Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Mədəniyyətimizə qayğının parlaq təzahürü


Azərbaycan Respublikasında son illər bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də ardıcıl işlər aparılır, milli mədəniyyətin inkişafı, eləcə də tarixi-mədəni abidələrin qorunması istiqamətində müvafiq tədbirlər görülür.
Məlum olduğu kimi, son aylar ərzində ölkəmizdə milli-mənəvi və tarixi sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə dövlət başçısı bir sıra tədbirlərin icrasına qərar vermişdir. Təkcə ötən ilin dekabr ayında ölkə prezidenti Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında, daha sonra, Müasir İncəsənət Muzeyinin yaradılması haqqında sərəncamlar imzalamışdır. Belə ki, hər bir xalqın istiqlalı da mədəniyyətin bütün sahələrində əldə etdiyi nailiyyətlər kimi milli sərvət hesab olunur və bütün bunların təbliği xüsusi önəm daşıyır. Dövlət başçısının bu ilin martında imzaladığı "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncam da ölkəmizin mənəvi həyatının inkişafına, elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirməyə xidmət edir. Sərəncama əsasən, Bakıdakı Muzey Mərkəzinin təmiri və yenidən qurulması, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin isə yeni binasının tikilməsi qərara alınmışdır.
Prezident İlham Əliyevin bundan öncə, fevral ayında imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamla isə Heydər Əliyev adına Sarayın, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının və Azərbaycan Dövlət Kukla Teatrının əsaslı təmiri və müvafiq avadanlıqlarla təchizatı qərara alınmışdır.
Eyni zamanda, Azərbaycan Dövlət Gənclər Teatrının, Azərbaycan Dövlət Pantomima Teatrının, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi qərara alınmışdır.
Sərəncamda erməni silahlı birləşmələrinin işğalına məruz qalmış ərazilərdəki Füzuli və Ağdam dövlət dram teatrlarının hazırda yerləşdiyi binalarda, ümumiyyətlə, regionlarda fəaliyyət göstərən teatrlarda da təmir-bərpa və yenidənqurma işlərinin aparılması aidiyyəti qurumlara tapşırılmışdır.
Bu mühüm dövlət əhəmiyyətli məsələni daim nəzarətdə saxlayan Prezident İlham Əliyev görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə mayın 16-da təmir-tikinti işlərinin aparıldığı bəzi obyektlərə baş çəkmişdir. Dövlət başçısı əvvəlcə Dövlət Kukla Teatrına gələrək, təmir-bərpa işlərinin layihəsinə və teatrın təmirdən sonrakı görünüşünü əks etdirən şəklə baxmışdır. Bildirilmişdir ki, burada hazırda, əsasən, bəzək-tərtibat işləri aparılır.
Bərpaçılar divarlarda uşaqların zövqünə uyğun çəkilmiş rəsmlərin orijinallığını saxlamağa çalışırlar. Binada paralel olaraq sanitariya qovşağı, kommunikasiya xətləri, səs və işıq sistemi də tamamilə dəyişdirilir. Bütün avadanlıq Avropanın ən məşhur şirkətlərindən alınır.
Prezident İlham Əliyev həm də tarixi memarlıq abidəsi kimi tanınan bu binanın tamaşalara gələn uşaqların ürəyincə olması üçün təmir-bərpa işlərinin yüksək səviyyədə davam etdirilməsini tapşırmışdır.
Dövlət başçısı uşaqların teatra rahat gəlib-getməsini təmin etmək üçün ətrafdakı kiçik və köhnə tikililəri sökərək, ərazini abadlaşdırmaq və səliqə-sahman yaratmaq barədə də tapşırıqlar vermişdir.
Qeyd etdiyimiz kimi, ölkə prezidentinin sərəncamına əsasən, təmir-bərpa və yenidənqurma işləri gedən mədəniyyət ocaqlarından biri də Heydər Əliyev adına Saraydır. Ulu öndərin saysız-hesabsız yadigarlarından biri olan bu saray 35 il ərzində ilk dəfədir əsaslı şəkildə yenidən qurulur. Prezident İlham Əliyev təmir-bərpa işləri yenicə başlananda da buraya gəlmiş, görüləcək işlərin layihəsi ilə tanış olmuşdu.
Yenidən Saraya baş çəkən dövlət başçısına ötən aylarda görülmüş işlər barədə məlumat verilmişdir ki, təmir-bərpa və yenidənqurma ən müasir texnologiyalar əsasında aparılır, mütəxəssislər konstruksiyaların və mühəndis qurğularının faktik vəziyyətini ekspertizadan keçirdikdən sonra təmir işlərinin mexanizmi müəyyənləşdirilir. Sarayın əsaslı şəkildə yenidən qurulması işlərini bu sahədə kifayət qədər təcrübəsi olan "Azəraqrartikinti" Səhmdar Cəmiyyəti və Türkiyənin tanınmış "Pim proje" şirkəti görür. Səhnə və salonun işıqlandırma, səs sistemləri tamamilə yeniləşdiriləcəkdir. İstilik və havalandırma avadanlığı da dünyanın tanınmış firmalarından alınır. Bəzək və tərtibat işlərində də xaricdən gətirilmiş materiallardan istifadə olunacaqdır. Yenisi ilə əvəz ediləcək oturacaqlar sökülmüş, kommunikasiya xətlərinin və sanitariya qovşağının quraşdırılmasına başlanmışdır.
Prezident İlham Əliyev Sarayın fasadında edilən dəyişikliklərlə də maraqlanmış, binanın daha baxımlı və əzəmətli görkəm alması üçün hər bir işi dəqiqlik və incəliklə görməyi tövsiyə etmişdir.
Daha sonra Dövlət Rus Dram Teatrına gələn Prezident İlham Əliyevə məlumat verilmişdir ki, digər teatrlardan fərqli olaraq, bu binanın tamaşa salonunun tavanı qəza vəziyyətində idi. XIX əsrin sonlarında tikilmiş bina ayrı-ayrı dövrlərdə müxtəlif funksiyaları yerinə yetirmiş, ötən əsrin 20-ci illərində isə teatra çevrilmişdir. Uzun illər təmirsiz qalması binanın bərbad hala düşməsinə səbəb olmuşdur. Prezidentin məlum sərəncamına əsasən, aparılan təmir-bərpa işləri teatrın binasına ikinci həyat verəcəkdir. Bütün mühəndis-texniki qurğuları, işıqlandırma, səs sistemləri tamamilə dəyişdiriləcəkdir. Elektrik, rabitə, yanğın təhlükəsizliyi xəbərdarlığı, ümumi havalandırma sisteminin, qazanxananın avadanlığı dünyanın məşhur şirkətlərindən gətirilir.
Prezident İlham Əliyev binanın köhnəliyini nəzərə alaraq, tikinti texnologiyasına diqqət yetirməklə, teatrı ən müasir səviyyədə təmir etmək barədə tapşırıqlar vermişdir.
Yeri gəlmişkən, xatırladaq ki, artıq dövlət başçısının tapşırığı əsasında yenidən qurulan mədəniyyət ocaqlarından biri - Bakıdakı Yaşıl Teatrın mayın 10-da, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə açılışı olmuş və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Hələ ötən əsrin 60-cı illərində istifadəyə verilmiş Yaşıl Teatr Bakıda mühüm mədəni-kütləvi tədbirlərin keçirildiyi, paytaxt sakinlərinin sevimli istirahət yerlərindən biri olmuşdur. Burada dünyanın və keçmiş SSRİ-nin ən məşhur incəsənət ustaları da çıxış etmişlər. Lakin sonradan baxımsızlıq üzündən teatr fəaliyyətini tamamilə dayandırmışdı. 1990-cı ildən isə büsbütün bərbad vəziyyətə düşmüşdü. Teatrın Bakı üçün önəmini nəzərə alan Prezident İlham Əliyev 2005-ci ilin avqustunda onun əsaslı şəkildə yenidən qurulması barədə şəhər rəhbərliyinə göstəriş vermişdi.
Qeyd edək ki, açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Yaşıl Teatrda görülən işləri yüksək qiymətləndirmişdir. Dövlət başçısı nəzərə çatdırmışdır ki, bu gün Azərbaycanda ən yüksək səviyyədə təmir olunan və ya öz təmirini gözləyən 18 mədəniyyət ocağı var. Hər bir Bakı sakini üçün Yaşıl Teatr qədər əziz olan "Nizami" kinoteatrının da yaxın zamanda bərpa olunacağını söyləyən Prezident İlham Əliyev artıq müvafiq layihənin təsdiq edildiyini bildirmişdir. Bundan başqa, dövlət başçısının sözlərinə görə, hazırda Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir-bərpa işlərinin bir ay sonra başa çatdırılacağı gözlənilir.
Beləliklə, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində aparılan ardıcıl işlər də bir reallıqdır. Onu da qeyd etmək lazımdır ki, dövlət başçısının bu ilin aprelində imzaladığı "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" və "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamları da ölkənin ictimai-mədəni həyatında böyük hadisə kimi qarşılanmışdır.
"Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" sərəncama əsasən, Şəhidlər Xiyabanı xatirə-memarlıq kompleksinin yeni layihəsinin hazırlanması qərara alınmışdır. Belə ki, vahid kompleks olaraq mənzərəsi mərhələ-mərhələ formalaşmış Şəhidlər Xiyabanının ümumi görkəminin memarlıq baxımından yenidən işlənməsinə ciddi ehtiyac duyulur. Sərəncamda diqqətçəkən məqamlardan biri də açıq səma altında heykəl və abidələrin kiçik formalarından ibarət xüsusi park-muzeyin yaradılması ilə bağlı tapşırığın verilməsidir. Park-muzeyin Azərbaycan Dövlət İncəsənət Muzeyinin nəzdində təşkil olunması qərara alınmışdır.
Sərəncamda bir məsələyə də xüsusi diqqət yetirilib. Məlumdur ki, vaxtilə Bakı şəhərində Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müxtəlif müsabiqələr keçirilsə də heykəltəraşlıq və rəssamlığımızda xalqımızın mənəvi-estetik dəyərlərinə uyğun Dədə Qorqud obrazının təsviri hələ də öz əksini tapmamışdır. Artıq bu işin də reallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi hökumətə tapşırılmışdır.
"Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncama əsasən isə Azərbaycanın informasiya cəmiyyətinə doğru əhatəli inkişaf perspektivləri nəzərə alınaraq, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək, eləcə də ölkə kitabxanalarının dünya informasiya məkanına daxil olmasını təmin etmək məqsədilə dövlət orqanları qarşısında konkret vəzifələr qoyulmuşdur.
Ümumiyyətlə, mədəniyyət sahəsində işlər təkcə müvafiq obyektlərin yenidən qurulması, təmir-bərpası və ya yenilərinin tikilməsi ilə bitmir. Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan şəxsləri vaxtaşırı olaraq müxtəlif mükafatlarla təltif etməsi mədəniyyətimizə qayğının daha bir parlaq təzahürüdür. Elə bu günlərdə dövlət başçısının müvafiq sərəncamları ilə bir sıra mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri və mükafatlarının verilməsi buna sübutdur.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb