Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi üçün potensial imkanlar var

Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri


Sentyabrın 7-8 tarixlərində Ukrayna Prezidenti Viktor Yuşşenko Bakıda rəsmi səfərdə olmuşdur.
Sentyabrın 7-də Prezident sarayında Ukrayna Prezidenti Viktor Yuşşenkonun rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Ukrayna Prezidenti Viktor Yuşşenkonu səmimiyyətlə qarşıladı.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olundu.
Sentyabrın 7-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Prezident İlham Əliyev görüşü açaraq bildirdi ki, ölkələrimiz arasında ənənəvi xarakter daşıyan çox səmimi, mehriban münasibətlər mövcuddur. Ukrayna və Azərbaycan xalqları bütün dövrlərdə fəal əməkdaşlıq etmişlər, müstəqillik əldə olunduqdan sonrakı dövrdə isə, bu əməkdaşlıq, əlbəttə, yeni forma və xüsusiyyətlər almışdır.
Əməkdaşlığımız çox uğurlu, qarşılıqlı surətdə faydalıdır və bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi baxımdan, humanitar sahədə bizim aramızda münasibətlər çox yüksək səviyyəyə çatmışdır və uğurla inkişaf edir. Əminəm ki, Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri də bu münasibətlərin inkişafı üçün yaxşı amil olacaqdır.
Prezident İlham Əliyev qeyd etdi ki, Ukraynanın dövlət başçısı Azərbaycana çox böyük nümayəndə heyəti ilə gəlib. Elə bu faktın özü Ukraynanın ikitərəfli münasibətlərə necə diqqət yetirdiyini göstərir. Biz də Azərbaycanda ikitərəfli əlaqələrimizin inkişafına çox böyük əhəmiyyət veririk. Dövlətimizin başçısı əminliklə bildirdi ki, Ukrayna Prezidentinin səfəri, aparılan danışıqlar, imzalanmış sənədlər, şübhəsiz, ölkələrimiz arasında dostluq, tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm mərhələ olacaqdır.
Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidentinə müraciətlə dedi ki, sizinlə söhbətimizin əsaslandığı tezislərin bir hissəsini burada təkrar etmək istərdim. Sizinlə, ölkənizlə səmərəli siyasi, diplomatik münasibətlər saxlamaq bizim üçün çox rahat, çox asandır. Əsası qoyulmuş ənənələr, xalqlarımız səviyyəsində qədim əlaqələr, rəsmi hakimiyyət səviyyəsində sağlam ikitərəfli münasibətlər buna kömək edir.
Ukrayna tərəfi onu əsas tutur ki, Azərbaycanla münasibətlərimizin inkişafının dinamikasının belə səviyyəsi, belə xarakteri strateji münasibətlərin olduğunu göstərir. Ona görə də biz buradayıq, belə geniş nümayəndə heyəti ilə gəlmişik. Əminəm ki, bu, nəinki bizim mənafelərimizə, Ukraynanın mənafelərinə, həm də ikitərəfli mənafelərimizə cavab verir.
Sonra görüşdə fikir mübadiləsi davam etdirildi.
Dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Prezident sarayında sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko Birgə bəyannamə imzaladılar.
Sonra iki ölkə arasında bir sıra sənədlərтАУ Azərbaycan Dövlət Neft Şirkəti ilə тАЬNaftoqaz UkrainıтАЭ şirkəti arasında uzunmüddətli əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukrayna Aqrar Siyasət Nazirliyi arasında bitki sortlarının dövlət sınaqları və mühafizəsi sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Ukrayna Dövlət Nüvə Tənzimləməsi Komitəsi arasında radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik kadrların hazırlanması haqqında, Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında beynəlxalq qarışıq yük daşımaları haqqında sazişlər imzalanmışdır.
Daha sonra Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, bugünkü səfər ölkələrimiz arasında dostluq münasibətlərinin çox əyani təzahürüdür. Bu gün ikitərəfli münasibətlərimizin müxtəlif məqamları haqqında çox konkret, çox geniş söhbət oldu. Biz bu münasibətləri təhlil etdik, onların tarixindən danışdıq, habelə, əməkdaşlığımızın perspektivlərini müzakirə etdik. Bu perspektivlər bizim üçün çox mühümdür və olduqca böyük potensiala malikdir. Biz müxtəlif beynəlxalq təşkilatlarda birgə iştirakımız da daxil olmaqla, Ukrayna ilə Azərbaycanın ikitərəfli münasibətlərinə aid məsələlərin çox geniş dairəsini nəzərdən keçirdik. Müzakirə edilən bütün məsələlərdə mövqelərimiz üst-üstə düşür.
Biz Ukraynanı dost ölkə, Azərbaycan üçün mühüm tərəfdaş hesab edirik və ümidvarıq ki, bu gün imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar bütün sahələrdə münasibətlərimizin inkişafına xidmət edəcəkdir.
Biz energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlərin əməli surətdə işlənməsinə başlamaq barədə müvafiq qurumlara konkret tapşırıqlar verdik. Burada qarşılıqlı surətdə faydalı ola biləcək məqamlar lap çoxdur və biz bu əməkdaşlığı təkmilləşdirməyin müxtəlif yollarını nəzərdən keçiririk. Azərbaycan enerji ehtiyatlarının iri hasilatçısına və dünya bazarlarına böyük ixracçısına çevrilir və Ukrayna ilə əməkdaşlığın bizim üçün çox böyük əhəmiyyəti var. Nəqliyyat, kənd təsərrüfatı məsələləri, humanitar sahədə əməkdaşlıq məsələləri müzakirələrimizin diqqət mərkəzində olmuşdur. Bütün bu məsələlərdə bizim aramızda çox yüksək səviyyədə qarşılıqlı anlaşma var.
Biz çox şadıq ki, Ukraynadakı Azərbaycan diasporu və ölkəmizdə yaşayan ukraynalılar cəmiyyətə çox inteqrasiya etmiş və özlərini olduqca rahat hiss edirlər. Bunun özü də həm ikitərəfli münasibətlərin, həm də cəmiyyətlərimizin dözümlülüyünün yüksək səviyyəsinə dəlalət edir. Bu, ikitərəfli əlaqələrin çox mühüm elementidir.
Biz Ukrayna və Azərbaycanın getdikcə artan potensialını nəzərə alaraq, ümumən iqtisadi münasibətlərin inkişafı məsələlərini müzakirə etdik. Bizə elə gəlir ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin çox yüksək sürətlə artmasına baxmayaraq, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha fəal, daha geniş şaxəli və tam olması üçün istifadə edilməli ehtiyat mənbələri hələ çoxdur.
Azərbaycanda iqtisadi islahatların uğurla aparılması ölkə iqtisadiyyatının çox sürətli yüksəlişinə gətirib çıxarmışdır. Keçən il iqtisadiyyatımız 26 faiz artmışdır. Bu ilin altı ayında ümumi daxili məhsul 36 faiz, sənaye istehsalı 41 faiz artmış, son iki il yarımda Azərbaycanda 435 min yeni iş yeri yaradılmışdır.
Bütün bunlar iqtisadi potensialın artdığını bir daha təsdiqləyir. Əlbəttə ki, qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün imkanlar da artır. Ukraynada istehsal edilən bir sıra sənaye məhsuluna ölkəmizdə tələbat var. Biz bu istiqamətdə əməkdaşlıq edirik. Ümidvarıq ki, birgə hökumətlərarası komissiyanın işi, nazirliklər, idarələr səviyyəsində, ola bilsin, prezidentlər səviyyəsində də fəal əlaqələr daha geniş iqtisadi münasibətlər üçün yaxşı təkan olacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra demişdir: «Regional məsələlərdə əməkdaşlıq sahəsində bizim aramızda tam qarşılıqlı anlaşma var. Biz hörmətli Prezident Viktor Andreyeviç Yuşşenko ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini də müzakirə etdik və mən bu problemin həllinə baxışımızı, bu məsələdə mövqeyimizi Prezidentə açıqladım. Biz Azərbaycanın mövqeyini Ukraynanın başa düşməsinə, habelə beynəlxalq aləmdə Ukrayna tərəfindən olan dəstəyə həmişə minnətdarlıq hissi ilə yanaşmışıq.
Başqa sözlə desək, zənnimcə, bir neçə saatlıq intensiv ünsiyyətimiz zamanı ikitərəfli münasibətlərin mühüm məsələlərindən heç biri diqqətdən kənarda qalmadı. Biz onları kifayət qədər ətraflı və çox yaxşı, səmimi şəraitdə müzakirə etdik».
Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Ukrayna Prezidentinin ölkəmizə səfəri və bu səfərlə bağlı hər şey, imzalanmış sənədlər, razılaşmalarımız münasibətlərimizin daha uğurla inkişaf etməsinin çox mühüm amili olacaqdır.
Ukrayna Prezidenti Viktor Yuşşenko bəyanatında bildirdi ki, ənənəvi dostluq şəraitində keçirilən danışıqların mövzusu çox müxtəlif idi, biz münasibətlərimizin müxtəlif sahələrinə - siyasi, iqtisadi, humanitar, müdafiə, xarici siyasət sahələrinə aid məsələlərə toxunduq. Hərbi-texniki əməkdaşlıq, energetika sahəsində bir sıra layihələrin həyata keçirilməsi məsələlərini ayrıca müzakirə etdik.
Ukraynanın dövlət başçısı qeyd etdi ki, indi Ukrayna siyasi sabitlik mərhələsindədir. Bu, nəzərdən keçirdiyimiz məsələlərin həllinin iqtisadi perspektivlərini hiss edə bilməyimiz baxımından çox vacibdir. Əgər bu gün Ukrayna bazarını, makroiqtisadi mədəniyyəti, digər göstəriciləri müqayisə etməli olsaq, onda deyərdim ki, bizim, bəlkə də Şərqi Avropa üçün nadir göstəricilərimiz var. Bizdə ümumi məhsul istehsalının həcmi 7,7 faiz səviyyəsindədir. Milli iqtisadiyyatın bütün sahələrində artım müşahidə edilir. Elə bir sahə yoxdur ki, o, tənəzzüldə, durğunluqda olsun, yaxud böhrandan çıxmasın.
Bu gün ölkədə müstəqilliyin 15 ili ərzində işsizliyin ən aşağı səviyyəsi müşahidə olunur - 7,2 faiz. İl hesabı ilə biz xarici investisiyaların ən yüksək göstəricisinə malikik, ildə təxminən 7,4 milyard dollardır. Bizdə büdcənin formalaşmasının yaxşı dinamikası var. Keçən il büdcənin mədaxili 53 faiz artmışdır. Ötən illə müqayisədə cari ildə bu artım 18 faiz təşkil edir. Biz uzun illər ərzində həll edilə bilməyən sosial və humanitar məsələlərin xeyli hissəsinin həllinə müvəffəq olmuşuq.
Mən bunu Ukrayna ilə çoxtərəfli və ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin hesab edirəm. Ukrayna perspektivli ölkədir. Əminəm ki, Ukrayna qarşılıqlı maraqların gerçəkləşdirilməsi üçün çox imkanlara malikdir. Odur ki, münasibətlərimiz üçün ənənəvi olaraq əhəmiyyət kəsb edən bir sıra məsələlərin bu gün ikitərəfli danışıqlarda müzakirə edilməsi bizdən ötrü vacib idi. Məsələlərin birinci qrupu energetika sahəsində əməkdaşlıqla bağlıdır. Bu gün energetika sahəsində Ukraynanı üç istiqamət maraqlandırır. Birincisi, potensial Azərbaycan şirkətləri ilə müştərək strukturlar yaradılmasıdır. Elə strukturlar ki, onlar neft kəşfiyyatı və hasilatı, neft məhsullarının emalı və satışının müştərək bazarlarında işləməyə qadir olsunlar. Ukrayna tərəfi buna hazır olduğunu artıq bildirmiş və bu, azərbaycanlı həmkarlara rəsmi qaydada göndərilmişdir. Hesab edirik ki, bu, bazarlara birlikdə daxil olmağın və qarşılıqlı potensialları inkişaf etdirməyin birinci mərhələsidir. İkinci addım Azərbaycan və Qazaxıstan neftinin Odessa-Brodı-Avropa bazarı marşrutu ilə nəql etmək imkanlarını saxlamaqdan ibarətdir. Bu, işləyən, fəaliyyət göstərən layihədir. Bu gün Xəzər dənizi və Qara dəniz regionu xam neftə dair yeni təkliflər formalaşdırır və onlar Odessa-Brodı layihəsinin gerçəkləşdirilməsinə asanlıqla uyğun gəlir. Üçüncü addım, əslində, elə həmin marşrutla - Xəzər regionu-Ukrayna-Avropa İttifaqı marşrutu ilə qazın nəql edilməsi kimi mühüm məsələdə birgə mövqeləri formalaşdırmaqdan ibarətdir.
Biz aviasiya sahəsində əməkdaşlığın davam və inkişaf etdirilməsində çox maraqlıyıq. Hazırda Ukrayna təyyarələrin yeddi modelini təqdim edə bilər. Onlar sınaqdan çıxarılmışdır və təhlükəsizliyin ən yüksək tələblərinə, müasir aviasiya bazarının iqtisadi xarakteristikalarına cavab verir. Hesab edirik ki, bu bizim perspektivimizdir. İndi təkliflərimiz ondan ibarətdir ki, biz bu məsələni ən yüksək səviyyədə öyrənməli, hər şeyə aydınlıq gətirməli, işimizi davam etdirməliyik.
Biz GUAM-ın fəaliyyəti məsələlərinə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə böyük diqqət yetirmişik. Ukrayna bu münaqişənin nizama salınması üçün, əvvəllər olduğu kimi, yenə də özünün bütün potensial imkanlarını təqdim edir. Azərbaycan tərəfindən xahiş edirik ki, bunu nəzərə alsın. Biz münaqişə iştirakçıları üçün daha çox münasib olan formada və rolda çıxış edə biləcək tərəf olmağa hazırıq.
Biz milli azlıqların yaşayışı üçün ən zəruri şəraitin təmin edilməsindən danışdıq. Ukraynadakı Azərbaycan icmasının özünü gözəl hiss etməsini eşitmək Ukrayna Prezidenti kimi mənə xoşdur. Əgər hələ həll etmədiyimiz məsələlər varsa, biz onların həllini ən yüksək səviyyədə təmin etməyə hazırıq. Sizə açığını deyəcəyəm ki, bizim danışıqlarımız asan oldu. Çünki bir tərəfdən, aramızda tarixən, ənənəvi mehriban münasibətlər var. Bu münasibətlər həm şüurlu səviyyədə, həm də təhtəlşüur səviyyəsində nəinki formalaşmışdır, eyni zamanda, hər iki xalqda möhkəmlənmişdir. Digər tərəfdən, zənnimcə, son illərin siyasəti də ölkələrin milli mənafelərinə diqqətcil münasibət göstərildiyini nümayiş etdirmişdir. Ukrayna bu siyasəti bundan sonra da davam etdirməyə hazırdır.
Son illər ticarət münasibətlərimizdə formalaşmış olan dinamika bizi çox sevindirir. Əmtəə dövriyyəsi keçən il 37 faiz, bu il isə, demək olar, 30 faiz artmışdır. Bu onu göstərir ki, GUAM çərçivəsində iki ölkə arasında ticarət münasibətlərinin təşkili mexanizmi səmərəlidir. Azad ticarət zonası özünün növbəti nəticələrini verir. Hər halda, əgər bu münasibətlərdə işçi komissiyaların, prezidentlərin diqqət yetirməli olduğu problemlər varsa, biz danışıqlar masası arxasında əyləşib onları müzakirə etməyə hazırıq. İstər tarif siyasəti məsələləri olsun, istərsə də sığorta və digər sahələrlə bağlı məsələlər olsun, fərqi yoxdur. Başa düşürük ki, bu münasibətləri təkmilləşdirmək lazımdır. Ona görə də nəticədə hər iki tərəf münasibətlərimizin statusunu qaldırmağa, Azərbaycan və Ukrayna Prezidentləri Şurası formasında yeni konstitusiya mexanizmi yaratmağa razılaşdı. Bu Şura çərçivəsində ikitərəfli münasibətlərin ən aktual məsələlərini əhatə edəcək strateji plan hazırlanacaqdır. Bu gün prezidentlər müvafiq tapşırıqlar verdilər. Əminəm ki, münasibətlərimiz nəinki qarşılıqlı fayda verəcək, həm də bunlar olduqca perspektivlidir.
Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.
Sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Ukrayna Prezidenti Viktor Yuşşenkonun şərəfinə Yaxt-klubda rəsmi qəbul təşkil edilmişdir.
Dövlət başçıları qəbulda nitq söylədilər.
 Azərbaycan Prezidenti İlham Əliyev nitqində bildirdi ki, bu gün tərəflər çox səmərəli işlədi, çox mühüm danışıqlar apardıq, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gələcək inkişafını müəyyən edəcək çoxlu mühüm sənəd imzalandı. Biz Ukrayna Prezidentinin ölkəmizə səfərini ikitərəfli münasibətlərin çox mühüm elementi kimi qiymətləndiririk və səfər çox uğurlu keçir və səfərin nəticəsində bütün istiqamətlərdə gələcək əməkdaşlıq üçün tamamilə yeni imkanlar yaradılır. Bu gün biz bu barədə təkbətək, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə, mətbuat konfransında da danışdıq. İqtisadiyyatın bütün sahələrində, siyasi baxımdan və humanitar sahədə Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq tamamilə yeni mərhələyə çıxır. Biz tərəfdaşlar, dostlarıq və bu, ikitərəfli əlaqələrimizin səviyyəsi və formatını da öncədən müəyyən edir. Ümidvaram ki, səfərin nəticələrini yaxın gələcəkdə biz hamımız əlaqələrimizin təkmilləşməsi, münasibətlərimizin bütün səviyyələrdə - hökumət üzvləri, parlament, ictimai təşkilatların üzvləri səviyyəsində intensivləşməsi məsələlərində görəcəyik. Münasibətlərin və qəbul edilən qərarlara nəzarəti əlaqələndirməyin özlüyündə nadir bir formatı yaradılmışdır. Bu, Prezidentlər Şurasıdır və o, ikitərəfli münasibətlərlə bağlı bütün məsələləri mütəmadi olaraq nəzərdən keçirəcəkdir.
Bizim aramızda siyasi qarşılıqlı əlaqə ən yüksək səviyyədədir, beynəlxalq təşkilatlar çərçivəsində, iqtisadiyyat, energetika sahəsində çox uğurla əməkdaşlıq edirik, çox gözəl perspektivlərimiz var. Ən başlıcası budur ki, bizim aramızda, ölkələrimiz və xalqlarımız arasında çox yüksək ənənələrə, dostluğa, qarşılıqlı anlaşmaya əsaslanan etimadlı münasibətlər mövcuddur. Ukrayna Prezidentinin Azərbaycana bugünkü səfəri bu münasibətləri daha da möhkəmləndirdi, gələcək inkişafın əsas istiqamətlərini öncədən müəyyənləşdirdi və əminəm ki, ikitərəfli əlaqələrin çox mühüm amili olacaqdır.
Prezident İlham Əliyev bildirdi ki, dünyanın bizim yaşadığımız hissəsində regional əməkdaşlığın səviyyəsi də Azərbaycan ilə Ukraynanın müxtəlif məsələlərdə əməkdaşlığından xeyli dərəcədə asılı olacaqdır. İndi regional əlaqələrin tamamilə yeni formatı yaranır, Xəzər dəniziтАУQara dəniz regionu bir-biri ilə getdikcə daha sıx inteqrasiya edərək, Xəzər dəniziтАУQara dəniz regionunda tamamilə yeni vəziyyət əmələ gətirir. Nəqliyyat, energetika sahəsində, siyasi və digər münasibətləri nəzərə alaraq, bu regiona müəyyən dərəcədə vahid bir tam kimi baxmaq olar. Bu baxımdan regional əməkdaşlıq çərçivəsində Azərbaycanın və Ukraynanın rolu kifayət qədər yüksəkdir və əlaqələrimiz möhkəmləndikcə, nail olduğumuz bütün razılaşmalar həyata keçirildikcə artacaqdır.
Ukrayna Prezidenti Viktor Yuşşenko bildirdi ki, Azərbaycanla, onun rəhbərliyi, iqtidarı, xalqı ilə münasibətlərimiz ən yüksək səviyyədədir. İş elə gətirmişdir ki, bu münasibətlərin illərlə formalaşmış gözəl ənənəsi var. Zənnimcə, o da eyni dərəcədə əhəmiyyətlidir ki, biz bu ənənəni qiymətləndiririk və bu münasibətləri qoruyub saxlamağın, onlara daha yaxşı cəhətlər əlavə etməyin, növbəti nəsilə ötürməyin nə dərəcədə vacib olduğunu başa düşürük. Mən sizin rəhbərliklə aramızda yaranmış etimadın səviyyəsini çox yüksək qiymətləndirirəm.
Bu gün biz tətbiqi layihələrə, həyata keçirmək üçün kifayət qədər aşkar olan layihələrə çox vaxt ayırdıq. Layihələrin gerçəkləşdirilməsi üçün hakimiyyət mexanizmlərindən, dövlət qurumlarından nə dərəcədə səmərəli və tez istifadə etməyə nail olmağımız məsələsində, bəlkə də, risk var. Məmur, bir tərəfdən, fiziki baxımdan böyük işlərə qadirdir, digər tərəfdən isə, haqqında danışdığımız layihələrin təşkilində ciddi maneə də ola bilər. Düşünürəm ki, biz bu münasibətlərin siyasi müstəvidən, hökumətlər arasındakı münasibətlər müstəvisindən işgüzar qurumların тАУ digər əsaslar olan, digər stimulların işlədiyi, öz oyun qaydaları olan qurumların səviyyəsinə mümkün qədər tezliklə keçirmək üçün öz üzərimizdə məsuliyyət hiss etməliyik. Bu gün müzakirə etdiklərimizin üçdə iki hissəsi bazar layihələrinə, praktik olaraq, açıq, rəqabətli layihələrə aiddir. Bu layihələrin həyata keçirilməsini təmin etməyin ən yaxşı yolu hökumətin onları mümkün qədər tezliklə vicdanlı işgüzar strukturlara verməsindən ibarətdir.
Ukrayna Prezidenti Azərbaycanın dövlət başçısına müraciətlə vurğuladı ki, biz Azərbaycanda Ukrayna xalqına olan münasibəti çox yüksək qiymətləndiririk. Cənab Prezident, Azərbaycandakı Ukrayna diasporunun həyatı üçün belə normal şərait təmin edildiyinə görə Sizə, komandanıza, hökumətinizə çox minnətdaram. Demək istərdim ki, Siz Ukraynada yaşayan Azərbaycan diasporu barəsində Ukrayna tərəfindən eyni cavabı həmişə eşidəcəksiniz. Ümumiyyətlə, bizim məqsədimiz Ukraynadakı hər hansı icmanın, o cümlədən də Azərbaycan icmasının həyatı üçün elə dinclik və rahatlıq yaratmaqdır ki, hansı torpaqda doğulmasından asılı olmayaraq, hər bir insan ayağa qalxıb böyük iftixar hissi ilə deyə bilsin: mən ukraynalıyam, çünki Ukraynada yaşayıram və Ukrayna dövləti mənə insan ləyaqətinə layiq olan firavanlığı verir. Ona görə də təhsillə, dilin inkişafı, məktəbəqədər tərbiyə, kütləvi informasiya vasitələri, mədəni xarakterli tədbirlərlə bağlı layihələr və ya digər təşəbbüslər ən yüksək səviyyədə dəstəklənəcəkdir.
Ukrayna Prezidenti bildirdi ki, bu gün son on beş ilin bizi necə dəyişdirdiyindən danışdıq. Belə başa düşürəm ki, bəlkə də, insan meyarı baxımından milyonlarla adamın fəlakətləri, bəlkə də, minlərlə adamın faciələri olmuşdur, bəlkə də, bugünkü günün üstünlüklərindən heç də hamı bəhrələnməmişdir. Amma, gəlin yada salaq ki, bu on beş ildə iki dövlət тАУ Azərbaycan və Ukrayna dövlətləri yaradılmışdır. Bu ideya milyonlarla əcdadımızın düşüncəsinin bəhrəsi idi, lakin onda ulduzlara görə də, vəziyyətə görə də müstəqil, suveren dövlətdən danışmaq üçün belə imkan yox idi. Bu gün biz hamımız nadir bir zəmanədə yaşayırıq. İstərdim ki, biz mövcud problemlərdən, тАУ baxmayaraq ki, sanki, onlar mühümdür, onlarla həm məişət səviyyəsində, həm də siyasi səviyyədə hər gün qarşılaşırsan, тАУ heç olmasa bir anlığa uzaqlaşaq və bizi suveren dövlətlərimizin yaranmasına gətirib çıxaran zəmanəni, hər halda, layiqincə qiymətləndirək.
Ukrayna Prezidenti Viktor Yuşşenko sentyabrın 7-də Milli Məclisə gəlmişdir. Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov ilə Viktor Yuşşenkonun təkbətək görüşü oldu, sonra görüş geniş tərkibdə davam etdirildi. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Ukrayna Prezidenti Viktor Yuşşenko sentyabrın 8-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Ukrayna Prezidenti тАЬƏbədi məşəlтАЭ abidəsinin önünə əklil qoydu, şəhidlərin əziz xatirəsini ehtiramla yad etdi.
Ali qonağa Şəhidlər xiyabanının tarixi, 20 Yanvar faciəsi, paytaxtda aparılan tikinti və abadlıq işləri barədə məlumat verildi.
Sonra Ukrayna Prezidenti Viktor Yuşşenko Bakı şəhərinin mənzərəsini seyr etdi.
Həmin gün Ukrayna Prezidenti Viktor Yuşşenko Fəxri xiyabana gəlmişdir.
Ukrayna rəhbəri xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoydu, türk dünyasının görkəmli oğlunun ruhu qarşısında baş əydi.
Sonra ali qonaq tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoydu.
Ali qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verildi.
Ukrayna Prezidenti Viktor Yuşşenko sentyabrın 8-də Səngəçal terminalına gəlmişdir. Prezident Viktor Yuşşenko və onu müşayiət edən nümayəndə heyətinin üzvləri terminalda texnoloji proseslərlə əyani tanış oldular. Mütəxəssislər qonaqların çoxsaylı suallarına cavab verdilər. Dünyanın ən nəhəng terminallarından biri ilə tanışlıq Ukrayna Prezidentində xoş təəssürat yaratdı. Terminala gəlməsindən xatirə olaraq, ali qonağa hədiyyələr təqdim edildi.
Sentyabrın 8-də Bakı Slavyan Universitetində Ukrayna Prezidenti Viktor Yuşşenkoya BSU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilmişdir. Prezident Yuşşenko elə burada Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə görüşdü.
Səfərin sonunda Ukrayna Prezidenti Viktor Yuşşenko Heydər Əliyev Fondunda olmuşdur. Ali qonağı Azərbaycan Prezidenti İlham Əliyev və fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva səmimiyyətlə qarşıladılar.
Viktor Yüşşenko əvvəlcə fondun fəaliyyətini əks etdirən filmə, sonra ümummilli lider Heydər Əliyevin uşaqlıq, gənclik və sovet hakimiyyəti dövründə zəngin siyasi və diplomatik fəaliyyətinin fotoxronikasına baxdı. Ulu öndərin müstəqil Azərbaycanda həyata keçirdiyi böyük quruculuğu əks etdirən illərin fotoları və eksponatları ali qonaqda xüsusi maraq doğurdu. Fotolar içərisində ulu öndərin 1997-ci ildə Ukraynada səfərdə olarkən Viktor Yuşşenko ilə çəkdirdiyi şəkil də var idi. Sonda xatirə olaraq Viktor Yuşşenkoya fondun hədiyyələri təqdim olunmuşdur.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb