|
Azərbaycan Respublikası ərazisinə
gətirilən tekstil mallarına nə qədər gömrük idxal rüsumu tətbiq
olunur?
|
- Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 saylı Qərarına
dəyişiklik edilməsi barədə 2003-cü il 22 dekabr tarixli 161 nömrəli
Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən Azərbaycan
Respublikası ərazisinə gətirilən tekstil mallarına dəyərinin 15%-i
həcmində gömrük idxal rüsumu, 31 yanvar 2005-ci il tarixli 11 saylı
Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların siyahısı"na və Azərbaycan
Respublikası Vergi Məcəlləsinə müvafiq olaraq vergiyə cəlb olunan
idxalın 18% həcmində əlavə dəyər vergisi tətbiq olunur. |
Hüquqi şəxs rəsmiləşdirdiyi mala görə
vergi və rüsumunun pulunu möhlətlə ödəyə bilərmi?
|
- Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin 119-cu və 120-ci maddəsinə əsasən Dövlət Gömrük
Komitəsində müvafiq qaydada reyestrə salınmış bankların və digər kredit
təşkilatlarının zəmanəti, malların və nəqliyyat vasitələrinin girovu
əsasında gömrük ödənişlərinin ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə
möhlət verilə bilər və bu möhlət müddəti yük gömrük bəyannaməsinin qəbul
edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır. |
Xarici şirkət tərəfindən (Azərbaycanda
qeydiyyatda olan) ölkəmizə müvəqqəti idxal rejimi altında gətirilən
mal və ya nəqliyyat vasitələri hansı müddətə qədər respublikamızda
qala bilər və buna görə nə qədər gömrük rüsumu ödənilməlidir?
|
Hüquqi şəxslər tərəfindən
müvəqqəti idxal rejimi altında gətirilən mal və ya nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
27 iyul 1998-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsumları
və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsi Qaydaları"nda
nəzərdə tutulmuş qaydada həyata keçirilir. Müvəqqəti gətirilən mal və
ya nəqliyyat vasitələri üçün müəyyən edilmiş müvəqqəti idxal müddəti
yenidən uzadılırsa, onda bəyan edilən günə sərbəst dövriyyə üçün buraxılış
rejimində ödənilməli olan gömrük rüsumlarının və vergilərinin məbləğlərinin
hər ay 3 faizi ödənilir. |
Şirkətimiz respublikamızdan xaricə on min dollardan
yuxarı pul aparmaq istəyir. Republikamızın normativ hüquqi aktları
isə bu məbləğdən yuxarı pul çıxarılmasına imkan vermir. Bunun digər
yolları (məsələn, bank vasitəsilə və s.) varmı?
|
Bütün rezidentlər
tərəfindən xarici ölkələrdən mal alınması və xidmət göstərilməsi ilə
bağlı pul hesablaşmaları Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə
uyğun olaraq bank vasitəsi ilə aparılır. Hesablaşmalara nəzarət müvəkkil
banklar tərəfindən həyata keçirilir.. |
|
Malın mənşəyini təsdiq edən sertifikatda hansı məlumatlar
öz əksini tapmalıdır? |
Konkret mal üzrə
verilmiş sertifikatda aşağıdakı məlumatlar öz əksini tapmalıdır. ixracatçının
adı və ünvanı; idxalatçının adı və ünvanı; nəql edilmə vasitələri
və hərəkətin marşrutu (məlum olduğu qədər); yerlərin sayı, qablaşdırmanın
növü, malların eyniləşdirilməsi (identifikasiyası) üçün lazım olan
bütün məlumatların təsviri; brutto və netto çəkisi (bu göstəricilər
daşınma (nəql edilmə) zamanı malın çəkisi əhəmiyyətli dərəcədə dəyişdirildikdə
və ya bu mala standart olaraq tətbiq edilən vahidlərin sayı və ya
həcmi ilə əvəz edilə bilər). Sertifikatın təsdiq edilmə yeri və tarixi,
milli qanunvericiliyə uyğun olaraq malların mənşəyini təsdiq etmək
səlahiyyəti olan orqanın adı və möhürü, həmin orqanın sertifikatın
həqiqiliyini təsdiq etmək səlahiyyəti olan vəzifəli şəxsinin imzası
əks etdirilir. |
|
Təkrar idxal rejimi altında yerləşdirilən mallardan
rüsum tutulurmu? |
Təkrar idxal rejimi
altında yerləşdirilən mallar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin
5-ci fəslinin müddəalarına müvafiq olaraq həyata keçirilir. Belə ki,
Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac gömrük rejiminə
uyğun aparılmış Azərbaycan malları aparıldığı andan on il müddətinə
qaytarıldığı halda, gömrük idxal rüsumları və digər ödənişlər alınmır.
Lakin təkrar idxal gömrük rejimi altında yerləşdirilən mallar, təbii
aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc
itkiləri, həmçinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən
edilmiş digər hallar istisna edilməklə aparıldığı vəziyyətdə olmalıdır.
Yəni aparılan mallar ilkin vəziyyəti dəyişdirilmədən geri gətirilməlidir.
|
|
Respublikamıza gətirilən plastmas məişət əşyalarından
nə qədər gömrük vergi və rüsumu alınır? |
Azərbaycan Respublikasına
idxal edilən plastmas məişət əşyaları, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları
üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə
alınan yığımların miqdarı haqqında" 12.04.2001-ci il tarixli 80 saylı
Qərarına dəyişiklik edilməsi barədə 2003-cü il 22 dekabr tarixli 161
nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə müvafiq
olaraq 15 faiz dərəcəsi ilə gömrük idxal rüsumuna, "Azərbaycan Respublikasının
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların
siyahısı" haqqında 31 yanvar 2005-ci il tarixli 11 saylı qərarına
və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi
tutulan idxalın 18 faizi həcmində isə əlavə dəyər vergisinə cəlb edilir |
|
Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına uyğun
olaraq rüsumların tətbiqi zamanı malların kodlarının müəyyən edilməsi
hansı qaydada həyata keçirilir? |
Azərbaycan Respublikasında
xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tədbirlərinin həyata
keçirilməsi üçün mühüm məsələ olan malların təsviri və kodlaşdırılması
Ümumdünya Gömrük Təşkilatının Harmonikləşdirilmiş Sistemi bazasında
qəbul olunmuş Müstəqil Dövlətlər Birliyi xarici iqtisadi fəaliyyətinin
9 rəqəmli Əmtəə nomenklaturasına uyğun olaraq müəyyən edilir. Belə
ki, yeni "Azərbaycan Respublikasının Gömrük Tarifi" beynəlxalq təcrübədə
qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq Dövlət Gömrük Komitəsi
tərəfindən hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq olunmuşdur. |
|
Hansı dövlətlərdən gətirilən mallar üçün idxal rüsumları
alınmır və hansı mallar idxal rüsumlarından azaddır? |
Rusiya Federasiyası,
Ukrayna, Gürcüstan, Qazaxstan və Belorusiya Respublikası Hökumətləri
ilə Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış azad ticarət
sazişlərinə uyğun olaraq həmin ölkələrdən gətirilən mallardan idxal
rüsumu alınmır. "Gömrük Tarifi haqqında" Azərbaycan Respublikası Qanununun
34-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında" 22 aprel 1998-ci il tarixli 91 saylı qərarının
4-cü bəndində göstərilən mallar idxal rüsumuna cəlb olunmur. |
|
Respublikamıza idxal olunan təbii mineral sulara görə
nə qədər gömrük vergi və rüsumu nəzərdə tutulur? |
Respublikamıza
idxal olunan təbii mineral sulara Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə əsasən 18 faiz həcmində əlavə dəyər vergisi və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə
görə alınan yığımların miqdarı haqqında" 12 aprel 2001-ci il tarixli
80 saylı qərarına və 161 №-li 2003-cü il 22 dekabr tarixli qərarına
görə 1 litr üçün 0,20 ABŞ dolları həcmində gömrük idxal rüsumu tutulur
və 31 yanvar 2005-ci il tarixli 11 saylı qərarına görə 18% ƏDV tətbiq
olunur. |
|
Ölkəmizə idxal olunan qəzet və kitab üçün nə qədər
gömrük vergi və rüsumu nəzərdə tutulur? |
Respublikaya idxal
olan qəzet və kitablar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların
miqdarı haqqında" 12 aprel 2001-ci il tarixli 80 saylı qərarına və
2003-cü il 22 dekabr tarixli 161 №-li qərarına əsasən 3 faiz həcmində
idxal rüsumuna cəlb olunur və eyni zamanda "Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında" 31 yanvar 2005-ci il tarixli 11 saylı qərarı ilə
ƏDV tətbiq olunmur. |
|
Bədii, tarixi və ya arxeoloji sərvət olan əşyaların
Azərbaycandan çıxarılması qaydası necədir? |
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş
mədəniyyət sərvətləri xüsusi rejim əsasında verilmiş mühafizə dərəcəsinə
müvafiq surətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ixracının
mümkünlüyü barədə verdiyi şəhadətnamə və 100 faiz məbləğində gömrük
rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi verilməmiş mədəniyyət
sərvətləri isə sərbəst surətdə Azərbaycan Respublikasının gömrük ərazisindən
aparıla bilər. |
|
Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası
hansı hallarda həyata keçirilir? |
Fiziki şəxslər
tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri
1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan
və mal vahidinin və ya dəstinin dəyəri (avtonəqliyyat vasitələri və
aksizli mallar istisna olmaqla) 1000 ABŞ dollarını ötdükdə, həmin
malların gömrük rəsmiləşdirilməsi gömrük ödənişləri alınmaqla sadələşdirilmiş
qaydada aparılır. |
Gömrük nəzarətini gömrük orqanının yerləşdiyi yerdən
kənarda aparmaq mümkündürmü? |
Azərbaycan Respublikasında
mallara gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi gömrük orqanının
razılığı ilə gömrük orqanının yerləşdiyi yerdən kənarda keçirilə bilər
|