Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Dövlət qeydiyyatına alınmışdır
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat 3061
30 iyun 2004-cü il
Nazir
F. MƏMMƏDOV

Təsdiq edirəm
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr 038
12 may 2004-cü il
Sədr
K. HEYDƏROV

Tranzit gömrük rejimi haqqında Qaydalar

1. Ümumi müddəalar

Tranzit gömrük rejimi haqqında Qaydalar (bundan sonra Qaydalar) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 6-cı fəslinin müddəalarına uyğun olaraq hazırlanmış və malların, nəqliyyat vasitələrinin tranzit gömrük rejimində rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

Malların tranziti malların gömrük nəzarəti altında Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergiləri alınmadan və mallara iqtisadi siyasət tədbirləri (kvotalaşdırma, lisenziyalaşdırma və s.) tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.

Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir.

1.1. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

  • tranzit mal tranzit gömrük rejiminə uyğun Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilən, barəsində gömrük ödənişləri ödənilməsinin təmin edilməsi tətbiq edilən mal;
  • tranzit bəyannaməsi tranzit gömrük rejimi altında yerləşdirilən malların bəyan edilməsi zamanı istifadə olunan gömrük bəyannaməsi;
  • göndərən gömrük orqanı fəaliyyət ərazisində tranzit malların və nəqliyyat vasitələrinin faktiki gətirildiyi Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsi yerləşən Azərbaycan Respublikasının gömrük orqanı;
  • təyinat gömrük orqanı fəaliyyət ərazisində tranzit malların və nəqliyyat vasitələrinin faktiki aparıldığı, Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsi yerləşən Azərbaycan Respublikasının gömrük orqanı;
  • aralıq gömrük orqanı fəaliyyət ərazisində tranzit mallarla yük əməliyyatları aparılmasına icazə verilmiş gömrük orqanı;

Mallar bir nəqliyyat vasitəsindən digərinə yükləndikdə, fəaliyyət ərazisində bu cür əməliyyat həyata keçirilən gömrük orqanı göndərən gömrük orqanı hesab olunur.

  • daşıyıcı malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki və ya hüquqi);
  • malların daşınması malların tranzit gömrük rejiminə uyğun daşınması;
  • ağırçəkili və ya irihəcmli mallar çəkisinə, ölçülərinə və ya xarakterinə görə, adətən, örtülü nəqliyyat vasitəsində və ya örtülü konteynerdə daşınmayan mallar;
  • mal partiyası bir nəqliyyat sənədi üzrə bir nəqliyyat vasitəsində (konteynerdə) və ya nəqliyyat vasitələri qrupunda bir mal alanın ünvanına daşınan mallar;
  • ödəyici gömrük ödənişlərinin ödənilməsi və ya gömrük ödənişləri ödənilməsinin təminatı şəklində pul vəsaitlərini gömrük orqanının hesabına keçirən istənilən əlaqədar şəxs;
  • hesab-qaimə (invoys) mala görə ödəniləsi məbləği göstərən sənəd, malın üstündə göndərilən qaimə şəklində istifadə oluna bilər;
  • hesab-proforma mal partiyasının qiyməti və dəyəri haqqında məlumatlar göstərilən, lakin haqq-hesab sənədi hesab olunmayan sənəd (qısa bəyannamə şəklində istifadə oluna bilər);
  • spesifikasiya mal partiyasına daxil olan malların bütün növ və çeşidlərinin siyahısı göstərilən sənəd;
  • nəqliyyat sənədləri dəniz daşımalarında konosament, şturman qeydi, tərsanə qeydi; dəmiryol daşımalarında dəmiryol qaiməsi və onun dublikatı; aviadaşımalarda aviaqaimə; avtomobil daşımalarında yol qaiməsi;
  • gömrük ödənişlərinin şərti hesablanması (ş.h) tranzit mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməli olarsa, ödənilməli olan gömrük rüsumlarının və ya vergilərinin məbləği.

1.2. Malların Azərbaycan Respublikası ərazisindən tranziti onların göndərən gömrük orqanı tərəfindən tranzit gömrük rejimi altında yerləşdirildiyi andan başlanır və bu Qaydalarda başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisindən faktiki çıxarılması ilə tamamlanır.

1.3. Azərbaycan Respublikası ərazisindən tranzit gömrük rejimində keçirilən mallar və onları daşıyan nəqliyyat vasitələri (konteynerlər) Azərbaycan Respublikasının ərazisinə gətirildiyi andan tranzit gömrük rejimi tamamlananadək gömrük nəzarəti altında olurlar.

2. Malların tranzit gömrük rejimi altında yerləşdirilməsi şərtləri

2.1. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi ilə tranziti istənilən yollar və istiqamətlərdə həyata keçirilə bilər. Azərbaycan Respublikasının ərazisindən tranzit rejimində keçirilən mallar:

  • təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma, saxlanc itkiləri istisna olmaqla, dəyişilməz vəziyyətdə qalmalı;
  • yalnız tranzit məqsədlər üçün istifadə olunmalı;
  • nəqliyyat vasitələrinin imkanları, təyin edilmiş marşrut və digər daşınma şərtləri nəzərə alınmaqla, göndərən gömrük orqanı tərəfindən müəyyən edilən müddətlərdə təyinat gömrük orqanlarına çatdırılmalıdır.

Beynəlxalq yük daşımaları üçün nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə daşınan tranzit malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazi ilə təyinat gömrük orqanına çatdırılma müddəti bir sutkada 450 km hesabı ilə ancaq cəmi 48 saatdan çox olmamaq şərti ilə müəyyənləşdirir.

3. Malların tranzitinə icazə

3.1. Malların tranziti göndərən gömrük orqanının icazəsi ilə həyata keçirilir.

3.2. Malların tranziti göndərən gömrük orqanının icazəsi ilə bu Qaydaların 2-ci bölməsində göstərilmiş şərtlərin tələblərinə riayət edildikdə və eyni zamanda əgər:

  • malların Azərbaycan Respublikasının ərazisindən tranzit keçirilməsi qadağan edilməmişdirsə;
  • tranzit malların gömrük rəsmiləşdirilməsinə görə gömrük ödənişləri ödənilmişdirsə;
  • əgər tranzit mallar digər dövlət orqanlarının nəzarətindən keçməlidirsə, həmin orqanların icazəsi təqdim edilmişdirsə (tranzit zamanı digər dövlət orqanlarının nəzarətindən keçirilməli olan malların siyahısı gömrük orqanlarına təqdim olunmalıdır);
  • malların tranziti zamanı gömrük işi haqqında qanunvericiliyə riayət edilməsi məqsədilə gömrük orqanlarının tələblərinin yerinə yetirilməsi (nəqliyyat vasitələrinin lazımi qaydada təchiz edilməsi, gömrük müşayiəti, malların gömrük daşıyıcıları tərəfindən daşınması və ya gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi);
  • malların eyniləşdirilməsinin mümkünlüyü təmin edilmişdirsə;
  • gömrük məqsədləri üçün lazım olan tranzit bəyannaməsi və digər sənədlər təqdim edilmişdirsə, həyata keçirilə bilər.

3.3. Qaydaların 2-ci bölməsində və 3-cü bölmənin 3.2 bəndində göstərilən şərtlər yerinə yetirilmədikdə, malların tranzit gömrük rejimi altında yerləşdirilməsinə icazə verilmir.

3.4. Əvvəllər malların tranzit və gömrük nəzarəti altında daşınması zamanı gömrük orqanları qarşısında öz öhdəliklərini yerinə yetirməyən daşıyıcılar tərəfindən malların tranzit gömrük rejimi altında yerləşdirilməsinə, ancaq daşıyıcılar tərəfindən gömrük qanunvericiliyinin tələblərinə riayət olunması təmin olunduğu təqdirdə, gömrük orqanları tərəfindən icazə verilir.

4. Tranzit bəyannaməsi və digər zəruri sənədlər

4.1. Tranzit bəyannaməsi, bu Qaydalar ilə başqa hal nəzərdə tutulmamışdırsa, tranzit malların hər bir partiyası üçün doldurulur.

Tranzit bəyannaməsi üç nüsxədən az olmamalıdır. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə müxtəlif kodları olan mal partiyası bəyan edilərkən, əlavə vərəqlər də doldurulur. Əlavə vərəqlər əvəzinə onlarda göstərilməli olan məlumatları özündə əks etdirən əmtəə siyahılarından istifadə oluna bilər.

4.2. Tranzit bəyannaməsi kimi, gömrük orqanları tərəfindən aşağıdakılardan istifadə olunur:

a) Yüklərin BYD kitabçası tətbiq edilməklə beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına (BYD Konvensiyası, 1975-ci il) uyğun rəsmiləşdirilmiş BYD kitabçası;

  • Tranzit mallar dəmiryol nəqliyyatı vasitəsilə daşınarkən Beynəlxalq Dəmiryol Yük Daşımaları haqqında 01 noyabr 1951-ci il tarixli Saziş-in müddəalarına uyğun olaraq istifadə olunan (BYDS) dəmiryol qaiməsi;
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş digər sənədlər, həmçinin Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və sazişləri ilə təsdiq olunmuş sənədlər. Bu cür sənədlər və onlardan istifadə qaydası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının yerli gömrük orqanlarına çatdırılır.

Göstərilən hallarda bu Qaydalar ilə müəyyən edilən tranzit bəyannaməsi gömrük orqanlarına təqdim edilmir.

4.3. Tranzit bəyannaməsi aydın doldurulmalı, onda pozuntular və ləkələr olmamalıdır. Düzəlişlər səhv məlumatların üstündən xətt çəkilməsi, onların üstündə lazımi məlumatların çap edilməsi yolu ilə aparılır. Bu cür hər bir düzəliş səlahiyyətli şəxsin imzası və deklarantın möhürü ilə təsdiq edilir.

4.4. Tranzit bəyannaməsini deklarant tərtib edir, imzalayır və göndərən gömrük orqanına təqdim edir.

4.5. Tranzit bəyannaməsi ilə eyni zamanda gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün lazım olan aşağıdakı sənədlər gömrük orqanına təqdim edilir:

  • nəqliyyat və mal müşayiət sənədləri;
  • hesab-qaimələr və ya tranzit malların eyniləşdirilməsinə imkan verən məlumatları əks etdirən hesab-proformalar;
  • eyniləşdirmə vasitələri kimi möhürlərdən, plomblardan və eyniləşdirici işarələrdən istifadə oluna bilmədiyi halda, tranzit malların eyniləşdirilməsinin mümkünlüyünü təmin edən sənədlər (malların təsvirləri, çertyojları, foto şəkilləri, illüstrasiyaları və s.);
  • gömrük brokerinin (müqavilə əsasında deklarantın), daşıyıcının və ya malları keçirən şəxsin tranzit bəyannaməsini öz adından verməyə səlahiyyətlərini təsdiq edən sənədlər;
  • mallar digər dövlət orqanlarının nəzarətindən keçməlidirsə, həmin orqanların icazələri;
  • gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsini təsdiq edən sənədlər.

Təqdim edilən nəqliyyat və mal müşayiət sənədləri, həmçinin digər zəruri sənədlər barədə, mal alanın Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar, malların tranzitdən başqa heç bir məqsəd üçün istifadə olunmayacağı barədə gömrük orqanının vəzifəli şəxsləri şübhə doğurmayan məlumatlara malik olmalıdır. Təqdim olunan sənədlərdə kifayət etməyən və düzgün olmayan məlumatlar olduğunu güman etməyə yetərli əsaslar varsa, göndərən gömrük orqanı bu Qaydalarda göstərilən sənədlərdən əlavə sənədlər tələb etmək səlahiyyətinə malikdir.

5. Tranzit malların gömrük rəsmiləşdirilməsinə görə gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi

5.1. Azərbaycan Respublikasının ərazisindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə gömrük ödənişləri alınır.

5.2. Aşağıdakılardan gömrük rəsmiləşdirilməsinə görə gömrük ödənişləri tutulmur:

  • xarici ölkələrin ərazisindən tranzitlə keçirilən Azərbaycan mallarından;
  • BYD kitabçası tətbiq edilməklə tranzit malların beynəlxalq daşımaları zamanı;
  • Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq müqavilələr və sazişlər ilə müəyyən edilmiş hallarda tranzit keçirilən mallardan.

Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına məlumat verilir.

5.3. Tranzit malların gömrük rəsmiləşdirilməsinə görə gömrük ödənişlərinin ödənilməsinə möhlət verilmir və vaxtı uzadılmır.

5.4. Gömrük rəsmiləşdirilməsinə görə gömrük ödənişləri göndərən gömrük orqanının hesabına tranzit bəyannaməsi qəbul edilənədək və ya qəbul edilən zaman ödənilir.

5.5. Bu Qaydaların 3-cü bölməsinin 3.2. bəndinə uyğun olaraq, barəsində gömrük ödənişlərinin ödənilməsi təmin edilməmiş mallar Azərbaycan Respublikasının ərazisinə gətirilə bilməz.

5.6. Gömrük ödənişləri ödənilməsinin təmin edilməsi, malların və nəqliyyat vasitələrinin girovu, üçüncü şəxsin (bankların və digər kredit təşkilatlarının, habelə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun lisenziyaya malik sığorta şirkətlərinin) zəmanəti və ya ödənilməli olan məbləğin depozitə verilməsi yolu ilə həyata keçirilə bilər.

5.7. Aşağıdakı hallarda tranzit malların gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi tələb olunmur:

  • tranzit mallar dövlət dəmiryolu ilə daşınarkən;
  • tranzit mallar BYD kitabçası tətbiq edilməklə daşınarkən;
  • tranzit mallar gömrük daşıyıcısı tərəfindən daşınarkən;
  • Azərbaycan Respublikasının ərazisindən rüsum və vergilər tutulmayan malların tranziti zamanı.

5.8. Malların tranziti gömrük rejiminin pozulması hallarında şərti hesablanmış gömrük ödənişlərinin ödənilməsinin sığortalanması üzrə sənədlərin rəsmiləşdirilməsi, habelə onların ödənilməsi üzrə sığorta şirkətinə qarşı iddialar qaldırılması, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun həyata keçirilir.

6. Malların tranzit gömrük rejiminin digər gömrük rejiminə dəyişdirilməsi

6.1. Malların tranzit gömrük rejimi digər gömrük rejiminə dəyişdirilə bilər.

6.2. Mallar Azərbaycan Respublikasının ərazisindən keçirilərkən, tranzit gömrük rejiminin digər gömrük rejiminə dəyişdirilməsi, tranzit malların fəaliyyət zonasında müvəqqəti saxlanc anbarları olan gömrük orqanları tərəfindən həmin tranzit malların bu cür anbarlara yerləşdirilməsindən sonra həyata keçirilir.

Mallar xarici dövlətin ərazisindən keçirilərkən, tranzit gömrük rejiminin digər gömrük rejiminə dəyişdirilməsi, göndərən gömrük orqanı tərəfindən həyata keçirilir.

Tranzit gömrük rejiminin digər gömrük rejiminə dəyişdirilməsi zamanı malların yeni bəyan edilmiş gömrük rejimi altında yerləşdirilməsinin bütün şərtlərinə əməl edilməli və ödənilməli olan bütün gömrük ödənişləri və vergiləri, həmçinin gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları müəyyən edilmiş qaydada ödənilməlidir.

6.3. Mallar Azərbaycan Respublikasının ərazisindən keçirilən zaman tranzit gömrük rejimi digər gömrük rejiminə dəyişdirilərkən gömrük rejiminin dəyişdirilməsinə dair qərar qəbul etmiş gömrük orqanları tranzit malların nəzarətdən çıxarılması üçün bu barədə göndərən gömrük orqanlarını xəbərdar edir.

6.4. Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilən tranzit malların ayrıca bir hissəsi barədə tranzit gömrük rejiminin dəyişdirilməsinə yol verilir. Bu halda mallar Azərbaycan Respublikasının ərazisindən keçirilərkən, tranzit mallarla bu Qaydaların 7-ci bölməsinə uyğun olaraq yük əməliyyatları aparılır.

7. Tranzit mallarla yük əməliyyatları

7.1. Azərbaycan Respublikasının ərazisindən tranzit mallarını daşıyan nəqliyyat vasitələrinə əlavə yük vurula, tranzit mallar başqa nəqliyyat vasitələrinə yenidən yüklənə bilər. Tranzit gömrük rejimi altında daşınan malların bir hissəsi başqa gömrük rejiminə dəyişdirildiyi halda, həmin mallar nəqliyyat vasitəsindən qismən boşaldıla bilər.

Azərbaycan Respublikasının ərazisi ilə tranzit daşınan mallarla yük əməliyyatları gömrük orqanının icazəsi ilə anbarlarda və ya gömrük nəzarəti zonalarında, yaxud da gömrük orqanının müəyyən etdiyi digər yerlərdə və gömrük orqanının vəzifəli şəxslərinin iştirakı ilə həyata keçirilir. Yük əməliyyatları aparıldıqda, tranzit daşınma müddəti bu cür əməliyyatların aparılması üçün zəruri olan vaxt nəzərə alınmaqla müəyyən edilir.

7.2. Tranzit malları daşıyan nəqliyyat vasitələrinə əlavə malların yüklənməsinə icazəni fəaliyyət ərazisində bu cür əlavə yükləmə həyata keçirilən gömrük orqanı, həmin malların bəyan edilmiş gömrük rejiminə uyğun gömrük rəsmiləşdirilməsindən sonra verir.

7.3. Tranzit daşınan mallarla birlikdə Azərbaycan Respublikasının ərazisində digər gömrük rejimində yerləşdirilməsi nəzərdə tutulan mallar bir nəqliyyat vasitəsində daşına bilər. Bu cür malların daşınmasına icazəni göndərən gömrük orqanı verir. Həmin malların boşaldılmasından sonra aralıq gömrük orqanı tərəfindən tranzit bəyannaməsində yeni tətbiq olunmuş eyniləşdirilmə vasitələri haqqında məlumatlar göstərilir.

7.4. Tranzit malların əvvəlcədən məlum olmayan qismən boşaldılmasına icazəni (qismən boşaldılan malların digər gömrük rejimi altında yerləşdirildiyi halda) fəaliyyət zonasında bu cür boşaldılma həyata keçirilən gömrük orqanı verir. Tranzit malların qismən boşaldılmasına icazə vermiş gömrük orqanı tranzit gömrük rejimini bağlayır və bütün tranzit malların nəzarətdən çıxarılması üçün bu barədə göndərən gömrük orqanına dərhal məlumat verir. Qalan mallar təyinat gömrük orqanına malların gömrük nəzarəti altında daşınmasının müəyyən edilmiş qaydalarına uyğun daşınmalıdır.

7.5. Tranzit malın başqa nəqliyyat vasitəsinə yenidən yüklənməsinə icazə fəaliyyət ərazisində bu cür yenidən yükləmə həyata keçirilən gömrük orqanı tərəfindən verilir.

Tranzit malın yenidən yüklənməsinə icazə vermiş gömrük orqanı tranzit gömrük rejimini bağlayır və tranzit malın nəzarətdən çıxarılması üçün göndərən gömrük orqanına bu barədə dərhal məlumat verir. Yenidən yüklənmiş mallar təyinat gömrük orqanına malların gömrük nəzarəti altında daşınması üçün müəyyən edilmiş qaydalara uyğun daşınmalıdır.

7.6. Əgər tranzit mallar daşınarkən daşıyıcı qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Qaydaların 2-ci bəndi ilə nəzərdə tutulmuş şərtlərə əməl edilməsini təmin edə bilmirsə, o, tranzit malların qorunmasının təmini və onlardan hər hansı icazəsiz istifadəyə yol verilməməsi üçün bütün tədbirləri görməyə, dərhal ən yaxın gömrük orqanına bu barədə və tranzit malların olduğu yer haqqında məlumat verməyə borcludur. Göstərilən gömrük orqanı bu halda gömrük nəzarətinin təmin olunması üçün hansı tədbirlərin görülməsinin zəruri olduğunu müəyyən edir.

Malların məhvi, həmişəlik itirilməsi və ya əhəmiyyətli dərəcədə real korlanma təhlükəsi varsa, daşıyıcı öz şəxsi təşəbbüsü ilə malların boşaldılması və ya yenidən yüklənməsi barədə qərar qəbul edə bilər. Bu zaman daşıyıcı nəqliyyat vasitəsinin və ya malların qorunması məqsədi ilə bu cür hərəkət etməyə məcbur olduğunun səbəblərini göstərməli və malların ən yaxın gömrük orqanına daşınmasını və ya gömrük orqanının vəzifəli şəxslərinin malların olduğu yerə gətirilməsini təmin etməlidir.

Göstərilən gömrük orqanı hadisənin hallarını öyrəndikdən sonra bu Qaydaların 1 nömrəli Əlavəsində göstərilən formada 3 nüsxədən ibarət akt tərtib edir, aktın birinci nüsxəsi onu tərtib edən gömrük orqanında qalır, ikinci nüsxəsi tranzit malı nəzarətdən çıxarmaq üçün göndərən gömrük orqanına göndərilir, üçüncü nüsxəsi isə daşıyıcıya təqdim edilir.

Aktın doldurulması bu Qaydaların 2 nömrəli Əlavəsində müəyyən edilmiş qaydada doldurulur.

Fəaliyyət zonasında yol nəqliyyat hadisəsi baş vermiş gömrük orqanı tranzit gömrük rejimini bağlayır və bu barədə göndərən gömrük orqanına məlumat verir. Tranzit malların təyinat gömrük orqanına sonrakı daşınması malların gömrük nəzarəti altında daşınmasının müəyyən edilmiş qaydalarına uyğun həyata keçirilir.

7.7. Zədələnmiş qablaşdırmanın düzəldilməsinə, qablaşdırmanın açılmasına, qablaşdırmaya və ya yenidən qablaşdırmaya zərurət yaranarsa, bu halda həmin yük əməliyyatlarının aparılmasına icazəni müvafiq gömrük orqanı verir. Lazım gəldikdə, tranzit bəyannaməsinə həmin gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiqlənən müvafiq dəyişikliklər edilir.

8. Müxtəlif nəqliyyat vasitələri ilə daşınma zamanı malların tranzitinin xüsusiyyətləri

8.1. BYD kitabçası tətbiq edilməklə yüklərin beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına (BYD Konvensiyası, 1975-ci il) uyğun qaydada avtomobil nəqliyyat vasitəsi ilə daşınan tranzit malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi bu Qaydalar və digər normativ-hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

Tranzit mallar BYD daşımaları üzrə yenidən yükləmə həyata keçirilən aralıq gömrük orqanına göndərilmişdirsə, sonrakı daşınmanın rəsmiləşdirilməsi üçün tranzit bəyannaməsindən istifadə olunur.

8.2. Azərbaycan Respublikası ərazisindən hava nəqliyyatı ilə tranzit keçirilən mallar o zaman bu Qaydalara uyğun tranzit gömrük rejimi altında yerləşdirilir ki, gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə iki gömrük orqanı arasında nəzarətdə saxlanmaq şərti ilə həmin hava gəmiləri Azərbaycan Respublikası ərazisində iki dəfə və ya daha çox enmiş olsun.

Azərbaycan Respublikası ərazisindən tranzitlə keçirilən malların gömrük rəsmiləşdirilməsi və nəzarəti aşağıdakı hallarda tranzit bəyannaməsi rəsmiləşdirilmədən və gömrük rəsmiləşdirilməsinə görə gömrük ödənişləri tutulmadan həyata keçirilir:

  • texniki enmə zamanı;
  • hava gəmisinin iş qabiliyyətinin və sazlığının yoxlanması üzrə əməliyyatlar keçirilməsi üçün dayanması (baqaj, mallar yüklənmədən və boşaldılmadan, onlarla yük əməliyyatları aparılmadan, həmçinin sərnişinlər endirilmədən);
  • məcburi enmə zamanı;
  • mal və ya baqajla hər hansı bir yük əməliyyatı həyata keçirmədən yoluna davam etmə imkanı olduqda, hava gəmisinin uçuş planına uyğun uçuşu yerinə yetirməyin mümkün olmaması səbəblərinə görə yerə enməsi zamanı.

9. Tranzit malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi

9.1. Tranzit gömrük rejimi altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi göndərən gömrük orqanında həyata keçirilir.

9.2. Tranzit malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün göndərən gömrük orqanına daşıyıcı və ya deklarant tərəfindən tranzit bəyannaməsi təqdim edilir. Tranzit bəyannaməsi kimi, gömrük orqanları tərəfindən, həmçinin aşağıdakı sənədlərdən istifadə olunur.

  • BYD kitabçası tətbiq edilməklə yüklərin beynəlxalq daşımaları haqqında Gömrük Konvensiyasına (BYD Konvensiyası, 1975-ci il uyğun rəsmiləşdirilmiş BYD kitabçası;
  • Tranzit mallar dəmiryol nəqliyyat vasitəsilə daşınarkən Beynəlxalq Dəmiryol Yük Daşımaları haqqında 01 noyabr 1951-ci il tarixli Sazişin müddəalarına uyğun olaraq istifadə olunan (BYDS) dəmiryol qaiməsi.
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilən digər zəruri sənədlər, həmçinin Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və sazişləri ilə təsdiq edilmiş sənədlər.

9.3. Göndərən gömrük orqanının tələbi ilə malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs, daşıyıcı və ya mallar və nəqliyyat vasitələri barədə səlahiyyətlərə malik digər şəxs gömrük rəsmiləşdirilməsindən keçməli olan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya miqdarının başqa cür təyin edilməsini, yüklənməsini, boşaldılmasını, yenidən yüklənməsini, zədələnmiş qablaşdırılmasının düzəldilməsini, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür mallar və nəqliyyat vasitələri ola bilən binaların, tutumların və digər yerlərin açılmasını həyata keçirməyə borcludurlar. Göstərilən əməliyyatlar yalnız gömrük orqanlarının nəzarəti və icazəsi ilə aparıla bilər.

Mallar və nəqliyyat vasitələri ilə yük və başqa əməliyyatlar Azərbaycan Respublikasının gömrük orqanı üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.

9.4. Tranzit malların gömrük orqanlarının icazəsi olmadan götürülməsi və ya bu cür malların dəyişdirilməsi hallarının aradan qaldırılması üçün mallar, göndərən gömrük orqanı tərəfindən, həmçinin bu Qaydalar ilə nəzərdə tutulmuş hallarda, həm də təyinat gömrük orqanı və aralıq gömrük orqanı tərəfindən eyniləşdirilməlidir.

9.5. Göndərən gömrük orqanı gömrük yoxlaması, plomblar, möhürlər vurulması, eyniləşdirilmə işarələri qoyulması, malların təsviri, çertyojlar, miqyaslı təsvirlər, fotoşəkillər, illüstrasiyalar tərtib olunması ilə, habelə nəqliyyat və malı müşayiət edən sənədlərdəki məlumatların uyğunluğunu yoxlamaq məqsədləri üçün daşınan malların eyniləşdirilməsini həyata keçirir.

9.6. Malların məhv olması, həmişəlik itirilməsi və ya əhəmiyyətli dərəcədə korlanması təhlükəsi olduğu hallar istisna edilməklə, eyniləşdirmə vasitəsi yalnız gömrük orqanları tərəfindən və ya onların icazəsi ilə dəyişdirilə və ya məhv edilə bilər. Göstərilən hallar yarandıqda, daşıyıcı ən yaxın gömrük orqanına eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, kənarlaşdırılması və ya məhv edilməsi barədə dərhal məlumat verməli və bu cür təhlükənin mövcudluğunu təsdiq edən sübutlarını təqdim etməlidir.

9.7. Tranzit mallar, o cümlədən ağırçəkili və irihəcmli mallar gömrük qanunvericiliyinə uyğun təchiz edilməmiş üstüaçıq nəqliyyat vasitələrində daşınarkən, eyniləşdirmə vasitələri ayrı-ayrı yük yerlərinə qoyula bilər, yaxud da eyniləşdirmə vasitələri kimi malların təsvirləri, çertyojları, miqyaslı təsvirləri, fotoşəkillər, illüstrasiyalar və malı müşayiət edən sənədlər istifadə oluna bilər. Göstərilən sənədlər göndərən gömrük orqanının vəzifəli şəxsi tərəfindən təsdiq edilir və tranzit bəyannaməsinə əlavə edilir. Eyniləşdirmə vasitələri barədə məlumatlar tranzit bəyannaməsində göstərilir.

9.8. Gömrük rəsmiləşdirilməsi məqsədləri üçün Azərbaycan Respublikasının gömrük orqanları mallardan prob və nümunələr götürmək və onların tədqiqini (ekspertizasını) aparmaq hüququna malikdir. Prob və nümunələr tədqiqat aparılmasını təmin edən minimal miqdarlarda götürülür. Gömrük nəzarəti altında mallardan prob və nümunələrin götürülməsinə dair akt tərtib olunur.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri başqa dövlət nəzarəti orqanları, habelə mallar barəsində səlahiyyətləri olan şəxslər və onların nümayəndələri tərəfindən prob və nümunələr götürülməsində iştirak edirlər. Qanunvericilikdə müəyyən edilmiş qaydada mallar barədə səlahiyyətləri olan şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan prob və nümunələr Azərbaycan Respublikası gömrük orqanları tərəfindən mallar təqdim edildikdən sonra 10 gün müddətində həmin şəxslər gəlmədiyi halda, həmçinin təxirəsalınmaz (operativ) hallarda götürülə bilər.

9.9. Tranzit bəyannaməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilən müddətlərdə verilir. Mallar və onları daşıyan nəqliyyat vasitələrinin gömrük orqanına təqdim edilməsi müddəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müddətdən artıq olmamalıdır.

Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan boş nəqliyyat vasitələri gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada və müddət ərzində rəsmiləşdirilir.

9.10. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada göndərən gömrük orqanının icazəsi ilə tranzit bəyannaməsində göstərilən məlumatlar dəyişdirilə, tamamlana, verilmiş tranzit bəyannaməsi isə götürülə bilər.

Dəyişikliklər, əlavələr və ya götürülmələr yalnız:

  • tranzit bəyannaməsinin yoxlanılması başlananadək;
  • malların və nəqliyyat vasitələrinin yoxlanılması başlananadək;
  • göstərilən məlumatların gömrük orqanları tərəfindən düzgün olmaması müəyyən edilənədək həyata keçirilə bilər.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri, Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş məlumatlardan başqa, öz təşəbbüsləri, şəxsin tapşırığı və ya xahişi ilə yazılı gömrük bəyannaməsini doldurmaq, dəyişdirmək, ona əlavələr etmək, həmçinin maşınla emal üçün istifadə olunan kodlaşdırılmış məlumatları, onlar kodlaşdırılmamış şəkildə olarsa, dəyişdirmək və tamamlamaq hüququna malik deyildirlər.

9.11. Azərbaycan Respublikasının ərazisindən tranzit zamanı göndərən gömrük orqanı malların və nəqliyyat vasitələrinin keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının ərazisinə gətirilmə yerindən təyinat gömrük orqanınadək təmin edirlər.

Göndərən gömrük orqanı xarici dövlətin ərazisindən tranzit zamanı malların keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının ərazisindən aparılma yerindən təyinat gömrük orqanınadək təmin edir.

9.12. Göndərən gömrük orqanı:

  • tranzit bəyannaməsini tərtib etmiş şəxs tərəfindən onun doldurulma qaydalarına əməl edilməsini yoxlayır;
  • tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır və onun üzərində sorğu nömrəsi qoyur;
  • malın başqa dövlət orqanlarının nəzarətindən keçməli olub-olmamasını müəyyən edir;
  • bu Qaydaların 4.5 bəndində göstərilən sənədlərin olmasını yoxlayır;
  • daşıyıcının malların tranzit və gömrük nəzarəti altında daşınması zamanı əvvəllər gömrük qaydalarını pozması hallarını yoxlayır;
  • zərurət olduqda, malların və nəqliyyat vasitələrinin yoxlanılmasını həyata keçirir.

9.13. Malların tranzitinə icazə verildikdən sonra göndərən gömrük orqanının vəzifəli şəxsləri:

  • malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsini təmin edirlər;
  • tranzit malların və nəqliyyat vasitələrinin aralıq gömrük orqanına və ya təyinat gömrük orqanınadək çatdırılması müddətini müəyyən edirlər;
  • tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət edən sənədlərin, o cümlədən hesab-qaimələrin və hesab-proformaların hər bir nüsxəsinə ştamp vurur və həmin ştampı şəxsi nömrəli möhürlə təsdiq edirlər;
  • tranzit bəyannaməsinin birinci və üçüncü nüsxələrini mal və digər zəruri sənədlərlə birlikdə aralıq gömrük orqanlarına və təyinat gömrük orqanlarına təqdim etmək üçün daşıyıcıya verirlər;
  • tranzit bəyannaməsinin birinci nüsxəsini özlərində saxlayırlar;
  • operativ rabitə kanalları ilə aralıq gömrük orqanını və ya təyinat gömrük orqanını tranzit malların və nəqliyyat vasitələrinin yola düşməsi barədə xəbərdar edirlər.

9.14. Mallar və nəqliyyat vasitələri təyinat gömrük orqanına və ya aralıq gömrük orqanına çatdıqdan sonra daşıyıcı gömrük orqanını tranzit malların çatması barədə xəbərdar edir. Xəbərdar etmənin forma və qaydasını gömrük orqanı müəyyən edir.

9.15. Aralıq gömrük orqanının vəzifəli şəxsləri tranzit malların çatması barədə məlumat aldıqdan sonra:

  • malların və nəqliyyat vasitələrinin çatdırılma müddətinə daşıyıcı tərəfindən əməl olunmasını yoxlayır;
  • tranzit malları və nəqliyyat vasitələrini eyniləşdirir;
  • tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət edən sənədlərin hər bir nüsxəsinə ştamp vurur və onu şəxsi nömrəli möhürlə təsdiq edir;
  • tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır;
  • tranzit malların başqa nəqliyyat vasitəsinə yüklənməsinə nəzarət edir;
  • mallar başqa nəqliyyat vasitəsinə yükləndikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi tələblərə və bu Qaydalara uyğun hərəkət edirlər.

9.16. Təyinat gömrük orqanlarının vəzifəli şəxsləri tranzit malların çatması barədə məlumat aldıqdan sonra:

  • daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin çatdırılma müddətinə əməl edilməsini yoxlayır;
  • tranzit malları və nəqliyyat vasitələrini eyniləşdirir;
  • zərurət olduqda, malların və nəqliyyat vasitələrinin yoxlanmasını həyata keçirir;
  • tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət edən sənədlərin hər bir nüsxəsinə ştapm vurur və onu şəxsi nömrəli möhürlə təsdiq edir;
  • tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır;
  • tranzit bəyannaməsinin üçüncü nüsxəsini daşıyıcıya qaytarır və ikinci nüsxəsini isə özündə saxlayır;
  • tranzit malların Azərbaycan Respublikasının ərazisindən faktiki aparılmasına nəzarət edir;
  • malların tranzitinin bitməsi haqqında operativ rabitə kanalları ilə göndərən və aralıq gömrük orqanlarına, müəyyən olunmuş qaydada, nəzarətdən çıxarılması üçün məlumat verirlər.

10. Yekun müddəalar

10.1. Aksizli malların Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilmə qaydası bu Qaydalar və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin digər normativ aktları ilə müəyyən edilir.

10.2. Bu Qaydaların qüvvəsi Azərbaycan Respublikasının ərazisindən magistral neft kəmərləri, neft məhsulları kəmərləri, qaz kəmərləri və elektrik ötürücü xətləri ilə tranzit keçirilən malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinə şamil edilmir.

10.3. Tranzit malların daşınmasına görə daşıyıcı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.

10.4. Mallar gömrük orqanının icazəsi olmadan verildikdə, itirildikdə və ya təyinat gömrük orqanına çatdırılmadıqda, daşıyıcı həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi və ya xarici dövlətin ərazisindən tranzit zamanı ixrac gömrük rejimi altında yerləşdirildiyi halda ödənilməli olan gömrük ödənişlərini ödəməlidir.

Azərbaycan Respublikasına daxil olan və sərhəd gömrük orqanında qeydə alınmış tranzit mallar (nəqliyyat vasitələri) müəyyən olunmuş müddət ərzində təyinat gömrük orqanına çatdırılmadıqda (təyinat gömrük orqanından məlumat daxil olmadıqda), sərhəd gömrük orqanı təyinat gömrük orqanına sorğu verərək, bütün sərhəd gömrük orqanlarına Azərbaycan Respublikasına yük gətirən həmin nəqliyyat vasitəsinin respublika ərazisindən geri çıxarılmasının qarşısını almaq məqsədilə təcili məlumat verməli və Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görməlidir.

10.5. Zəmanətçi tərəfindən pul vəsaitinin ödənilməsi, daşıyıcını gömrük qaydalarının pozulmasına görə məsuliyyətdən, həmçinin bank zəmanətinin müvafiq məbləğindən və ya qoyulmuş tələb məbləğindən artıq hissədə gömrük ödənişlərini ödəməkdən azad etmir.

10.6. Tranzit gömrük rejimi haqqında Qaydaların müddəalarının tələblərinin pozulması mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur.

10.7. Tranzit gömrük rejimi haqqında Qaydalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülletenində dərc edilmişdir (2004-cü il, 6-7, s. 23) (VneshExpertService).


Tranzit gömrük rejimi haqqında Qaydalara
1 nömrəli Əlavə

Qəza və ya qarşısıalınmaz qüvvənin təsirinə dair
Akt

1. Göndərən gömrük orqanı 2. Təyinat gömrük orqanı
  3. Əvvəlki tranzit bəyannaməsinin -si
4. Nəqliyyat vasitəsinin (konteynerin) qeydiyyat nömrəsi 5. Daşıyıcı (adı, ünvanı)
6. Eyniləşdirmə vasitələri
 
zədələnmişdir
 
zədələnməmişdir
8. Yeni nəzarət sənədinin -si
7. Yük bölməsi
 
zədələnmişdir
 
zədələnməmişdir
 
9.

Malın itirilməsi müəyyən edilməmişdir
Mallar (10 13 qrafaları) yoxdur (Y), məhv edilmişdir (M)
10. Yük yerlərinin markalanması və nömrələri 11. Yük yerlərinin sayı, növü, malların kodları 12. Y və ya M 13. Qeydlər (olmayan və ya məhv edilmiş malların sayını göstərməli)
14. Tərtib olunma tarixi və yeri
15. Gömrük nəzarəti altında daşınma üçün görülən tədbirlər
 
Yeni eyniləşdirmə vasitələrinin qoyulması: sayı ____ təsviri _____
 
Malların yenidən yüklənməsi (qrafa 16-ya bax)
 
Sair
6. Mallar yenidən yüklənmişdirsə, onların yenidən yükləndiyi nəqliyyat vasitələrinin fərqləndirici əlamətləri

Qeyd nömrəsi

yox

Eyniləşdirmə vasitələrinin sayı və təsviri

a) nəqliyyat vasitəsi    

_____________________

b) konteyner    

_____________________

17. Aktı tərtib etmiş gömrük orqanı 18. Təyinat gömrük orqanının qeydləri

Yeri, tarixi, imza
(şəxsi nömrəli möhür)

M

İmza
(şəxsi nömrəli möhür)

M

Müvafiq qrafalarda xətt işarəsi qoymalı


Tranzit gömrük rejimi haqqında Qaydalara
2 nömrəli Əlavə

Qəza və ya qarşısıalınmaz qüvvənin təsirinə dair aktın doldurulma
Qaydası

1. Qəza və ya qarşısıalınmaz qüvvənin təsirinə dair Akt müvafiq blankda (Tranzit gömrük rejimi haqqında Qaydalara 1 nömrəli Əlavə) üç nüsxədə fəaliyyət zonasında qəza baş vermiş və ya qarşısıalınmaz qüvvənin təsiri yaranmış gömrük orqanının vəzifəli şəxsi tərəfindən doldurulur.

2. Aktın qrafaları aşağıdakı qaydada doldurulur:

Qrafa 1. Göndərən gömrük orqanı

Qrafada göndərən gömrük orqanının adı göstərilir.

Qrafa 2. Təyinat gömrük orqanı

Qrafada təyinat gömrük orqanının adı göstərilir.

Qrafa 3. Əvvəlki tranzit bəyannaməsinin nömrəsi

Qrafada qəza, yaxud qarşısıalınmaz qüvvənin təsirinədək Tranzit gömrük rejimi haqqında Qaydalara uyğun olaraq, malların daşınmasının həyata keçirildiyi tranzit bəyannaməsinin (BYD kitabçasının, YGB-nin, (BYDS) dəmir yol qaiməsinin) nömrəsi göstərilir.

Qrafa 4. Nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və konteynerin eyniləşdirmə nömrəsi.

Qrafada malların Tranzit gömrük rejimi haqqında Qaydalara uyğun olaraq, malları daşıyan nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və ya konteynerin eyniləşdirmə nömrəsi göstərilir.

Qrafa 5. Daşıyıcı

Qrafada daşıyıcının adı və hüquqi ünvanı göstərilir.

Qrafa 6. Eyniləşdirmə vasitələri zədələnməmişdir və ya zədələnmişdir.

Qrafada müvafiq boş yerdə eyniləşdirmə vasitələrinin zədələnməsi və ya zədələnməməsi işarəsi (xətt işarəsi) qoyulur.

Qrafa 7. Yük yeri zədələnmişdir (zədələnməmişdir).

Müvafiq boş yerdə nəqliyyat vasitəsinin və ya konteynerin yük bölməsinin zədələnmə və ya zədələnməməsi işarəsi (xətt işarəsi) qoyulur.

Qrafa 8. Yeni nəzarət sənədinin nömrəsi.

Qrafada malların daşınmasının həyata keçirildiyi yeni nəzarət sənədinin (tranzit bəyannaməsinin, daşınma cədvəlinin və s.) nömrəsi göstərilir.

Qrafa 9. Malın itirilməsi müəyyən edilməmişdir.

Boş yerdə malların tam mövcudluğu işarəsi (xətt işarəsi) qeyd edilir.

Mallar və ya onların bir hissəsi itirildikdə, yer boş saxlanılır. Mallar (10 13 qrafaları) yoxdur, məhv edilmişdir boş yerində malların və onların bir hissəsinin olmaması (Y) və ya məhv olması (İM) işarəsi qeyd edilir.

Qrafa 10. Yük yerlərinin markalanması və nömrələri.

Qrafada yük yerlərinin markalanması və nömrələri göstərilir.

Qrafa 11. Yük yerlərinin sayı və növü, malın kodu.

Qrafada yük yerlərinin sayı və növü, həmçinin malın XİF MN üzrə kodu göstərilir.

Qrafa 12. Y və ya M

11-ci qrafada göstərilən malların qarşısında onların olmaması (Y) və ya məhv olması (M) işarəsi qoyulur. Malların itirilməsi müəyyən edilməyibsə, qrafa doldurulmur.

Qrafa 13. Qeydlər

Qrafada olmayan və ya məhv olmuş malların miqdarı göstərilir.

İtirilmə müəyyən edilməyibsə, qrafa doldurulmur.

Qrafa 14. Tərtib olunma tarixi və yeri.

Qrafada qəzanın baş verdiyi və ya qarşısıalınmaz qüvvənin təsiri hallarının yarandığı yerin tam adı və tarixi göstərilir.

Qrafa 15. Gömrük nəzarəti altında daşınmanın davam etməsi üçün görülən tədbirlər.

Qrafada yeni eyniləşdirmə vasitələri, onların sayı və təsviri, malların başqa nəqliyyat vasitəsinə və ya konteynerə yüklənmə əlaməti, daşınmanın davam etməsi üçün görülən digər tədbirlər göstərilir.

Qrafa 16. Malların yenidən yükləndiyi nəqliyyat vasitələri haqqında məlumat.

Qrafada malların yenidən yükləndiyi nəqliyyat vasitələrinin qeydiyyat nömrələri və ya konteynerlərin eyniləşdirmə nömrələri, həmçinin yeni qoyulmuş eyniləşdirmə vasitələrinin sayı və təsviri göstərilir.

Qrafa 17. Aktı tərtib etmiş gömrük orqanı.

Qrafada aktı tərtib etmiş gömrük orqanının adı və ünvanı, şəxsi nömrəli möhür və imzası ilə təsdiq edilməklə, həmin gömrük orqanının vəzifəli şəxsinin soyadı, adı, atasının adı göstərilir.

Qrafa 8. Təyinat gömrük orqanlarının qeydləri.

Qrafa mallar çatdırıldıqdan sonra təyinat gömrük orqanı tərəfindən doldurulur.

Qrafada gömrük orqanının vəzifəli şəxsinin adı, soyadı, atasının adı göstərilir və şəxsi nömrəli möhürü ilə təsdiq edilməklə imzası qoyulur.


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb