Xalqın və dövlətin rifahına xidmət edən uğurlu siyasət
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu və dövlət başçımız İlham Əliyevin səylə həyata keçirdiyi sosial-iqtisadi islahatlar respublikamızda əsaslı dəyişikliklərə səbəb olmuşdur.
Həyatın bütün sahələrini əhatə edən quruculuq-abadlıq işləri, əlverişli investisiya mühiti, eyni zamanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Azərbaycanın güclü inkişafını reallaşdıraraq ölkənin mənzərəsini tamam dəyişmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev bu ali vəzifədə öz səlahiyyətlərinin icrasına başladığı ilk gündən bəyan etmişdir ki, Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verir və bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Təsadüfi deyil ki, hazırda ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Azərbaycan bu gün regiondakı layihələrə müəlliflik edir, onların həyata keçirilməsində fəal rol oynayır. Sürətli iqtisadi inkişaf Azərbaycanın gənc müstəqil dövlət kimi möhkəmlənməsinə əsaslı şərait yaradır. Təbii ki, hər bir dövlətin gücü onun iqtisadi qüdrətindən çox asılıdır. Qeyd etmək lazımdır ki, iqtisadi həyatın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı son üç ildə misilsiz sürətlə artaraq bu sahədə Azərbaycanı dünyanın lider dövlətinə çevirmişdir. Bu göstərici 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz olmuşdur. Bu ilin əvvəllərində isə ötən illərin müvafiq dövrləri ilə müqayisədə 35-40 faizədək yüksəlmişdir.
Son illərin iqtisadi tərəqqisi respublikamızda əsaslı keyfiyyət dəyişiklikləri üçün möhkəm zəmin, əlverişli şərait yaratmışdır. Respublikanın dövlət büdcəsi 1 milyard dollardan 8 milyard dollara çatdırılmışdır. Ölkənin əsas istehsalı olan neftin istehsalı və satışı digər sahələrin də tarazlı inkişafına zəmin yaratmışdır. Tarixi neft layihələrinin həyata keçirilməsi nəticəsində bu il 43 milyon ton neft hasil ediləcək, gələn il isə ölkədən 50 milyon ton neft ixrac olunacaq. İqtisadiyyatın 80 faizi özəl bölmə tərəfindən hərəkətə gətirilir. Aqrar sahənin problemlərinin həll edilməsi üçün bu il dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılıb.
Son üç ildə ölkənin müxtəlif bölgələrində 800-dək yeni məktəb tikilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin xalqa vəd etdiyi 600 min iş yeri artıq günün reallığıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda iqtisadi artım ən yüksək səviyyədədir. Ölkənin sosial-iqtisadi həyatında bəzi problemlərin hələ də qalmasına baxmayaraq iqtisadi artımın yüksək tempi, inflyasiyanın nizamlanan minimal səviyyəsi, maliyyə sabitliyi qorunub saxlanılmışdır. Makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan sabit inkişaf meylləri ölkəmizə investisiya qoyuluşunun artması və onun prioritet sahələrə yönəldilməsi üçün gözəl şərait yaratmışdır. Respublika Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanda bütün iqtisadi islahatları aparmaq üçün gözəl ictimai-siyasi mühit var, sabitlik var, xalqla iqtidar arasında birlik var. Bizim siyasətimiz dəstəklənir və əlbəttə ki, ilk növbədə həm daxili və xarici siyasəti müstəqil şəkildə aparmaq üçün, digər tərəfdən ölkəmizə lazım olan bütün işlərin görülməsi üçün bizə güc verir".
Azərbaycanın regionda mühüm güc mərkəzinə çevrilməsi, dövlət başçısının uğurlu fəaliyyəti və onun bu yöndə atdığı qətiyyətli addımlar nəticəsində yoxsulluq şəraitində yaşayanların sayı kəskin surətdə aşağı düşmüşdür. Dövlətin siyasəti insanların maddi-rifah halının yüksəlməsinə yönəldilmişdir. Ötən il əhalinin pul gəlirləri üç dəfə, orta aylıq əmək haqqı dörd dəfə artmış, strateji valyuta ehtiyatlarının həcmi 4 milyard 100 milyon ABŞ dollarına çatmışdır.
İndi Azərbaycan bölgədə ən stabil ölkə olduğundan iqtisadiyyatımıza güclü sərmayə axını davam etməkdədir. Son on ildə respublika iqtisadiyyatına təqribən 30 milyard dollar, o cümlədən qeyri-neft sektoruna 10 milyard dollar sərmayə qoyulmuşdur. 2006-cı ildə ölkə üzrə investisiya qoyuluşlarının 76 faizi özəl sektorun payına düşmüşdür. Prezident İlham Əliyevin vurğuladığı kimi, son üç il ərzində özəl sektorun ümumi daxili məhsuldakı payı 73 faizdən 81 faizə qədər yüksəlmişdir. Bu rəqəm onu sübut edir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə müasir metodlarla idarə olunur.
Azərbaycanda neft sahəsi ilə yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf edir. İqtisadi gücümüz gündən-günə artır, bölgədəki imkanlarımız genişlənir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev Azərbaycanın beynəlxalq layihələrdə iştirakı ilə əlaqədar demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi bizim önəmimizi xeyli dərəcədə artırıbdır. Bu il biz Azərbaycan üçün, bütün bölgə üçün çox böyük önəm daşıyan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayacağıq. Uzun illər ərzində müzakirə olunan bu layihə artıq reallığa çevrilir. Bu bizim iradəmizin, bizim siyasətimizin, bizimlə qonşu ölkələrin birgə səylərinin nəticəsidir, Azərbaycan xalqının iradəsinin nəticəsidir".
Atəşkəs rejimində yaşayan Azərbaycan üçün bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində başlıca amil güclü iqtisadiyyatdır. İqtisadiyyatı yüksək sürətlə artan dövlətimiz hər sahədə olduğu kimi, ordunun da gücləndirilməsinin qayğısına qalır. Azərbaycanın hərbi büdcəsinin həcminin Ermənistanın dövlət büdcəsinə çatması Milli Ordumuzun Ermənistan ordusundan müqayisə olunmaz dərəcədə güclənməsinə stimul yaradır. Aparılan düzgün siyasətin nəticəsidir ki, Azərbaycanın haqq işi artıq bütün dünyada dəstəklənir. Dünyanın bütün ölkələri, xüsusən də aparıcı ölkələri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Aparıcı dövlətlərin ölkəmizin mövqeyini dəstəkləməsi Azərbaycanın regionda güc mərkəzinə çevrilməsindən xəbər verir. Ərazi bütövlüyümüzün bərpası və bütün digər problemlərin müvəffəqiyyətli həlli ilk növbədə güclü iqtisadiyyatın bərqərar olmasından asılıdır.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının imzalanması və həyata keçirilməsində də əsas məqsədlərdən biri məhz budur. Bu proqram həmçinin ölkə iqtisadiyyatında gedən ümumi meyllərin təzahürüdür. İlbəil yüksələn iqtisadi potensial, güclənən iqtisadiyyat, sürətlə artan dövlət büdcəsi sözügedən proqramın icrasına əhəmiyyətli dərəcədə kömək edir.
Bir sözlə, son illər həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticəsi onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadi qüdrəti daha da artacaqdır. Ona görə ki, müstəqil Azərbaycanın gələcəyi etibarlı əllərdədir.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.