«Beynəlxalq sərhəd qadağaları» mövzusunda təlim kursu keçirilmişdir
Sentyabrın 17-dən 21-dək ABŞ-ın Texas ştatının McAllen şəhərində "Beynəlxalq sərhəd qadağaları" mövzusunda təlim kursu keçirilmişdir.
ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində təşkil etdiyi bu kursda yerli gömrük orqanlarının əməkdaşları ilə birgə iştirak edən DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Sərnişin şöbəsinin rəisi Ülvi Məmmədov əməkdaşımızla söhbətində bildirmişdir ki, təlim kursunun əsas məqsədi sərhədi qanunsuz keçmə hallarının qarşısının alınmasında ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin istifadə etdiyi ən səmərəli mübarizə üsullarının təqdim edilməsindən ibarət olmuşdur. Kursun ilk günü ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin zabitləri bu qurumun tarixi, missiyası, hüquq mühafizə strategiyasının bölmələri üzrə təsviri və strukturu barəsində geniş məlumat vermişlər.
Belə ki, 2002-ci ilin martında gömrük və immiqrasiya funksiyaları bir təşkilatda birləşdirilərək Milli Təhlükəsizlik Nazirliyi adı altında Gömrük və Sərhəd Mühafizəsi İdarəsi yaradılmışdır. İdarənin missiyası qoşa məqsəddən ibarət olub, terrorçuların və onların silahlarının ABŞ ərazisinə daxil olmasının qarşısını almaq və eyni zamanda, qanuni ticarət və səfərlər axınının həyata keçirilməsinə kömək etməkdən ibarətdir. Bu məqsədlərin həyata keçirilməsi üçün zabitlər (agentlər) nəqliyyat axınının sürətlənməsini təmin edir, narkotik maddələr, intellektual mülkiyyət hüquqlarının pozulması, kənd təsərrüfatı sahəsi ilə bağlı pozuntu halları üzrə axtarışı davam etdirir, sərnişinlərin buraxılması imkanlarını nəzərdən keçirir, müxtəlif texnologiyalardan səmərəli surətdə istifadə edir, terrorçuları və onların silahlarını aşkar etmək məqsədilə yeni texnologiyaları öyrənirlər.
Ü.Məmmədovun sözlərinə görə, təlim kursunun ikinci günü ABŞ sərhədində avtonəqliyyat vasitələri və şəxslər üzərində həyata keçirilən yoxlamalarla bağlı mühazirələr dinlənilmişdir. Növbəti günlərdə isə radiasiya təhlükəsizliyi, kimyəvi və bioloji silahların hazırlanması, ixrac nəzarəti, kimyəvi maddələr, bioloji silahlarda istifadə olunan reagentlər və toksinlər, elektron avadanlıq, elektron komponentlər, sənaye avadanlıqları, improvizə edilmiş partlayıcı qurğular, ikili təyinatlı mallara dair məsələlərə toxunulmuş və ABŞ-da bu məsələlərə xüsusi diqqət ayrıldığı vurğulanmışdır.
Bundan başqa, tədbirdə sərhəd patrul xidmətinin əməkdaşları sərhəd patrulunun tarixi, missiyası, səlahiyyətləri, patrul agentləri üçün təlim hazırlığı və sərhəd patrulu tərəfindən həyata keçirilmiş müsadirələrin statistikası haqqında geniş məlumat vermişlər. Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin əməkdaşı isə "Məqsədli seçim" mövzusunda çıxış edərək bildirmişdir ki, mal və nəqliyyat vasitələri üzərində 100% yoxlama həyata keçirmək mümkün deyilsə, o zaman məqsədli seçimdən istifadə olunur. Bunun üçün ilk növbədə, qaçaqmalçılıq istiqamətlərini müəyyən etmək və riski qiymətləndirmək çox vacibdir.
Ümumiyyətlə, kursun gedişi zamanı Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin zabitləri yoxlamalar zamanı istifadə olunan texniki nəzarət vasitələri, yeni texnologiyalar və xidməti işdə istifadə olunan silah növlərindən də geniş söhbət açmışlar.
Sonuncu gün isə tədbir iştirakçıları sərhəd-gömrük keçid məntəqələrində iş rejimi ilə yaxından tanış olmaq üçün ABŞ-Meksika (Hidalqo) sərhədinə gəlmişlər. Burada onlar gömrük prosedurları, məlumat mübadiləsi, gömrük məntəqələrində məlumatların əvvəlcədən kompüter sisteminə daxil edilməsi, riskin idarə edilməsi, mal və nəqliyyat vasitələri üzərində həyata keçirilən yoxlama üsulları və bu yoxlamalar zamanı istifadə edilən texniki-nəzarət vasitələri ilə yerində tanış olmuşlar.
Hidalqo sərhəd-gömrük keçid məntəqəsindən qayıtdıqdan sonra isə Gömrük və Sərhəd Mühafizəsi İdarəsi zabitlərinin iştirakı ilə "dəyirmi masa" təşkil edilmişdir. Burada tədbirin təşkilatçıları çıxış edərək Azərbaycan gömrükçülərinin gömrük işi sahəsində yüksək təcrübəyə malik olduqlarını və bu kursun təcrübə mübadiləsi baxımından tərəflər üçün əhəmiyyətli olduğunu vurğulamışlar.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.