| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Bu gün Azərbaycan Ordusu bölgənin ən güclü ordusudur
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirilmişdir. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyəti, modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqlar iştirak edirdi.
Bu möhtəşəm tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramının təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişidir. On ildir ki, 26 iyun müstəqil Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. Bu günün tarixləşməsi də ümummilli liderimizin adı ilə bağlıdır. Prezident Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atmışdır. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır.
1993-cü il noyabrın 1-də Müdafiə Şurası yaradılmış, noyabrın 2-də isə ölkəmizin rəhbəri Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya və radio ilə xalqa müraciət etmişdir. Bu müraciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni bir mərhələnin başlanğıcı - Heydər Əliyev mərhələsinin başlanğıcı olmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamladı.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın Dövlət himnini ifa etdi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söylədi.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, Azərbaycan Milli Ordusunun yaranması bizim tariximizdə çox əlamətdar və tarixi bir hadisə idi. 1918-ci ildə müsəlman aləmində ilk dəfə demokratik respublikanın yaranması çox böyük tarixi hadisə idi. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Azərbaycan dünya aləminə qovuşurdu. Biz bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini böyük təntənə ilə və çox geniş şəkildə qeyd etdik. Bir daha qeyd etdik ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə ki, Milli Ordunun yaranması çox vacib məsələ idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Azərbaycanda ordu quruculuğu lazımi səviyyədə aparılmırdı. Yalnız Azərbaycan xalqının tələbi ilə ümummilli lider, ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu prosesi başlanmışdır. Əslində, Azərbaycanda dövlət quruculuğu prosesi başlanmışdır və müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin səyləri nəticəsində, müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılırdı.
Qısa müddət ərzində nizami ordunun yaranması mümkün olmuşdur və bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Mən çox şadam ki, bu gün Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Bildiyiniz kimi, mən hərbi hissələrdə tez-tez oluram, cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlərlə səngərlərdə görüşürəm. Tərtər, Ağdam, Füzuli rayonlarının ərazisində, cəbhə bölgələrində, digər bölgələrdə, Naxçıvanda və digər sərhəd bölgələrində zabitlərlə, əsgərlərlə görüşərkən bir daha görürəm ki, Azərbaycan Ordusunun səviyyəsi çox yüksəkdir. Ruh yüksəkliyinin artırılması, peşəkarlıq, müasir standartlara uyğunlaşma prosesi çox sürətlə gedir. Əlbəttə ki, biz bunu böyük qürur hissi ilə qeyd edirik.
Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənir. Bu istiqamətdə son illər ərzində böyük işlər görülübdür. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə ölkəmizin hərbi xərcləri bugünkü hərbi xərclərdən ən azı on dəfə az idi. Bu gün ordu quruculuğu prosesi, eyni zamanda, maddi-texniki bazanın möhkəmlənməsi ilə tamamlanır. Azərbaycanın ümumi hərbi xərcləri son beş il ərzində 10 dəfədən çox artmışdır və bu gün 2 milyard dollardan da çoxdur. Biz bir müddət bundan əvvəl qarşıya məqsəd qoymuşduq ki, Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmlənsin. Mən çox şadam ki, bu gün biz buna nail oluruq. Gələcəkdə daha da böyük işlər görüləcəkdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bu gün keçirilən hərbi paradda bizim hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcəkdir və Azərbaycan xalqı görəcəkdir ki, Azərbaycan Ordusu nəyə qadirdir. Biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Azərbaycanın maddi imkanları artır, maliyyə imkanları artır və ilk növbədə, biz ordu quruculuğuna daha da böyük səylər göstərəcəyik. Onu demək kifayətdir ki, Azərbaycanın dövlət xərclərində hərbi xərclər birinci yerdədir və əminəm ki, bundan sonrakı illərdə də bu, belə olacaqdır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki tədbirlər görülür. İldə iki dəfə əmək haqları qaldırılır və bildiyiniz kimi, dünən hərbçilərin əmək haqlarının qaldırılması üçün yeni Sərəncam imzalanmışdır. Bu proses davam etdiriləcəkdir. Hərbçilərin sosial məsələlərinin həlli, məişət problemlərinin həlli həmişə diqqət mərkəzində olmuşdur, bu, bu gün də belədir. Gələcəkdə bizim maddi imkanlarımız artdıqca, əlbəttə ki, biz bunu daha da böyük həcmdə təmin edəcəyik.
Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılmışdır. Bildiyiniz kimi, mən bir müddət bundan əvvəl Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında Sərəncam imzalamışdım. Bu gün çox şadam ki, bu Sərəncamdan sonra əməli-praktiki işlər çox sürətlə gedir. Dünən hərbi sənaye kompleksinin yeni tərkib hissəsi olan zavodun açılışında olarkən bir daha gördüm ki, Azərbaycanda bu sahədə istehsal olunan məhsullar dünyanın ən yüksək standartlarına cavab verir.
Biz qısa müddət ərzində Azərbaycanda güclü hərbi sənaye kompleksinin yaradılmasına nail olmalıyıq. Biz bunun ilkin nəticələrini görürük və bu, çox sevindirici haldır. Bu onu göstərir ki, qəbul edilmiş bütün qərarlar çox böyük keyfiyyətlə və qısa müddət ərzində həyatda öz əksini tapır. Biz təbii ki, hələ silah-sursatın, hərbi texnikanın, döyüş təyyarələrinin böyük əksəriyyətini xaricdən alırıq. Bu proses davam etdirilir və bizim dost ölkələrlə bu sahədəki əməkdaşlığımız güclənir. Ancaq biz istəyirik ki, Azərbaycana lazım olan hərbi texnika və silah-sursat maksimum dərəcədə Azərbaycanda istehsal olunsun.
Bunu etmək üçün, əlbəttə, yeni texnologiyalar gətirilməlidir, peşəkar mütəxəssislər hazırlanmalıdır və maliyyə imkanları da ayrılmalıdır. Bütün bu amillər bu gün Azərbaycanda mövcuddur. İldən-ilə artan hərbi xərclərin tərkib hissəsi olan müdafiə sənayesinə ayrılan xərclər də artır. Biz yaxın zamanlarda daha da böyük rəqəmləri görəcəyik. Bir sözlə, hərbi potensialın gücləndirilməsi üçün, müasir ordunun yaranması üçün Azərbaycanda çox böyük işlər görülübdür. Biz bu gün bunu ordunun inkişaf etməsində görürük, müasir standartlara cavab verməsində görürük. Mən şübhə etmirəm ki, gələcəkdə bu müsbət meyillər davam etdiriləcəkdir.
Bəzi hallarda beynəlxalq aləmdə bizim siyasətimiz narahatlıq doğurur. Amma bizim təkcə hərbi xərclərimiz artmır. Bütün başqa sahələrə qoyulan xərclər böyük dərəcədə artmışdır. Təkcə onu demək kifayətdir ki, son beş il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artmışdır, 2003-cü ildə 1,3 milyard dollar idisə, 2008-ci ilin ümumi icmal büdcəsi 16 milyard dollara yaxındır. Yəni Azərbaycanın artan iqtisadi imkanları, bizim güclü iqtisadi potensialımızın yaradılması Azərbaycanın bütün sahələrdəki təşəbbüslərinə böyük dəstəkdir. Hərbi xərclər artır, səhiyyə xərcləri artır, təhsil xərcləri artır, infrastruktur layihələri uğurla icra edilir.
Azərbaycanda çox müasir infrastruktur yaradılır. Biz bütün sahələrdə uğurlu proqramlar icra edirik və Azərbaycanın perspektivləri də çox müsbətdir, çox parlaq olacaqdır. Bunu artıq Azərbaycan xalqı görür və bütün dünya ictimaiyyəti görür. Ona görə bizim hərbi xərclərimizi ümumi kontekstdən çıxarıb, bundan böyük bir hadisə yaratmağa heç bir ehtiyac yoxdur.
Ancaq o da həqiqətdir ki, Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıbdır və müvəqqəti olaraq atəşkəs rejimi mövcuddur. Bu atəşkəs qorunub saxlanılır. Ancaq o demək deyil ki, müharibə başa çatıbdır. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə biz güclü ordu yaradırıq. O ölkələrdə, hansı ki, onların torpaqları işğal olunmayıb, bəlkə də ordu quruculuğuna o qədər də diqqət göstərilmir. Biz isə bu işğaldan 10 ildən çoxdur ki, əziyyət çəkirik. Azərbaycan öz torpaqlarının bir hissəsini müvəqqəti olaraq itiribdir. Belə olan halda, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdır Azərbaycan dövləti edir.
Eyni zamanda, bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparılır. Bu danışıqlar uzun müddətdir ki, aparılır və Azərbaycan xalqı bu danışıqlardan artıq yorulubdur. Biz hesab edirik ki, danışıqlar əbədi aparıla bilməz. Danışıqlar prosesində, düzdür, müsbət irəliləyişlər var. Bu gün müzakirə predmeti olan təkliflərdə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas tutulur və danışıqlar masasında mövcud olan təkliflərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün heç bir mexanizm yoxdur. Bu da təbiidir. Çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix və beynəlxalq hüquq normaları göstərir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu nümayiş etdirən lazımi tədbirlər də görülür.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilibdir. Bu yaxınlarda BMT-nin Baş Məclisində yeni qətnamə qəbul edilibdir. Bütün bunlar bizim üçün çox böyük dəstəkdir və məsələnin sülh yolu ilə, ədalətli həlli üçün bizə imkan yaradır. Ancaq buna baxmayaraq, qarşı tərəf beynəlxalq hüquq normalarına məhəl qoymur. Belə olan halda biz nə etməliyik?! Əlbəttə, biz hələ ki, danışıqları davam etdirəcəyik. Ancaq, eyni zamanda, güclü ordunun yaranması həm danışıqlar prosesinə müsbət təsir göstərir və göstərəcəkdir, həm də bizə imkan verir ki, biz istənilən yolla ədaləti bərpa edək və öz doğma torpaqlarımızı işğalçılardan azad edək.
Bu, böyük ədalətsizlikdir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bu siyasət nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşübdür. Bir milyondan çox qaçqın-köçkün yaranmışdır. Biz bu ədalətsizliyə dözə bilmərik. Mən əminəm ki, biz bütün səylərimizi səfərbər edib diplomatik, iqtisadi, hərbi siyasətimizi gücləndirərək istədiyimizə nail olacağıq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi imkanlar bizim tərəfimizdədir, hərbi üstünlük də artıq bizim tərəfimizdədir. Vaxtilə Ermənistanla Azərbaycan arasında hərbi sahədə olan balans, tarazılıq pozulubdur. Bu gün Azərbaycan Ordusu bölgənin ən güclü ordusudur və bu proses davam etdirilir, ordunun güclənməsi üçün nə lazımdırsa, biz bundan sonra da edəcəyik.
Nitqinin sonunda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqını bayram münasibətilə bir daha ürəkdən təbrik edərək, bir daha vurğuladı ki, Azərbaycanda hərbi paradın keçirilməsi böyük hadisədir. Bu gün bütün Azərbaycan xalqı görəcəkdir ki, Azərbaycan Ordusu nəyə qadirdir. Bu paradı görən hər bir vətənpərvər insan fəxr edəcəkdir ki, Azərbaycanın belə güclü və qüdrətli ordusu var.
Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi başladı.
Meydana əvvəlcə, Azərbaycan Respublikasının Dövlət bayrağı gətirildi. Bunun ardınca Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun döyüş bayrağı altında süvari və piyada hərbi geyim qiyafəsində olan hərbi qulluqçular tribunanın önündən keçdilər.
90 il əvvəl yaradılmış Azərbaycan Ordusu erməni təcavüzünün qarşısının alınmasında, Vətənimizin ərazi bütövlüyünün təmin edilməsində və sərhədlərimizin qorunmasında mühüm rol oynamışdır. Cümhuriyyət ordusunun qısa tarixi qəhrəmanlıq, xalqa, Vətənə sədaqətlə xidmətin nümunəsidir. Bu gün biz Azərbaycan Silahlı Qüvvələrinin 90-cı ildönümünü bayram edərkən Milli Ordunun əsasını qoyan, onun formalaşması üçün bilik və bacarığını əsirgəməyən sərkərdələrimizi, görkəmli hərbi xadimlərimizi bir daha xatırlayır, onların Vətən qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə yad edirik.
Bunun ardınca, xalqımızın ümummilli lideri Heydər Əliyevin 37 il öncə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursantları mətin addımlarla tribunanın önündən keçdilər.
Doğma Azərbaycanımızın mətin, qorxmaz, igid övladları - beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbçiləri, Silahlı Qüvvələrin dəniz piyadaları, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bölməsi, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da nizami addımlarla tribunanın önündən keçdilər.
Paradda 210 modernləşdirilmiş hərbi texnika, 19 döyüş vertolyotu, 25 döyüş təyyarəsi, 31 hərbi gəmi və qayıqlar iştirak edirdi.
Meydana əvvəlcə motosikletlər və avtomobillər daxil oldu. Xüsusi təyinatlı qoşunların istifadəsində olan bu texnikalar istənilən hava şəraitində və çətin keçilən ərazilərdə hərəkət etməyə, təbii və süni maneələri dəf etməyə qadirdir.
Pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurdu. Bu aparatlar düşmənin taktiki dərinliklərində kəşfiyyat aparılması üçün istifadə edilən ən müasir və səmərəli texnikadır. Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, qaubitsalar, qoşqular, zireh sistemləri bir-birinin ardınca meydandan keçib gedir. “BM-21” və “Qrad” yaylım atəşli reaktiv sistemləri tribuna önünə gəlir. Reaktiv sistemlərin ardınca meydana daxil olan taktiki raket kompleksi 120 kilometrədək uzaqlıqda düşmənin mühüm hərbi obyektlərinə, o cümlədən yerüstü kəşfiyyat - zərbə vasitələrinə, idarəetmə məntəqələrinə, təyyarə və vertolyot uçuş zolaqlarına, qoşun qruplaşmalarına, sursat, yanacaq və digər maddi vəsait anbarlarına yüksək dəqiqliklə zərbə endirərək onları məhv etməyə qadirdir. Növbə zenit-raket komplekslərinə çatdı. Bu komplekslər düşmənin bütün növ hava hücumu vasitələrinə, o cümlədən müasir tipli təyyarələrə, vertolyotlara və qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuşdur. Müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadanın döyüş maşınları, modernləşdirilmiş “T-72” tankları tribunanın önündən keçdi. Bu tanklar etibarlı zirehə və yüksək manevr qabiliyyətinə malikdir. Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi və qayıqları hərbi reyddə sıralanmışdı. Sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin və vertolyotlarının uçuşu oldu. Milli şahinlərimiz yüksək pilotaj fiqurlarını məharətlə yerinə yetirdilər. Onların heyrətamiz təmrinləri meydanda alqışlarla müşayiət olundu.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi münasibətilə keçirilən təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətini əyani surətdə nümayiş etdirdi.
|
|
|
|
|
|