Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri ən yüksək zirvədədir


Türkiyə Respublikasının Prezidenti Abdullah Gül noyabrın 6-dan 8-dək Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Noyabrın 6-da Prezident sarayında Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülü səmimiyyətlə qarşıladı.
Azərbaycan dövləti və hökumətinin rəsmi şəxsləri Türkiyə Prezidenti Abdullah Gülə, Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.
Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dost və qardaş münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daim genişləndiyi vurğulandı. Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən qlobal enerji layihələrinin ölkələrimiz və xalqlarımızın rifah halının daha da yaxşılaşdırılması, habelə bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət edəcəyi bildirildi.
Noyabrın 6-da Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İlham Əliyev görüşü açaraq Türkiyə Prezidentinə müraciətlə dedi ki, Sizin Azərbaycana rəsmi səfərinizə çox böyük əhəmiyyət veririk. Mən əminəm ki, bu səfər və onun nəticələri iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinin inkişafında çox böyük rol oynayacaqdır. Biz çox şadıq ki, Cümhurbaşqanı kimi Siz ilk rəsmi səfərinizi Azərbaycana etmisiniz. Bu bizi çox məmnun edir və bir daha onu göstərir ki, bizim münasibətlərimiz qardaşlıq, dostluq münasibətləridir və Türkiyə ilə Azərbaycan həmişə olduğu kimi, bundan sonra da ən yaxın müttəfiqlər kimi öz aralarında olan münasibətlərin bütün sahələrinin inkişafında fəal çalışacaqlar.
Sonra Türkiyə Prezidenti Abdullah Gül çıxış edərək dedi ki, bu gün Azərbaycanda, Bakıda olmaqdan böyük bir sevinc və məmnuniyyət duyuram. Buraya nazir dostlarım və çox sayda türk iş adamı ilə bərabər gəlmişik. Azərbaycanın böyük öndəri rəhmətlik Heydər Əliyevin dediyi kimi “Biz bir millət, iki dövlətik”, yəni, biz ayrı bir qardaş dövlətə gəlmişik. Bakını, Azərbaycanı biz belə görürük.
Müstəqilliyə qovuşduğunuzdan bu günədək əlaqələrimiz, işbirliyimiz çox yüksək səviyyəyə çatmışdır. Bu səfərimin müstəqilliyinizin ildönümünə təsadüf etməsi də çox önəmlidir. Bu müddət ərzində Azərbaycanın çox böyük yol qət etdiyinin şahidi olanlardan biriyəm. Buraya hər gəlişimdə Bakının necə dəyişdiyini, Azərbaycanın necə dəyişdiyini gözlərimizlə görməkdən bir qürur və məmnunluq duyuruq. Əminəm ki, bu səfərimiz də əlaqələrimizə yeni rəng qatacaqdır. Həm iki ölkənin əlaqələrinin, həm də bölgəmizin məsələlərinin müzakirəsi baxımından önəmli bir fürsət olacaqdır.
Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladılar.
Sonra “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Türkiyə Respublikası Qadın və Ailə Məsələləri üzrə Dövlət Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş” və “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında uzunmüddətli ticarət və iqtisadi əməkdaşlıq proqramı və İcra planı” imzalandı.
Prezident sarayında sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün birgə mətbuat konfransı keçirilmişdir. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, biz bu gün çox geniş fikir mübadiləsi, çox geniş danışıqlar apardıq və bir daha gördük ki, Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq əlaqələri ən yüksək zirvədədir. Bizim aramızda həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə - bütün sahələrdə çox yüksək əməkdaşlıq səviyyəsi vardır. Biz ikitərəfli münasibətlərin inkişafı, siyasi əlaqələrin möhkəmləndirilməsi üçün lazımi tədbirləri görürük. Bölgədə gedən proseslərə vahid mövqedən yanaşırıq, bu da çox vacibdir. Çünki bizim bölgəmizdə baş verən hadisələr ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bizim vahid mövqeyimiz ölkələrimizi gücləndirir və xarici siyasətdə mövcud olan koordinasiya, əlbəttə ki, Türkiyə və Azərbaycan arasındakı əlaqələri də möhkəmləndirir.
Biz xalqlarımızın və ölkələrimizin üzləşdiyi bütün məsələlərdə bir-birimizə dəstəyimizi davam etdiririk. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu çox müsbətdir. Həmişə Azərbaycanın haqlı mövqeyini, ədalətli mövqeyini dəstəkləmişdir və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması üçün öz səylərini göstərmişdir. Biz bu gün də bu dəstəyi hiss edirik və bu, bizə əlavə güc verir. Eyni zamanda, Azərbaycan da bütün dövrlərdə Türkiyənin haqq işini dəstəkləmişdir. Biz erməni lobbisinin və Ermənistanın Türkiyəyə qarşı əsassız ittihamlarını qətiyyətlə pisləyirik.
Bu yaxınlarda Amerika Konqresinin Xarici əlaqələr komitəsində keçirilən müzakirələrə və qəbul edilmiş ədalətsiz qərara biz öz etirazımızı bildirmişik və bu gün də bunu bildiririk. Hesab edirik ki, Türkiyəyə qarşı əsassız ittihamlara son qoyulmalıdır. Bunların nə tarixi əsası, nə də siyasi əhəmiyyəti var. Bütün başqa məsələlərdə, Kipr məsələsində, Şimali Kiprin təcridolunma vəziyyətindən çıxarılması işində Azərbaycan öz dəstəyini göstərmişdir və göstərəcəkdir. Bu məsələ ədalətli şəkildə həll olunmalıdır, Birləşmiş Millətlər Təşkilatının təklifləri əsasında öz həllini tapmalıdır.
Biz Türkiyənin terrora qarşı mübarizəsini, PKK terrorçu təşkilatına qarşı bütün əməliyyatlarını dəstəkləyirik və həmişə Türkiyənin yanında olacağıq.
Türkiyə Prezidenti Abdullah Gül bəyanatında bildirdi ki, bu gün apardığımız son dərəcə yararlı müzakirələrdə, siyasi və iqtisadi sahələr başda olmaqla, əlaqələrimizdə bütün sahələri hərtərəfli şəkildə müzakirə etdik. Hər sahədə müsbət olan əlaqələrimizin imkanlarını dəyərləndirdik. Görüşümüzdə ikitərəfli əlaqələrimizlə bərabər, regional və hərtərəfli aktual mövzular üzərində də fikir mübadiləsi apardıq. Cənubi Qafqazda sülhün bərqərar olması və qorunması, bölgə ölkələri arasındakı problemlərin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi məsələlərində ölkələrimizin eyni fikirdə olduğunu bir daha məmnuniyyətlə gördük.
Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, Cənubi Qafqaz bölgəsindəki bütün problemlərin sülh yolu ilə çözülməsi üçün birgə ata biləcəyimiz addımları da nəzərdən keçirdik. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun sülh yolu ilə aradan qaldırılmasını arzulayırıq.
Şimali Kipr Türk Cümhuriyyətinin təcriddən qurtarması və bu ölkəyə qarşı cəzanın aradan qaldırılması baxımından qardaş Azərbaycanın bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. Kipr türklərinin haqlı mübarizələrinə Azərbaycanın dəstəyini bundan sonra da əsirgəməyəcəyinə olan inamım böyükdür.
Ölkələrimiz arasındakı iqtisadi və ticari əlaqələrin sürətlə inkişafından məmnuniyyət duyuruq. Məqsədimiz ardıcıl olaraq artan və 1 milyard dolları keçən xarici ticarət dövriyyəsinin həcminin gələcəkdə 3 milyard dolları keçməsini təmin etməkdir. Türkiyə ticarət əlaqələri və sərmayələr yolu ilə Azərbaycanın iqtisadi inkişafında daha yaxından iştirak etməyə hazırdır. İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün istər birgə iqtisadi komissiyanın toplantılarının, istərsə də əməkdaşlıq mexanizmlərinin daha davamlı şəkildə işə salınmasının yararlı olacağına inanırıq.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
Türkiyə Prezidenti Abdullah Gül noyabrın 6-da Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyənin dövlət başçısını və onun xanımı Hayrünnisa Gülü böyük səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.
Prezident Abdullah Gül fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.
Həmin gün Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Fəxri xiyabana gəlmişdir.
Prezident Abdullah Gül türk dünyasının görkəmli oğlu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ümummilli liderimizin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydu.
Türkiyənin dövlət başçısı Abdullah Gül və xanımı Hayrünnisa Gül görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək, məzarı üzərinə gül dəstəsi qoydular.
Türkiyə Prezidenti Abdullah Gül sonra Şəhidlər xiyabanını ziyarət etmişdir.
Türkiyə Prezidenti Abdullah Gül və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad etdilər, onların məzarları üstünə gül-çiçək düzdülər.
Türkiyənin dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Türkiyə Prezidenti Abdullah Gül həmin gün türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etmişdir.
Prezident Abdullah Gül abidənin önünə əklil qoydu. Şəhid türk əsgərlərinin xatirəsini ehtiramla yad edən Türkiyənin dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazdı.
Daha sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və dost ölkənin nümayəndə heyətinin üzvləri Heydər Əliyev adına Sarayın qarşısındakı parka gəldilər.
Türkiyə Prezidenti Abdullah Gül xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül qoydu, ulu öndərin dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz xidmətlərini xatırlatdı.
Noyabrın 7-də Bakı Biznes Mərkəzində Azərbaycan və Türkiyə iş adamlarının biznes forumu keçirilmişdir. Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi və Türkiyə Prezidenti Abdullah Gülü alqışlarla qarşıladılar. Azərbaycan və Türkiyə prezidentləri forumun açılışında çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, bu gün Türkiyə və Azərbaycanın iş adamlarının bir araya gəlməsindən çox şadam və əminəm ki, biznes forumunun çox gözəl nəticələri olacaqdır. Bütövlükdə, bizim aramızda olan münasibətlər onu göstərir ki, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrimiz inkişaf etməkdədir. Bu əlaqələrin çox böyük tarixi var və son 16 il ərzində, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra bizim ən yaxın müttəfiqimiz Türkiyə olmuşdur. Bu gün də belədir. O cümlədən iqtisadi sahədə ən çox ticarət əlaqələrimiz olan ölkə Türkiyədir. Mən əminəm ki, gələcək illərdə bu gözəl meyil davam edəcək və hər iki ölkənin artan iqtisadi imkanları, o cümlədən iş adamlarının birgə fəaliyyətinə yeni zəmin yaradacaqdır.
Bu gün Azərbaycanı Türkiyə ilə birləşdirən neft, qaz kəmərləri, bu yaxınlarda başlanacaq dəmir yolu layihəsi - bütün bunlar, əlbəttə ki, bizim aramızda olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirir. Biz də bunu çox istəyirik. İstəyirik ki, daha da birləşək, bütün sahələrdə sıx əməkdaşlıq olsun, o cümlədən biznes aləmi də bir-biri ilə yaxşı əlaqələr qursun. Bu da var. Bu gün səslənən çıxışlarda göstərildi ki, Azərbaycanda nə qədər türk şirkəti var. Minlərlə Azərbaycan vətəndaşı bu şirkətlərdə çalışır.
Biz Türkiyənin uğurlarına çox sevinirik. Türkiyə Avropanın 6-cı iqtisadiyyatıdır. Dünyada 17-cidir. Yəni bu, böyük bir qüvvədir. Bu, bizi də gücləndirir. Siz həm iqtisadi, həm də siyasi cəhətdən nə qədər güclü olsanız, o qədər də Azərbaycanın gücü artacaqdır. Biz bu qarşılıqlı imkanlardan istifadə etməliyik, qarşılıqlı ticarəti, biznesi daha da irəliyə aparmalıyıq. Bütün mümkün olan layihələrdə birgə fəaliyyət göstərməliyik.
Türkiyə Prezidenti Abdullah Gül çıxışında bildirdi ki, aramızda çox böyük layihələr həyata keçirilir. Bunların əsasında dostluq, bərabərlik və qardaşlıq var. Türkiyənin qurucusu, böyük öndər Atatürkün “Azərbaycanın kədəri, Türkiyənin kədəri, Azərbaycanın sevinci, bizim sevincimizdir” dediyi kimi, Azərbaycanın ulu öndəri Heydər Əliyevin də “Biz bir millət, iki dövlətik” müdrik kəlamı, əslində, hər şeyin təməlini qoymuşdur. İndi biz buna uyğun gedirik, daha böyük uğurlar qazanmağa çalışırıq. Sadəcə dostluq və qardaşlıq duyğularından başqa, böyük layihələr həyata keçiririk və xalqlarımızın mənafeyinə uyğun böyük işlər görürük.
Təbii, bizi sevindirən bir məsələ də budur ki, təkcə türk iş adamları Azərbaycanda fəaliyyət göstərmirlər, artıq Azərbaycanın böyük şirkətləri də Türkiyədə fəaliyyətə, özlərini göstərməyə başlamışlar. Son özəlləşdirmələrdə Azərbaycan şirkətlərinin uğurları, böyük neft kimyası müəssisələrində “biz də varıq” demələri, inanın ki, Türkiyə üçün böyük bir qürur mənbəyi olmuşdur. Eyni şəkildə, neftayırma layihələrində də Azərbaycanın yer alacağına inanıram. Bunun üçün birlikdə çalışırıq.
Noyabrın 7-də Türkiyə Prezidenti Abdullah Gül onun üçün ayrılmış iqamətgahda – “Ulduz” sarayında Azərbaycanın Baş naziri Artur Rasizadə, daha sonra şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül noyabrın 7-də Milli Məclisə gəlmişdir.
Prezident Abdullah Gül və nümayəndə heyətinin üzvləri parlament binasında Heydər Əliyev Xatirə muzeyi ilə tanış oldular. Qonaqlara muzey barədə ətraflı məlumat verildi.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Türkiyə Prezidenti Abdullah Gül arasında görüş keçirildi.
Daha sonra Türkiyə Prezidenti Abdullah Gül Milli Məclisin deputatları ilə görüşdü. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Milli Məclisdə çıxış etdi.
Noyabrın 7-də Türkiyə Prezidenti Abdullah Gülə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi münasibətilə BDU-da mərasim keçirilmişdir.
Türkiyə dövlətinin başçısı əvvəlcə universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış oldu, Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra dünyada sabitliyin qorunub-saxlanması üçün səylərinə, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin möhkəmlənməsində böyük roluna, elmi və tərəqqini dəstəkləməsinə görə Türkiyə Prezidentinə BDU-nun fəxri doktoru adı verilməsi barədə universitetin Böyük Elmi şurasının qərarı oxundu.
Türkiyə dövlətinin başçısına BDU-nun fəxri doktoru mantiyası, diplom və hədiyyə - onun rəssam tərəfindən çəkilmiş portreti təqdim olundu.
Türkiyə Prezidenti tələbələrin suallarına cavab verdi, sonra mərasimdə çıxış etdi.
Noyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, onun xanımı və dost ölkənin nümayəndə heyətinin üzvləri “Qafqaz” Universitetində olmuşlar. Türkiyə Prezidenti bu təhsil müəssisəsinin korpusunun təməlinin qoyulması və əsas tədris korpusunun açılış mərasimində iştirak etmişdir.
Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və ali məktəbin rəhbərliyi universitetin yeni korpusunun təməlinin qoyulmasına start verdilər.
Abdullah Gül və Abid Şərifov bu təhsil müəssisəsinin əsas korpusunun açılışını bildirən qırmızı lenti kəsdilər. Türkiyə dövlətinin başçısı və onu müşayiət edən şəxslər burada təhsil prosesi ilə də tanış oldular.
Prezident Abdullah Gül universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Noyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə görüşmüşdür.
Görüşdə çıxış edən Prezident Abdullah Gül ölkəmizə səfərinin uğurla keçdiyini, bu səfərin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyacağını bildirdi.
Dövlət başçısı Azərbaycanda yaşayıb işləyən Türkiyə vətəndaşlarının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə yardım edəcəyinə ümidvar olduğunu söylədi.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül noyabrın 7-də ölkəsinin Bakıdakı səfirliyində mətbuat konfransı keçirmişdir.
Nümayəndə heyətinin tərkibində çoxlu iş adamının da Azərbaycana gəldiyini xatırladan dövlət başçısı dedi ki, türkiyəli sahibkarlar azərbaycanlı tərəfdaşları ilə müzakirələr aparmış, bir neçə razılaşma əldə olunmuşdur. Bunlar ikitərəfli əlaqələrin inkişafı baxımından vacib addımlardır.
Bakıda apardığı danışıqlardan və keçirdiyi görüşlərdən məmnunluğunu söyləyən qardaş ölkənin dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyəyə rəsmi səfərə dəvət etdiyini bildirdi.
Türkiyə Prezidenti Abdullah Gül noyabrın 8-də Bakıdan Gəncə şəhərinə gəlmişdir. Həmin gün Gəncə Şəhər İcra Hakimiyyətində qardaş ölkənin dövlət başçısı ilə görüş keçirildi.
Gəncəyə gəlməsindən məmnunluğunu söyləyən Prezident Abdullah Gül dost, qardaş Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini xatırladaraq, əminliklə vurğuladı ki, ölkələrimizin və xalqlarımızın birliyi bundan sonra da sarsılmaz və əbədi olacaqdır.
Noyabrın 8-də Türkiyə Prezidenti və onun xanımı Hayrünnisa Gül Gəncənin ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi meydanı və eləcə də şəhərin digər görməli yerlərini gəzdilər, musiqili fəvvarəyə tamaşa etdilər.
Həmçinin qonaqlar 1804-cü ildə yadelli işğalçıların hücumlarına mərdliklə sinə gərən və qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə xanı Cavad xanın məzarını ziyarət etdilər.
Daha sonra Türkiyə Prezidenti Abdullah Gül və xanımı, digər qonaqlar Şah Abbas məscidi abidə kompleksinə daxil olan “Çökək hamam” tarixi memarlıq abidəsində yaradılmış dekorativ-tətbiqi sənət mərkəzində Gəncə sənətkarlarının əl işləri ilə yaxından tanış oldular.
Noyabrın 8-də Türkiyə Prezidenti Abdullah Gül “Azər-Türk” bankının Gəncə filialının açılışında iştirak etmişdir.
Bundan başqa, qonaqlar müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra fəaliyyətə başladığı binaya - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına gəldilər. Burada yaradılmış Cümhuriyyət muzeyi ilə tanışlıq qonaqlarda xoş təəssürat oyatdı.
Daha sonra Türkiyə Prezidenti Abdullah Gül, xanımı Hayrünnisa Gül Qafqaz İslam ordusunun komandanı Nuru paşanın vaxtilə yaşadığı evə gəlmiş və burada ev sahibləri ilə çay süfrəsi arxasında söhbət etmişlər.
Türkiyə Prezidenti Abdullah Gül və xanımı, qardaş ölkənin nümayəndə heyətinin üzvləri Gəncəyə səfərin sonunda Şərqin dahi söz ustası və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini də ziyarət etmişlər.
Bununla da Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb