|

Bütün həyatını Azərbaycanın xoşbəxt gələcəyinə həsr edən DAHİ LİDER
Azərbaycan Respublikasının çiçəklənmə və sürətli inkişaf dövrünün 1969-cu ildən başlandığını deyənlər əsla yanılmırlar. Bu, bir tarixi həqiqətdir. Çünki həmin ilin iyul ayından Azərbaycan Heydər Əliyev dühasının gücü ilə özünün yeni və əsaslı inkişaf mərhələsinə qədəm qoymuş və tarixi nailiyyətlər əldə etmişdir.
Məhz, niyə 1969-cu ildən? Çünki həmin ilin 14 iyulunda keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda gerilik, iqtisadi çətinlik və mənəvi ümidsizlik girdabında qalan Azərbaycan xalqının üzünə geniş ümid qapısı açılmış, respublikaya yeni nəfəs, yeni abu-hava gəlmiş, xalqımızın dəyanətli və ləyaqətli oğlu, bütün şüurlu həyatını Azərbaycanın xoşbəxt gələcəyinə, inkişafına və tərəqqisinə həsr edən Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi - Azərbaycan xalqının rəhbəri seçilmişdir.
Onda Heydər Əliyevin 46 yaşı vardı. Lakin böyük həyat təcrübəsi və inkişaf yolu keçmişdi. Həyatının 25 ilini dövlətimizin siyasi və beynəlxalq təhlükəsizliyi işinə sərf edərək sıravi işçidən respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədrliyinə, adi əsgərdən general-mayora qədər çox şərəfli bir yol keçmişdi. O, həm də Azərbaycanın təsərrüfat həyatını gözəl tanıyır, Azərbaycan xalqının nəyə qadir olduğunu yaxşı bilirdi. Məhz buna görə də Heydər Əliyev bir rəhbər kimi həmin plenumda özünün ilk, mükəmməl - respublikamızın iqtisadi-siyasi, mənəvi və təsərrüfat həyatının geniş və hərtərəfli təhlilini verən məruzəsini etmiş, bütün sahələrdə vəziyyətin ağır durumda olduğunu vətəndaş prinsipiallığı ilə qeyd etmişdir.
Doğrudan da, o dövrdə Azərbaycanda vəziyyət çox acınacaqlı idi. Bütün sahələr üzrə dövlət planları yerinə yetirilmirdi. İnkişaf tempinə görə respublikamız SSRİ-nin müttəfiq respublikaları arasında sonuncu yeri tuturdu. Sənayedə, xüsusilə də neftçıxarma sənayesində xeyli geriləmə hiss olunurdu. Tikinti və kənd təsərrüfatı sahəsində isə vəziyyət daha acınacaqlı idi. Başlanan mülki və sənaye tikintiləri illərlə yarımçıq qalır, tikinti planları böyük kəsrlə ildən-ilə keçirilirdi. Əhaliyə lazım olan ərzaq malları çatışmırdı və bunları, az da olsa, əldə etmək üçün mağazalarda böyük növbələr yaranmışdı. Respublikamız həm də mənəvi aşınmaya məruz qalmışdı. Rüşvətxorluq, korrupsiya, şəxsi mənafe dalınca qaçma, başqasının hesabına varlanma, laqeydlik, prinsipsizlik ölkəni bürümüşdü.
Belə bir zamanda Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi və onun respublika həyatının hərtərəfli təhlilini və bu acınacaqlı vəziyyətdən çıxış yollarını göstərən geniş məruzəsi Azərbaycan xalqında öz gənc, enerjili və perspektivli rəhbərinə inamını və marağını artırdı.
Cənab Heydər Əliyev respublika rəhbəri kimi fəaliyyətini xalqın yerli hakimiyyətə və gələcəyə itən inamını özünə qaytarmaqdan başladı. Rüşvətxorluğa, talançılığa, oğurluğa, laqeydliyə qarşı mübarizəyə girişdi. O, ilk əvvəl təkbaşına, heç bir yerli orqana xəbər vermədən, şəhəri gəzir, adamlarla söhbətlər aparır, onları dövlətdən narazı salan halları diqqətlə öyrənirdi. Heydər Əliyevin yüksək təşkilatçılıq və idarəetmə bacarığı sayəsində pozulmuş dövlət intizamı bərpa edilmiş, bacarıqsız kadrlar peşəkarlarla əvəzlənmiş, onların vəzifə məsuliyyəti artırılmış, əmək intizamı möhkəmlənmişdi.
Heydər Əliyev gecə-gündüz yorulmadan çalışaraq əhalinin dövlətə və gələcəyə inamını bərpa etməklə yanaşı, xalqı daha çox narahat edən tikinti və kənd təsərrüfatı sahələrindəki geriliyi aradan qaldırmağa başladı. Yeni-yeni yaşayış evlərinin tikilməsinə, müasir yaşayış məhəllələrinin, mikrorayonların salınmasına start verildi. Əhalinin mənzilə olan tələbatını ödəmək məqsədi ilə Bakıda, Gəncədə, Naxçıvanda evtikmə kombinatları yaradıldı. Uzun illər yarımçıq qalmış tikililər başa çatdırıldı.
1970-ci illərdə Azərbaycan böyük tikinti meydanını xatırladırdı. Bütün bölgələrdə yeni-yeni zavodlar, fabriklər, emal müəssisələri işə salınırdı. Bakıda dərin özüllər zavodu, Binəqədi metaləritmə zavodu, kondisioner zavodu, evtikmə kombinatları, Sumqayıtda kimya kombinatı, trikotaj fabriki, Gəncədə məşhur xalça fabriki, Mingəçevir İstilik Elektrik Stansiyası, Şəmkir Su Elektrik Stansiyası və s. nəhəng sənaye sahələri həmin dövrün yadigarlarıdır.
O dövrdə Azərbaycanda ən geridə qalan kənd təsərrüfatı nəinki respublikada, bütün SSRİ-də ən qabaqcıl və inkişaf edən sahələrdən birinə çevrilmişdi. Bunun üçün ilk növbədə, torpağın strukturu büsbütün dəyişdirilmiş, şoranlar və eroziyaya uğramış torpaqlar hesabına əkin sahələri artırılmış, yeni suvarma kanalları, dəryaçalar yaradılmış, suvarılan torpaqların sahəsi 650 min hektara çatdırılmışdır. Bütün bunların sayəsində məhsuldarlıq artmış, bölgələrdə 200-dən çox emal müəssisəsi istifadəyə verilmişdir.
Ən sevindirici hallardan biri də insanların şüurunda yaranan inqilab idi. Heydər Əliyev inamı, Heydər Əliyev vətənpərvərliyi, Heydər Əliyev torpaq və millət sevgisi xalqın milli şüurunun milli müstəqillik zəminində formalaşmasında, milli təfəkkürün, milli özünüdərkin inkişafında mühüm rol oynamışdır. Məhz dahi öndərin ciddi səyi nəticəsində Azərbaycan öz əməksevərliyi, intellekti, elmi potensialı ilə SSRİ-də, eləcə də onun sərhədlərindən kənarda sayılıb-seçilən, mədəni və beynəlmiləlçi respublika səviyyəsinə yüksəlmişdir.
Heydər Əliyev respublikanın elmi, mədəni potensialının artmasına, Azərbaycan dilinin təşəkkülünə, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafına xüsusi diqqət yetirirdi. Məhz həmin dövrdə Azərbaycan dili ilk dəfə Konstitusiya ilə Dövlət dili elan olundu. Yeni institutlar açıldı. Elmin daha da inkişafı naminə hər il Sovet İttifaqının ən nüfuzlu ali məktəblərinə 1000 nəfərdən çox gənc göndərildi. Ölkədə ilk hərbi məktəb - C.Naxçıvanski adına hərbi lisey fəaliyyətə başladı. Bakıdakı Ali Ümumqoşun Məktəbində azərbaycanlıların sayı artırıldı.
Sevindirici haldır ki, indi müstəqil Azərbaycan Respublikasının ali dövlət strukturlarında xalqa və dövlətə sədaqətlə xidmət edən, ölkənin sosial-iqtisadi və hərbi potensialının güclənməsində səy və bacarığını əsirgəməyən kadrların çoxu həmin məktəblərin məzunlarıdır.
Bir sözlə, Heydər Əliyev dühasının o dövrdəki titanik fəaliyyətinin bəhrələrini saymaqla qurtarmaz. Yalnız bu tarixi dühanın əyilməz qüdrəti, sarsılmaz iradəsi və cahanşümul gücü ilə Azərbaycan Respublikası ən yüksək dərəcədə inkişaf etmiş sənaye ölkəsinə, elm, mədəniyyət diyarına çevrilmişdir. Bu, Heydər Əliyev dühasının təntənəsi idi.
|