Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

GUAM dövlət başçılarının zirvə görüşü


Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev GUAM dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün iyulun 1-də Gürcüstanda səfərdə olmuşdur. Batumi hava limanında dövlətimizin başçısını Gürcüstan Prezidenti Mixeil Saakaşvili səmimiyyətlə qarşıladı. Gürcüstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təqdim olundu. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə gürcü ailəsinin mənzilində Azərbaycan qazının yandırılması ilə əlaqədar tədbir keçirilmişdir. Dövlət başçıları Batumi şəhərinin Qaydar Abaşidze küçəsindəki 2 nömrəli evin 21-ci mənzilində Azərbaycan qazı ilə təchiz olunmuş qaz plitəsini yandırdılar. Sonra prezidentlər mənzilin sakinləri ilə çay süfrəsi arxasında söhbət etdilər. Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu mənzilə ilk dəfə qaz verildiyini bildirdi, bunun Batumi sakinləri üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Prezident İlham Əliyev Batumiyə Azərbaycan qazının verilməsini Azərbaycan-Gürcüstan dostluğu və əməkdaşlığının bariz nümunələrindən biri kimi dəyərləndirdi, belə böyük həcmli layihənin qısa müddətdə həyata keçirildiyini dedi. Sonra тАЬBabokvatiтАЭ Hökumət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişlənməsindən məmnunluq ifadə olundu. GUAM-ın Batumidə keçirilən sammitinin əhəmiyyətinin vurğulandığı görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının möhkəmləndiyi qeyd olundu. Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə etdilər. İyulun 1-də Batumidə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM Dövlət Başçıları Şurasının iclası keçirilmişdir. İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Ukrayna Prezidenti Viktor Yuşşenko, Moldovanın daxili işlər naziri Valentin Mejinski iştirak etmişlər. Tədbirdə hazırda GUAM-a sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi. GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdiyini bildirən dövlətimizin başçısı dedi ki, GUAM-ın beynəlxalq təşkilatlarla da əlaqələri genişlənir. Hazırda sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycan qlobal enerji və nəqliyyat dəhlizinə çevrilmişdir və iqtisadiyyatın müxtəlif sahələrində regional əməkdaşlığın inkişafına öz töhfəsini verir. Həmin gün Batumidə тАЬİntourist PalaceтАЭ mehmanxanasında GUAM-Polşa görüşü keçirilmişdir. Polşa Prezidenti Lex Kaçinski çıxış edərək ölkəsinin GUAM dövlətləri, o cümlədən Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirdi. Prezident Lex Kaçinski xüsusi vurğuladı ki, Polşa GUAM məkanındakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Polşa Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi. Dövlətimizin başçısı GUAM-Polşa münasibətlərinin inkişafından və regional əməkdaşlıqdan danışdı. Azərbaycan Prezidenti Polşa Prezidenti tərəfindən GUAM-Polşa münasibətlərinin inkişafına göstərilən dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın GUAM-a sədrliyi dövründə görülmüş işlərdən də danışdı və sonda ümid etdiyini bildirdi ki, bu görüş GUAM-Polşa əməkdaşlığının genişlənməsinə töhfə verəcəkdir. Sonra Batumidə тАЬİntourist PalaceтАЭ mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə olundu. Bu cür yüksək səviyyədə görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyəti vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlığının inkişaf etdiyi qeyd olundu. Daha sonra Batumidə тАЬİntourist PalaceтАЭ mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkel ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı. İyulun 1-də Gürcüstanın Batumi şəhərindəki тАЬİntourist PalaceтАЭ mehmanxanasında GUAM zirvə görüşünün plenar iclası keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, GUAM-ın keçən ilin yayında Bakıda keçirilmiş sammitindən sonra təşkilata Azərbaycan sədrlik edir. Bu dövrdə müxtəlif sahələrdə, o cümlədən regional, təhlükəsizlik, enerji, nəqliyyat sahələrində əməkdaşlıq genişlənmiş, konkret nəticələr qazanılmışdır. Dövlətimizin başçısı BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair Qətnamənin qəbul edilməsində göstərdikləri dəstəyə görə GUAM dövlətlərinə və digər dost ölkələrə minnətdarlıq etdi. Prezident İlham Əliyev münaqişələrdən söhbət açaraq bildirdi ki, GUAM ölkələrindəki münaqişələr beynəlxalq hüququn normaları əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev GUAM çərçivəsində əməkdaşlıq məsələsinə toxundu, Xəzər dənizi, Qara dəniz və Baltik dənizi bölgələri ölkələri arasında əməkdaşlığın genişləndiyini bildirdi, bu bölgədə enerji və nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son vaxtlar böyük irəliləyişlərin olduğunu qeyd etdi. Dövlətimizin başçısı Odessa-Brodı-Qdansk boru kəməri ilə bağlı layihələrin uğurla davam etdiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, növbəti enerji sammiti bu ilin noyabrında Bakıda keçiriləcəkdir. Azərbaycanın enerji hasilatını artırdığını bildirən dövlət başçısı, regional nəqliyyat layihələrindən söhbət açdı, bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi ilə bağlı iş gedir. Bu layihə təkcə üç ölkəni deyil, eyni zamanda Avropa və Asiyanı birləşdirir. Azərbaycan Prezidenti ölkəmizdə demokratik inkişaf proseslərindən də danışdı. Dövlətimizin başçısı GUAM-a sədrliyin Gürcüstana keçdiyini elan etdi və bu işdə dost ölkəyə uğurlar arzuladı. Sonra Gürcüstan Prezidenti Mixeil Saakaşvili çıxış etdi, Azərbaycana GUAM-a sədrlik dövründə göstərdiyi səylərə görə təşəkkürünü bildirdi, Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğuladı. GUAM çərçivəsində əməkdaşlıqdan danışan Gürcüstan Prezidenti bildirdi ki, GUAM ölkələri ərazilərindəki münaqişələrin həlli çox vacibdir. Regionun daha da inkişafı baxımından bu münaqişələr yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Sonra Ukrayna Prezidenti Viktor Yuşşenko çıxış etdi, GUAM-a sədrlik dövründəki işlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, son vaxtlar GUAM-ın fəaliyyəti daha da genişlənmişdir. GUAM ölkələrinin qarşılıqlı ticarət dövriyyəsinin həcminin artması buna əyani sübutdur. Ukrayna Prezidenti enerji dəhlizlərinin reallaşmasında Azərbaycanın əhəmiyyətini xüsusi vurğuladı. GUAM məkanındakı münaqişələrin həllinə toxunan Ukrayna Prezidenti bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd etdi. V.Yuşşenko bəyan etdi ki, Ukrayna Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir. Moldovanın daxili işlər naziri Valentin Mejinski, Litva Prezidenti Valdas Adamkus, Polşa Prezidenti Lex Kaçinski də iclasda çıxış etdilər. Sonra GUAM zirvə görüşünün sənədləri imzaladı. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransında bəyanatla çıxış etdi. Dövlətimizin başçısı bildirdi ki, bu tədbir təşkilatımızın inkişafında vacib bir mərhələ oldu. Azərbaycan ötən il Bakıda GUAM-ın sədrliyini qəbul etdi və biz son bir il ərzində əldə olunmuş nailiyyətləri müzakirə etdik. Bu müddətdə təşkilat daha səmərəli fəaliyyət göstərmişdir. Üzv ölkələr arasında, o cümlədən zirvə görüşündə qonaq qismində iştirak edən ölkələr arasında münasibətlər uğurla inkişaf edir. Bu gün əminliklə deyə bilərik ki, GUAM səmərəli beynəlxalq təşkilata çevrilib. Biz bir-birimizə beynəlxalq səviyyədə və təşkilatlar çərçivəsində dəstək veririk. Biz hər zaman bir-birimizə yardım etməyə çalışırıq. Bir çox halları nümunə kimi gətirə bilərik ki, ölkələrimiz arasında praktiki əməkdaşlıq qarşılıqlı fayda vermişdir. Biz bir-birimizə bütün siyasi işlərimizdə güclü dəstək veririk. Bu gün mən geniş iclas zamanı bildirdim və yenə də bildirmək istəyirəm ki, Azərbaycan BMT-nin Baş Məclisində ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı irəli sürdüyü qətnaməyə dəstək vermiş bütün ölkələrə olduqca minnətdardır. GUAM-ın bütün üzvləri həmin qətnamənin lehinə səs vermişlər. Eyni birlik və həmrəyliyi biz, həmçinin Gürcüstanın öz ərazi bütövlüyü ilə bağlı qətnaməsi irəli sürüləndə gördük. Regional təhlükəsizlik məsələlərinə göz yummaq olmaz. Çünki gələcək inkişafımız, iqtisadi və sosial tərəqqi məhz regional təhlükəsizlik məsələsindən asılıdır. Bu gün ölkələrimizin ərazi bütövlüyü pozulub. Gürcüstan və Azərbaycan etnik təmizləmə siyasətindən əziyyət çəkir. Bu siyasətin nəticəsində yüz minlərlə vətəndaşımız məcburi köçkün vəziyyətinə düşmüşdür. Onlar mülkiyyətindən, adi insan hüquqlarından məhrum olmuşlar. Bu gün bir milyon insan təcavüz, işğal, separatçılıq və ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Biz ərazi bütövlüyünün bərpa edilməsi səylərində həmrəyik. Azərbaycanda biz məsələni siyasi yolla həll etməyə çalışırıq. Lakin onun həlli yalnız ərazi bütövlüyü prinsipi və beynəlxalq hüquq normaları əsasında tapılmalıdır. Eyni zamanda, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əlimizdən gələni edirik. Bu səbəbə görə, regional təhlükəsizlik məsələsi böyük diqqət tələb edir. Bugünkü sammitdə qəbul olunmuş sənədlər ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün çox əhəmiyyətlidir. Bu gün biz artıq bəyan edirik ki, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regionu enerji təhlükəsizliyinin, nəqletmə marşrutlarının, yeni dəhlizlərin, xalqlar və ölkələr arasında əlaqələrin təşviq olunmasında səylərini birləşdirir. Bu, müxtəlif regionda yerləşən ölkələrin birləşməsini nümayiş etdirən əla nümunədir. GUAM bu əməkdaşlıq üçün çox münasib formatdır. Mən GUAM-ın gələcəyinə inanıram. Əminəm ki, Gürcüstanın təşkilatdakı sədrliyi çox uğurlu olacaq. Gələn birillik dövr ərzində nailiyyətlərimiz daha çox olacaq və bunun nəticəsində tərəfdaşlıq və əməkdaşlığımız güclənəcəkdir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb