Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

№82/ 03.09.2004 Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3086
18 sentyabr 2004-cü il
Nazir
F. MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr № 082
3 sentyabr 2004-cü il
Nazir
K. HEYDƏROV

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. «Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Qaydaları» (bundan sonra Qaydalar) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 125-ci maddəsinə və Azərbaycan Respublikasının gömrük işinə dair digər qanunvericilik aktlarına uyğun işlənib hazırlanmışdır.

1.2. Qaydalar hüquqi və fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarətini və onların gömrük rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

1.3. Nəqliyyat vasitələrinin müvafiq gömrük rejimlərinə uyğun gömrük rəsmiləşdirilməsi, gömrük bəyannaməsi və gömrük məqsədləri üçün zəruri olan sənədlərin təqdim edilməsi ilə gömrük işi haqqında qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilir.

1.4. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə məqsədlərindən asılı olaraq, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, bunun üçün müəyyən olunmuş gömrük orqanında həyata keçirilir.

1.5. Bu Qaydalar beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə aid edilmir.

1.6. Qaydalarda istifadə olunan anlayışlar aşağıdakılardan ibarətdir:

  • nəqliyyat vasitələri — XİFƏN-nın (Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası) 8701, 8702, 8703, 8704, 8705 və 8711-ci mal qruplarına aid nəqliyyat vasitələri;
  • XİFƏN-nın 8701 mal qrupu — traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa);
  • XİFƏN-nın 8702 mal qrupu — sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri;
  • XİFƏN-nın 8703 mal qrupu əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri (8702 mal mövqeyində təsnif edilən motorlu nəqliyyat vasitələrindən başqa), sərnişin — yük avtomobil furqonları və yarış avtomobilləri daxil olmaqla;
  • XİFƏN-nın 8704 mal qrupu — yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri;
  • XİFƏN-nın 8705 mal qrupu — xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri, sərnişin və yük daşınması üçün istifadə olunanlardan başqa (məsələn qəza-yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avto-betonqarışdırıcılar, yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər);
  • XİFƏN-nın 8711 mal qrupu — motosikllər (mopedlər daxil edilməklə) və yardımçı mühərrikli velosipedlər, qoşulma araba ilə və onsuz, qoşulma arabalar (kolyaska);

2. Gömrük ərazisinə gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti

2.1. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və tranzit qaydada keçirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük orqanları tərəfindən həyata keçirilir və gömrük işi haqqında qanunvericiliklə müəyyən edilmiş digər tədbirlər görülür.

2.2. Gömrük nəzarəti zamanı gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri, onlara aid zəruri sənədlər və məlumatlar yoxlanılır.

2.3. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunan gömrük orqanında həyata keçirilir.

2.4. Gömrük ərazisinə gətirilmiş (fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün müvəqqəti gətirilən nəqliyyat vasitələri istisna olmaqla) nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına çatdırılmasına nəzarətin təmin olunması məqsədilə sərhəd gömrük orqanı tərəfindən gömrük nəzarəti tətbiq olunur.

2.5. Nəqliyyat vasitələri beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat növləri ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdə, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına çatdırılmasına nəzarət, malların təyinat gömrük orqanlarına çatdırılmasına dair müəyyən olunmuş tələblər əsasında həyata keçirilir.

2.6. Nəqliyyat vasitələri fiziki şəxslər tərəfindən idarə olunaraq, hərəkət etdiyi hallarda həmin nəqliyyat vasitəsinə dair sənədlər (texniki pasport, alqı-satqı sənədləri, invoys və s.) gömrük orqanı tərəfindən alınır, müvafiq qeydiyyat aparılmaqla, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına çatdırılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsə bu Qaydaların 1 №-li əlavəsində göstərilən formada «Nəqliyyat vasitələrinin təyinat gömrük orqanına çatdırılmasına dair müvəqqəti vəsiqə» (bundan sonra — «Müvəqqəti Vəsiqə») təqdim edilir.

2.7. Müvəqqəti vəsiqə 2 nüsxədən ibarət tərtib olunur.

2.8. Müvəqqəti vəsiqə əsasında idarə olunaraq, hərəkət edən nəqliyyat vasitəsinin onu keçirən şəxs tərəfindən gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına çatdırılma müddəti 72 saatdan gec olmayaraq müəyyən edilir.

2.9. Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına çatdırılmış nəqliyyat vasitəsi üzərində gömrük nəzarəti nəqliyyat vasitəsinə aid təqdim olunmuş sənədlər əsasında gömrük işi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.

2.10. Gömrük ərazisinə gətirilmiş nəqliyyat vasitələrinə görə gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişlərinin alınması təmin edilir və gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

2.11. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən icazə sənədi (gömrük vəsiqəsi, gömrük mədaxil orderi və ya yük gömrük bəyannaməsi) verilir.

2.12. Mühərrikin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə dövlət qeydiyyatına alınması üçün icazə sənədi yazılır.

2.13. Gömrük vəsiqəsinin gömrük qeydləri hissəsində nəqliyyat vasitəsinin konstruksiyası və təyinatı haqqında məlumatlar qeyd olunur.

2.14. Əlillər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmasına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici sənədi olduğu təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.

2.15. Diplomatik xidmət əməkdaşlarının diplomatik orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük rüsumu tutulmur.

3. Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilməsi

3.1. Fiziki şəxslər tərəfindən xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ nəqliyyat vasitələri sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanında bəyan olunmaqla, onlar üzərində gömrük nəzarəti həyata keçirilir və nəqliyyat vasitəsini keçirən şəxsdən nəqliyyat vasitəsinin geriyə aparılması haqqında öhdəlik alınmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilir.

3.2. Xarici dövlətlərin daimi qeydiyyatından çıxarılmadan Azərbaycan Respublikasına 30 (otuz) günədək müddətə müvəqqəti gətirilən XİFƏN-nın 8703 mal qrupuna aid edilən nəqliyyat vasitələri qeyri-rezident fiziki şəxslərin bilavasitə özləri tərəfindən gətirildikdə, depozit hesaba pul vəsaiti qəbul edilmədən və nəqliyyat vasitəsini keçirən şəxsdən nəqliyyat vasitəsini geriyə aparılması haqqında öhdəlik alınaraq, sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı tərəfindən rəsmiləşdirilir.

3.3. Xarici dövlətlərin daimi qeydiyyatından çıxarılmadan Azərbaycan Respublikasına 30 (otuz) günədək müddətə müvəqqəti gətirilən XİFƏN-nın 8703 mal qrupuna aid edilən nəqliyyat vasitələri bilavasitə nəqliyyat vasitələrinin sahiblərinin (qeyri-rezidentlərin) özləri tərəfindən deyil, digər şəxslər tərəfindən etibarnamə ilə gətirildikdə, habelə digər mal qrupuna aid nəqliyyat vasitələrinin müvəqqəti gətirilməsinə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarında depozit hesaba qoyulmaqla və nəqliyyat vasitəsinin geriyə aparılması haqqında öhdəlik alınmaqla müvəqqəti gətirilməsinin gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

3.4. Azərbaycan Respublikasının gömrük ərazisinə 30 (otuz) günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük orqanları tərəfindən nəzarətdə saxlanılır.

3.5. Qeyri-rezident fiziki şəxsin müvəqqəti gətirdiyi nəqliyyat vasitələrinin müvəqqəti qalma müddətinin 30 (otuz) gündən artıq müddətə uzadılması üçün qeyri-rezident fiziki şəxsin müvəqqəti qeydiyyatda olduğu ərazidə fəaliyyət göstərən gömrük orqanında sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmaqla və nəqliyyat vasitəsinin geri aparılmasına dair öhdəlik alınaraq, nəqliyyat vasitəsi sahibinin vizasının və digər qeydiyyat sənədlərində göstərilən müddətə nəqliyyat vasitəsinin müvəqqəti qalma müddətinin uzadılmasına icazə verilir və gömrük rəsmiləşdirilməsi həyata keçirilir, həmçinin qeydiyyata alınması üçün gömrük vəsiqəsi yazılır.

3.6. Bu Qaydaların 3.5. yarımbəndində qeyd olunan nəqliyyat vasitələrinin müvəqqəti qalma müddəti uzadıldıqda, qeyri-rezident fiziki şəxsin müvəqqəti qeydiyyatda olduğu ərazidə fəaliyyət göstərən gömrük orqanı, ilkin gömrük rəsmiləşdirilməsini aparmış sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı tərəfindən nəqliyyat vasitəsinin nəzarətdən çıxarılması üçün məlumatlandırılır və həmin nəqliyyat vasitəsinin müvəqqəti qalma müddətinin uzadılması gömrük rəsmiləşdirilməsini həyata keçirmiş gömrük orqanı tərəfindən nəzarətdə saxlanılır.

3.7. Xarici dövlətlərin daimi qeydiyyatında olan bütün növ nəqliyyat vasitələrinin rezidentlər tərəfindən müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun gömrük ödənişləri həcminə ekvivalent məbləğdə pul vəsaiti sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarında depozit hesaba qoyulmaqla, 1 (bir) ildən artıq olmayan müddətə və nəqliyyat vasitəsinin geriyə aparılması haqqında öhdəlik alınmaqla gömrük rəsmiləşdirilməsi həyata keçirilir və qeydiyyata alınması üçün gömrük vəsiqəsi yazılır və nəqliyyat vasitəsinin müvəqqəti idxal müddətləri artırılmır.

3.8. Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) nəqliyyat vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.

3.9. Sərhədyanı rayonlarda daimi yaşayan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən müntəzəm olaraq müvəqqəti keçirilən şəxsi nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi qüvvədə olan «Dövrü gömrük bəyannaməsinin verilməsi, tətbiqi və sənədləşdirilməsi Qaydaları»na uyğun həyata keçirilir.

3.10. Müvəqqəti qeydiyyat vaxtı bitən günə qədər şəxsi nəqliyyat vasitəsi Azərbaycan Respublikasından geri aparılmalı və ya onun sahibinin istəyi əsasında müəyyən olunmuş gömrük orqanında gömrük ödənişlərini ödəməklə, gömrük rəsmiləşdirilməsindən keçirilir və nəqliyyat vasitəsinin müvəqqəti qeydiyyatda olduğu gömrük orqanı bu barədə məlumatlandırılır.

3.11. Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirilmiş şəxsi nəqliyyat vasitəsi sahibi əvvəlcədən qeydiyyatda olduğu gömrük orqanına yazılı müraciət edərək, nəqliyyat vasitəsinin sərhəd gömrük buraxılış məntəqəsindən çıxmasını göstərməklə məlumat verir. Depozit hesaba götürülmüş pul vəsaiti nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisindən çıxarıldıqda sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı tərəfindən ona qaytarılır.

3.12. Nəqliyyat vasitəsi respublika ərazisindən çıxarılanadək, qeydiyyatda olduğu gömrük orqanı tərəfindən nəzarətdə saxlanılır və respublika ərazisindən çıxarıldıqdan sonra sərhəd gömrük orqanı bu barədə müvafiq gömrük orqanını məlumatlandırır.

4. Daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələn fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi

4.1. Daimi yaşayış məqsədilə köçüb gələn fiziki şəxslər tərəfindən yalnız XİFƏN-nın 8703 mal qrupuna aid edilən ailə üçün nəzərdə tutulan bir nəqliyyat vasitəsi gömrük rüsumu ödənilmədən güzəştli qaydada gətirilə bilər. Həmin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:

  • nəqliyyat vasitəsi sahibi yaşayış yerinə köçüb gələnədək nəqliyyat vasitəsinin həmin şəxsin mülkiyyətində olmasını təsdiq edən sənədin olması (texniki pasport və ya alqı-satqı müqaviləsi);
  • nəqliyyat vasitəsinin sahibində daimi yaşadığı dövlətdən qeydiyyatdan çıxdığını təsdiqləyən qeydlər olmaqla pasportun olması;
  • fiziki şəxslərin iki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşaması haqqında qeydi olan şəxsiyyəti təsdiq edən sənədin mövcud olması;
  • daimi yaşayış məqsədilə köçüb gəlməsini təsdiq edən sənəd olması (köçüb gəlmə vərəqəsi);
  • nəqliyyat vasitəsinin xarici dövlətdə qeydiyyatdan çıxmasını təsdiqləyən sənədin olması.

4.2. Daimi yaşayış məqsədi ilə köçüb gələn fiziki şəxslərin gətirdikləri nəqliyyat vasitələri sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanında bəyan olunduqdan və gömrük nəzarəti həyata keçirildikdən sonra nəqliyyat vasitəsinin qeydiyyatı aparılmaqla, nəqliyyat vasitəsi sahibindən nəqliyyat vasitəsinin və sənədlərinin tam gömrük rəsmiləşdirilməsini həyata keçirəcək müəyyən olunmuş gömrük orqanına çatdırılması barədə iltizam alınır. Sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı müəyyən olunmuş gömrük orqanını nəqliyyat vasitəsinin göndərilməsi barədə məlumatlandıraraq nəqliyyat vasitəsinin çatdırılmasını nəzarətdə saxlayır.

4.3. Nəqliyyat vasitəsi və ona dair sənədlər müəyyən olunmuş gömrük orqanına çatdırıldıqdan sonra həmin gömrük orqanı tərəfindən sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanına məlumat verilir və həmin gömrük orqanı tərəfindən nəqliyyat vasitəsi nəzarətdən çıxarılır.

4.4. Müəyyən olunmuş gömrük orqanında aşağıda qeyd olunan sənədlər saxlanılmalıdır:

  • nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti;
  • daimi yaşayış yerinə köçüb gəlməsini təsdiq edən sənədin surəti;
  • sərhəd buraxılış məntəqəsində rəsmiləşdirilmiş bəyannamə və iltizam;
  • gömrük vəsiqəsinin surəti;
  • gömrük rəsmiləşdirilməsi zamanı istifadə edilən digər sənədlər (ərizə, ödəniş sənədləri və s ).

5. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti

5.1. Seçilmiş gömrük rejimlərinə uyğun olaraq, Azərbaycan Respublikasının gömrük sərhədindən kənara aparılması nəzərdə tutulan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi bunun üçün müəyyən edilmiş gömrük orqanında həyata keçirilir.

5.2. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması nəzərdə tutulan nəqliyyat vasitələri onlara dair sənədlər gömrük orqanına təqdim olunaraq, gömrük işi haqqında qanunvericilik aktlarının tələblərinə əsasən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

5.3. Gömrük orqanında gömrük rəsmiləşdirilməsindən keçmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş qaydalara uyğun uçotu aparılır.

5.4. Nəqliyyat vasitəsi üzərində gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra onun çıxış sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanına çatdırılma müddəti 72 saatdan artıq olmamaqla müəyyən edilir.

5.5. Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən nəqliyyat vasitələrinin çıxarılması nəzərdə tutulan sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanına nəqliyyat vasitələrinin çıxarılması barədə məlumat verilir və nəqliyyat vasitələrinin faktiki çıxarılmasına nəzarətin təmin edilməsi üçün gömrük nəzarəti metodlarından istifadə edilir.

5.6. Sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı alınan məlumatların qeydiyyatını aparmaqla nəqliyyat vasitəsinin gömrük orqanına çatdırılması əməliyyatına nəzarəti təmin edir.

5.7. Sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı tərəfindən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilir və nəzarətdən çıxarılması üçün göndərən gömrük orqanına (ilkin gömrük rəsmiləşdirilməsini həyata keçirmiş gömrük orqanı) məlumat verilir.

5.8. Daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslər ailə üçün bir nəqliyyat vasitəsini müəyyən edilmiş gömrük orqanında bəyan edərək və aşağıdakı şərtlərə əməl etməklə sadələşdirilmiş qaydada gömrük ödənişləri ödənilmədən rəsmiləşdirə bilər:

  • rezidentlər Azərbaycan Respublikasından daimi yaşayış məqsədi ilə köçüb getməsini təsdiq edən sənəd təqdim etməli;
  • rezident fiziki şəxs pasport qeydiyyatından çıxanadək nəqliyyat vasitəsi onun adına olmalı;
  • nəqliyyat vasitəsi DİN-in DYP orqanlarında daimi qeydiyyatdan çıxarılmalıdır.

6. Fiziki şəxslər tərəfindən gömrük ərazisindən müvəqqəti aparılan nəqliyyat vasitələrinin üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi

6.1. Fiziki şəxslər tərəfindən bir şəxsi nəqliyyat vasitəsinin müvəqqəti aparılmasına sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarında bəyan edilməklə və aşağıdakı şərtlərə əməl edilməklə 2 (iki) il müddətinə qədər icazə verilə bilər:

  • nəqliyyat vasitəsi respublikada daimi qeydiyyatda olmalı, habelə dövlət nömrə nişanı və qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş formada olmalıdır;
  • nəqliyyat vasitəsinin geri qaytarılması haqqında öhdəlik verilməlidir.

6.2. Fiziki şəxslər tərəfidən Azərbaycan Respublikasının gömrük ərazisindən müvəqqəti çıxarılan nəqliyyat vasitələri, onların gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmiş gömrük orqanı tərəfindən nəzarətdə saxlanılır.

6.3. Azərbaycan Respublikası gömrük ərazisindən müvəqqəti aparılmış nəqliyyat vasitələri müəyyən edilmiş müddət ərzində geri qaytarılmalı və ya onun sahibinin istəyi əsasında Azərbaycan Respublikası gömrük orqanlarında ixrac gömrük rejimində rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə aparmış gömrük orqanı bu barədə nəqliyyat vasitəsinin respublikadan müvəqqəti çıxarılmasını rəsmiləşdirmiş sərhəd gömrük orqanını məlumatlandırır.

6.4. Azərbaycan Respublikası gömrük ərazisinə müvəqqəti gətirilərək və DYP orqanlarında qeydiyyata alınmış nəqliyyat vasitəsi, müvəqqəti gətirilmə müddəti ərzində gömrük orqanı qarşısında öhdəlik götürmüş fiziki şəxs tərəfindən həmin nəqliyyat vasitəsi üzrə əlavə öhdəlik verilmədən nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılmadan və alınmış depozit məbləği qaytarılmadan sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanında qeydiyyatı aparılmaqla gömrük sərhədindən keçirilə bilər.

7. Nəqliyyat vasitələrinin tranziti

7.1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit qaydada keçirilən nəqliyyat vasitələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olarkən, sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanında həyata keçirilir.

7.2. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi gömrük bəyannaməsi əsasında və nəqliyyat vasitəsini idarə edən fiziki şəxsdən nəqliyyat vasitəsini 72 saat ərzində respublikanın gömrük ərazisindən çıxarılması haqqında öhdəlik alınmaqla həyata keçirilir.

7.3. Tranzit qaydada keçirilən nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra gömrük ərazisindən çıxması nəzərdə tutulan sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı məlumatlandırılır və nəqliyyat vasitəsinin faktiki çıxmasına nəzarət tətbiq olunur.

7.4. Giriş və çıxış gömrük orqanlarında tranzit qaydada keçirilən nəqliyyat vasitələri barədə məlumatlar sərhəd məlumat bazasına daxil edilir.

7.5. Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit qaydada keçirilən nəqliyyat vasitələri qeyd edilən müddət ərzində çıxış sərhəd gömrük məntəqəsinə çatdırılmadıqda (giriş sərhəd gömrük orqanına nəzarətdən çıxarılmaq üçün rəsmi məlumat daxil olmadıqda), giriş sərhəd gömrük orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.

8. Yekun müddəalar

8.1. Sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi qadağandır.

8.2. Qaydalarla müəyyən olunmuş müddət ərzində nəqliyyat vasitələri təyinat gömrük orqanına və ya çıxış sərhəd gömrük orqanına çatdırılmadıqda və digər şərtlər pozulduqda, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

8.3. Nəqliyyat vasitələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi üzrə tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb olur.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2004-cü il, № 9-10, s. 14) («Azersoft»).


Əlavə № 1

Nəqliyyat vasitəsinin təyinat gömrük orqanına çatdırılmasına dair
Müvəqqəti vəsiqə №

___________________________________________________________________

(gömrük orqanının adı)

təsdiq edirik ki, adı, markası _______________________________________________________

buraxılış ili ______________________________________________________________________

mühərrikin həcmi ________________________________________________________ kub. sm.

mühərrik nömrəsi ________________________________________________________________

şassi nömrəsi ____________________________________________________________________

ban nömrəsi _____________________________________________________________________

dövlət nömrə nişanı və ya tranzit nömrəsi ____________________________________________

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və ya aparılmış nəqliyyat vasitəsinə dair ____________________________________________________________________________

(sənədin nömrəsi, seriyası, verilmə tarixi və

_____________________________________________________________________

nəqliyyat vasitəsinin invoys qiyməti)

texniki pasport, alqı-satqı sənədi, invoys və s. gömrük orqanı tərəfindən sənədlərin təyinat gömrük orqanına çatdırılması üçün götürülmüşdür.

Təyinat gömrük orqanı: ___________________________________________________________

Nəqliyyat vasitəsinin sahibi haqqında məlumat

____________________________________________________________________

(nəqliyyat vasitəsi sahibinin adı, atasının adı və soyadı)

____________________________________________________________________

(şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, seriyası, verildiyi yer və tarix)

Gömrük orqanının qeydiyyatı: Nəqliyyat vasitəsinin gömrük orqanına çatdırılması müddəti 72 saat müəyyən edilir.

«_____» ______________ 200____ il saat __________

_____________________________________________________________________

(gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi №-li möhürü)

Nəqliyyat vasitəsinin göstərilən müddət ərzində müəyyən olunmuş gömrük orqanına çatdırılmaması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsinə səbəb olur.

____________________________________________________________________

(nəqliyyat vasitəsi sahibinin imzası)


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb