«Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» qanun layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 13-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" və büdcə zərfinə daxil olan digər qanun layihələri müzakirəyə çıxarılmışdır.
Parlamentin sədri Oqtay Əsədov demişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası uğurla davam etdirilir və dövlət büdcəsində bütün sahələr üzrə əldə edilən müsbət nəticələr buna əyani misaldır. Dövlət büdcəsinin gəlir və xərcləri əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Sosial-iqtisadi sahədə əldə edilən sıçrayışlı inkişaf ölkəmizin yaxın zamanlarda ən inkişaf etmiş dövlətlər sırasında layiqli yerini tutmasına imkan yaradacaq. Parlamentin sədri bildirmişdir ki, növbəti ilin dövlət büdcəsi layihəsi Milli Məclisin daimi komissiyalarında müzakirə olunmuş və plenar iclasa tövsiyə edilmişdir.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə ötən illərlə müqayisədə büdcə xərclərinin tərkib hissəsində təhsilə, səhiyyəyə vəsaitlərin artırıldığını nəzərə çatdırmış, dövlət büdcəsinin kəsirinə gəlincə, bu rəqəmin 3,5 faiz müəyyənləşdirildiyini bildirmişdir. Komissiya sədri büdcə kəsirinin daxili imkanlar hesabına aradan qaldırılması imkanları barədə də danışmışdır.
Maliyyə naziri Samir Şərifov 2008-ci il dövlət və icmal büdcələrinin layihələri, eləcə də büdcə zərfinə daxil olan digər qanun layihələri barədə ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, büdcə paketinin tərtibi zamanı ölkəmizin mövcud sosial-iqtisadi durumuna, iqtisadi islahatların davam etdirilməsinə və orta müddətli dövr üçün sıçrayışlı inkişafına təsir edən amillər təhlil edilmişdir. Dövlət büdcəsinin gəlir və xərclərinin hüquqi bazasının yaradılmasında mühüm əhəmiyyət kəsb edən bir neçə qanunvericilik aktlarına, o cümlədən, "Büdcə sistemi haqqında", "Dövlət rüsumu haqqında", "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının qanunlarına, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş, "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri hazırlanmış və büdcə zərfi ilə birlikdə müzakirəyə təqdim olunmuşdur.
2008-ci il büdcə layihəsinin tərtibi zamanı 2008-2011-ci illərdə ölkənin valyuta gəlirlərinin gözlənilən sıçrayışlı artımı hesabına pul kütləsinin artacağı ehtimalı nəzərə alınmış, bunun nəticəsində inflyasiya risklərinin kəskinləşəcəyi şəraitdə inflyasiya təzyiqlərinin mümkün qədər azaldılması məqsədilə dövlət xərclərinin artımının nəzarət altında saxlanılması, pul təklifinin sterilizasiya olunması və daxili maliyyə bazarının inkişafının sürətləndirilməsi tədbirlərinin həyata keçirilməsi qarşıda qoyulan vəzifələr sırasına daxil edilmişdir.
Növbəti ildə iqtisadiyyatın, o cümlədən, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsi vəzifəsi büdcənin gəlir və xərclərinin formalaşması zamanı diqqət mərkəzində olmuşdur. Ölkə iqtisadiyyatının inkişafı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təsirli tədbirlərin görülməsi nəticəsində təqdim olunmuş layihə üzrə növbəti ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 23,5 faizi həcmində və yaxud 2007-ci ilin proqnozuna nisbətən 0,8 faiz çox olacaq.
Maliyyə naziri qeyd etmişdir ki, 2007-ci ildən başlayaraq vergi yığımlarının neft və qeyri-neft sektoru üzrə proqnozlaşdırılması və uçotu həyata keçirilir. 2008-ci ildə neft sektoru (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) üzrə vergi yığımlarının məbləğinin 2 milyard 730 milyon manat və ya 2007-ci ilə nisbətən 3 faiz , qeyri-neft sektoru üzrə 2 milyard 270 milyon manat və ya 2007-ci ilə nisbətən 42,8 faiz çox olacağı proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsi üzrə 1 milyard 100 milyon manat proqnoz nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 42,9 faiz və ya 330 milyon manat çoxdur.
2008-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan "Avtomobil Yolları" məqsədli büdcə Fondunun gəlirləri 130 milyon manat nəzərdə tutulur ki, bu da 2007-ci ilə nisbətən 32,7 faiz və ya 32 milyon manat çoxdur. 2008-ci ildə gəlirlərin nəzərdə tutulan artımı ilk növbədə vasitəli vergilərin yığılmasında inzibatçılığın gücləndirilməsi və sadələşdirilmiş verginin tətbiqinin təkmilləşdirilməsi hesabına olacaqdır. Belə ki, əlavə dəyər vergisi sahəsində itkilərin aşağı salınması və vergidən yayınma hallarının qarşısının alınması məqsədilə bu vergi üzrə ödənişlərin xüsusi xəzinə hesabı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Maliyyə nazirinin sözlərinə görə, 2008-ci il dövlət büdcəsinin xərcləri 8 milyard 509 milyon manat proqnozlaşdırılır ki, bu da 2007-ci ilə nisbətən 2 milyard 194 milyon manat və ya 34,7 faiz çoxdur. Ölkənin iqtisadi strategiyasına uyğun olaraq 2008-ci ildə sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən, əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əməkhaqqının, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin artımının təmin edilməsi, pensiyaların baza hissəsinin yaşayış minimum həddinə yaxınlaşdırılması, müdafiə, hüquq-mühafizə orqanlarının, dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrinin əməkhaqqı sisteminin təkmilləşdirilməsi, ölkənin sığorta və pensiya sistemlərində islahatların dərinləşdirilməsi qarşıya qoyulmuşdur. Növbəti ildə büdcə xərclərinin proqramlar, konkret tədbirlər, adambaşına maliyyələşdirilmə prinsipi əsasında proqnozlaşdırılmasına üstünlük verilmişdir ki, bu da dövlət büdcəsinin icrası prosesində ayrı-ayrı məqsədli dövlət proqramlarında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan verəcək.
Dövlət büdcəsinin tərtibi zamanı dövlət əsaslı vəsait qoyuluşu xərcləri 48,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 30,2 faiz, təhsil xərcləri 28,5 faiz, müdafiə xərcləri 25,4 faiz, mənzil-kommunal təsərrüfat xərcləri 21,5 faiz, sosial müdafiə və sosial təminat xərcləri 21,2 faiz, səhiyyə xərcləri 18,5 faiz, nəqliyyat və rabitə xərcləri 9,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 3,6 faiz artımla proqnozlaşdırılmışdır.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 32,8 faiz olmaqla cari illə müqayisədə 584 milyon manat və ya 26,5 faiz artacaq. Maaşları vahid tarif cədvəli ilə tənzimlənən vəzifələr üzrə minimum aylıq əməkhaqlarının artımı üçün 184 milyon manat vəsait ayrılmışdır ki, bu da büdcədən maliyyələşən təşkilatlarda işləyən 630 min nəfərə yaxın şəxslərin maddi təminatının yaxşılaşdırılmasına imkan verəcək. Əlavə olaraq, əməkhaqqı sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artımı üçün 183,1 milyon manat vəsait yönəldiləcək.
2008-ci ildən başlayaraq elmin maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı 5 milyon manat, "Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2005-2009-cu illər)" icrası üçün 8,8 milyon manat, "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramının (2007-2010-cu illər)" maliyyələşdirilməsi üçün 5,8 milyon manat vəsait ayrılmışdır. Digər dövlət proqramlarının icrası üçün də lazımi vəsait nəzərdə tutulmuşdur.
Əhalinin sosial müdafiəsi üzrə dövlət siyasətinin davamı olaraq 2008-ci ildə əmək pensiyalarının baza hissəsinin artımı üçün 140 milyon manat, ehtiyac meyarının təklif olunan artımı ilə əlaqədar ünvanlı dövlət sosial yardımın tətbiqi üçün 128 milyon manat, məcburi köçkünlərə verilən yemək xərcinin artımı üçün 9,5 milyon manat, sosial müavinətlərin (14 növ - müharibə veteranları, ailə başçısını itirənlər, 16 yaşadək əlil uşaqlar, bir yaşadək uşağı olan aztəminatlı ailələr və s.) həddinin artırılması üçün 27,8 milyon manat, əlillərin müalicəsinin təşkili və müvafiq avadanlıqların alınması üçün 3 milyon manat vəsait yönəldiləcək.
Ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafında milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə ilk dəfə olaraq dövlət büdcəsində 1,5 milyon manat nəzərdə tutulur.
2008-ci il dövlət büdcəsində əsas məqsədlərdən biri də ölkə daxilində olan maliyyə resurslarının investisiyaya (dövlət əsaslı vəsait qoyuluşuna) yönəldilməsinin davam etdirilməsi olacaq. 2008-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşuna 2 milyard 841 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Mövzu ətrafında aidiyyəti qurumların rəhbərlərinin çıxışlarından sonra Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə "Dövlət borcu haqqında" qanuna edilən dəyişikliklər barədə məlumat vermişdir. Bu dəyişikliyə görə dövlət zəmanəti ilə alınan kreditlərlə əlaqədar Təminat Fondunun yaradılması nəzərdə tutulur. Deputatlar bu sənədə səs verdikdən sonra 2008-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başlamışlar.
Müzakirələr Milli Məclisin noyabrın 14 və 15-də keçirilən iclaslarında da davam etdirilmişdir. Müzakirələrdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də iştirak etmiş və deputatların qaldırdıqları aidiyyəti məsələlərə aydınlıq gətirərək bildirmişdir ki, xarici ölkələrdə çalışan diplomat diplomatik fəaliyyətini qurtarıb Azərbaycana qayıdarkən ailəsinə bir avtomobil gətirə bilər. Amma qanunvericilik diplomatın hər dəfə məzuniyyətdən və ya ezamiyyətdən qayıdarkən avtomobil gətirməsinə imkan vermir. Aydın Əliyev müxalifətçi deputatların gömrük orqanlarına ünvanladıqları əsassız ittihamlara da münasibətini açıqlamışdır.
Qeyd edək ki, 2008-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi parlamentin srağagünkü iclasında başa çatmışdır. Bildirilmişdir ki, müzakirələrdə səslənən bir sıra təkliflər hökumət tərəfindən nəzərdən keçiriləcək.
Milli Məclisin dünənki iclasında isə dövlət büdcəsi zərfinə daxil olan digər qanun layihələri, o cümlədən, "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirə edilmişdir.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.