Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan ilə Tacikistan arasında səmərəli, dinamik əməkdaşlıq mərhələsi başlanır


Avqustun 13-14-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycanda ikigünlük rəsmi səfərdə olmuşdur.
Avqustun 13-də Prezident sarayında Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olmuşdur. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü oldu.
Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıldı. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirildi.
Avqustun 13-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Tacikistan Prezidenti Emoməli Rəhmonu Azərbaycanda ürəkdən salamlayan Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, bu, bizim ölkəyə Sizin ilk rəsmi səfərinizdir və mənim bildiyimə görə, ilk dəfədir ki, Azərbaycana gəlmisiniz. Ümidvaram ki, bu səfər həm məzmunca, həm də forma etibarilə çox uğurlu olacaqdır.
Biz ölkələrimizin ikitərəfli əlaqələrinə böyük əhəmiyyət veririk. Bu ilin baharında mən Sizin ölkədə rəsmi səfərdə olmuşam. Bu gün Siz Azərbaycandasınız. Bu, ölkələrimiz arasında fəal siyasi münasibətlərin nümayişidir.
Bu gün biz təkbətək görüşdə qarşılıqlı siyasi və iqtisadi əlaqələrin çox mühüm məsələlərini müzakirə etdik və müvafiq qurumlara artıq konkret tapşırıqlar verdik ki, ən qısa müddətdə inteqrasiya xarakterli ciddi iqtisadi layihələrə başlayaq. Əlbəttə, bu, həm əmtəə dövriyyəsinin artmasına, həm də ölkələrimiz arasında daha sıx inteqrasiyaya kömək edəcəkdir. Biz yaxın vaxtlarda, ən qısa müddətdə Sizin ölkədə Azərbaycanın səfirliyini açacağıq, bu da bizim əlaqələrə nə dərəcədə əhəmiyyət verməyimizin ciddi indikatorudur. Ümidvaram ki, ölkəmizdə olmağınız Sizin yadınızda qalacaq, faydalı və xoş olacaqdır. Biz həm də regional xarakterli bütün məsələlər üzrə gələcək səmərəli qarşılıqlı əlaqələrə, ikitərəfli siyasi və iqtisadi münasibətlərə, regionda təhlükəsizlik sisteminin möhkəmlənəcəyinə ümid edirik. Bizdə bütün sahələrdə tam qarşılıqlı anlaşma var.
Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon dost Azərbaycana səfərə dəvətə, hərarətlə və səmimi qəbula  görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək bildirdi ki, biz Tacikistan dövlətinin başçısının Azərbaycan Respublikasına ilk rəsmi səfərinə böyük əhəmiyyət veririk və əminik ki, bu səfər Tacikistan-Azərbaycan əməkdaşlığının bütün kompleksinin inkişafına güclü təkan verəcəkdir. Tacikistan bunu əsas götürür ki, qloballaşma proseslərinin, müxtəlif ölkələrin qarşılıqlı əlaqələrinin intensivləşdiyi dövrdə bizim birgə səylərimiz həyatın bütün sahələrində əlaqələrin hərtərəfli inkişafına yönəldilməlidir. Hörmətli İlham Heydər oğlu, Sizin ölkəmizə səfərinizdən sonra çoxəsrlik zəngin ənənələri olan iki dövlət arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çatdırılmışdır.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.
Avqustun 13-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon imzaladılar.
Daha sonra iki ölkə arasında statistika sahəsində əməkdaşlıq haqqında saziş, "Det.Al Metal DMCC" və "TALCO management Ltd" şirkətləri arasında çoxtərəfli əməkdaşlıq proqramı haqqında çərçivə sazişi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının Hökuməti ilə Tacikistan Respublikasının Hökuməti arasında elm, texnika və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının Hökuməti ilə Tacikistan Respublikasının Hökuməti arasında rabitə və informasiyalaşdırma sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının Hökuməti ilə Tacikistan Respublikasının Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılması, gəlir və kapitala görə vergilərin ödənilməsindən yayınma hallarının qarşısının alınması barədə saziş, Azərbaycan Respublikasının Hökuməti ilə Tacikistan Respublikasının Hökuməti arasında azad ticarət haqqında saziş imzalandı.
Həmin gün Prezident sarayında sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun birgə mətbuat konfransı keçirilmişdir.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər və jurnalistlərin suallarını ətraflı cavablandırdılar.
Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 13-də Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan dövlətinin başçısını burada səmimiyyətlə qarşıladı. Qonaqlar əvvəlcə kinozalda Fondun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən söhbət açan sənədli filmə baxdılar.
Sonra Tacikistan Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədi Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, ölkəmizin qonaqlarında əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu regional layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Tacikistan Prezidenti Emoməli Rəhmon fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış oldu, onların ümummilli liderimizlə müxtəlif görüşlərdə birgə çəkdirdikləri fotoşəkillərə böyük maraqla baxdı.
Prezidentlər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də baxdılar. Tacikistan Prezidenti Fondun xatirə kitabına ürək sözlərini yazdı.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldığını söylədi.
Avqustun 13-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi qəbul təşkil edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 13-də "Gülüstan" sarayında rəsmi qəbuldan sonra Bakını avtobusla gəzintiyə çıxmışlar.
Azərbaycan dövlətinin başçısı dost ölkənin Prezidentini gündən-günə gözəlləşən Bakının görməli yerləri ilə tanış etdi, ənənəvi üslubu saxlamaqla şəhərin ən müasir standartlar səviyyəsində inkişafı üçün həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verdi.
Bakı ilə yaxından tanışlıq Tacikistan Prezidenti Emoməli Rəhmonda zəngin təəssürat doğurdu.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb