Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlığının dünyada analoqu yoxdur
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün iyulun 24-də Qars şəhərində səfərdə olmuşdur.
Qars hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Həmin gün Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə etdilər, Azərbaycan və Türkiyənin qlobal layihələrdə birgə iştirakının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, habelə regional əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğuladılar.
Prezidentlər Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi səciyyələndirdilər. Bildirildi ki, bu dəmir yolu ümumən regionda iqtisadi əməkdaşlığın genişlənməsi baxımından çox önəmli layihədir.
Görüşdə iki dost-qardaş ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.
İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Qars şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlmişdir. Dövlətimizin başçısı ulu öndərin parkdakı büstü önünə gül dəstəsi qoydu.
Xatırladaq ki, bu, Heydər Əliyevin sağlığında xarici ölkədə qoyulmuş ilk büstüdür.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi ilə tanış olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2007-ci ilin noyabrında açılmış Mərkəz vaxtilə ulu öndərin fəxri doktoru adına layiq görüldüyü Qars Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbələri üçün tədris bazası rolunu oynayır. Heydər Əliyev Fondu Mərkəzi əyani vəsaitlərlə təmin etmişdir. Burada ümummilli lider Heydər Əliyevin fəaliyyətini, ulu öndərin Türkiyəyə, eləcə də Qarsa səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.
Tədris Mərkəzində Azərbaycanın tarixinə, ədəbiyyatına dair nəşrlərdən ibarət zəngin kitabxana, oxu və kompüter salonları fəaliyyət göstərir.
Prezident İlham Əliyev Tədris Mərkəzi ilə tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı. Dövlətimizin başçısına xatirə hədiyyələri, o cümlədən ulu öndər Heydər Əliyevin fotoşəkli təqdim edildi.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun yeni binası ilə də tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, burada əsaslı təmir işlərinə 2007-ci ilin əvvəlində başlanmışdı, hazırda son tamamlama mərhələsidir. İkimərtəbəli binada iş otaqlarından əlavə, akt və konfrans salonları da olacaq, konsulluğun işçilərinin fəaliyyəti üçün hər cür şərait yaradılacaqdır. Konsulluq 1921-ci ildə tarixi Qars müqaviləsinin imzalandığı binanın qonşuluğunda yerləşəcəkdir.
Prezident İlham Əliyev bina ilə tanış oldu, işlərin yüksək səviyyədə və tez başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verdi.
İyulun 24-də Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirilmişdir.
тАЬDəmir İpək yoluтАЭ adlandırılan, Avropadan Çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə həm də Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsi yenidən bərpa olunacaqdır.
Layihəyə əsasən, Qarsdan Gürcüstanın Axalkalaki şəhərinədək olan 105 kilometrlik hissəsinin çəkilməsinə 450 milyon dollar sərmayə qoyulacaqdır. Qarsdan Gürcüstan sərhədinədək 76 kilometrlik hissənin tikintisini Türkiyə maliyyələşdirəcəkdir. Gürcüstanın Azərbaycandan aldığı 200 milyon dollarlıq kreditlə isə Türkiyə sərhədindən Axalkalakiyə qədər olan təqribən 30 kilometrlik xətt çəkiləcək və Azərbaycan sərhədinədək mövcud olan 160 kilometrlik xətt yenidən qurulacaqdır.
Layihənin 2010-cu ildə tamamlanması nəzərdə tutulur. İlk mərhələdə ildə 1,5 milyon sərnişin və ildə 6,5 milyon ton yük daşınacağı proqnozlaşdırılır. Qazaxıstanın da bu xəttə qoşulması üçün protokol imzalanmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə əlaqədar Anlaşmanı 2007-ci ilin fevralında Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Mixeil Saakaşvili imzalamışlar. Ötən ilin noyabrında isə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə xəttin Gürcüstan hissəsinin təməli qoyulmuşdur.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül mərasimdə iştirak etmək üçün gələn Azərbaycan Prezidenti İlham Əliyevi və Gürcüstan Prezidenti Mixeil Saakaşvilini səmimiyyətlə qarşıladı.
Mərasimi Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım açaraq, dedi ki, 2007-ci il noyabrın 21-də Marabdada hər üç ölkənin dövlət başçısının iştirak etdiyi bir mərasimlə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin təməlini qoyduq. Bu gün isə Türkiyədən Gürcüstan sərhədinədək 76 kilometrlik hissənin təməlqoyma mərasimini keçiririk. Yenə bu şad gündə Azərbaycanın dövlət başçısı hörmətli İlham Əliyev, Gürcüstanın dövlət başçısı hörmətli Mixeil Saakaşvili və hörmətli cümhurbaşqanımız Abdullah Gül bu tarixi hadisəyə şahidlik edirlər.
Türkiyənin Azərbaycan və Gürcüstanla dostluq və qardaşlıq münasibətləri gündən-günə inkişaf etməkdədir. Bu layihə üç ölkənin bir-biri ilə daha da sıx bağlanmasına, sevinclərini, uğurlarını birlikdə paylaşmalarına, yüklərin müştərək şəkildə daşınmasına şərait yaradacaq ən mühüm addımlardan biridir.
Bu layihə barədə 15 ilə yaxın söhbət, danışıqlar getdiyini xatırladan Binəli Yıldırım bildirdi ki, nəhayət 2007-ci ilin fevralında Gürcüstan və Azərbaycan prezidentlərinin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dövlət və hökumət başçıları səviyyəsində qərar qəbul edilmiş və beləliklə, layihənin qarşısındakı bütün problemlər aradan qaldırılmışdır. Bu layihə Türkiyədə tikintisi davam edən Mərmərə layihəsi vasitəsilə Şərqlə Qərbi birləşdirərək, Avropaya, Londona qədər uzanan bir mədəniyyət dəhlizi, beynəlxalq dostluq və qardaşlıq dəhlizi yaradacaqdır.
Nazir dövlət başçılarını əmin etdi ki, layihənin tez bir zamanda tamamlanması üçün başlanğıcda hazırlıq işləri hansı həssaslıqla görülürdüsə, bundan sonra da eyni həssaslıqla davam etdiriləcək, gecikmədən istifadəyə veriləcəkdir.
Sonra Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə söz verildi. Gürcüstan Prezidenti bildirdi ki, bu, təkcə dəmir yolu deyil, gələcək nəsillərə ərməğan etdiyimiz layihədir. Bizim ölkələr Avropa və Asiya arasında körpüdür. Dünyanın bir çox nöqtəsindən Çinə və Orta Asiyaya ən qısa yol bizim ölkələrdən keçir. Bu dəmir yolu da Avropaya ən qısa yol olacaq, regional infrastrukturlarımızın mükəmməlliyini tamamlayacaqdır. Biz bu istiqamətdə çox işlər görəcəyik. Mən özümü xoşbəxt sayıram ki, belə bir tarixi prosesin iştirakçısıyam. Bizim ölkələr böyük nailiyyətlər əldə edib, inkişaf edəcəklər, biz bunun şahidi olacağıq. Neft və qaz kəmərləri, dəmir yolu insanların daha da yaxınlaşmasına kömək edəcəkdir. Yaxın zamanda bu dəmir yolu xətti bizim insanları bir-birinə daha da yaxınlaşdıracaqdır. Beynəlxalq səviyyədə Asiya ilə Avropanı yaxınlaşdıracaqdır. Bu layihəyə uğurlar arzulayırıq. Bu layihəyə tərəfdar olan Gürcüstan həmin işə axıra qədər sadiq qalacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. Dövlətimizin başçısı vurğuladı ki, bu gün doğrudan da tarixi bir gündür. Türkiyə, Gürcüstan və Azərbaycan yeni tarix yazır. Üç ölkənin səmərəli əməkdaşlığı nəticəsində bütün layihələr uğurla icra olunur. Biz həm ikitərəfli formatda çox səmərəli əməkdaşlıq edirik, eyni zamanda, üçtərəfli formatda da əlaqələrimiz real, konkret layihələrin həyata keçirilməsi ilə nəticələnir.
Bütün bu işlərin, əlbəttə ki, çox böyük tarixi vardır. Bizim xalqlarımız bütün dövrlərdə dostluq, mehribanlıq şəraitində yaşamışlar. Bizim xalqlarımız əsrlər boyu qonşu, dost xalqlar olaraq, bir-birinə daim kömək etmişlər, əməkdaşlıq etmişlər, bir yerdə yaşayıb-yaratmışlar.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim aramızda əlaqələr dostluq, qardaşlıq əsasında qurulmuşdur. Bu əlaqələr sürətlə inkişaf edir. Bu gün deyə bilərəm ki, bu əlaqələr ən yüksək zirvədədir. Siyasi, iqtisadi, mədəni, bütün sahələrdə Türkiyə-Azərbaycan münasibətləri nümunə xarakteri daşıyır. Bu bizə imkan verir ki, öz potensialımızı daha da böyük həcmdə reallaşdıraq. Türkiyə-Azərbaycan münasibətlərinin gələcək perspektivləri də çox böyükdür, çox gözəldir. Bizim birgə həyata keçirdiyimiz layihələr, əlbəttə ki, ölkələrimizi gücləndirir, xalqlarımızı bir-birinə daha da yaxın edir, bölgəyə yeni ab-hava gətirir, yeni əməkdaşlıq imkanları açır.
Gürcüstan-Azərbaycan əlaqələri də çox uğurla inkişaf edir. Bizim xalqlarımız qardaş xalqlardır. Biz uzun illər ərzində müstəqillikdən məhrum olmuşduq, başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq öz milli ənənələrimizi, adət-ənənələrimizi saxlamışıq, tariximizi qorumuşuq, mədəniyyətimizi, dilimizi qorumuşuq. Müstəqil dövlətlər fəaliyyətə başlayan kimi, dərhal Gürcüstan-Azərbaycan münasibətləri uğurla inkişaf etməyə başlamışdır. Biz strateji tərəfdaşıq, birlikdə çox böyük işlər görürük. Bu bölgədə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafından çox şey asılıdır.
Deyə bilərəm ki, üç ölkə arasında, üçtərəfli əməkdaşlıq bəlkə də, dünyada müşahidə olunmur, bunun analoqu yoxdur. Bu, həm siyasi, iqtisadi, mədəni sahələrdə olan əməkdaşlıqdır, eyni zamanda, real layihələrin həyata keçirilməsi baxımından çox önəmlidir. Təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, Avropa üçün, dünya üçün önəmli olan irimiqyaslı layihələri Türkiyə, Gürcüstan, Azərbaycan birgə həyata keçiribdir. Vaxtilə əfsanə sayılan və bəzi dairələr tərəfindən qəbul edilməyən, yaxud şübhə ilə yanaşılan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq reallıqdır. Biz buna nəyin hesabına nail olduq? Üç ölkənin iradəsi hesabına, xalqlarımızın bir yerdə olması və birgə əməkdaşlıq imkanlarımızın ortaya qoyulması hesabına. Vaxtilə əfsanə sayılan Bakı-Tbilisi-Ceyhan kəməri indi uğurla işləyir və bu il kəmər vasitəsilə 40 milyon tondan çox Azərbaycan nefti ixrac ediləcəkdir. Ancaq bəziləri deyirdilər ki, Azərbaycanda neft yoxdur və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulması üçün üçüncü tərəfin nefti lazımdır. Bizə bu lazım deyil, uzun illər bundan sonra da Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tam şəkildə fəaliyyət göstərməsini təmin edəcəkdir. Gələn il kəmər tam gücü ilə işləyəcək və bu kəmər vasitəsilə 50 milyon tondan çox neft nəql ediləcəkdir.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri də bəzi dairələr tərəfindən qəbul edilmirdi və şübhələr var idi. Ancaq həyat, reallıq və bizim yorulmadan çalışmağımız bu önəmli layihəni həyata keçirdi. Dünyada enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxdığı indiki dövrdə biz bir daha görürük ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin nə qədər böyük əhəmiyyəti vardır. Biz zəngin тАЬŞahdənizтАЭ qaz yatağının işlənilməsinə 1996-cı ildə başlamışdıq. İndi artıq o yataqdan qaz hasil edilir və qardaş ölkələrə ixrac olunur. Bu gün Azərbaycan böyük həcmdə qaz ixrac edən ölkəyə çevrilmişdir. Aparılan kəşfiyyat işləri nəticəsində bizim qaz ehtiyatlarımız böyük dərəcədə artmışdır. Ən minimal hesablamalara görə, Azərbaycanın 2 trilyon kubmetr qaz ehtiyatları vardır. Bu da uzun illər, bundan sonra onilliklər ərzində həm ölkəmizin tələbatını ödəyəcək, həm də dost, qardaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayacaqdır.
Bakı-Tbilisi-Qars layihəsi də, demək olar ki, vaxtilə bəziləri tərəfindən ciddi qəbul olunmurdu və hesab edilirdi ki, bu layihə, sadəcə, kağız üzərində qalacaqdır. Bu layihə barədə söhbətlər gedirdi, danışıqlar aparılırdı. Amma hətta bizim ölkələrdə də bəziləri inanmırdı ki, biz bunu gerçəkliyə çevirəcəyik. Ancaq biz bunu etdik. Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsinin həyata keçirilməsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin də rolu böyükdür. Biz artıq bu dəhlizi açdıq. Azərbaycan, Gürcüstan və Türkiyəni enerji layihələri ilə birləşdirdik. Təbii ki, neft layihəsi, qaz layihəsi ona gətirib çıxarıb ki, bu gün biz öz nəqliyyat infrastrukturumuzu da birləşdiririk. Biz bunu da bacardıq. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu müəyyən edilmiş tarixdə istismara veriləcəkdir. Beləliklə, bölgədə gedən əməkdaşlıq daha da güclənəcək, Türkiyə, Gürcüstan, Azərbaycanın milli maraqları daha da böyük dərəcədə müdafiə olunacaqdır. Biz Avropa və Asiya üçün əvəzolunmaz nəqliyyat nöqtəsinə çevriləcəyik və əlbəttə, bunun çox böyük iqtisadi və sirr deyil ki, böyük siyasi dividendləri vardır. Biz artıq bunu hiss edirik.
Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədə gedən prosesləri müəyyən edir. Bölgədə əməkdaşlıq əhval-ruhiyyəsi böyük dərəcədə bizim səylərimiz nəticəsində mümkün olmuşdur. İndi görürük ki, bizim layihələrə qoşulmaq istəyən ölkələrin sayı artır. Bizim enerji və nəqliyyat infrastrukturumuzdan istifadə etmək, əlbəttə ki, hər bir tərəf üçün fayda gətirəcəkdir. Çünki bu, ən səmərəli yoldur. Enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün ən səmərəli, ən faydalı yoldur və nəqliyyat baxımından məsafəni xeyli dərəcədə qısaldan bir yoldur. Mən şübhə etmirəm ki, Bakı-Tbilisi-Qarsı da Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumun taleyi gözləyir. Çünki, bunu etmək üçün bütün imkanlar var. Bizim bu gün, burada birgə olmağımız bunun əyani sübutudur.
Əgər yaxın tarixə nəzər salsaq görərik ki, son bir neçə il ərzində Türkiyə, Gürcüstan və Azərbaycanın iştirakı ilə çox önəmli tədbirlər keçirilmişdir. 2005-ci ildə Bakıda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini biz bir yerdə qeyd etdik. 2006-cı ildə Ceyhanda artıq Azərbaycan neftinin Ceyhana gəlməsini qeyd etdik. 2007-ci ildə Türkiyə-Yunanıstan sərhədində Azərbaycan qazının Avropa Birliyi bazarına daxil olmasını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinə başlanmasını qeyd etdik, bu gün isə Türkiyə hissəsinin təməlinin qoyulmasını qeyd edirik. Mən arzu edirəm ki, gələcəkdə belə gözəl tədbirlər çox olsun və əminəm, belə də olacaqdır. Çünki bunu etmək üçün bizim imkanlarımız var, siyasi iradə var, artan iqtisadi potensial var və əməkdaşlıq var. Mən hesab edirəm ki, bizim uğurlu əməkdaşlıq təcrübəmiz başqa tərəflər üçün də örnək olmalıdır. Hamı görməlidir ki, dostluq, mehribanlıq, qarşılıqlı anlaşma, bir-birinə dəstək olan yerdə bütün işlər daha da asanlıqla gedir. Bu gün biz atılan addımların və qəbul edilən cəsarətli qərarların nəticəsini görürük. Bu, yalnız başlanğıcdır. Mən görürəm ki, bizim gələcəyimiz çox uğurlu, çox parlaq olacaq və ölkələrimiz öz iqtisadi və siyasi mövqelərini daha da gücləndirəcəkdir.
Türkiyə Prezidenti Abdullah Gül isə nitqində bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, əslində, hamının bildiyi tarixi İpək yolunun təkrar canlanmasıdır. Vaxtilə bu İpək yolu ilə karvanlar gedib-gəlirdi. İndi isə bunu тАЬDəmir İpək yoluтАЭnun həyata keçirilməsi ilə təkrar reallığa çeviririk. Bu, həqiqətən, böyük bir layihədir. Çünki sadəcə üç ölkəni - Azərbaycanı, Gürcüstanı və Türkiyəni dəmir yolu ilə bir-birinə bağlamır. Bu, Asiyanın mərkəzini, Çini Avropanın o biri ucu - Londonla bağlayan bir dəmir yoludur. Bu layihə tamamlandıqda, sadəcə, sərnişinlər deyil, çox böyük miqdarda yüklər də Orta Asiyadan Avropanın digər ucuna, yaxud Avropadan da Orta Asiyaya qədər daşına biləcəkdir. Bu baxımdan, layihə təkcə iki müxtəlif coğrafiyanı bir-birinə bağlamayacaq, eyni zamanda, mədəniyyətləri, fərqli anlayışları da bir-birinə qovuşduracaqdır. Bu səbəbdən, layihənin böyüklüyü çox anlaşılandır.
Bu layihə, əslində, Qafqazda sabitliyə və rifaha töhfə verəcək bir layihədir. Layihə Qafqazdakı və bölgədəki bütün ölkələrə açıqdır. Bölgənin sabitliyinə və sülhə yardımçı olan, yaxşı qonşuluq əlaqələrinə önəm verən və hörmətlə yanaşan hər bir ölkəyə açıqdır. Bu layihənin həyata keçməsi ilə, sadəcə, iqtisadi fəaliyyət deyil, mədəni əlaqələr də daha çox canlanacaqdır.
Sonra dövlət başçıları üç ölkənin ərazisinin təsvir olunduğu sxematik xəritənin asıldığı səhnəyə dəvət edildilər. Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Türkiyə Prezidenti Abdullah Gül öz ölkələrinin тАЬərazisindəтАЭ rəmzi dəmir yolu xətlərini qoyaraq birləşdirdilər. Stansiyadakı qatarın fiti səsləndi.
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması münasibətilə keçirilən mərasim başa çatdıqdan sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün adından Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə nahar verilmişdir.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.