Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar öz gözəl nəticələrini verməkdədir
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə avqustun 1-də Prezident sarayında Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
İclası giriş nitqi ilə açan Prezident İlham Əliyev bildirdi ki, iqtisadiyyatımızın əsas göstəriciləri bizi çox sevindirir. 2007-ci ildə də iqtisadiyyatımız uğurla inkişaf edir və dünyada analoqu olmayan sürətlə artır. İlin ilk yarısında ümumi daxili məhsulun artımı 35 faiz təşkil etmişdir. Bu, dünyada ən yüksək göstəricidir. İqtisadiyyatımızın 2005-ci ildə 26 faiz, 2006-cı ildə isə 35 faiz artması onu göstərir ki, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar öz gözəl nəticələrini verməkdədir.
Faktiki olaraq, üç il ərzində bizim iqtisadiyyatımız iki dəfə artır və bu, dünyada analoqu olmayan nəticədir. Əlbəttə ki, bu, bizim imkanlarımızı artırır, qarşıda duran vəzifələrin daha da uğurla həll olunmasına imkan yaradır. Mən şübhə etmirəm ki, uğurlu iqtisadi islahatların aparılması nəticəsində növbəti illərdə də bizim iqtisadiyyatımız dinamik şəkildə artacaqdır və Azərbaycan iqtisadi cəhətdən ən güclü dövlətlərdən birinə çevriləcəkdir.
Yarım ildə sənaye istehsalı da 35 faiz artıbdır. Kənd təsərrüfatında artım təxminən 5 faiz səviyyəsində müşahidə olunur. Düzdür, bu, bizi hələ qane edə bilməz. Amma əvvəlki illərə nisbətən artım mövcuddur. Əminəm ki, görülən tədbirlər, "Aqrolizinq" şirkətinin yaradılması və kənd təsərrüfatına dövlət tərəfindən böyük məbləğdə vəsaitin ayrılması kənd təsərrüfatına da böyük təkan verəcəkdir. Kənd təsərrüfatı bizim iqtisadiyyatımızın çox önəmli bir sahəsidir. Eyni zamanda, sosial sahədir.
Əhalinin təxminən yarısı kənd şəraitində yaşayır və bu sahəyə biz daim böyük diqqət göstərməliyik. Əməli-praktik tədbirlərin də davam etdirilməsi, əlbəttə ki, bu sahəyə yeni imkanlar gətirəcəkdir.
Əhalinin gəlirləri 6 ay ərzində çox böyük dərəcədə artıbdır. Azərbaycanda əhalinin pul gəlirləri 37 faiz, əmək haqqı 26 faiz artıbdır. Bu onu göstərir ki, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Bu onu göstərir ki, insanların həyat səviyyəsi dinamik şəkildə yüksəlir. Bizim isə əsas məqsədlərimizdən biri də məhz bundan ibarətdir ki, Azərbaycanda kasıb adam olmasın, yoxsul adam olmasın.
Bildiyiniz kimi, 2006-cı ilin yekunlarına görə Azərbaycanda yoxsulluğun səviyyəsi 20 faiz təşkil edirdi. Mən əminəm ki, 2007-ci ilin yekunlarına görə bu faiz aşağı düşəcək və gələcəkdə Azərbaycanda yoxsulluğu tamamilə aradan qaldıracağıq. O cümlədən işsizliyin də aradan qaldırılması üçün böyük tədbirlər görülür. Bizim qəbul edilmiş proqramlarımız uğurla icra edilir. 2003-cü ilin oktyabr ayından bu günə qədər Azərbaycanda 572 min yeni iş yeri açılmışdır. Bunlardan 405 mini daimi iş yerləridir. Bu iş yerlərinin açılması həm böyük sosial məsələlərin həlli, həm də ki, regionların inkişafı deməkdir. Çünki bu iş yerləri daha çox regionlarda, qeyri-neft sektoru sahəsində açılır və bizim də əsas prioritetlərimizdən biri ondan ibarətdir ki, qeyri-neft sektoru inkişaf etsin, iqtisadiyyatımız şaxələndirilsin və Azərbaycanda bütün sahələrdə iqtisadi inkişaf güclənsin.
Bunlar, demək olar ki, iqtisadiyyatımızın əsas göstəriciləridir. Onu da əlavə edə bilərəm ki, əhalinin banklara qoyduğu əmanət 70 faiz artıbdır. Bir tərəfdən, bu, onu göstərir ki, banklara inam artır və bu, çox gözəl əlamətdir. Onu göstərir ki, dövlətə inam çox yüksək səviyyədədir. Bununla bərabər, onu da göstərir ki, insanlarda əlavə maliyyə imkanları yaranıb ki, onlar bu maliyyə resurslarını banklara etibar edirlər.
İqtisadi göstəricilərdən biri bizi narahat edir. Bu da inflyasiyanın qalxmasıdır. Altı ayın yekunlarına görə, Azərbaycanda inflyasiya 16 faiz təşkil edir. Düzdür, əhalinin gəlirlərinin 37 faiz, əmək haqqının 26 faiz artmasını nəzərə alsaq görərik ki, bu rəqəmlər inflyasiyanı qat-qat üstələyir. Amma bununla bərabər, biz antiinflyasiya tədbirlərimizi daha da gücləndirməliyik. İnflyasiyanın qalxmasında müxtəlif səbəblər var, o cümlədən obyektiv səbəb də var. İlk növbədə, dünyada neftin bahalaşması və bunun nəticəsi olaraq istehlak mallarının bahalaşması. Azərbaycanda hələ ki, bizim istehlak bazarımız xeyli dərəcədə idxaldan asılıdır. Ona görə idxal mallarının bahalaşması istər-istəməz Azərbaycanda qiymət artımına gətirib çıxarır. Digər obyektiv səbəblərdən biri də odur ki, Azərbaycanda çox böyük büdcə artımı mövcuddur. Bizim büdcəmiz son 3-4 il ərzində bir neçə dəfə artırılıbdır. Bu ilin ortalarında dürüstləşmə aparılmış, büdcəmiz yenə də artırılmışdır. İndi bizim büdcə xərclərimiz 7,5 milyard dollar səviyyəsindədir. İcmal büdcə isə təxminən 9 milyard dollara yaxındır. Yəni bu, iqtisadiyyata böyük bir yükdür və istər-istəməz, inflyasiyanın qalxmasına da imkan yaradır.
Minimum əmək haqqının, pensiyaların, büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqlarının qaldırılması da inflyasiyanı gücləndirən amillərdən biridir. Onu da qeyd etmək istəyirəm ki, ilin altı ayına görə Azərbaycanda orta əmək haqqı 196 dollar, avqustun 1-nə isə 215 dollar təşkil edir. Yəni, qiymətlər çox kəskin şəkildə artır.
Ancaq bununla bərabər, subyektiv səbəblər də var. Biz gərək bütün diqqətimizi məhz bunlara, inflyasiyanı yaradan və onu gücləndirən subyektiv səbəblərin aradan qaldırılmasına yönəldək, bütün tədbirlərimizi görək. Burada həm iqtisadi tədbirlər, həm də inzibati tədbirlər, nəzarət gücləndirilməlidir. Büdcə xərclərinin artması çox müsbət göstəricidir, müsbət əlamətdir. Amma bununla bərabər, büdcə xərclərinə nəzarət də gücləndirilməlidir. İndi böyük məbləğlərdən söhbət gedir. Bizim büdcəmiz 1 milyard dollar səviyyəsində olanda Azərbaycanda o qədər də böyük büdcə xərcləri yox idi. Büdcəmiz, sadəcə olaraq, sosialyönümlü büdcə idi. İnvestisiya xərcləri, demək olar ki, çox aşağı səviyyədə idi. Amma indi büdcəmiz həm sosialyönümlüdür, həm də investisiyayönümlüdür. Böyük məbləğdə vəsait ayrılır, tikinti, infrastruktur layihələri, yollar, körpülər, elektrik stansiyaları, məktəb, xəstəxana tikintisi - haraya baxsaq, bu inkişafı görərik. Bu da ölkəmizin iqtisadi və siyasi potensialını göstərir, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkədir. Amma bununla bərabər, əlbəttə, büdcə xərclərinə müxtəlif qurumlar tərəfindən, müxtəlif dövlət strukturları tərəfindən çox ciddi nəzarət olmalıdır və büdcə xərclərində şəffaflıq tam şəkildə təmin edilməlidir.
Bizim şəffaflıqla bağlı ilk təcrübəmiz Azərbaycanda Dövlət Neft Fondunun yaradılması idi. 6-7 ildir fəaliyyət göstərən Dövlət Neft Fondu Azərbaycanda, demək olar ki, şəffaflığın əsas nümunəsidir, meyarıdır. Təsadüfi deyil ki, bir ay bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu məhz şəffaflığın təmin edilməsinə görə yüksək mükafatla təltif edibdir. Biz artıq bir neçə ildir ki, hasilat sənayelərində şəffaflıq təşəbbüsünə qoşulmuş ölkəyik və bu təşəbbüsdə aparıcı rol oynayırıq. Bunu bütün böyük dövlətlərin rəhbərləri bildirir, mənə göndərilən məktublarda bu, xüsusilə göstərilir. Beynəlxalq təşkilatlar da həmçinin. Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər. Eyni zamanda, biz inflyasiyanın azaldılmasına da nail ola bilərik.
Beləliklə, mən hesab edirəm ki, biz növbəti mərhələdə əsas diqqətimizi makroiqtisadi sabitliyin qorunmasına, saxlanılmasına və antiinflyasiya tədbirlərinin güclənməsinə yönəltməliyik. Ancaq bununla bərabər, biz büdcə xərclərini saxlaya bilmərik. Azərbaycanın hələ ki, böyük ehtiyacları var. Biz böyük, nəhəng infrastruktur layihələrini həyata keçirməliyik, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Maaşlar artmalıdır, pensiyalar artmalıdır. Düzdür, indi Azərbaycanda minimum əmək haqqı və minimum pensiya təxminən 60 dollar səviyyəsindədir. Azərbaycanda orta pensiya 70 dollar səviyyəsindədir. Bu, əvvəlki illərə nisbətən çox böyük irəliləyişdir. Ancaq hamımız bunu bilirik və etiraf etməliyik ki, bu, insanın gündəlik tələbatını ödəyə bilməz. İnsanların normal fəaliyyəti üçün, yaşaması üçün bu, kifayət etməz. Məhz buna görə Azərbaycanda əhalinin 20 faizi yoxsulluq səviyyəsində yaşayır. Biz bunu aradan qaldırmalıyıq. Ona görə sosial ödəmələr artacaqdır. Bu sahədə də böyük işlər görülübdür. Xüsusilə şəhid ailələrinin sosial məsələlərinə böyük diqqət göstərilir. Şəhid ailələrinin hər bir üzvünə hər ay 90 manat müavinət verilir. Bununla bərabər, hər bir şəhid ailəsinə 100 manat müavinət verilir. Əgər dörd nəfərdən ibarət şəhid ailəsini götürsək görərik ki, onlar ayda 460 manat müavinət alırlar. Bu, çox yaxşı məbləğdir. Onlar buna layiqdirlər...
Azərbaycanın neft strategiyasının uğurla inkişaf etdiyini diqqətə çatdıran dövlətimizin başçısı vurğuladı ki, bu il "Şahdəniz" yatağından ilk qazın hasilatına nail ola bildik. Azərbaycan artıq böyük həcmdə qaz hasil və ixrac edən ölkəyə çevrilibdir. Bu, çox böyük tarixi hadisədir. Azərbaycanın gələcək inkişafı üçün, Azərbaycanın müstəqil ölkə kimi yaşaması üçün bunun çox böyük əhəmiyyəti vardır...
...Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Gələn il tam gücü ilə işləyəcəkdir. Azərbaycanda neft hasilatı artır və bununla bərabər, əlbəttə ki, bizim iqtisadi məsələlərimiz öz həllini tapır. Bir sözlə, ulu öndər Heydər Əliyev tərəfindən başlanmış və uğurla icra edilən neft strategiyası ölkəmizin hərtərəfli inkişafı üçün əvəzolunmaz rol oynayır. Biz bütün layihələrimizi həyata keçirmişik. Biz bütün enerji sahəsində, neft-qaz hasilatı və nəqli sahəsində bütün vəzifələri yerinə yetirmişik, öz proqramımızı icra etmişik. Bundan sonra, sadəcə olaraq, xarici tərəfdaşlarla, bizə dost olan ölkələrlə, müxtəlif şirkətlərlə səmərəli əməkdaşlığımızı davam etdirəcəyik. Yəni, bir sözlə, biz həm neftin, həm qazın hasil edilməsinə, həm də onların nəqlinə, çoxvariantlı nəqlinə nail olduq. İndi heç bir marşrutdan asılı deyilik, müxtəlif istiqamətlərdə bizim ixrac imkanlarımız, infrastrukturumuz var. Beləliklə, Azərbaycan bu sahədə öz maraqlarını tam şəkildə qorumaq şərti ilə dost və qonşu ölkələrlə səmərəli əməkdaşlığını davam etdirəcəkdir.
Əlbəttə ki, əsasən, neft layihələrinin icrası nəticəsində valyuta ehtiyatlarımız da artır. Bu gün Azərbaycanda valyuta ehtiyatları 5 milyard 100 milyon dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir. Növbəti illərdə bu, artacaq və kəskin şəkildə artacaqdır. Bu, həm gələcək nəsillərə, necə deyərlər, bizim əmanətimizdir, həm də, əlbəttə ki, cari işlərdə bu imkanlardan istifadə edəcəyik.
Bizim qarşımızda hələ çox məsələlər var. Biz ölkəmizi hərtərəfli inkişaf etdirməliyik, müasirləşdirməliyik, güclü infrastruktur yaradılmalıdır. Ən çətin vəziyyətdə olan soydaşlarımız - qaçqınlar, köçkünlər daha da yaxşı yaşamalıdır. Onlar üçün də böyük işlər görülür. Yeni şəhərciklər salınır. Söz verdiyimiz kimi, artıq bu il sonuncu çadır şəhərciyi ləğv ediləcək və insanlar daha da yaxşı yaşayacaqlar. Bu, çadır şəhərciklərinin ləğvi məsələsi, demək olar ki, işin birinci mərhələsidir. Bilirsiniz ki, proqram qəbul edilmişdir və növbəti illər üçün yeni təkliflər hazırlanmalıdır. Hazır olan kimi biz onları müzakirə edəcəyik, Dövlətqaçqınkoma göstərişlər verilib və o təkliflər əsasında biz növbəti proqramı qəbul edəcəyik.
Humanitar sahədə qəbul edilmiş qərarların da öz bəhrəsini verdiyini bildirən dövlətimizin başçısı dedi ki, Azərbaycanda çox yüksək sürətlə məktəb tikintisi aparılır, xəstəxanalar tikilir, insanları narahat edən əsas məsələlər öz həllini tapır. Ekologiya məsələlərinə xüsusi diqqət göstərməliyik. Əvvəllər maliyyə vəziyyətimiz bu sahəyə böyük investisiyalar qoymağa imkan yaratmırdı. Amma indi bizim maliyyə vəziyyətimiz yaxşılaşır, bu sahəyə mütləq böyük həcmdə investisiyalar qoymalıyıq.
Bildiyiniz kimi, ekoloji vəziyyətin yaxşılaşması üçün xüsusi proqram qəbul edilibdir. Bundan əlavə, təxirəsalınmaz tədbirlərin görülməsi üçün mən Prezident Fondundan vəsait ayırmışam və Azərbaycanda 100 kənd içməli su ilə təmin ediləcəkdir. O kəndlər ki, orada içməli su çox keyfiyyətsizdir və insanlar bundan əziyyət çəkirlər. Bu, insanların sağlamlığına da çox mənfi təsir göstərir. Yəni, bu təxirəsalınmaz tədbirlər imkan verəcək ki, ekoloji cəhətdən ən çətin vəziyyətdə olan insanlar daha yaxşı yaşasınlar. Şübhəsiz ki, bütün Azərbaycanda ekoloji məsələlərə çox böyük diqqət göstərilməlidir...
...Bilirsiniz ki, Azərbaycanın hərbi potensialının möhkəmlənməsi çox sürətlə gedir. Biz hərbi xərclərə böyük diqqət göstəririk. Azərbaycanın hərbi xərcləri bu il 1 milyard dollar səviyyəsinə çatıbdır. Çox böyük sayda hərbi texnika, təyyarələr, silah-sursat alınır və bu siyasət davam etdiriləcəkdir. Biz müharibə şəraitində yaşayırıq. Biz iqtisadi cəhətdən güclənirik, hərbi cəhətdən güclənirik, siyasi cəhətdən güclənirik, diplomatik səylərimiz güclənir. Bizim artıq 50-dən çox ölkədə daimi nümayəndəliyimiz, səfirliyimiz var. Biz bunun bəhrəsini görürük. Biz Azərbaycan əleyhinə istənilən formada aparılan kampaniyanın qarşısını alırıq.
Bildiyiniz kimi, bu yaxınlarda Albaniyadan Ermənistana qanunsuz şəkildə göndərilən silahlar geri qaytarıldı. Burada, əlbəttə, bizim türk qardaşlarımızın böyük xidmətləri var. Bu fürsətdən istifadə edib, bizim bütün qardaş-bacılarımıza və xüsusilə Türkiyə hökumətinə, Baş nazirə öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bunu vaxtında aşkar ediblər, Ermənistana qanunsuz şəkildə göndərilən silahları geri qaytarıblar. Dünən xarici işlər naziri mənə məlumat verib ki, bizim Xarici İşlər Nazirliyimiz də buna çox operativ şəkildə reaksiya verib, çox ciddi bəyanat veribdir. Bəyan edibdir ki, bu, Azərbaycana qarşı olan bir addımdır və bizimlə Albaniya arasında olan münasibətlərə çox ciddi şəkildə təsir göstərə bilər.
Nəzərə alaq ki, Albaniya tərəfi də Azərbaycanla əməkdaşlıq aparmağa çox meyillidir. Bu yaxınlarda İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində onların Baş naziri müraciət etmişdi ki, biz görüşək və görüşdük. Onların bizə bir neçə təklifləri, bir neçə xahişləri olubdur. Ancaq əgər onlar Ermənistanı silahlandıracaqsa, onda bizim onlarla heç bir əməkdaşlığımız olmayacaqdır. Bunu onlar da bilməlidirlər, bütün başqa separatistləri və təcavüzkar dövləti silahlandıran, onlara kömək göstərən bütün ölkələr də bilməlidir.
Dünən xarici işlər naziri mənə məlumat verib ki, albaniyalı həmkarı ona zəng edib, üzr istəyib və əmin edib ki, bundan sonra belə hərəkətlərə yol verilməyəcəkdir. Yenə də bu məsələdə Ermənistan özünü çox gülünc və biabırçı vəziyyətə salıbdır. Bildiyiniz kimi, Ermənistanın rəsmi nümayəndələri bu qanunsuz əməliyyatı inkar etmiş və bəyan etmişlər ki, biz müsəlman Albaniyadan silah almırıq. Biz başqa yerlərdən silah alırıq. Amma indi onların növbəti yalanı tam üzə çıxdı. Albaniya tərəfi özü bunu etiraf etdi. Xarici işlər naziri mənə bildirmişdir ki, o, öz həmkarı ilə söhbət əsnasında məsələ qoymuşdur ki, Albaniya tərəfi rəsmi bəyanat versin. Telefon söhbəti, əlbəttə, rəsmi iltifat əlamətidir. Amma bununla bərabər, rəsmi bəyanat verilməlidir.
Bu məsələ bir daha onu göstərir ki, Azərbaycanın imkanları artır, bizimlə hesablaşırlar. Azərbaycan önəmli ölkəyə çevrilir və bizim iştirakımız olmadan bu bölgədə heç bir beynəlxalq əməkdaşlıq təşəbbüsü reallaşa bilməz. Ona görə siyasi səylərimizi davam etdirməliyik, iqtisadiyyatımızı gücləndirməliyik, hərbi potensialımızı gücləndirməliyik. Belə olan halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi öz müsbət həllini tapacaqdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü prinsipini müdafiə edir, bunu açıq şəkildə bəyan edir.
Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən "qondarma seçkiləri" heç kim tanımadı. Bütün beynəlxalq təşkilatlar, aparıcı ölkələr bunu qınadılar. Separatist, qanunsuz, kriminal rejimə bütün beynəlxalq aləm öz etiraz səsini ifadə etdi. Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz. Azərbaycan buna imkan verməz. Heç bir ölkə, heç bir beynəlxalq təşkilat onların müstəqilliyini tanımayacaq və ilk növbədə, buna Azərbaycan heç vaxt razı olmayacaqdır.
Bizim təklifimiz konstruktiv təklifdir. Ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır. Bütün işğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır. Azərbaycanlılar, bizim qaçqınlarımız, soydaşlarımız, köçkünlərimiz öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra biz Dağlıq Qarabağın gələcək statusu haqqında danışa bilərik. Amma bu status mütləq Azərbaycanın tərkibində olmalıdır. Bunun kənarında heç bir razılaşma mümkün deyildir. Biz hələ ki, sülh danışıqlarına sadiqik. Hələ hesab edirik ki, bu danışıqlar davam etməlidir. Ancaq bununla bərabər, öz işimizi lazımi səviyyədə görürük.
Növbəti 6 ayda da biz gərək qarşıda duran bütün vəzifələri icra edək. Büdcənin icrası davam etməlidir. Bütün infrastruktur layihələri, tikintilər davam etməlidir. Vəsaitimiz var və əlbəttə ki, indidən biz artıq 2008-ci ilin büdcəsi haqqında fikirləşməliyik. Daha doğrusu, Maliyyə Nazirliyində işlər artıq başlanmışdır. Bir-iki aydan sonra büdcə layihəsi hazır olmalıdır. Əlbəttə, 2008-ci ilin büdcəsi həm keyfiyyət, həm də kəmiyyət baxımından 2007-ci ilin büdcəsindən daha da üstün olmalıdır.
Sonra müvafiq dövlət qurumlarının rəhbərləri çıxış edərək bu ilin birinci yarısında iqtisadi göstəricilər, əldə olunmuş uğurlar barədə ətraflı məlumat verdilər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vuraraq bildirdi ki, növbəti altı ayda, ilin sonuna qədər bütün qəbul edilmiş proqramlar icra olunmalıdır. Biz əsas diqqəti infrastruktur layihələrinə yönəltməliyik. İndi Azərbaycanda bütün sahələrdə infrastrukturun yeniləşməsi çox sürətlə gedir. Keçən il 5 elektrik stansiyasının tikilməsi və 450 meqavata yaxın əlavə gücün yaradılması, əlbəttə ki, energetika sahəsində vəziyyəti xeyli dərəcədə yaxşılaşdırıbdır.
Bu il isə bu layihələr davam edir. Sumqayıtda böyük elektrik stansiyasının tikintisi davam edir. Növbəti planlarımızda "Şimal-2", Əli Bayramlı, Səngəçal elektrik stansiyalarının tikintisi durur və Azərbaycanda çox böyük enerji potensialı yaranacaqdır. Biz indi, demək olar ki, özümüzü elektrik enerjisi ilə tam şəkildə təmin edirik və gələcəkdə elektrik enerjisinin ixracı ilə də məşğul olacağıq. Bu, həm böyük iqtisadi fayda gətirəcək və həm də, əlbəttə, siyasi baxımdan bizim üçün çox əlverişli olacaqdır.
Bakı şəhərində elektrik təsərrüfatının dövlət nəzarətinə qayıtdıqdan sonra bu sahədə islahatların da uğurla getdiyini qeyd edən Prezident İlham Əliyev həm dövlət tərəfindən əlavə vəsaitin ayrıldığını, həm də şirkətin özünün qazandığını və beləliklə, enerji sahəsində vəziyyətin sağlamlaşdırıldığını vurğuladı və bildirdi ki, bu, çox gözəl hadisədir. Görülən işlərin gözəl nəticəsidir. Elə etməliyik ki, Azərbaycanda bütün enerji təsərrüfatı ən yüksək səviyyədə olsun. İndi yeni elektrik stansiyalarının tikintisi imkan verir ki, mövcud güclər müasir səviyyəyə cavab versin. Paylayıcı şəbəkələr də gərək yeniləşsin, təzə xətlər çəkilməli və bütün lazımi avadanlıqlar da quraşdırılmalıdır.
Qazlaşdırma sahəsində də işlər gedir. Bu vaxta qədər qazlaşdırılmayan rayonlara qaz xətləri çəkilir. Xüsusilə bu növbəti altı ayda biz Bakı kəndlərinin qazlaşdırılmasına daha da böyük fikir verməliyik. Nəzərə alsaq ki, bu, Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramında da öz əksini tapıb, gərək çalışmalıyıq ki, ilin sonuna qədər, yaxud da uzaqbaşı, gələn ilin birinci yarısında Bakının bütün qəsəbələrinin qaz problemləri həll edilsin.
Bir sözlə, həm bu ilin sonuna qədər, həm bütövlükdə bütün fəaliyyətimizdə sosial məsələlərə çox böyük diqqət verilməlidir-deyə sözünə davam edən dövlətimizin başçısı qeyd etdi ki, bununla bərabər, abadlıq işləri də gedir. Bu gözəl şəhərimiz, paytaxtımız daha da gözəlləşir, abadlaşır. Bildiyiniz kimi, bir müddət bundan əvvəl mən bu məsələyə dair xüsusi sərəncam imzalamışam. O sərəncamda Bakının tarixi binalarının bərpası, təmizlənməzi, qorunması, işıqlandırılması məsələləri öz həllini tapmışdır və bu gün də biz bunu əyani şəkildə görürük. Biz hələ işin ilkin mərhələsindəyik. Planlarımızda, əlbəttə ki, Bakının bütün tarixi binalarının bərpası durur. Eyni zamanda, şəhərin mərkəzində yerləşən, lakin heç bir gözəl memarlığı ilə fərqlənməyən, köhnə, sovet tipli standart binaların gözəlləşdirilməsi məsələsi də gündəlikdə var. Bu sahədə artıq müəyyən işlər görülüb. Şəhərimizin mərkəzi Bakıya xas olan üslubda gözəlləşməlidir. Buna kifayət qədər vəsait də ayrılıb və bu işlər davam etməlidir.
Bununla bərabər, şəhər təsərrüfatına da əlavə investisiyalar qoyulmalıdır. Bu sahə də çox vacibdir. Yeni tikintilərə gəldikdə, onların hamısının çox gözəl memarlıq əlamətləri olmalıdır və standart tipli, "qutu" adlandırdığımız binalar artıq tikilmir, onlar qadağan edilibdir, dayandırmışıq. Bütövlükdə, bu sahəyə biz gərək fərdi qaydada yanaşaq ki, həm memarlıq baxımından gözəl binalar tikilsin, həm də onların yerləşməsi də şəhərin planına, bütün müasir şəhərsalma normalarına uyğun şəkildə təmin olsun.
Qanunsuz tikililərə artıq son qoyulmalıdır, qanunsuz tikililər sökülməlidir. Azərbaycanda hüquqi dövlət qurulur, bu hüquqi dövlət bütün sahələri ehtiva edir və heç bir qanunsuz hərəkət olmamalıdır, o cümlədən torpaqların qanunsuz zəbt edilməsi, qanunsuz sərəncamların verilməsi, yaxud da ki, heç bir sənədi olmayan şirkətlər tərəfindən qanunsuz binaların tikintisi. Bu baxımdan həm şəhər icra hakimiyyəti, həm də, rayon icra hakimiyyəti başçıları fərdi məsuliyyət daşıyırlar. Çünki bir çox hallarda onların şifahi razılığı ilə bu işlər görülür. Buna son qoyulmalıdır. Bu, mənim axırıncı xəbərdarlığımdır. Nə Bakıda, nə də ölkəmizin başqa yerlərində heç bir qanunsuz bina tikilməməlidir və tikilməyəcəkdir. Kim bunu edəcəksə, o, öz cəzasını alacaqdır!
Bakı ilə bərabər, bizim başqa şəhərlərimiz də gözəlləşir, abadlaşır. Mən tez-tez rayonlarda oluram, bu yenilikləri görürəm. Çox sevinirəm ki, rayonlarımızın da siması dəyişir. Onu da demək istəyirəm ki, rayonlarda binaların və ümumiyyətlə, şəhər təsərrüfatının müasir səviyyədə olması üçün mənim təşəbbüsümlə rayon icra hakimiyyəti başçıları Avropanın aparıcı ölkələrinə, şəhərlərinə ezam edilir və orada ən müasir təcrübə ilə tanış olurlar.
Digər infrastruktur layihələrinin icra olunması da davam edir. Oğuz-Qəbələ-Bakı su xəttinin tikintisi gedir, bu, çox böyük layihədir. Bakını gözəl, təmiz içməli su ilə təmin edəcəkdir. Samur-Abşeron kanalının tikintisi də davam edir, bu da böyük infrastruktur layihəsidir. Bu məsələlərə də böyük diqqət göstərilməlidir və bütövlükdə su təsərrüfatına, onun inkişafına biz daha da böyük həcmdə vəsait qoymalıyıq.
Qeyri-neft sektorunun inkişafında da yaxşı nəticələrin olduğunu bildirən Prezident İlham Əliyev bu ilin 6 ayında Azərbaycanın iqtisadiyyatına 2,7 milyard manat investisiya qoyulduğunu diqqətə çatdıraraq qeyd etdi ki, onlardan 1,6 milyard manatı neft sektoruna, 1,1 milyard manatı qeyri-neft sektorunadır. Bu, çox gözəl göstəricidir. Yəni, onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Bizim iqtisadiyyatımız, sadəcə, neftin əsasında qurulmur. Bizim məqsədimiz məhz bundadır ki, neft amilindən asılılığımız maksimum dərəcədə azalsın və qeyri-neft iqtisadiyyatı Azərbaycanın bütün əsas iqtisadi tələbatını ödəyə bilsin.
Onu da deyə bilərəm ki, 2,7 milyard manat investisiyadan 1,4 milyard manatı daxili investisiyadır. Bu da çox gözəl göstəricidir. Əvvəlki illərdə xarici investisiyalar bizdə 90 faiz təşkil edirdi. İndi əksəri daxili investisiyadır. Əlbəttə, dövlət xətti ilə görülən işlər də bunun içindədir, həm də özəl sektor tərəfindən kifayət qədər vəsait qoyulur.
Özəl sektora bizim dəstəyimiz davam etməlidir. Bütün dövlət qurumları sahibkarlığın inkişafında fəal iştirak etməlidir. Sahibkarlara verilən güzəştli kreditlər davam edəcəkdir. Artıq bir neçə ildir ki, bu kreditlər verilir, yəqin, vaxt gəlib çatıb ki, o kreditlər qaytarılsın.
Bu günə qədər sahibkarlığın inkişafı istiqamətində verilən kreditlərin həcmi yəqin ki, 200 milyon manatdan çox olubdur. Əlbəttə, bu, dövlət tərəfindən sahibkarlara göstərilən böyük diqqətdir. Gələn illərdə, yəqin ki, 2008-ci ildə yenə də biz o kreditləri verəcəyik. Amma yəqin bir ildən, iki ildən sonra artıq o kreditlər qayıtmağa başlayacaq və onun hesabına yeni kreditlər veriləcəkdir. Yəni kreditlərin qaytarılması ona görə lazımdır ki, başqa sahibkarlara yeni kreditlər verilsin. Biz dövlət tərəfindən olan bu dəstəyin əyani nəticələrini rayonlarda gedən işlərdə görürük. İri müəssisələr, fabriklər, zavodlar tikilir, iş yerləri açılır - bütün bunlar bizə də, sahibkarlara da lazımdır.
Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti çox vacibdir və bilirəm ki, onun artıq bir neçə hazır layihəsi var. Onların icrasına başlanmalıdır. Bu, bizim üçün yeni bir sahədir. Dövlət İnvestisiya Şirkəti bu yaxınlarda yaradılıbdır. Onun əsas məqsədi ondan ibarətdir ki, xarici investorları stimullaşdırsın, təşviq etsin və Azərbaycana lazım olan, ölkəmizin iqtisadiyyatına lazım olan sahələrə investisiyalar daha böyük həcmdə gəlsin.
Yarmarkalar öz müsbət nəticələrini verir, insanlar bundan faydalanırlar. Bu, davam etməlidir. Bilirəm ki, yarmarkalara çıxarılan məhsulların miqdarı da, növləri də artır. Bu, çox müsbət təşəbbüsdür və bunun çox gözəl nəticələri vardır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətlə inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı bildirdi ki, mən bu il dünyanın aparıcı İKT şirkətlərinin başçıları ilə görüşlər keçirmişəm. Azərbaycana çox böyük maraq var, Azərbaycan çox perspektivli yer kimi qəbul olunur. Bir tərəfdən, bizim ümumi iqtisadi inkişafımız, ümumi daxili məhsulun yüksək səviyyədə olması, Azərbaycanda iş görmək istəyən bütün şirkətləri, əlbəttə, təəccübləndirir və eyni zamanda, onları Azərbaycana gəlməyə sövq edir. Digər tərəfdən, bu sahədə görülən işlər, qəbul edilmiş proqramlar və bizim praktik uğurlarımız, əlbəttə, böyük İKT şirkətlərinin Azərbaycana gəlməsini təmin edəcəkdir. Bu, müasirlikdir, iqtisadi cəhətdən çox əlverişli sektordur.
Beləliklə, demək istəyirəm ki, bütövlükdə, ilin 6 ayının yekunları çox müsbətdir, çox qənaətbəxşdir. Qəbul edilmiş bütün qərarlar, büdcənin icrası növbəti altı ayda təmin olunmalıdır, bütün infrastruktur layihələri təmin edilməlidir. Artıq indidən 2008-ci ilin büdcəsinə və ümumiyyətlə, 2008-ci ildə görüləcək işlərə diqqət yetirməliyik. Bütün nazirliklər, bütün dövlət qurumları öz təkliflərini verməlidir, son anda yox, özü də vaxtında verməlidir.
Bəzi hallarda, - mən bunu da qeyd etmək istəyirəm, - bəzi dövlət qurumları son anda təklifini verir və deyir ki, bu qədər vəsait lazımdır və onu heç cür əsaslandırmır. Bilirsiniz, bu da çox ciddi məsələdir. Mən istəyirəm xüsusilə bu barədə deyim. İndi bizim maddi imkanlarımız, büdcəmiz artır. Ancaq bu, o demək deyil ki, qeyri-real sifarişlər verilsin, görüləcək işlərin xərcləri süni şəkildə artırılsın. Bizim maddi imkanlarımız, sadəcə olaraq, imkan verir ki, bütün qarşıda duran vəzifələr icra edilsin. Amma bütün təkliflər, bütün sifarişlər vaxtlı-vaxtında verilməlidir. İndidən dövlət qurumları tərəfindən Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə təkliflər verilməlidir ki, 2008-ci ildə hansı işlər görüləcəkdir və bu, real təkliflər olmalıdır, onsuz da onlar təftiş ediləcəkdir. Amma indidən deyirəm, şişirtmələrə yol vermək olmaz, burada əsassız iddialar olmamalıdır. Hər şey reallıq əsasında olmalıdır və görüləcək bütün işlər maksimum səmərə verməlidir.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.