, nəqliyyat, ticarət sahələri, ilk növbədə, hər iki tərəfi maraqlandıran sahələrlə, o cümlədən enerji ehtiyatlarının Xəzər vasitəsilə nəqli istiqamətində ikitərəfli münasibətlərimizə dair bütün məsələlərlə bağlı fikir mübadiləsi apardıq.
Azərbaycan bizim üçün tranzit ərazi kimi çox maraqlıdır, əvvəllər razılaşdığımız kimi, Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak edirik, gələcəkdə isə qaz layihələri, Azərbaycandan və Gürcüstandan keçəcək dəmir yolu marşrutu var. Hər iki ölkə bütün istiqamətlərdə əməkdaşlığa - birgə müəssisələr yaratmağa, iki tərəfin aktivlərinin alınmasında iştirak etməyə, ticarət əlaqələrini inkişaf etdirməyə hazırdır. Biz siyasi, regional, beynəlxalq məsələləri müzakirə etdik.
Qazaxıstan ilə Azərbaycan arasında nə iqtisadi, nə də siyasi sahələrdə heç bir problem yoxdur. İki qardaş xalqın münasibətləri həmişə etimada, bir-birinə hörmətə əsaslanır. Düşünürəm ki, hazırkı səfər, nümayəndə heyətlərinin dünən və bu gün apardıqları danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması, ən əsası isə, xalqlarımızın və dövlətlərimizin yaxınlaşması üçün yeni əlverişli şərait yaradacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev qardaş Qazaxıstana rəsmi səfərə dəvətə görə Nursultan Nazarbayevə təşəkkür edərək bildirdi ki, bu, son 3 ildə mənim Sizin ölkənizə ikinci rəsmi səfərimdir və bunun özü münasibətlərimizin dostluq və qardaşlıq xarakteri daşıdığını göstərir. Ölkələrimiz arasında ənənəvi olaraq çox sıx qarşılıqlı əlaqə var. Hazırkı mərhələdə bu münasibətlər məhz Sizin dediyiniz istiqamətlərdə yeni forma alır. Biz fəal qarşılıqlı fəaliyyətə, iqtisadi inteqrasiyaya meyilliyik. Birgə hökumətlərarası komissiyanın fəaliyyəti də bu məqsədə xidmət edir ki, diqqəti bizi birləşdirən qlobal layihələrə cəmləşdirək, habelə qarşılıqlı maraq doğuran yeni sahələr axtaraq.
Bizi birləşdirən nəqliyyat, enerji layihələri, əlbəttə ki, münasibətlərimizin gündəliyinin birinci sırasındadır və Azərbaycan öz tərəfindən Qazaxıstanın enerji ehtiyatlarının və yüklərinin bizim ərazimizdən sərbəst və maneəsiz daşınması üçün hər şey etməyə hazırdır. Bizdə neftin və qazın Avropa və dünya bazarlarına nəqli üçün müasir infrastruktur yaradılmışdır. Eyni zamanda, müasir dəmir yolu infrastrukturu yaradılır və bütün bunlar Qazaxıstanın maraqlarına da xidmət edə bilər.
Ölkələrimiz iqtisadi yüksəliş, dinamizm, regional inteqrasiya ilə fərqlənir və əlbəttə ki, Qazaxıstanın son illər, Sizin rəhbərliyiniz illərində qazandığı uğurlar bizi çox sevindirir.
Bu, Astananın dəyişən simasından da görünür. Mən burada sonuncu dəfə iki il əvvəl olmuşam və deyə bilərəm ki, olduqca çoxlu dəyişikliklər vardır, müasir şəhər tikilir. Mən həm də bilirəm ki, bütün vilayət mərkəzlərində oxşar proseslər gedir. Bizim çox sıx siyasi əlaqələrimiz vardır. Sizin dediyiniz kimi, ölkələrimiz arasında heç bir problem yoxdur. Əksinə, tam qarşılıqlı anlaşma, siyasi dəstək mövcuddur və əlbəttə ki, bütün bunlar birlikdə münasibətlərimiz üçün nadir format yaradır. Bu, həm birgə tarix, həm birgə köklər, həm də iki ölkənin müstəqil inkişaf dövründə tamdəyərli və çox səmərəli dövlətə çevrilməsidir. Bu, həm də neft-qaz, enerji və nəqliyyat və digər layihələrdir ki, onlar Qazaxıstanın və Azərbaycanın regional miqyasda əhəmiyyətini artırır və ölkələrimizin inkişafı üçün əlavə şərait yaradır.
Qazaxıstan Prezidentinin iqamətgahında geniş tərkibdə görüşdən sonra dövlət başçıları Qazaxıstan Prezidentinin sarayında birgə mətbuat konfransı keçirmişlər.
Prezidentlər mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etdilər.
Prezident Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfərinin əhəmiyyətinə toxunaraq, hər iki ölkənin əlaqələrinin bütün sahələrdə dinamik inkişaf etdiyini, müxtəlif səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığın daha səmərəli olmasına xidmət etdiyini bildirdi. O dedi ki, Qazaxıstan Azərbaycan ərazisi vasitəsilə Avropa bazarlarına çıxış əldə etmək istəyir. İstər dəniz, istərsə də dəmir yolu və quru yolla çıxışa böyük önəm verir. Qazaxıstanın Azərbaycan ərazisi ilə dünya bazarına taxıl ixracı üçün çıxış əldə etdiyini deyən Nursultan Nazarbayev bu məqsədlə Bakıda böyük taxıl terminalının fəaliyyət göstərdiyini xatırlatdı. O, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial imkanların olduğunu və onlardan istifadə etməkdən ötrü müvafiq qurumlara göstərişlər verildiyini söylədi. Qazaxıstan neftini dünya bazarına çıxara bilən, böyük həcmdə xam neft tutan tankerlərin tikintisi üçün tədbirlər görüldüyünü bildirən Prezident Nursultan Nazarbayev Azərbaycanın neft maşınqayırma sənayesində böyük təcrübəsi olduğunu da xatırladaraq dedi ki, biz bundan yararlanmaq fikrindəyik. Qazaxıstan rəhbəri qarşılıqlı əmtəə dövriyyəsinin 300 milyon dollardan 1 milyard dollara çatdırılmasının nəzərdə tutulduğunu vurğuladı. O dedi ki, bu gün imzalanan və qəbul olunan sənədlər əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev son üç ildə Qazaxıstana ikinci dəfə rəsmi səfərə gəldiyini vurğulayaraq dedi ki, bu, onu göstərir ki, aramızda mövcud olan münasibətlər yüksək səviyyədədir. İqtisadi, siyasi, humanitar sahələrdə çox işgüzar şəraitdə əməkdaşlıq edirik və qarşımızda duran bütün vəzifələr öz həllini tapır. Dövlətimizin başçısı dedi ki, bu gün biz energetika, iqtisadiyyat və nəqliyyat məsələləri ilə bağlı geniş fikir mübadiləsi apardıq. Eyni zamanda, ikitərəfli siyasi əlaqələr, regional məsələlər də müzakirə olunmuşdur. Bizim baxışlarımızda çox böyük oxşarlıq vardır. Çox istəyirik ki, dost, qardaş ölkələrimiz ikitərəfli münasibətləri tam şəkildə, böyük səmərə ilə daha da irəliyə aparsın, ölkələrimiz və region üçün əhəmiyyətli olan layihələr tezliklə öz həllini tapsın. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirdi və əminliklə dedi ki, həmin səfər çərçivəsində ikitərəfli münasibətlərimiz daha da yüksək səviyyəyə qalxacaqdır.
Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - тАЬRixos President-AstanaтАЭ mehmanxanasında Qazaxıstanın Baş naziri Kərim Məsimov ilə görüşmüşdür.
Baş nazir Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfərini yüksək qiymətləndirdi, demək olar ki, proqramda nəzərdə tutulan bütün məsələlərin öz həllini tapdığını bildirdi.
Prezident İlham Əliyev avqustun 7-də keçirilən görüşdə və danışıqlarda ölkələrimiz arasında ikitərəfli münasibətlərə, birgə enerji planlarına dair aparılmış geniş müzakirələri xatırlatdı. Dövlətimizin başçısı dedi ki, biz iqtisadi inteqrasiyaya üstünlük veririk və bu, çox vacibdir. Regional əməkdaşlıq dinamik inkişaf edir. Görüləcək işlərlə bağlı müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycan Prezidenti vurğuladı ki, ümumən keçirilən görüşlər nikbin əhval-ruhiyyə yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev elə həmin gün onun üçün ayrılmış iqamətgahda Qazaxıstan Respublikası Senatının sədri Qasımcomərd Tokayev ilə görüşmüşdür.
Görüşdə parlamentlərarası əlaqələr, Azərbaycan və Qazaxıstanda gedən demokratik inkişaf prosesləri və aparılan islahatlar barədə fikir mübadiləsi edildi. Ölkələrimizdə iqtisadi inkişafın təmin edilməsi üçün möhkəm qanunvericilik bazası olmasının böyük rolu vurğulandı. Görüşdə deputat qruplarının qarşılıqlı səfərlərinin əhəmiyyətinə də toxunuldu.
Prezident İlham Əliyev ölkəmizin Milli Məclisində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini bildirdi.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Astana şəhərində ucaldılmış "Vətənin müdafiəçisi" abidə kompleksini ziyarət etmişdir.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, vətən uğrunda canlarından keçmiş Qazaxıstan oğullarının xatirəsini ehtiramla andı.
Dövlətimizin başçısı kompleksin ərazisindəki fəxri qonaqlar xiyabanında ağac əkdi.
Sonra Prezident İlham Əliyev Sülh və Həmrəylik Sarayına gəldi. Prezidentə məlumat verildi ki, buranın inşası 2006-cı ilin iyulun 1-də başa çatdırılmışdır. İngiltərə və Türkiyə memarlarının birgə layihəsi əsasında tikilmişdir. Tolerantlıq rəmzi daşıyan bu sarayda dünyəvi və ənənəvi dinlərin nümayəndələrinin tədbirləri keçirilir.
Azərbaycan Prezidentinə saray və Qazaxıstan paytaxtının inkişaf planı barədə geniş məlumat verildi.
Dövlətimizin başçısı sarayın Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərinin sonunda ölkəmizin Astanadakı səfirliyinin yeni binası ilə də tanış oldu. Burada səfirliyin əməkdaşları ilə görüşən dövlətimizin başçısı diplomatik korpusun iş şəraiti ilə maraqlandı, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi üçün onlara səmərəli fəaliyyət göstərmələri ilə bağlı tapşırıqlar verdi.
Bununla da, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başa çatmışdır.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.