Azərbaycan və Moldova dost, tərəfdaş ölkələrdir
Moldova Prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri
Aprelin 23-24-də Moldova Respublikasının Prezidenti Vladimir Voronin Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Aprelin 23-də Prezident sarayında Azərbaycan dövlətinin başçısı İlham Əliyev Moldova Prezidenti Vladimir Voronini böyük hörmət və səmimiyyətlə qarşıladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Moldova Prezidenti Vladimir Voroninə, Moldova nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti Vladimir Voroninin təkbətək görüşü olmuşdur.
Görüşdə iki dövlət arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal inkişaf etməkdə olan əlaqələrin yüksək səviyyəsi vurğulandı, tərəflər əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını bildirdilər.
Dövlət başçıları ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğuladılar, regional əməkdaşlığın perspektivlərini və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Moldova Prezidenti Vladimir Voroninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İlham Əliyev Moldova Prezidentinə müraciətlə dedi ki, biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və ümid edirik ki, bu səfərin nəticələri dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Ölkələrimiz arasında tərəfdaşlıq münasibətləri yaranmışdır. Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik və fəal siyasi dialoqu iqtisadi sahədə ciddi irəliləyişlərlə dolğunlaşdırmaq istəyirik. Bu gün biz Sizinlə qarşılıqlı əlaqələrimizin perspektivlərini necə təsəvvür etməyimizin ümumi konturlarını müzakirə etdik. Fikrimcə, müvafiq nazirliklərin rəhbərləri bu məqamları indiki səfər çərçivəsində konkretləşdirəcəklər və biz artıq fəal qarşılıqlı iqtisadi əlaqələrin ciddi perspektivlərini müəyyən edəcəyik.
Moldova Prezidenti Vladimir Voronin təşəkkür edərək dedi ki, bizim fəaliyyətimiz 50-dən çox ikitərəfli saziş əsasında formalaşır və təşkil olunur. İndi bu sazişlərin bəhrəsini görmək qalır. Düşünürəm ki, bu səfərə mənimlə gəlmiş heyət bu nəticələrə nail olmaq, ticarət-iqtisadi əməkdaşlığın yaxşılaşdırılması, investisiya layihələrinin həyata keçirilməsi yollarını axtarıb tapmaq əzmindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Moldova Prezidenti Vladimir Voroninin geniş tərkibdə görüşü başa çatdıqdan sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, ölkələrimiz arasında dialoq çox uğurla davam edir, getdikcə yeni sahələri əhatə edir. Bizim ölkələr dost ölkələrdir, tərəfdaş ölkələrdir və biz geniş əhatəli məsələlər üzrə fəal qarşılıqlı əlaqə saxlayırıq. Siyasi dialoq çox fəaldır. Bu gün biz ikitərəfli münasibətlərə aid məsələləri, regional məsələləri müzakirə etdik. İqtisadi əlaqələrin intensivləşdirilməsinin zəruri olması xüsusi vurğulandı. Bu istiqamətdə böyük potensial imkanlar var. Biz energetika sahəsində əməkdaşlıq məsələlərini və investisiya layihələrinin mümkünlüyünü müzakirə etdik.
Bütövlükdə bizim münasibətlərimizi tərəfdaşlıq münasibətləri, çox yaxın münasibətlər kimi səciyyələndirmək olar və bu, bizi çox sevindirir. Moldova Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin inkişafına yeni impuls, yeni təkan verir. Bizim çox güclü müqavilə - hüquqi bazamız var, qarşılıqlı iqtisadi əlaqələri fəallaşdırmaq, əmtəə dövriyyəsini artırmaq və birlikdə həyata keçirə biləcəyimiz konkret layihələri çox ətraflı şəkildə nəzərdən keçirmək arzumuz var.
Bir çox məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Bu gün mən işğal edilmiş ərazilərdə vəziyyət barədə məsələ ilə əlaqədar BMT-nin Baş Məclisində Moldova Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Vladimir Nikolayeviçə xüsusi minnətdarlığımı bildirdim. Bildiyiniz kimi, Baş Məclis Azərbaycanı dəstəkləmiş və bizim təklif etdiyimiz qətnaməni qəbul etmişdir. Bizi fəal surətdə dəstəkləyən və öz prinsipial mövqeyini ifadə edən ölkələr arasında dost Moldova da var idi. Biz bunu çox yüksək qiymətləndirir və prinsipial mövqeyin, prinsipial xarici siyasət xəttinin təzahürü, eləcə də bizi birləşdirən yaxın dostluq əlaqələrinin ifadəsi hesab edirik.
Moldova Prezidenti Vladimir Voronin bəyanatında bildirdi ki, ölkələrimiz arasında münasibətlər həqiqətən dinamik şəkildə, yüksələn xətt üzrə inkişaf edir. Bizim ticarət-iqtisadi sahədə, investisiya siyasətində, ölkələrimizin mövcud resurslarının birgə mənimsənilməsində qarşılıqlı əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verən çox sanballı ikitərəfli müqavilələr və sazişlər paketimiz var. Bu gün Azərbaycan Prezidenti ilə bu barədə danışmışıq. Fikrimcə, bu layihələrin həyata keçirilməsi ölkələrimizin bir-birinə daha çox yaxınlaşmasına, dostluq tellərini, qərarlaşmış tarixi münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcəkdir.
Aprelin 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Moldova mədəniyyəti günlərinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva və Moldova Prezidenti Vladimir Voronin mərasimdə iştirak etmişlər.
Moldova Prezidenti Vladimir Voronin aprelin 24-də Fəxri xiyabana gəlmişdir. Moldova dövlətinin başçısı ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, onun məzarı önünə əklil qoydu.
Prezident Vladimir Voronin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzdü.
Sonra Moldova Prezidenti Vladimir Voronin Şəhidlər xiyabanını ziyarət etmişdir. Moldova Prezidenti və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Azərbaycan övladlarının məzarları üstünə gül düzdülər. Moldova dövlətinin başçısı тАЬƏbədi məşəlтАЭ abidəsinin önünə əklil qoydu.
Moldova Prezidenti Vladimir Voronin aprelin 24-də Milli Məclisə gəlmişdir. Moldova Prezidenti əvvəlcə Milli Məclisin iclas salonu, parlamentdəki Heydər Əliyev xatirə salonu ilə tanış oldu.
Sonra Prezident Vladimir Voronin və Milli Məclisin sədri Oqtay Əsədovun görüşü oldu.
O.Əsədov vurğuladı ki, Azərbaycanla Moldova arasındakı qədim tarixi olan dostluq əlaqələri müstəqilliyimizin bərpasından sonra yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasındakı mövcud münasibətləri müsbət dəyərləndirən parlamentin sədri dedi ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm hüquqi baza yaratmışdır.
Prezident Vladimir Voronin dedi ki, demokratiya yolu ilə irəliləyən Moldova ilə Azərbaycan arasında siyasi əlaqələrin sürətli inkişafı iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinə və daha da dərinləşməsinə təkan verir. Dost ölkəyə səfər etdiyini vurğulayan ali qonaq parlamentlərin, qəbul edilən hüquqi sənədlərin cəmiyyətdə, ictimai-siyasi proseslərdə böyük rol oynadığını bildirdi, iki ölkənin deputatlarının beynəlxalq qurumlardakı birgə fəaliyyətinin xüsusi əhəmiyyətindən danışdı. Moldova rəhbəri bildirdi ki, onun ölkəsi beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəkdir. Prezident Vladimir Voronin Moldovadakı Azərbaycan diasporunun fəaliyyətini də yüksək qiymətləndirdi.
Moldova Prezidenti Vladimir Voronin aprelin 24-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. Ali qonağa məlumat verildi ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır. Muzeylə tanışlıqdan xoş təəssürat alan Moldova Prezidenti fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Bununla da Moldova Respublikasının Prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri başa çatmışdır.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.