Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir


Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır. Bildirilmişdir ki, 2009-cu il dövlət büdcəsi layihəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən beş ildə həyata keçirilmiş uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri nəzərə alınmaqla, növbəti illərdə də davamlı iqtisadi artım üçün müvafiq kəmiyyət və keyfiyyət təminatı yaradır. Dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" qanuna, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə, iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafının, o cümlədən iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş dövlət proqramlarına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Layihə tərtib edilərkən ölkənin mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər nəzərdən keçirilmiş, o cümlədən Cənubi Qafqazdakı geosiyasi şərait, dünya iqtisadiyyatının tənəzzül dövrünə qədəm qoyması, beynəlxalq maliyyə bazarlarında böhranla əlaqədar yarana biləcək risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması imkanları təhlil edilmişdir. Xarici amil nəzərə alınmaqla, 2009-cu ilin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neftin dünya bazarlarında qiymətinin kəskin şəkildə enməsinin təsiri qiymətləndirilmiş, dövlət və icmal büdcələrin xərclərinin artırılmasına daha mühafizəkar yanaşılmışdır. Belə ki, 2009-cu ildə dövlət və icmal büdcələrin xərclərinin artım sürəti 2007 və 2008-ci illər üçün büdcə xərclərinin artım sürətinə nisbətən az proqnozlaşdırılmışdır. Bununla yanaşı, dövlət büdcəsi layihəsinin tərtibi zamanı cari ilin sonuna büdcənin gəlir və xərclərinin gözlənilən icrası, 2009-cu ildə ölkəmizin makroiqtisadi göstəricilərinin kifayət qədər yüksək artım sürəti əsas götürülmüşdür. 2009-cu ilin dövlət büdcəsi üçün müəyyən olunmuş büdcə-vergi siyasəti ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq, orta və uzunmüddətli perspektivdə büdcəyə əlavə daxilolma mənbələrinin müəyyən edilməsini, əhalinin maddi rifahının daha da yaxşılaşdırılmasını, gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını, habelə regionların davamlı inkişafı və digər dövlət tədbirləri üçün maliyyə imkanlarının yaradılmasını özündə əks etdirir. Ortamüddətli dövrdə ölkədə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafı və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılması, vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdəndir. 2008-ci ilin dövlət büdcəsinin dəqiqləşdirilməsi və 2007-ci ilin dövlət büdcəsinin icrasının Milli Məclisdə müzakirəsi zamanı deputatlar və Hesablama Palatası tərəfindən verilən rəy, təklif və tövsiyələr öyrənilmiş və 2009-cu ilin dövlət büdcəsi layihəsi hazırlanarkən bunların bir çoxu nəzərə alınmışdır. 2009-cu il üçün büdcə xərcləri sərmayə və sosial yönümlü olmaqla, ölkə prezidentinin sosial-iqtisadi xəttinin kursunun əsas prioritetlərini özündə əks etdirir. Bu prioritetlər iqtisadi və sosial islahatlara dəstək, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tələb olunan maliyyə imkanlarının yaradılması, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, sosial və sərmayə proqramlarının, xarici borcların və öhdəliklərin, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə maliyyə təminatından və digər tədbirlərdən ibarət olacaqdır. 2009-cu ildə ölkənin müəyyən edilmiş strateji iqtisadi xəttinə uyğun olaraq, sosial müdafiə və sosial təminat xərcləri, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyəti olan minimum əmək haqqının, yaşa görə əmək pensiyasının baza hissəsinin, sosial müavinətlərin və sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin sabit şəkildə maliyyələşdirilməsi, pensiyaların baza hissəsinin minimum yaşayış həddinə yaxınlaşdırılması, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, ölkənin sığorta və pensiya sistemlərində islahatların dərinləşdirilməsi məqsəd kimi qarşıya qoyulmuşdur. Qeyd edilmişdir ki, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 27,9 faizi həcmində və ya mütləq ifadədə 12 milyard 177 milyon manat olacaqdır. Bu, 2008-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 1 milyard 693 milyon manat və yaxud 16,1 faiz çoxdur. 2009-cu ildə Vergilər Nazirliyi üzrə 5 milyard 750 milyon manat və ya 2008-ci ilə nisbətən 6,9 faiz (370 milyon manat) çox daxilolmalar nəzərdə tutulur. Gələn il neft sektoru üzrə vergi yığımlarının məbləğinin 2 milyard 680 milyon manat və yaxud bu ilə nisbətən 7,6 faiz (220 milyon manat) az, qeyri-neft sektoru üzrə 3 milyard 70 milyon manat və ya bu ilə nisbətən 23,8 faiz (590 milyon manat) çox olacağı proqnozlaşdırılır. Vergilər Nazirliyi tərəfindən təmin olunacaq gəlirlərin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 47,2 faiz təşkil edəcəkdir. Dövlət Gömrük Komitəsi (DGK) üzrə daxilolmalar 1 milyard 300 milyon manat nəzərdə tutulur ki, bu da 2008-ci ilə nisbətən 17,1 faiz və ya 190 milyon manat çoxdur. DGK tərəfindən təmin ediləcək vergi və rüsumların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 10,7 faiz olacaqdır. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən növbəti ildə dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən 4,7 milyon manat daxilolmalar proqnozlaşdırılır. Dövlət büdcəsinə digər mənbələrdən 5 milyard 122,3 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır. Bunun 4 milyard 915 milyon manatını və ya büdcə gəlirlərinin 40,4 faizini Dövlət Neft Fondundan transfert, 137 milyon manatını isə büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, 75 milyon manatını digər daxilolmalar təşkil edəcəkdir. Sonra bildirilmişdir ki, 2009-cu ilin dövlət büdcəsinin layihəsində gəlirlərin yalnız 15 faizdən az hissəsi bilavasitə dünya neft qiymətlərinin dəyişməsindən asılı olacaqdır. Bu isə nəzərdə tutulan büdcə xərclərini kifayət qədər yüksək əminliklə təmin etmək imkanı verir. Qlobal iqtisadi tənəzzül meyillərinin Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirləri büdcənin icrası prosesində daim diqqət mərkəzində olacaq və radikal pisləşmə prosesləri baş verərsə, hökumət tərəfindən Milli Məclisə müraciət edilməklə, dövlət büdcəsinə yenidən baxılması ilə bağlı məsələ qaldırıla bilər. Lakin indi belə məsələnin qaldırılmasına və büdcə proqnozlarına yenidən baxılmasına ehtiyac yoxdur. 2009-cu ilin dövlət büdcəsinin xərcləri 12 milyard 355 milyon manat proqnozlaşdırılır ki, bu da 2008-ci ilə nisbətən 1 milyard 294,4 milyon manat və ya 11,7 faiz çoxdur. 2009-cu ilin dövlət büdcəsində əsas fondlara əsaslı vəsait qoyuluşu xərcləri üçün (dövlət əsaslı vəsait qoyuluşu, əsaslı vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir və s.) 5 milyard 609,4 milyon manat və ya xərclərin 45,4 faizi həcmində vəsait nəzərdə tutulmuşdur. Bu, 2008-ci ilə nisbətən 393,5 milyon manat və ya 7,5 faiz çoxdur. Dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 33 faiz və ya 4 milyard 24 milyon manat müəyyən edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 790,4 milyon manat və yaxud 24,4 faiz çox olacaqdır. Elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti tədbirləri xərcləri üçün 2 milyard 139,3 milyon manat vəsait nəzərdə tutulur. Bu, 2008-ci illə müqayisədə 421,5 milyon manat və ya 24,5 faiz çoxdur. İlk dəfə olaraq, büdcədə ölkənin kütləvi informasiya vasitələrinə dövlət yardımı xərcləri üçün 1,3 milyon manat vəsait ayrılmışdır. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının təkmilləşdirilməsi işinin davamı olaraq, 2009-cu ildə müdafiə xərclərinə tələb edilən məbləğdə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 13,6 faiz çox vəsait yönəldilmişdir. Daha sonra büdcə layihəsi ətrafında müzakirələr aparılmışdır. Çıxışlarda dövlət büdcəsinin gəlir və xərclərinin hökumət üzvləri tərəfindən sistemli və geniş izah olunması, dövlətin əsas maliyyə sənədinin yüksək səviyyədə hazırlanması müsbət qiymətləndirilmişdir. Dövlətin ölkədə sosial yönümlü xərclərin, sərmayə qoyuluşunun artımına qayğısı da xüsusi vurğulanmışdır. Müzakirələr başa çatdıqdan sonra, deputatların rəy və təklifləri nəzərə alınmaqla, sənəd baxılmaq üçün hökumətə göndərilmişdir.
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb