Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Ölkəmiz hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur


Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrindən olan müstəqillik dövrü xalqımıza bütün sahələrdə yeni-yeni nailiyyətlər bəxş etmiş, respublikamız hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, hər tərəfdə yenilik hiss olunur, quruculuq prosesi geniş vüsət alır.
Respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənir, cəmiyyətin sosial sifarişini əks etdirir. Bu baxımdan, ölkəmizdə aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, qiymətlərin təbii tənzimlənməsi əhalinin sosial baxımdan nisbətən zəif\ təbəqəsinin maraqlarını inkar etmir. Bu təbəqənin maraqları mütləq nəzərə alınır, hər bir islahatın onların maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir. Belə ki, 2003-cü ilin sentyabrında cəmi 5,5 Azərbaycan manatı olan minimum əmək haqqı bu gün 50 manata qaldırılmış, əhalinin pensiyaları təxminən 3,5 dəfə artmışdır.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində tari\xi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, onların müasir tipli yeni qəsəbələrə köçürülməsi, faydalı məşğulluğunun təmin edilməsi kimi məsələlər də Azərbaycan Prezidentinin sosialyönümlü siyasətinin mühüm tərkib hissəsidir. 2007-ci ilin sonunadək Azərbaycandakı bütün çadır şəhərcikləri öz yerini yeni, müasir standartlara uyğun, hər cür sosial infrastruktura malik şəhərciklərə verməlidir və bu iş artıq başa çatmaq üzrədir.
Bazar iqtisadiyyatı yolunu seçmiş hər bir ölkənin sabit və davamlı inkişafında sahibkarlar sinfinin, özəl sektorun rolu misilsizdir. Azərbaycan Prezidenti ölkənin sosial iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu da düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, onların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin rayonlara müntəzəm səfərləri də diqqəti xüsusi cəlb edir. Bunun nəticəsi olaraq bölgələrdə canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri geniş vüsət almış, infrastrukturun yeniləşməsi, rentabelli istehsal müəssisələrinin, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
İqtisadi inkişafda davamlılığın təmin olunması, xarici siyasət sahəsində fəal diplomatiyanın həyata keçirilməsi, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi, habelə dövlət idarəetmə sistemi üçün yüksək ixtisaslı, bacarıqlı, intellektual səviyyəli, vətənpərvər kadrların hazırlanması zərurəti təhsil sahəsində də ardıcıl islahatların reallaşdırılması məsələsini xeyli aktuallaşdırır. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin həyata keçirilməsini vacib məsələ kimi önə çıxarır. Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşan islahatların əsas məqsədi də məhz bu fundamental prinsiplərin sistemli surətdə gerçəkləşməsi, dünya təhsil sisteminə inteqrasiyasının təmin edilməsi, insan kapitalının formalaşdırılmasıdır.
Müasir dövrdə təhsilin səviyyəsi həm də kompüter və informasiya texnologiyalarının sürətli inkişaf tempi ilə şərtlənir. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyaları olmalıdır. «Qara qızılı insan qızılına» çevrilməyin vaxtının çatdığını həmişə xüsusi vurğulayan Azərbaycan Prezidenti çıxışlarında informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkir. Bu çağırışın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır.
Neft kapitalının insan kapitalına, intellektual kapitala çevrilməsini öz siyasətinin prioriteti kimi qəbul edən Prezident İlham Əliyevin reallaşdırdığı islahatlar, regional və beynəlxalq layihələr rəğbətlə qarşılanır. Odur ki, sosial-iqtisadi inkişafın belə yüksək dinamikasının qorunub saxlanılması, ümummilli problemlərimizin həllinə yönələn və xalqın həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən siyasi kursun davamlı olması cəmiyyətdə qətiyyətlə müdafiə edilir. Bütün bunlar qüdrətli, zəngin, demokratik, sivil dövlət  quruculuğuna təminat verən siyasi strategiyanın xalqımızın xoşbəxt gələcəyi üçün yeni nailiyyətlərə yol açacağına qəti əminlik yaradır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb