Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik


Hörmətli həmvətənlər!
Sizi xalqımızın sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar diləyirəm.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur. Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti qazanmışdır.
Azərbaycanın son illərdə ən müxtəlif sahələrdə nail olduğu misilsiz uğurlar bu bahar günlərində hər evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etmişdir. Mədəni-ictimai həyatımızın daha da canlanması, iqtisadiyyatımızın yüksələn xətt üzrə davamlı inkişaf tempi, paytaxtımızı və bölgələrimizi bürüyən abadlıq-quruculuq işləri təbiətin dirçəlməsi və yeniləşməsi ilə həmahəng olub hər birimizdə nikbin ovqat yaradır, sabahkı günə dərin inam aşılayır.
Azərbaycan torpaqlarının müdafiəsində dayanan mətin əsgərlərimizə mən bu əziz günlərdə səmimi bayram salamımı yetirirəm. Ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm.
Azərbaycanın sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımız da Novruz bayramını bizimlə birlikdə böyük sevinclə qarşılayırlar. Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram hər gəlişi ilə onların Ana Vətənə azərbaycançılıq məfkurəsi işığında bağlılıq duyğularını daha da gücləndirir.
Əziz bayram günündə hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm.
Novruz bayramınız mübarək olsun!

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2008-ci il.

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb