Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 13-də Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı və bildirdi ki, son doqquz ay ərzində Azərbaycan iqtisadiyyatı öz dinamik inkişafını davam etdirmişdir. Bizim iqtisadi artım sürətimiz, həmişəki kimi, çox yüksək olmuşdur və ümumi daxili məhsul doqquz ay ərzində 15 faiz artmışdır. Nəzərə alsaq ki, son dörd il ərzində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada birinci nömrəli ölkədir, bu, çox yüksək göstəricidir. Bizim iqtisadi inkişafımız çox sürətli olubdur və belə yüksək sürətin saxlanılması onu göstərir ki, bizim bütün islahatlarımız həm konkret məsələlərin həllinə yönəldilib, həm də ölkəmizin uzunmüddətli inkişafını təmin edir. Dörd il ərzində iqtisadi inkişaf sürətinə görə dünya miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək və əminəm ki, ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da davam etdiriləcəkdir. Sənaye istehsalının artımı 12 faiz təşkil etmişdir, kənd təsərrüfatında artım 8 faizdən çox olmuşdur. Bizi narahat edən yeganə məsələ inflyasiyanın yüksək olmasıdır. İnflyasiya 21 faiz təşkil edir. Ancaq əhalinin pul gəlirləri 34 faiz təşkil edir. Yəni bir daha bunu göstərir ki, inflyasiyanın yüksək olması əhalinin pul gəlirlərinin daha da yüksək sürətlə olması ilə tənzimlənir. Ancaq, əlbəttə ki, biz növbəti illərdə də inflyasiyanın səviyyəsinə çox ciddi fikir verməliyik. Bunun müxtəlif səbəbləri var. Həm dünyada gedən böhranlı hadisələr, həm enerji daşıyıcılarının qiymətlərinin qalxması və digər səbəblər. Hər halda, Azərbaycanda iqtisadi və sosial sahələrdə islahatların aparılması bu mənfi halı maksimum dərəcədə aşağı endirir. Ölkəmizdə sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Bu, bizim siyasətimizdir və bu ilin doqquz ayında bu siyasət özünü göstərmişdir. Son rübdə minimum əmək haqqı və minimum pensiyaların baza hissəsi artırılmışdır, çoxlu sosial təşəbbüslər irəli sürülmüşdür. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əməli-praktik tədbirlər görülmüşdür. Humanitar sahədə bizim bütün planlarımız icra edilir, məktəblər, yeni xəstəxanalar tikilir. Yəni insanların yaxşı yaşaması üçün, rifah halının yaxşılaşdırılması üçün bütün lazımi tədbirlər görülür. Son doqquz ayda regionların inkişafı sürətlə getmişdir. Demək olar ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla başa çatıb. Regionlarda nə qədər böyük işlər görülüb, rayonlarımızın siması dəyişibdir. Çox gözəl layihələr icra olunur - həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr. Rayonlarımızın iqtisadi artımı da çox yüksək sürətlə ölçülür. Son beş il ərzində əksər rayonların iqtisadiyyatı 2 dəfədən çox artıbdır. İlk növbədə, bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı olmuşdur. Yəni, bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq, demək olar ki, çoxşaxəlidir. Bu günlərdə dünyada yaşanan maliyyə böhranı da, demək olar ki, bir çox ölkənin iqtisadi potensialına zərbə vurubdur. Amma Azərbaycan özünü tam əmin hesab edir. Biz beynəlxalq xəbərləri izləyərkən görürük ki, dünyada nə qədər böyük narahatçılıq var. Bu narahatçılığı həm dövlət və hökumət nümayəndələri, həm adi vətəndaşlar ifadə edirlər, həm də vətəndaşların əmanətləri artıq təhlükə altındadır. Bir neçə ən böyük maliyyə qurumları, demək olar ki, iflic vəziyyətinə düşübdür və böyük maliyyə qurumları artıq dövlət nəzarəti altına keçirlər. Yəni, bütün bunlar çox narahatedici hadisələrdir. Amma biz düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir. Bu, böyük nailiyyətdir və bir daha onu göstərir ki, bizim düşünülmüş iqtisadi siyasətimiz, risklərə çox ehtiyatlı yanaşmağımız ən düzgün siyasətdir. Əlbəttə, biz indi belə yüksək sürətlə inkişaf etdiyimizə görə dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya edirik və bu inteqrasiya özünü bütün sahələrdə göstərir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Ancaq buna baxmayaraq, biz öz siyasətimizi elə aparmalıyıq və aparırıq ki, istənilən iqtisadi, yaxud da siyasi böhran Azərbaycana təsir etməsin və buna nail olmuşuq. Həm siyasi böhran, həm də iqtisadi böhran - bütün dünyanı silkələyən bu böhranlar Azərbaycana heç bir təsir göstərmədi, biz ölkəmizi qorumuşuq və bundan sonra da qoruyacağıq. Sonra iclasda çıxış edən əlaqədar qurumların rəhbərləri ötən dövr ərzində sosial-iqtisadi sahədə qazanılan uğurların məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi olduğunu vurğuladılar və konkret faktlar əsasında görülən işləri xarakterizə etdilər. Müzakirələrdən sonra Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqi ilə çıxış etdi. Dövlətimizin başçısı bildirdi ki, bütövlükdə doqquz ayın yekunları çox müsbətdir və görülən işlərin bəziləri barədə danışıldı. Deyə bilərəm ki, bütün sahələrdə bu ilin doqquz ayında və əminəm, ilin sonuna qədər nəzərdə tutulmuş bütün məsələlər və gələcəkdə nəzərdə tutulacaq bütün məsələlər öz həllini tapıbdır. Yəni ki, 2008-ci il üçün hansı məsələlərin həlli nəzərdə tutulmuşdusa, onlar uğurla icra edilibdir. İlin sonuna üç aydan az vaxt qalır, dördüncü rüb başlanmışdır və elə etməliyik ki, nəzərdə tutulmuş bütün qalan məsələlər, istər iqtisadi, istərsə də sosial, infrastruktur məsələləri uğurla başa çatdırılsın. Biz bu yaxınlarda 2009-cu ilin dövlət büdcəsini qəbul edəcəyik. Artıq ilkin variant hazırdır və indi bütün əsas səylərimiz 2009-cu ilin dövlət büdcəsinin formalaşmasına və 2009-cu il üçün nəzərdə tutulmuş məsələlərin müəyyən olunmasına yönəldilməlidir. İlin sonuna qədər və gələn il biz, əlbəttə ki, ilk növbədə, makroiqtisadi sabitliyin qorunmasına böyük diqqət göstərməliyik. Biz elə etməliyik ki, inflyasiyanın səviyyəsi aşağı düşsün. Bunu etmək üçün bizdə imkanlar var. Düzdür, bizim uğurlu iqtisadi inkişafımız və dövlət investisiya xərcləri 2009-cu ildə də davam etdiriləcək və biz dövlət investisiya xərclərinin həcmini daha da artırmalıyıq. Çünki hələ ki, buna böyük ehtiyac var. Biz ölkəmizi yeniləşdiririk. Ən müasir infrastruktur layihələri uğurla həyata keçirilir. Bütün bunlar ölkəmizin bugünkü və gələcək inkişafına çox böyük dərəcədə xidmət göstərir. Ona görə biz dövlət xərclərimizi məhdudlaşdıra bilmərik. Bununla bərabər, elə etməliyik ki, insanların yaşayış səviyyəsi bundan sonra da yüksəlsin, əhalinin pul gəlirləri inflyasiyanı üstələsin. Bu praktika artıq Azərbaycanda son beş il ərzində vardır və beləliklə, makroiqtisadi sabitliyin qorunması üçün bütün tədbirlər görülməlidir. Qeyri-neft sektorunun inkişafı yenə də prioritet məsələ kimi qalacaqdır. Biz son beş il ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində əyani şəkildə gördük ki, bunun nə dərəcədə böyük əhəmiyyəti vardır. Mən tam əminəm ki, əgər 2004-cü ildə biz bu proqramı qəbul etməsəydik, regionlarda görülən işlərin, bəlkə də, yarısını görə bilməzdik. Proqramın qəbul edilməsi, orada konkret məsələlərin göstərilməsi və son beş il ərzində proqrama çox ciddi əlavələrin olunması - bu gün rayonların inkişafına xidmət edir və gələcək uzunmüddətli, uğurlu inkişafına da xidmət göstərəcəkdir. Ona görə qeyri-neft sektorunun inkişafı bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri kimi davam etdiriləcəkdir. Bu sahədə əlavə tədbirlərin görülməsi üçün həm maliyyə resursları cəlb olunacaq, həm də ki, dövlət öz siyasi dəstəyini göstərəcəkdir. 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının hazırlanması üçün indi hazırlıq işləri aparılır. Bu, mövcud proqramın məntiqi davamı olacaqdır. Bu proqrama bu vaxta qədər həll olunmamış məsələlərin hamısı salınmalıdır ki, növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur problemləri həll edilsin. Buna bizim gücümüz çatar. Keçən beş ilin təcrübəsi onu göstərir ki, hansı məsələ qarşıya qoyulubsa, o, uğurla icra edilib, bəzi hallarda isə müəyyən edilmiş vaxtdan tez icra olunubdur. Ona görə regionların inkişafı prioritet kimi qalır. Sahibkarlığın inkişafını bundan sonra da dəstəkləyəcəyik. Həm dövlət büdcəsindən ayrılan kreditlər, həm də digər iqtisadi addımlar sahibkarlığın inkişafına xidmət göstərəcəkdir. Ərzaq təhlükəsizliyi məsələləri son müddət ərzində dünyanın gündəliyindədir. 2-3 il bundan əvvəl ərzaq təhlükəsizliyi haqqında söhbət də aparılmırdı, ancaq biz öz işimizi görürdük. Əlbəttə, biz təxmin edə bilməzdik ki, dünyada ərzaq böhranı yarana bilər. Ancaq bizim məqsədimiz Azərbaycanın daxili resurslarının tam işə salınmasından ibarət olmuşdur, Azərbaycanda yerli istehsalın güclənməsi olmuşdur və regionların inkişafı proqramı böyük dərəcədə bu məqsədləri də güdür. Elə etməliydik ki, Azərbaycan tam şəkildə bütün əsas ərzaq məhsulları ilə özünü təmin etsin. Ancaq yaranmış ərzaq böhranı bir də onu göstərdi ki, bizim siyasətimiz nə qədər düzgün olmuşdur. Biz vaxtlı-vaxtında bütün bu tədbirləri gördük və tarixdə ilk dəfədir, həm sovet, həm də postsovet tarixində ilk dəfədir ki, biz əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. İndi əsas vəzifə özümüzü taxılla təmin etməkdən ibarətdir və görülən praktik və ciddi tədbirlər nəticəsində bu il taxıl istehsalı 400 min ton artıbdır. Vəzifə qoyulub və vəsait də ayrılıbdır ki, növbəti illərdə biz maksimum dərəcədə özümüzü taxılla təmin edək. Belə olan halda, Azərbaycan ərzaq təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edəcəkdir. Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycan başqa ölkələrə nəinki meyvə və tərəvəzi, eyni zamanda digər məhsullar ixrac edir. Məsələn, Azərbaycanda istehsal olunan hazır emal məhsulları - süd və digər məhsullar, bitki yağları, şəkər başqa ölkələrə ixrac edilir və beynəlxalq sertifikat alıbdır. Bu onu göstərir ki, Azərbaycanda yaradılmış kənd təsərrüfatı məhsulları emalı müəssisələri ən yüksək səviyyəyə çatıbdır. Müdafiə potensialının gücləndirilməsi üçün nə lazımdırsa, biz bunu edəcəyik. Müdafiə sənayesinin yaradılması və formalaşması prosesi gedir. Bu məqsədlər üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulmalıdır ki, biz Azərbaycanda ən müasir və ən güclü hərbi potensialı yaradaq. Biz bu yolda böyük uğurlar əldə etmişik və öz siyasətimizi və addımlarımızı davam etdirəcəyik. Sosial məsələlərin həlli, həmişə olduğu kimi, diqqət mərkəzində olacaqdır. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, sosial obyektlərin tikintisi - bütün bunlar dəyişməz olaraq bizim siyasətimizin əsas istiqamətlərindən biridir və 2009-cu ildə də belə olacaqdır. Neft-qaz sektorunda qarşıya qoyduğumuz bütün vəzifələr uğurla icra edilir. Bütün nəhəng beynəlxalq layihələr uğurla icra edilir. Azərbaycanın artıq çox böyük neft-qaz potensialı yaradılıbdır. Bu, reallıqdır. Növbəti aylarda və illərdə biz yeni yataqların aşkar olunmasına diqqətimizi daha çox yönəltməliyik. 2009-cu ilin büdcəsi hazırdır, yəqin ki, Milli Məclis yaxın zamanlarda büdcəni müzakirə edəcəkdir. Büdcədə bütün lazım olan məsələlər öz əksini tapıbdır. Orada həm artım nəzərdə tutulubdur, həm investisiya layihələri, həm də sosial məsələlərin həlli. Bizim ənənəvi yanaşmamız davam etdiriləcəkdir. Bu yanaşma göstərdi ki, bu, düzgün yanaşmadır. Həm investisiyalar qoyulacaq, həm də sosial məsələlərin həlli nəzərdə tutulacaq ki, Azərbaycanda iqtisadi islahatlar və sosial məsələlərin həlli, həmişə olduğu kimi, paralel şəkildə aparılsın. Əslində, bizim prinsipial strateji xəttimiz dəyişməz olaraq qalır. Xaricdə baş verən heç bir hadisə bizim planlarımıza heç bir təsir göstərməməlidir. Düzdür, bölgədə yaşanan siyasi və iqtisadi vəziyyətlə bağlı müəyyən ölkələrdə müəyyən dəyişikliklər edilir, ancaq biz özümüzü tam əmin hiss edirik. Belə olan halda, bizim siyasətimizdə heç bir dəyişiklik olmayacaqdır. Əksinə, bizim 2009-cu il üçün nəzərdə tutulmuş büdcəmiz daha da artacaqdır. Baxmayaraq ki, bizim 2008-ci ilin büdcəsi də kifayət qədər böyükdür. Buna baxmayaraq, Azərbaycanda hələ çox işlər görülməlidir. Sonda Prezident İlham Əliyev son beş il ərzində görülən bəzi işlər haqqında da öz fikirlərini açıqladı və bildirdi ki, beş il ərzində görülən işlər, əlbəttə ki, bizi həm sevindirir, həm də növbəti məsələlərin həllinə çağırır. Biz böyük qürur hissi ilə deyə bilərik ki, beş il ərzində qarşımıza qoyduğumuz əsas məsələləri uğurla icra etdik. Ancaq növbəti illərdə bizi daha böyük işlər gözləyir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb