Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir


Azərbaycanda qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar edilməsi, xarici investisiyaların regionların inkişafına yönəldilməsi, yeni istehsal sahələrinin açılması, qeyri-neft sektorunun yüksəlişi, əhalinin faydalı məşğulluğunun artırılması, ölkədə azad sahibkarlıq və biznes mühitinə əlverişli şəraitin yaradılması kimi kompleks tədbirlər nəticəsində ölkə iqtisadi cəhətdən günbəgün möhkəmlənir, sosial-iqtisadi yüksəliş insanların gündəlik həyatında özünü qabarıq büruzə verir.
Respublikamızda yüksək dinamizmlə gerçəkləşdirilən islahatlar kursunun reallığa çevrilməsi, məqsədyönlülüyü, eləcə də milli mənafeləri özündə əks etdirməsi hər bir azərbaycanlıda böyük qürur hissi doğurmaqla gələcəyə böyük əminlik, inam hissi yaradır.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" əsasında həyata keçirilən kompleks tədbirlər sistemi ölkə iqtisadiyyatının ən müxtəlif sahələrinin, o cümlədən yerli və xarici investisiyalar, müasir idarəetmə texnologiyalarının cəlb olunması yolu ilə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin, sosial infrastrukturun yenidən qurulmasına, yeni iş yerlərinin açılması hesabına ölkədə işsizlik və yoxsulluq probleminin aradan qaldırılmasına, vətəndaşların maddi rifah halının yüksəldilməsinə yönəlmişdir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığının mümkün qədər azaldılması məqsədilə aqrar sektorun inkişafı hazırda hökumət səviyyəsində həyata keçirilən iqtisadi siyasətin öncül istiqamətlərindən biridir.
Aqrar islahatları daha da dərinləşdirmək, kəndli-fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsip və qaydalara əsaslanan, müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır. Texniki servis mərkəzləri yaratmaq, fermerlərin aqrotexniki xidmətlərdən istifadə etməsinə, onların maliyyə problemlərinin büdcə vəsaitləri və güzəştli kreditlərlə həllinə kömək etmək, bir sözlə, iqtisadi inkişafda, ÜDM istehsalında aqrar sektorun payının artımına nail olmaq üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafının sürətləndirilməsi strategiyası 2005-2007-ci illər ərzində özünü tam doğruldaraq müsbət maliyyə və iqtisadi nəticələrin qazanılmasını təmin etmişdir.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hökumət regionların inkişafını təmin etməyə, işçi qüvvəsinin, əhalinin regionlardan Bakıya axınının əks istiqamətdə əvəzlənməsinə nail olmağa çalışır. Bu məqsədlə yerli resursların təsərrüfatçılıq dövriyyəsinə cəlb edilməsi, yeni istehsal və sosial infrastruktur sahələrinin yaradılması, hər bir regionda yerli xammal əsasında fəaliyyət göstərən, rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması xüsusi diqqət mərkəzindədir.
Ötən il iqtisadiyyatın bir çox sahələrində iri investisiya layihələrinin uğurla həyata keçirilməsi təmin edilmiş, o cümlədən bir çox sosial-məişət təyinatlı, energetika, kommunal, nəqliyyat, su təchizatı, irriqasiya və sair infrastruktur layihələr üzrə tikinti və yenidənqurma işləri aparılmış, avadanlıq və qurğular alınmışdır. Bütövlükdə bütün maliyyə mənbələrindən əsas kapitala 6,8 milyard manat məbləğində investisiya yönəldilmişdir ki, bu da 2006-cı illə müqayisədə 17,8 faiz çoxdur.
Dövlət başçısı İlham Əlyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. Bu müddətdə respublikamızda iqtisadi artım 25 faiz, sənaye istehsalının artımı 24 faiz olmuş, əhalinin pul gəlirləri 40,3 faiz artmışdır. Bu gün bütün mənbələrdə Azərbaycanın valyuta ehtiyatları 7,3 milyard dollar səviyyəsindədir. Bu məbləğ 2008-ci ildə azı iki dəfə artacaq. Ümumiyyətlə, 2008-ci ildə dövlət büdcəmizin xərcləri 10 milyard dollar təşkil edəcək, icmal büdcə isə 12 milyard dollar olacaqdır.
Bu il iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, dövlət idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, xüsusilə onun aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun azaldılması, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsi dövlət büdcəsinin gəlir və xərclərinin formalaşması zamanı diqqət mərkəzində olmuşdur.
Eyni zamanda, büdcə layihəsinin tərtibi zamanı 2008-2011-ci illərdə ölkənin valyuta gəlirlərinin gözlənilən kəskin artımı nəticəsində pul kütləsinin və inflyasiya risklərinin artacağı nəzərə alınmış, monetar və fiskal siyasətin əlaqələndirilməsi, dövlət xərclərinə nəzarətin gücləndirilməsi, pul təklifinin sterilizasiya olunması və daxili maliyyə bazarının inkişafının sürətləndirilməsi tədbirlərinin həyata keçirilməsi qarşıda qoyulan vəzifələr sırasına daxil edilmişdir.
Regionların inkişafı sahəsində son illər atılmış ciddi addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, regionlarda iqtisadiyyatın nəzərəçarpacaq inkişafına nail olunmuş, vergi potensialı xeyli artmışdır. Məhz bu artım nəzərə alınmaqla 2008-ci ildə Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonlarda vergi gəlirlərinin artım səviyyəsi büdcə gəlirlərinin orta artım səviyyəsindən xeyli yüksək proqnozlaşdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördillik yekunlarına həsr olunmuş konfransda ölkənin son dörd ildə keçdiyi inkişaf yoluna bir daha nəzər salmış, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən məmnun olduğunu bildirmiş, respublikamızın ildən-ilə sürətlə inkişaf etdiyini, əhalinin sosial rifahının yüksəldiyini, sənaye, kənd təsərrüfatı, mədəniyyət, səhiyyə, təhsil və idmanda böyük nailiyyətlərin olduğunu vurğulamışdır.
Dövlət başçısının bu yaxınlarda Gəncə və Naftalan şəhərlərinə, Samux və Xanlar rayonlarına səfəri zamanı sözügedən yerlərdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olması bir daha göstərdi ki, ölkə prezidenti Azərbaycanda qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirir, regionlarda qarşıya çıxan problemlərin həlli istiqamətində müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verir, onların icrasını nəzarətdə saxlayır. Əminliklə demək olar ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasət kursu qarşıdakı illərdə ölkəmizə daha böyük uğurlar gətirəcəkdir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb